Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması qaydası
Müasir qiymətləndirmənin ənənəvi qiymətləndirmə ilə müqayisəsi
5.1.Qiymətləndirmənin vəzifəsi və obyekti
Müasir təlimin əsas məqsədi şagirdin fəaliyyətini stimullaşdırmaq, inkişafını təmin etmək, təlim prosesində ona bələdçilik etməkdir. Buna görə qiymələndirmədən irəliləyişlərə xidmət edən, onun kəmiyyət və keyfiyyət göstəricilərini ölçən və proqnozlaşdıran pozitiv təsir vasitəsi kimi istifadə edilməlidir.
Qiymətləndirmənin vəzifəsi və obyekti
Məktəb hər bir uşağa həyatın ən əsas tələbatı olan özünü tam mənada şəxsiyyət kimi hiss etmək istəyini gerçəkləşdirmək üçün yol açmalıdır. Bütün uşaqların müvəffəqiyyətlə oxuya bilməsi və öz imkanlarını aşkara çıxarması üçün müəllim və tədris prosesinin başqa iştirakçıları tərəfindən nailiyyətlərə həvəsləndirən dayağın olması, onların xeyirxahlığının, uşağın uğurunda şəxsən maraqlı olmasının əhəmiyyəti az deyildir.
Qiymətləndirmə ilk növbədə uşaqda müsbət emosiyalar yaratmalıdır. Fəal (interaktiv) təlimdə müəllim ən çox şagirdin səhvlərini deyil, nailiyyətlərini vurğulamalı, cəzadan çox dəstək verməyə arxalanmalıdır. Qiymətləndirmə “Səhv cavablar olmur, sadəcə, onlar müxtəlif olur” prinsipi əsasında qurulur. Çox vacibdir ki, müəllim səhv cavaba “Sən düz demirsən” əvəzinə, “Bir daha fikirləş”, “Bu maraqlı fikirdir, lakin sualımız başqadır” kimi əks-əlaqə yaratsın. Cəzalandırmağa gəldikdə isə, müəllim çalışmalıdır ki, aqressiv cəzanın əvəzinə şagirdə həm özünün, həm də sinfin münasibətini çatdırsın və bununla onda müsbət münasibət qazanmaq ehtiyacını canlandırsın.
Fəal (interaktiv) təlimdə şagirdin nailiyyətlərinin qiymətləndirmə obyektləri sırasına daha biri də, şagirdin şəxsi keyfiyyətləri əlavə olunur. Ənənəvi olaraq şagirdlərin təlim nəticələrini müəyyən edən şəxsi keyfiyyətlərinin qiymətləndirilməsi sistemi mövcud deyildir. Daha təəccüblüsü budur ki, təlimin məqsədlərini əks etdirən ənənəvi sənədlərin hamısında şəxsiyyətin təlim və tərbiyə prosesində formalaşmalı olan müxtəlif keyfiyyətləri haqqında danışılır. Ola bilsin bu onunla əlaqədardır ki, şəxsi keyfiyyətlərin kəmiyyətcə qiymətləndirilməsi, praktiki olaraq həyata keçirilməsi çətin olan bir məsələdir. Buna baxmayaraq bilik, bacarıq və vərdişlərlə yanaşı, şəxsi keyfiyyətlərin qiymətləndirilməsinin nəticələrinin də nəzərə alınması təlim prosesinin yekunları haqqında tam təsəvvür yaratmağa imkan verə bilər. Fəal (interaktiv) təlimdə bu istiqamətdə müəyyən irəliləyişlər vardır. Qiymətləndirmə və refleksiya dərsin müxtəlif mərhələlərinə daxil edilə bilər, bunun özü də təlim prosesinin daha uğurlu keçməsinə kömək edər. Birinci sinifdə qiymətləndirmənin şagirdlərin tədqiqat işinin başa çatdıqdan dərhal sonra keçirilməsi daha məqsədəuyğundur. Şagirdlərin işinin effektivlik dərəcəsi həm kəmiyyət, həm də keyfiyyətcə qiymətləndirilə bilər və müxtəlif metodlarla, müxtəlif formalarda həyata keçirilə bilər.
I.Qiymətləndirmə üsulları
Məlumdur ki, birinci sinifdə qiymətləndirmə “kəmiyyət” üsulları ilə aparılmır. Birinci sinifdə müəllimin qiymətləndirməsi ilk növbədə şagird üçün özünüqiymətləndirmə və özünənəzarətin inkişafına təsir edən amil kimi çıxış edir. Bunun üçün təlim prosesində “keyfiyyətcə qiymətləndirmə” üsullarından istifadə olunur:
1. Yazılı işlərdə və yoxlamalarda konstruktiv qeydlər.
2.“Portfolio” sistemi. “Portfolio” sistemi ibtidai məktəbdə ən səmərəli qiymətləndirmə mexanizmi kimi sayıla bilər. “Portfolio” hər şagirdin xüsusi dosyesidir ki, burada şagirdə aid olan və aşağıda adları çəkilənlərlə birlikdə bütün məlumat və sənədlər qeydə alınır:
- cari qiymətlər;
- şagirdin dərs fəaliyyəti, onun əhval-ruhiyyəsi, iş qabiliyyəti, yaşıdları və yaşlılarla münasibəti üzərində gündəlik müşahidələr;
- meydana çıxan problemlərin təsviri və onların təhlili;
- müəllimin bu şagirdə yanaşmaya düzəlişlərin edilməsi haqqında, onun təlimin fərdiləşdirilməsi istiqamətləri haqqında qeydləri və proqnozları;
- valideynlərin gəlib-getmələrinin qeydiyyatı, müəllimin onlarla müzakirə etdiyi mövzular, şagirdin ailə şəraiti haqqında qeydləri;
- psixoloqların psixoloji tədqiqatın nəticələri əsasında rəyi.
Bununla şagirdin müəyyən dövr ərzində dərs işləri toplanır və sonra onun nəticələrinin müəyyən edilməsi, həm nailiyyətlərin, həm də problemlərin keyfiyyətcə təhlili aparılır.
Bundan sonra şagirdin inkişafının fərdi proqramı tərtib olunur.
3.Verbal (sözlə) qiymətləndirmə. Yaddan çıxarmaq olmaz ki, qiymətləndirmənin ən mühüm üsullarından biri sözdür: o, müəllimin psixoloji dayağını, təqdirini və tənbehini ifadə edə bilər. Şagirdin ancaq bilik, bacarıq və vərdişlərinin deyil, onun şəxsi keyfiyyətlərinin də sözlə (tərif və iradlarla, məsləhət və təkliflərlə) qiymətləndirilməsi mümkündür. Bu üsuldan əsasən ibtidai siniflərdə istifadə olunur, lakin bu yanaşmanın orta məktəbdə tətbiqi də realdır və məqsədəuyğundur. Verbal (sözlə) qiymətləndirmənin rolunun artması və eyni zamanda kəmiyyət qiymətinin əhəmiyyətdən düşməsi qiymətləndirmə prosesinin ən yaxşı göstəricisi kimi sayıla bilər.
4. Rənglərlə qiymətləndirmə.
5. Şəkillərlə qiymətləndirmə.
6. Emosional münasibət yolu ilə qiymətləndirmə.
7. Meyar cədvəli əsasında qiymətləndirmə.
II. Qarşılıqlı qiymətləndirmə və özünüqiymətləndirmə üsulları
Özünüqiymətləndirmə vərdişlərini yaratmaq üçün bütün sinif və müəllimin iştirakı ilə qiymətin şagirdin özü tərəfindən qoyulmasını və eləcə də şagirdlərin bir-birinin işinə qiymət qoymasını tətbiq etmək olar. Bununla yarış həvəsinin oyadılması, təbii nailiyyət tələbatının (yəni daha yüksək bilik zirvələrinə qalxma istəyi) formalaşması mümkün olur. Nəticədə təlimə müsbət motivasiyanın yaradılması müşahidə olunur. “Keyfiyyətcə qiymətləndirmə” nin uyğun, çevik və fərqləndirici meyarlarının işlənib hazırlanması və meyar cədvəli vasitəsilə istifadəsi, şagirdin nailiyyətlərinin keyfiyyətcə qiymətləndirilməsinin adekvat meyarları prosesində şəffaflıq və aşkarlıq prinsipinin aşağıdakı kimi gözlənilməsidir:
Şagirdlərin müəllimin istifadə etdiyi qiymətləndirmə meyarları ilə tanışlığı;
- Qiymətləndirmə prosesinin aşkarlığı: bu zaman müəllim qiymət verərkən onu əsaslandırır;
Qarşılıqlı qiymətləndirmə və özünüqiymətləndirmə prosedurlarından istifadə edilməsi.
III.Qrup işinin qiymətləndirilməsi
Fəal (interaktiv) təlimdə müəllimləri daha çox maraqlandıran məsələlərdən biri qrup işinin qiymətləndirilməsidir. Qrup işinin qiymətləndirilməsi meyar əsasında və müxtəlif vasitələrlə (qrafik, cədvəl, simvol, söz və üsullarla) müəllim tərəfindən şagirdlərin qarşılıqlı qiymətləndirilməsi şəklində, qruplararası qiymətləndirmə şəklində keçirilə bilər.
1. Qrafik. Lövhədə qrafik çəkilir: şkalalar qiymətlər və qrupların nömrələrini əks etdirir. Qrupun nailiyyətlərindən asılı olaraq qrafikdəki xətt ya qalxa, ya da enə bilər.
2. Meyar cədvəli. Cədvəlin sətirlərində qrupun nömrələri və sütunlarında qiymətləndirmə meyarları qeyd edilir. Qiymətləndirmə zamanı müəllim hər qrupun qarşısında meyara müvafiq olaraq “+” və ya “-” işarələrilə qrupun nailiyyətlərini qeyd edir. Yekunda ümumi bal hesablanır.
3. Qrupdaxili qiymətləndirmə. Qrupun hər bir nümayəndəsinə qrup şagirdlərinin adları və qiymətləndirmə meyarları qeyd edilmiş cədvəl paylanılır. Hər nümayəndə həm özünü, həm də yoldaşlarını meyarlar əsasında “+” və ya “-“ işarələri ilə (və ya rəqəmlərlə) qiymətləndirir.