8.3 III sinif üçün “Azərbaycan dili” dərslik komplekti.
Bu dərslik dəsti də mövzuların tədrisi və qiymətləndirilməsi baxımından bir-birini tamamlayan 3 kitabdan ibarətdir: Dərslik, iş dəftəri və müəllim üçün metodik vəsait (MMV)
III sinifdə Azərbaycan dilinin tədrisinin 8 mərhələdə keçilməsi nəzərdə tutulur. Hər 3 kitabda bu mərhələlər aşağıdakı bölmələr şəklində təqdim olunmuşdur: 1-ci bölmə - Ailə və məktəb, 2-ci bölmə - Mənəvi dəyərlər, 3-cü bölmə-Sirli dünya, 4-cü bölmə - Sevimli qəhrəmanlar, 5-ci bölmə - Tarixi şəxsiyyətlər, 6-cı bölmə - Bayramlar və tarixi günlər, 7-ci bölmə - Hikmət xəzinəsi, 8-ci bölmə - Mədəni irsimiz.
Hər bölmə həftədə 10 saat olmaqla, 40 saat-dərs üçün nəzərdə tutulmuşdur. Bu da bir dərs ayına bərabərdir. İlk 7 bölmənin hər birində dil qaydaları üzrə dilçiliyin müəyyən sahəsi əhatə edilir. 1-ci bölmə- Səs və hərf (fonetika), 2-ci bölmə-sözlərin deyilişi və yazılışı (orfoqrafiya və orfoepiya), 3-сü bölmə- Sözün mənası (leksika), 4-cü bölmə-Sözün tərkibi (söz yaradıcılığı), 5-ci bölmə- Nitq hissələri- isim, sifət, say (morfologiya), 6-cı bölmə- Nitq hissələri- fel, zərf, əvəzlik (morfologiya), 7-ci bölmə-Söz birləşməsi və cümlə (sintaksis), 8-ci bölmədə dil qaydaları üzrə dərslər keçilmiş mövzuların təkrarına və möhkəmləndirilməsinə xidmət edir.
Hər mərhələnin 39-cu saatı dinləmə və yazı üzrə, 40-cı saatı oxu və dil qaydaları üzrə kiçik summativ qiymətləndirmə üçün nəzərdə tutulmuşdur. Bunun üçün materiallar MMV-də və iş dəftərində verilmişdir. Sonuncu həftə istisna olunmaqla, hər dərs həftəsində 9-cu dərs sinifdənxaric oxu, 10-cu dərs, əsasən, imla üçün nəzərdə tutulmuşdur.
Dərslik (şagird kitabı) - Dərslikdə, əsasən, oxu və dil qaydaları üzrə məzmun standartlarını əhatə edən tədris materialları əks olunmuşdur.
1. Oxu materialları (mətn və tapşırıqlar) - Dərslikdəki mətnlər üzrə tapşırıqlar müxtəlif rubrikalar altında verilir: “Sözlük”, “Söz ehtiyatı”, “Şüurlu oxu”, “Düşün və cavab ver”, “Dil qaydaları” və s. Hər bir rubrikada verilmiş tapşırıqlar müəyyən bir məzmun standartının reallaşmasına xidmət edir.
2. Dil qaydaları üzrə nəzəri material və çalışmalar. Dil qaydaları üzrə nəzəri material, ilk növbədə, ədəbi dilin normalarının və zəruri dilçilik terminlərinin mənimsənilməsinə yönəlmişdir.
3. Nitq bacarıqları üzrə öyrədici dərslər. Əvvəlki siniflərlə müqayisədə III sinifdə şagirdlər sadə nəzəri materialları dərk etmək iqtidarında olurlar. Məhz bu yaşdan başlayaraq hər bir şagird hər bir fənnin mahiyyəti və məqsədini dərk etməli, bu fənni nə üçün öyrəndiyini bilməlidir. Nitq bacarıqları üzrə öyrədici dərslər bu məqsədə xidmət edir.
İş dəftəri - İş dəftərində təqdim olunan materiallar:
Dərslikdə verilmiş materiallar üzrə çalışmalar
MMV-də verilmiş bəzi dinləmə mətnləri üzrə çalışmalar
Dil qaydaları üzrə praktik çalışmalar
Üzündənköçürmə mətnləri və yazı məzmun standartı üzrə başqa alt standartları reallaşdıran tapşırıqlar
Qiymətləndirmə materialları
Müəllim üçün metodik vəsait (MMV) - Vəsaitdə bütün dərslər öz əksini tapır, MMV:
Hər bir dərs üçün məzmun standartlarından doğan təlim məqsədini müəyyənləşdirir.
Dərslikdə və iş dəftərində verilmiş materiallardan səmərəli istifadə üçün müvafiq təlim strategiyaları təklif edir.
Bütün məzmun standartlarını əhatə etmək üçün əlavə materiallar (dinləmə və imla mətnləri, debat, məruzə, müzakirə, inşa mövzuları və s.) təqdim edir.
Müəllimlərin vəsaitdən istifadəsini bir qədər asanlaşdırmaq üçün dərslərin şərhindəki bəzi hissələr rənglərlə fərqləndirilir. Dərs prosesində mübahisə doğura biləcək bir sıra məqamlar, nisbətən çətin çalışmaların cavabları, şagirdlərin ehtimal olunan suallarına cavablar və müəllimlərin bilməli olduqları bir sıra məlumatlar qırmızı rəngdə “Müəllimin nəzərinə” başlığı altında verilir.
Sinifdənxaric oxu (müntəxabat) - Nitq bacarıqları arasında şagirdlərin dünyagörüşünün genişlənməsi, intellektinin inkişafı və söz ehtiyatının zənginləşməsi baxımından oxunun çox mühüm yeri var. Bu mənada şagirdlərin evdə mütaliəsi böyük əhəmiyyət kəsb edir. Lakin hər bir yaş qrupu üçün müvafiq mətn resurslarının azlığı müəllimlər üçün həmişə müəyyən problemlər yaradıb. Bunu nəzərə alıb dərslik müəllifləri sinifdənxaric oxu dərsi materiallarından ibarət vəsait tərtib etmişlər. “Sinifdənxaric oxu” kitabında mətnlər şagirdin oxuyub anlama və nəticə çıxarma bacarığını yoxlayan sual və tapşırıqlarla müşayiət olunur. Bu dərsləri keçərkən müəllim vəsaitdə şərh olunmuş hər hansı oxu dərsi modelini seçə bilər.
Dostları ilə paylaş: |