Mühazirə 1: Ana dilinin tədrisi metodikasının ümumi məsələləri



Yüklə 1,54 Mb.
səhifə5/68
tarix01.01.2022
ölçüsü1,54 Mb.
#104223
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   68
2.2.İlk dərsliklər

Böyük mütəffəkkir, publisist və dramaturq M.F.Axundov təlimin ərəb və fars dillərində, özü də köhnə təlim metodları ilə aparılmasını görüb, 1839–cu ildə ilk dəfə Azərbaycan dilində “Əlifba” dərsliyi tərtib etmişdi. O, “Əlifba-ye cədid” dərsliyinə qısa metodik göstəriş də vermişdi.

Axundovdan sonra Azərbaycan uşaqları üçün əlifba kitabını Qori Müəllimlər Seminariyasının Azərbaycan (tatar) şöbəsinin müdiri A.O.Çernyayevski yazmışdır. O, seminariyada uşaqlara dərs deyib, təcrübə və müşahidələr apardıqdan sonra, tədris prosesində istifadə etdiyi materiallar əsasında sövti üsulla “Vətən dili” adlı əlifba kitabı yazır və tələbəsi Rəşid bəy Əfəndiyevə üzünü köçürtdürüb, 1882-ci ildə daş basmasında çap etdirir. Çernyayevski Səfərəli bəy Vəlibəyovla birlikdə 1888–ci ildə Tiflisdə “Vətən dili” kitabının 2-ci hissəsini çap etdirir. Müəllimi A.O.Çernyayevski dərslikləri ilə kənddə uzun müddət müəllimlik etmiş Rəşid bəy Əfəndiyev 1889–cu ildə isə “Uşaq bağçası” dərsliyini çap etdirir. 1901-ci ildə isə müəllif “Bəsirətül ətfal” (“Uşaqların gözüaçıqlığı”) adlı oxu kitabı çap etdirir.

Azərbaycan məktəblərində ana dilinin tədrisi tarixi sahəsində ilk tutarlı tədqiqat professor A.Abdullayevin adı ilə bağlıdır. O, “Azərbaycan dilinin tədrisi tarixinə dair” əsərini 50-ci illərdə yazmışdır.

Ana dili dərsliкlərinin tərtibində və məktəb təcrübəsində F.Köçərlinin xüsusi yeri var. F.Köçərli əsrin əvvəllərində türk dilinin qorunub saxlanması, inkişaf etdirilməsi və məktəblərimizdə əsaslı şəkildə öyrədilməsi uğrunda bütün fəaliyyətini sərf edən ziyalılılarımızdan biri idi. Ana dilinin tədrisi Firidun bəy Köçərlini yaxından maraqlandırmışdır. O, 1897-ci ildə Çernyayevskinin ölümündən sonra onun “Vətən dili” dərsliyini yenidən işləyib təkmilləşdirmiş və nəşr etdirmişdir. F.Köçərli tədris etdiyi fənni ürəkdən sevən bir ana dili müəllimi kimi həmişə dilimizi ağırlaşdıranlara, osmanlı, ərəb-fars dillərini zorla Azərbaycan dilinə daхil еdənlərə qarşı mübarizə aparmış və bu zərərli hərəkətə öz əməli işi ilə cavab vermişdir. M.F.Axundovun əlifba haqqında olan fikirlərinin davamçısı olan Firidun bəy Köçərlinin ana dilinin tədrisində böyük xidmətləri vardır. O, dilimizi, onun sadəliyini və təmizliyini korlayanlara qarşı kəskin çıxışlarını “Molla Nəsrəddin” jurnalında çap etdirmişdir. Onun 1912-ci ildə yazdığı “Balalara hədiyyə”adlı kitabında tərbiyəvi mətnlər, mənzum parçalar, dərin mənalı atalar sözləri və tapmacalar vardır. 35 illik müəllimlik fəaliyyətində F.Köçərli müəllimliklə bərabər mətbuat sahəsində də fəaliyyət göstərmiş, ədəbiyyatşünaslıq üzrə ciddi axtarışları ilə yanaşı, Azərbaycan dilinin tədrisinə dair məqalələr də yazmış, dərsliklərin tərtibində fəal iştirak etmişdir.

Azərbaycanda ana dilində məktəblərin açılması, ana dili təliminin qaydaya salınması uğrunda mübarizədə böyük dövlət xadimi N.Nərimanovun misilsiz xidməti olmuşdur. 1906-cı ildə Bakıda keçirilən Müsəlman Müəllimləri Qurultayının təşkilat komissiyasının sədri Nəriman Nərimanov olmuşdur. Bu qurultayın əsas məqsədi məktəblərdə təlimin məzmununu qaydaya salmaq idi.

N.Nərimanovun başçılıq etdiyi komissiya proqramları nəzərdən keçirərək Azərbaycan dili dərslərinə verilən saatların sayını artırmaq, yeni dərsliklər tərtib etmək, oxu və yazı texnikasını asanlaşdıran yeni metodlar müəyyənləşdirmək və s. kimi işləri yerinə yetirməli idi.

Qurultaydan sonra yeni proqram və dərsliklərin hazırlanmasına başlandı.

1907-ci ildə görkəmli metodist-müəllim M.Mahmudbəyov “Türk əlifbası və ilk qiraət”dərsliyini, 1909-cu ildə A.Səhhətlə birlikdə yazdığı “Türk dilinin təlimi üçün ücüncü ilə məxsus qiraət kitabı”adlı oxu dərsliyini çap etdirdi. 1911-ci ildə M.Mahmudbəyovun çap etdirdiyi “İmlamız” kitabı həmin dövr üçün misilsiz idi. Beləliklə, XX əsrin əvvəllərində maarifpərvər pedaqoq və metodistlərin ana dili, onun bir fənn kimi tədrisi haqqında arzu və mülahizələri ilk növbədə onların əməli fəaliyyətində öz əksini tapmışdı.

1918-ci ildə Azərbaycanda Xalq Cümhuriyyətinin qələbəsi ölkənin iqtisadi, siyasi, mədəni, sosial həyatında müəyyən dəyişikliklər yaratdı, xalq maarifi sahəsində yeni quruculuq üfüqləri açdı. Xalq Cümhuriyyətinin ilk günlərindən ölkəmizdə xalq təhsili sisteminin yeni demokratik əsaslar üzərində qurulması haqqında qərar verildi. Hər cür köhnə tipli məktəblər mükəmməl ixtisas verən politexnik məktəblərlə əvəz olundu. Təhsilin hamı üçün, həm də icbari olması, qızlarla oğlanların bir yerdə, pulsuz, ana dilində təhsil almaq hüququna malik olması elan edildi. Ölkənin çox ağır iqtisadi vəziyyətdə olmasına baxmayaraq, yeni hökumət hər yerdə, ən ucqar yaşayış məntəqələrində də ana dilində məktəblər açdı, təlim-tərbiyə işlərinin mütəşəkkil aparılmasına nəzarət etdi.

Hökumət məktəblərində dilimizin sövti metodla tədrisi, məhəllə, came məktəblərində fars dilinin türk dili (yəni Azərbaycan dili) ilə əvəz edilməsi məsələsi irəli sürülür. Ərəb əlifbasının çətinliklərini nəzərə alaraq latın qrafiki qəbul edilir. 1919-cu ildə müəllim Abdullah bəy Əfəndizadənin tərtib etdiyi “Son türk əlifbası” dərsliyi çap olunur. Bu dərslikdə əlifba yalnız kiçik hərflərdən ibarət idi. Xüsusi isimlər və cümlənin başlanması həmin hərflərin iri yazılması ilə fərqləndirilirdi.



    1. Yüklə 1,54 Mb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin