2.5.Ana dilinin tədrisi metodikasının inkişafının III dövrü
Ana dilinin tədrisi metodikasının inkişafının III dövrü 1958-1969-cu illəri əhatə edir. Dövrün tələbinə uyğun proqram və dərsliklərin yaradılması zərurəti qarşıya çıxdı. Yeni ana dili dərslikləri üçün keçirilən müsabiqədən sonra 1961-ci ildə II sinif üçün (Ə.Qarabağlı, Ş.Ağayev, N.Abdullayev), 1962-ci ildə III sinif üçün (Y.Şirvan, N.Kazımov, C.Cəbrayılbəyli), 1963-cü ildə I sinif üçün (M.Həmzəyev, Ş.Əlizadə, S.Mikayılova) аna dili dərslikləri yaradıldı.
50-ci illərdə Azərbaycan dilinin tədrisi metodikası bir elm kimi formalaşmağa başladı. Bu istiqamətdə işlər görən görkəmli alimlər A.Abdullayev, Ə.Dəmirçizadənin xidmətləri xüsusi qeyd edilməlidir. Bu illərdə ibtidai siniflərdə ana dilinin tədrisi metodikası üzrə yüksək ixtisaslı kadrların hazırlanmasına başlandı.
60-cı illərdə ana dilinin metodikası sahəsində onlarla dəyərli monoqrafiyalar və metodika kitabları çap edildi. Onların içərisində A.Abdullayevin “İbtidai məktəbdə Azərbaycan dili tədrisinin metodikası” kitabı xüsusi qeyd edilməlidir.
1961-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunda ibtidai təlim şöbəsinin yaradılması ibtidai siniflərdə təlim-tərbiyə işinin, xüsusilə ana dili tədrisi metodikası üzrə tədqiqatların sürətləndirilməsinə və əsl elmi xarakter almasına təkan verdi. Şöbə müdiri Y.Ş.Kərimovun rəhbərliyi ilə üçillik təlim sisteminə keçilməsi o dövrdə ibtidai təlim sahəsində ən əlamətdar hadisə idi.
Yeni sistemə keçilməsi ilə əlaqədar ana dili təliminin yeni məzmunu hazırlandı. I sinif üçün ilk “Ana dili” dərsliyi (Y.Ş.Kərimov, M.Ə.Həmzəyev) 1969-cu ildə çap edildi. 1970-ci ildə yeni “Əlifba” (Y.Ş.Kərimov və Z.M.Mehdizadə), “Yazı nümunələri” (Y.Ş.Kərimov), II sinif üçün “Ana dili” (Y.Ş.Kərimov, Ş.S.Ağayev, N.M.Abdullayev) çapdan çıxdı. 1972-ci ildə III sinif üçün “Ana dili” (N.Kazımov, Y.Şirvan), “Azərbaycan dili” (Ə.Fərəcov, M.Həsənov) dərslikləri çap edildi.
60-cı illərin axırları, 70-ci ilin əvvəllərində Azərbaycanda yaşayan azsaylı xalqların uşaqlarını Azərbaycan dilində təhsil almağa hazırlamaq məqsədilə Y.Ş. Kərimovun başçılığı ilə axtarışlar aparıldı. Həmin xalqların 6 yaşlı uşasqları üçün məktəblərdə açılmış hazırlıq siniflərində işin təşkilinə xidmət göstərən proqramlar və “İlk addımlar” (Y. Ş. Kərimov, Ə.Ə. Əlizadə) dərs vəsaiti hazırlandı.
1974-cü ildən 6 yaşdan təlim üzrə eksperimental tədqiqata başlandı. Yeddiyaşlılar üçün proqram, dərslik və rejim əsasında aparılan bu axtarışlar respublikamız şəraitində altıyaşlıların imkanlarını müəyyənləşdirməyə imkan verdi.
1981-1982-ci dərs ilindən bir sıra məktəb və uşaq bağçalarında beşgünlük iş həftəsi şəraitində 6 yaşdan təlim üzrə eksperiment qoyuldu. 11 illik orta ümumtəhsil məktəbinin, o cümlədən, dördillik ibtidai təlim sisteminin fəaliyyət göstərməsi nəzərdə tutuldu.
1985-1986-cı dərs ilindən respublikamızda nisbətən geniş miqyasda 6 yaşdan təlim başlandı. Bununla əlaqədar ana dili proqramları və dərsliklərinin məzmunu əsaslı yeniləşdirilməli oldu. 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbası qəbul olundu və həımin ildən başdan-başa 6 yaşdan təlimə keçildi.
Sonrakı illərdə ana dili təliminin, xüsusilə altıyaşlılarla təlimin metodları yenidən işləndi.
Keçən əsrin sonlarından bu günədək təhsil sahəsində irəliləyişlər, dəyişikliklər, yeniliklər olmuşdur.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi “Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Ana dili kurikulumu” əsasında I-IV siniflər üçün “Azərbaycan dili” dərslik komplektləri hazırlanıb nəşr edilmişdir. Bu dərslik komplektləri mövzuların tədrisi və qiymətləndirilməsi baxımından bir-birini tamamlayan 3 kitabdan ibarətdir: 1) Dərslik. 2) İş dəftəri. 3) Müəllim üçün metodik vəsait (MMV).
Dostları ilə paylaş: |