Mühazirə 1: Ana dilinin tədrisi metodikasının ümumi məsələləri



Yüklə 1,54 Mb.
səhifə10/68
tarix01.01.2022
ölçüsü1,54 Mb.
#104223
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   68

3.2.Ana dili fənn kurikulumu


İbtidai təhsil pilləsi üzrə 10 fənn kurikulumu hazırlanmış və 2007-ci ilin iyul ayında Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuşdur.

Ana dili kurikulumu bu fənn üzrə məqsəd və vəzifələri müəyyənləşdirən və ona doğru istiqamətlənmiş standartların reallaşması üçün zəruri fəaliyyətləri əhatə edən konseptual sənəddir. Bu sənəd hazırlanarkən cəmiyyətimizin ehtiyac və tələbatları, şagirdlərin imkanları, meyil və maraqları nəzərə alınmışdır. Burada fənn üzrə ümumi təlim nəticələri, məzmun standartları, müəllim və şagird fəaliyyətinə aid texnologiyalar və qiymətləndirmə məsələləri əhatə edilmişdir.

Ana dili fənn kurikulumu - şagirdlərin nəzəri məlumatlarla yüklənmələrinə deyil, təhsilin müasir inkişaf tendensiyalarını (ideyalarını, meyillərini və s.) nəzərə almaqla biliklərin tətbiqinə, həyati bacarıqların aşılanmasına istiqamətləndirilmişdir.



Fənn kurikulumunun məqsədi şagirdlərdə vətənpərvərlik hissləri, təfəkkürü inkişaf etdirmək, onları geniş və hərtərəfli savada malik, hərtərəfli inkişaf etmiş normal vətəndaş kimi, şəxsiyyət kimi yetişdirməkdir.

Hər bir fənnin məzmunu fənn kurikulumunda təsbit olunmuş məzmun standartları ilə müəyyən olunur. Məzmun standartları əsasında dərsliklər tərtib olunur, qiymətləndirmə standartları və bunların əsasında da qiymətləndirmə vasitələri, həmçinin digər tədris vəsaitləri (məsələn, metodik vəsaitlər, didaktik materiallar) işlənib hazırlanır. Bütün bunlar isə həmin standartlara nail olunmasına xidmət edir. Hər bir fənn kurikulumunda məzmun standartları və onların mənimsənilməsi üçün istifadə olunan strategiyalarla yanaşı, nail olunmuş təlim nəticələrinin, əldə edilmiş bilik və bacarıqların qiymətləndirilməsi üçün müvafiq qiymətləndirmə standartlarının nümunələri də əhatə olunur.



Ana dili təliminin məzmunu nəticəyönümlü standartlar əsasında hazırlanmışdır.

Məzmun standartları hazırlanarkən şagirdlərin idraki, informativ-kommunikativ fəaliyyətlərinin əhatə olunması, düşünmə, emosional bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. Ana dili fənn kurikulumunda fənnin təliminin əsas məqsədi belə ifadə olunmuşdur: “ümumtəhsil məktəblərində ana dili təliminin məqsədi ümumi nitq və dil bacarıqlarını formalaşdırmaqla şagirdlərin nitq mədəniyyətinə yiyələnmələrini təmin etməkdən ibarətdir”. Elə məhz buna görə də:



  • Nitq və dil bacarıqlarına yiyələnməklə ümumi nitq inkişafına nail olmaq;

  • Ana dilinin düşünmə, öyrənmə və danışma vasitəsi olmasını dərk etmək;

  • Davamlı təhsil prosesində, praktik fəaliyyətdə istifadə üçün potensial bilik və bacarıqlara yiyələnmək vacib hesab edilir.

Azərbaycan Respublikasında ümumi təhsilin Milli Kurikulumu çərçivə sənədində müəyyən edilmişdir ki, ümumtəhsil məktəblərində məhz ana dilinin tədrisi vasitəsilə:

İbtidai təhsil pilləsində - əlifbanın öyrənilməsi, oxu və yazı texnikasının, hüsnxət qaydalarının, düzgün, sürətli, şüurlu və ifadəli oxu üzrə ilkin bacarıqların mənimsənilməsi, lüğət ehtiyatının tədricən zənginləşdirilməsi, ən zəruri qrammatik qaydaların və ədəbi tələffüz normalarının öyrənilib tətbiq olunması, nitq bacarıqlarının formalaşdırılması, Azərbaycan xalqının dili, tarixi, əxlaqi-mənəvi keyfiyyətləri, mədəniyyəti, adət-ənənələri haqqında ilkin anlayışların yaradılması təmin olunur.

Bütün bunlar nəzərə alınmaqla və ana dili təliminin məqsəd və vəzifələrinə uyğun olaraq təhsilin bütün pillələri üzrə aşağıdakı məzmun xətləri təyin edilmişdir.



  • Dinləyib-anlama və danışma

  • Oxu

  • Yazı

  • Dil qaydaları

1) Dinləyib-anlama və danışma - bu məzmun xətti danışanı dinləyə bilmək, onun fikrinə münasibət bildirmək, müxtəlif informasiya mənbələrindən alınan məlumatlardan bəhrələnmək, əsas ideyanı 2-ci dərəcəli məsələlərdən seçmək, fikrini inandırıcı şəkildə təqdim etmək bacarıqlarının formalaşdırılmasını təmin edir.

2) Oxu - şagirdlərin dil duyumunun inkişafını, fikrin ifadə olunmasında sözün məna xüsusiyyətlərinin, cümlə və mətnin rolunun anlaşılmasını, lazımi vərdişlərin məqsədyönlü şəkildə təkmilləşdirilməsini, dilin gözəlliyinə, üslubi imkanlarının zənginliyinə şagirdlərin maraq və məhəbbətinin formalaşmasını təmin edir.

3) Yazı - Yazı şagirdlərin duyğu və düşüncələrinin dil normalarına uyğun qaydada nəqli, təsviri və mühakimə xarakterli rabitəli mətn formasında ifadəsini təmin edir.

4) Dil qaydaları - Bu məzmun xətti dilin fonetik, leksik və qrammatik quruluşu ilə bağlı ən zəruri biliklərin yığcam, sadə, aydın qayda və şərhlər formasında şagirdlərə çatdırılmasını, orfoqrafiya qaydalarına riayət edilməsini, durğu işarələrindən yerli-yerində düzgün istifadə olunmasını təmin edir.

Ana dili kurikulumunda dilin tədrisi məhz bu 4 dirək üzərində qurulub. Bunlardan birinci 2 bacarıq (dinləmə və danışma) bir məzmun xəttində birləşdirilmiş, hər sinif üçün müəyyən olunmuş məzmun standartları və bu nitq bacarıqlarının hər birinə aid ayrıca alt standartlar müəyyənləşdirilmişdir. Nitq bacarıqlarından ikisi (dinləmə, oxu)- anlama; digər ikisi (danışma, yazı)- anlatma bacarığına aiddir. İnsan dinləməklə və oxumaqla anlayır, danışmaqla və yazmaqla isə anladır. Başqa sözlə, dinləyib və ya oxuyub anladığını nümayiş etdirmək üçün şagird çox zaman danışmalı və yazmalı olur.

Dinləyib anlama və danışma: ünsiyyətin ən mühüm şərtidir. I sinifdə müşahidələr göstərir ki, müəllim danışarkən, çox diqqətlə müəllimə baxan uşaq daxilən başqa şeylər haqqında düşündüyündən onun dediklərini anlamır. Deməli, dinləmək eşitmək deyil. Ona görə də, şagirdlərə dinləmək, danışana diqqətlə qulaq asmaq, onun mahiyyətini başa düşmək tərbiyə olunmalıdır. Dinləmək bacarığına yiyələnən uşağı nə isə narahat edir, sual verməli, nəyi isə aydınlaşdırmalı olur. Belə bir halda uşağın diskussiyaya qoşulmasına şərait yaratmaq lazımdır.

I sinifdən etibarən şagirdlərə dinlədiyi fikrə münasibət bildirməyi, ona tənqidi yanaşmağı, müstəqil fikir söyləməyi, mövqeyini müdafiə etməyi öyrətmək lazımdır. Belə bir bacarıq onlara düşdükləri situasiyadan asılı olaraq müəyyən ideyanı inkişaf etdirmək vərdişi aşılayır. Dinləyib- anlama prosesində şagird şifahi nitq bacarıqlarına yiyələndiyini nümayiş etdirməlidir. O, oxuduqları, gördükləri, eşitdikləri, başına gələn əhvalatlar, maraqlı hadisələr haqqında ədəbi dilin normalarına uyğun şəkildə danışmağı öyrənməlidir. Bu məqsədlə müxtəlif vasitələrdən istifadə olunmalıdır. I sinifdə sadə seriya şəkillərdən başlayaraq tədricən mürəkkəb seriya şəkillər, süjetli şəkillər üzrə, tək əşya üzrə nəqletmə bacarığının verilməsinə nail olmaq lazımdır. Belə vərdişlər uşaqları ətraf aləm üzərində müşahidə əsasında sərbəst nəqletməyə hazırlayır. Dinləyib anlamada mühüm anlardan biri qaradinməz uşağın da dialoqa qoşulmasıdır. Uşağın dialoqa qoşulması, dialoji nitqə yiyələnməsi, dialoqun daha məzmunlu, maraqlı, canlı olmasını, onun gedişinin dəyişməsini təmin edir.

Müasir dövrdə insanlar arasında ünsiyyət, mədəniyyətin səviyyəsinin yüksəldilməsi şəxsiyyətin formalaşmasının mühüm şərtlərindən hesab olunur. Kurikulumda bununla əlaqədar nitq etiketlərindən istifadə bacarıqları nəzərdə tutulub. Düşdüyü situasiyadan asılı olaraq nitq etiketləri (günün müxtəlif vaxtlarında adamla görüşərkən salamlaşmaq, qonağı qəbul etmək və yola salmaq, yoldaşını ad günündə təbrik etmək, hədiyyəni təqdim etmək, xəstədən hal-əhval xəbər almaq, üzr istəmək, təşəkkür etmək və s.) seçmək nitq mədəniyyətinin mühüm şərtlərindən biridir.

Kurikulumda oxu təliminə xüsusi yer verilmişdir. Oxu təhsilin bünövrəsi, hərəkətverici qüvvəsidir. Oxumağı bacarmayan şagird bütövlükdə təhsil ala, inkişaf edə bilməz. Kurikulumda oxu təlimi prosesində də ana dilinin tədrisinin başlıca prinsipi olan nitq inkişafına xidməti ön plana çəkilir. Şagirdlərin rastlaşdıqları əşya və hadisələri adlandırmaq, oxşarlarını müqayisə etmək, onlara aid müstəqil misallar gətirmək, yeni sözlərin mənasını anlamaq, onlardan və terminlərdən yerində istifadə etmək tələb olunur. Burada leksik işlərə də xüsusi əhəmiyyət verilir.

Şagirdlər yaxınmənalı sözlər (geniş-enli, təzə-yeni, hündür-uca-yüksək, gözəl-göyçək-qəşəng, balaca-kiçik-körpə və s.), əksmənalı sözlər (gecə-gündüz, pis-yaxşı, acı-şirin, köhnə-təzə, yad-doğma və s.), çoxmənalı sözlər (yer- yer kürəsi, sahə, oturacaq, dərəcə və s.), omonimlər (qaz- quş, yanacaq, yeri qazmaq; çay- bitki, içki, su mənbəyi və s.) kimi sözlərin hesabına da lüğət ehtiyatını zənginləşdirirlər.

Oxu təliminin əsası şagirdlərin oxu texnikasına yiyələnmələri ilə başlanır. Nitq səslərini düzgün tələffüz etməyi, onların yazılı işarələrini (hərflərini) fərqləndirmədən oxu texnikasına yiyələnmək mümkün deyil. Hərfləri birləşdirib hecaları, hecaları birləşdirib sözləri, sözləri birləşdirib cümlələri oxumağı öyrənən birincilər əlifba təliminin axırınadək bütöv sözlərlə (çətin sözləri hecalarla) oxumağı bacarırlar. Bu bacarıq oxu vərdişlərinin (düzgün, sürətli, ifadəli, şüurlu) formalaşmasına şərait yaradır.

I sinifdən etibarən elmi-kütləvi materialları bədii materiallardan fərqləndirməyə başlayan şagirdlər sonralar onların növlərini (tarixə, biologiyaya, coğrafiyaya, astronomiyaya, sosiologiyaya aid və s.) ədəbi əsərlərin janrlarını, xüsusiyyətlərini fərqləndirməyi öyrənirlər. I-II siniflərdə maraqlı mətnlərin (“Ayı və şir”, “İki yoldaş” və s.) şəkilli planının tutulması üzrə iş böyük maraq doğurur. Onlar mətni bitmiş hissələrə ayırır, hər hissəyə aid necə şəkil çəkməyin mümkün olduğunu nəql edirlər. Onların xəyalən çəkdikləri seriya şəkillər ardıcıl düzüldükdə uşaqların zehnində mətnin məzmunu canlanır. Mətnlərin mənaca bitkin hissələrə ayrılması, hissələrə başlıqların verilməsi, hissələr arasında məna əlaqələrinin müəyyənləşdirilməsi şagirdləri müstəqil plan tərtib etməyə, ona yaradıcı xarakter verməyə istiqamətləndirir. Bu prosesdə mətndəki başlıca fikrin (ideyanın) müəyyənləşdirilməsinə xüsusi diqqət yetirilir.

Kurikulumda yazıya da geniş yer verilmişdir. Burada, ilk növbədə, yazı texnikasından söhbət açılır. Savad təlimi dövründə hərflərin elementlərinin yazılması üzrə məşq, onlara istinadən hər bir hərfin sətir xəttində haradan başlayıb, harada qurtarması (konfiqurasiyası), hündürlüyü, eni, onların hecalar, sözlər daxilində sonra gələn hərflərlə necə bitişdirilməsi üzrə iş çox mühüm əhəmiyyət kəsb edir. Sonra hərflər və sözlər arasında məsafənin, sətir xəttində meylin gözlənməsi bacarıqları yaradılır. II sinifdən hərfləri genetik prinsipə əsasən (elementlərinin oxşarlığına görə) qruplaşdırmaq, şagirdlərin səliqəli, təmiz, sürətlə, sərbəst yazmaq vərdişlərinə yiyələnmək tələb olunur.

Yazının tətbiqi digər xarakterli yazılarda kalliqrafiya qaydalarından əlavə orfoqrafiya, punktuasiya normalarına əməl olunmasını tələb edir. Savadlı yazının təmin olunmasına maneə törədən cəhətlərdən biri mətndə yazılışı çətin sözlərin, terminlərin işlənməsidirsə, digəri orfoepiya normaları arasında əhəmiyyətli dərəcədə fərqin olmasıdır. I sinifdə yazılışı tələffüzündən fərqlənməyən sözlərdən ibarət mətnlər üzrə işin getməsi şagirdlərin yüklənmələrinin qarşısını alır. Sonralar tədricən mətnlərin məzmununa yazılışı tələffüzündən fərqlənən sözlər, mənaca çətin söz və terminlər daxil edilir.

Yazının növünə görə fərqlər də nəzərə alınmalıdır. Aşağı siniflərdə (xüsusilə I sinifdə) daha çox üzündənköçürmə, görmə imladan, tədricən öyrədici imlanın lüğət üzrə, xəbərdarlıqlı, izahlı, sərbəst, yaradıcı növlərindən istifadə olunması məsləhət görülür. Bütün bunlar sistemlə yerinə yetirildikdə şagirdlər yoxlama imla yazarkən çətinlik çəkmirlər.

Yazının tətbiqinin üçüncü оlan mərhələsi yaddaşa əsasən (əzbər) yazıya kurikulumda xüsusi yer verilir. Kiçikhəcmli sadə şeirlərin yazılması ilə başa çatır.

Bütün bunlar şagirdləri yaradıcı yazılar (ifadə, inşa, əməli yazılar) yazmağa hazırlayır. Şagirdlər sadə, anlaşılan mətnlər oxuduqdan sonra yadda saxladıqlarını öz sözləri ilə ifadə edirlər.

Belə ifadələrə yaradıcı xarakter vermək üçün mətndə şəxsləri, hadisənin başvermə yerini, vaxtını dəyişmək, əvvəlinə və axırına əlavə etmək tələb oluna bilər. Şagirdlər sadə əşyalar, seriya şəkillər, süjetli şəkillər üzrə inşa yazırlar. Belə inşaların məzmunu əşya və şəkillər tərəfindən diktə olunduğundan şagirdləri tezliklə, daha müstəqil fəaliyyətə (təbiət üzərində müşahidə əsasında inşa yazmağı) yönəltmək tələb olunur. Nəhayət, təsvir, nəqli xarakterli inşalardan fərqlənən, mühakimə elementləri olan, tədricən mühakimə xarakterli (sərbəst mövzuda) inşaların yazdırılması məsləhət görülür.

Sadə əməli yazılar üzrə iş məktub, açıqcanın yazılması ilə başlanır, elan, ərizə, divar qəzetinə məqalə, protokol səviyyəsinə qaldırılır. Müəllim əldə olan hazır nümunələr əsasında deyil, məsləhət vermək, kömək göstərmək yolu ilə belə yazılar yazmağı öyrətməlidir. Şagirdləri belə yazılar yazmağa hazırlayarkən diskussiya, müzakirə, müqayisə priyomlarından istifadə olunmalıdır.

Kurikulumda dil qaydalarına da geniş yer verilmişdir. İşə başlayarkən müəllim bir həqiqəti dərk etməlidir ki, ana dilinin tədrisində məqsəd şagirdlərə dilimizin qaydalarını əzbərlətmək, “əsaslı şəkildə öyrətmək” deyil, sadəcə olaraq, ədəbi dili, orfoqrafiyanı öyrənmək üçün lazım olan ən zəruri qaydalarla tanışlıqdır. Bunun başqa bir vəzifəsi isə yuxarı siniflərdə Azərbaycan dilindən sistematik kursun mənimsənilməsi üçün zəmin yaratmaqdır.

Dilimizin qrammatikasının sistemi haqqında aydın təsəvvür yaratmaq, ardıcıllığı gözləmək məqsədilə şagirdlərin savad təlimi dövründə öyrəndikləri səs və hərfin fərqləndirilməsi, böyük hərflərin sətri hərflərdən fərqləndirilməsi də daxil edilib.

Dodaqlanan və dodaqlanmayan, kar və cingiltili samitlərin fərqləndirilməsi üzrə vərdişlər oxu, tələffüz normalarının öyrənilməsinə xidmət edir. Bu dövrdə şagirdlərə fonetik təhlilin öyrədilməsi son dərəcə vacibdir.

Əlifba sırasının əzbərlənməsi sorğu kitablarından, lüğətdən istifadə etmək vərdişi yaradır.

Kurikulumda şagirdlərə erkən suallara əsasən sözləri qruplaşdırmaq, əşyanın adını, necəliyini, hərəkətini bildirən sözlər - əsas nitq hissələrini, onları köməkçi nitq hissələrindən fərqləndirmək, suallar əsasında onları dəyişmək (hallandırmaq, zamana, şəxsə görə dəyişmək bacarıqları, həmçinin cümlə, onun növləri, baş üzvlər, onların ikinci dərəcəli üzvlərdən fərqi, cümlənin intonasiyaya görə fərqləndirilməsi və s.) üzrə bacarıqlar verilir.

Məsələn, I sinfin sonunda məzmun standartlarına görə şagird:



  • Dinlədiyi fikri anladığını nümayiş etdirir.

  • Şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir.

  • Qarşılaşdığı yeni sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir.

  • Oxu texnikası və ilkin oxu bacarıqlarına yiyələndiyini nümayiş etdirir.

  • Yazı texnikasına və ilkin yazı bacarıqlarına yiyələndiyini nümayiş etdirir.

  • Zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin