2.Kurikulumda təsbit olunmuş termin və məfhumların izahı.
1. Kurikulum - təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir.
2. Fəal interaktiv təlim - İdrak fəaliyyətinin təşkili və idarə olunması üsulunun məcmusudur. Bu zaman şagirdlər təlim prosesinin tam hüquqlu iştirakçıları olurlar və bilirlər ki, onlar apardıqları fəal axtarış və kəşflər zamanı bilikləri mənimsəyirlər. İnteraktiv təlim - şagirdlərin idrak fəallığına əsaslanır, təhsil prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitinin yaradılmasını tələb edir.
3. İş formaları - İş formaları dedikdə, fərdi, cütlərlə, böyük və kiçik qruplarla iş nəzərdə tutulur. Kiçik qruplarla və cütlərlə iş fəal təlim formaları hesab edilir.
4. Fəal təlim üsulları - fəal təlim zamanı istifadə olunan üsullar təlim strategiyalarının qurulmasında və təhsilin həyata keçirilməsində əhəmiyyətli yer tutur. Pedaqoji ədəbiyyatlarda onun müxtəlif növlərinin olduğu göstərilir. Məsələn: “Beyin həmləsi”, “BİBÖ”, “Klaster (şaxələndirmə)”, “Anlayışın çıxarılması”, “Söz assosiasiyaları”, “Müzakirə”, “Akvarium”, “Rollar üzrə oyun”, “Venn diаqramı”, “Auksion”, “Karusel”, “Ziqzaq”, “Sorğu vərəqləri”, “Müsahibə”, “Qərarlar ağacı”, “Layihələrin hazırlanması”, “Suallar”, “Mühazirə” və s.
5.Təhsildə qiymətləndirmə sistemi - beynəlxalq, milli və məktəb səviyyələrində aparılan qiymətləndirməni əhatə edir. O, zəruri məzmunun (qiymətləndirmə standartlarının), vasitələrin (test, sual və s.), formaların, üsulların müəyyənləşdirilməsini və onların reallaşdırılmasına aid prosedurları özündə birləşdirir.
6. Təlimin məzmunu - şəxsiyyətin formalaşmasına yönəldilmiş bacarıqlar şəklində ifadə edilən təlim nəticələrinin (təlim standartlarının) məcmusudur.
7. Təlim nəticəsi - müəyyən bir mərhələdə mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.
8. Məzmun xətti - fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunan məzmunun zəruri hissəsidir.
9. Qiymətləndirmə standartları - təhsil alanların nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir.
10. Motivasiya - təfəkkür prosesini hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən prosesdir.
11.Tələbyönümlülük - fərdin, cəmiyyətin, dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınmasıdır.
12. Nəticəyönümlülük - əldə olunması nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyən edilməsidir.
13.Öyrənənyönümlülük - təhsil sahəsində fəaliyyətlərin təhsil alanların mənafeyinə, maraq və tələbatlarının ödənilməsinə, istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına xidmət etməsidir.
14. Şəxsiyyətyönümlülük - təhsil alana gələcək müstəqil həyat fəaliyyətini qurmaq üçün zəruri bacarıq və vərdişlərin aşılanması, onların milli, mənəvi və bəşəri dəyərlər zəminində formalaşmasının prioritet kimi qəbul olunmasıdır.
15.İnkişafyönümlülük - şagirdlərin əqli fəallığı izlənilir, nailiyyətləri təhlil edilir, bilik, bacarıq və vərdişlərin inkişaf səviyyəsi tənzimlənir.
16. İnteqrativlik - təlim mərhələlərinin birinin digərini tamamlaması, inkişaf etdirilməsi, fəndaxili və fənlərarası əlaqələrin təmin olunması, təhsilin məzmun komponentlərinin bir-biri və həyatla sistemli şəkildə əlaqələndirilməsidir.
17. Təlimdə bərabər imkanların yaradılması - bütün şagirdlərə eyni təlim şəraiti yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir.
18.Təlim strategiyaları- təlimin təşkilinə verilən tələblərdən, planlaşdırmadan, təhsil prosesində istifadə olunan forma, metod, üsul və vasitələrindən ibarətdir.
19. Ümumi təlim nəticələri - mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.
20. Tədris vahidi - dərslikdəki mövzuların tematik qrupudur.
21. Resurslar - məzmun standartlarının reallaşdırılmasında istifadə olunan təlim vasitələridir, yəni əyani və tехniкi vasitələrdir.
22. Şagird nailiyyəti - bilik və bacarıqlar əsasında qazanılan dəyərdir.
23. Dəyərlər - şəxsiyyəti şərtləndirən keyfiyyətlərdir.
24. Tədris proqramı – hər bir fənn üzrə mənimsənilməli bilik, bacarıq və vərdişlərin məzmununu, həcmini müəyyən edən sənəddir.
25.Tədris planı - hər bir sinif üzrə fənləri və onların tədrisinə ayrılan həftəlik dərs saatlarının miqdarını göstərən sənəddir.
26. Məzmun standartları – təhsil alanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir.
27. Alt standart - əsas standartlarda ifadə olunmuş fikrin müəyyən hissəsidir.
28. Refleksiya – başa çatmış prosesin şüurlu inikasıdır. Təlim prosesinin refleksiyasını hərəkətə gətirmək üçün müəllim şagirdlərə bir neçə sual verə bilər. Məsələn: “Biz kəşfə necə gəlib çıxdıq?”, “Qarşıya qoyulmuş problemin həllində sizə nə kömək etdi?” və s.
29. Dərs vəsaiti – konkret fənn üzrə tədris proqramına uyğun hazırlanmış, dərslikdə verilən biliklərin genişləndirilməsi və möhkəmləndirilməsinə xidmət edən vəsaitdir.
30. Dərslik – konkret fənn üzrə tədris planı və proqram əsasında hazırlanmış, nəzəri və praktik biliklərin əsaslarının sistemli və anlaşıqlı şəkildə izah olunduğu əsas vəsaitdir.
Dostları ilə paylaş: |