Mühazirə 1: Ana dilinin tədrisi metodikasının ümumi məsələləri


Ana dilinin tədrisi metodikasının başqa elmlərlə əlaqəsi



Yüklə 1,54 Mb.
səhifə3/68
tarix01.01.2022
ölçüsü1,54 Mb.
#104223
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   68




1.3. Ana dilinin tədrisi metodikasının başqa elmlərlə əlaqəsi.

Metodika, hər şeydən əvvəl, pedaqogikanın bir sahəsidir. Bu o deməkdir ki, metodika pedaqoji elmlər sisteminə daxil olmaqla tədris planı, tədris proqramı, dərs vəsaiti, əyani vəsait, didaktik material, dərs sistemi, ev tapşırığı, sinifdənxaric işlər və s. formaları qəbul edir. Oxu bilavasitə şagirdlərin müşahidələri, oxunmuş materialın məzmununun təhlili, bədii əsərlərin obrazlarının şagirdlərə emosional təsiri, biliklərin sistemləşdirilməsi və s. ilə sıx əlaqədardır. Bütün bunların elmi təşkili pedaqoji biliklərə yiyələnməyi tələb edir. Metodika pedaqogika tərəfindən işlənmiş didaktik prinsipləri, təlim metodlarını, dərsə verilən tələbləri özünəməxsus şəkildə dəyişərək onlardan səmərəli istifadə edir.



Didaktikanın prinsiplərinə əsaslanmadan ana dilinin elmi əsaslar üzrə tədrisi mümkün deyil. Didaktikanın başlıca prinsipi şüurluluqdur. Bilik, bacarıq və vərdişlərin möhkəm mənimsənilməsi, əyanilik, müvafiqlik, ardıcıllıq, sistemlilik, inteqrativlik və s. prinsiplər də məhz şüurluluğun təmin olunmasına xidmət edir. Didaktikanın şüurluluq prinsipinə əməl olunması son dərəcə vacibdir. Əgər şagird dildə hər hansı hadisəni başa düşməzsə, o, həmin hadisə ilə əlaqədar termin, qayda və tərifi əzbərləmək məcburiyyətində qalacaq, bir qrammatik hadisəni, qaydanı ona bənzər hadisə və qaydalardan fərqləndirə bilməyəcəkdir. Bu yolla, yəni əzbərləməklə əldə edilən biliklər mexaniki olur, uzun müddət yadda qalmır. Şagird belə biliklərdən dil praktikasında istifadə edə bilmir.

Təlimdə müvafiqlik, ardıcıllıq prinsiplərini həyata keçirərkən müəllim şagirdləri biliksizlikdən bilikliliyə, sadədən mürəkkəbə, asandan çətinə doğru aparır. Hər bir sinifdə şagirdlər elə qrammatik bilik, bacarıq və vərdişlərə yiyələnməlidirlər ki, onlar təlimin sonrakı mərhələsi üçün etibarlı bünövrə olsun. Didaktikanın varislik perspektivlik prinsipi bunu tələb edir. İbtidai siniflərdə əyanilik prinsipi nisbətən daha mühüm əhəmiyyət kəsb edir. Müəllim əyaniliyin köməyi ilə şagirdlərə verilən məlumatların daha asan və şüurlu mənimsənilməsini təmin edir. Qrammatika məşğələlərində müxtəlif natural əşyalardan, onların model və şəkillərindən, diaqram, sxem və cədvəllərdən istifadə etmək lazım gəlir. Bir çox hallarda təlimin texniki vəsaitləri, interaktiv lövhə, maqnitofon lentləri, qrammafon valları, epidiaskop, kadoskop və s. köməyə gəlir.

Metodika psixologiya elmi ilə sıx əlaqədardır. O, diqqət, qavrayış, yaddasaxlama, yadasalma, yenidən hasiletmə, təfəkkür, təxəyyül, assosasiya və s. kimi onlarla psixoloji anlayışlardan istifadə edir. Metodika öz məqsədinə uyğun olaraq həmin anlayışları təfsiretmə yolu ilə “səslərin qavranması”, “nitq yaddaşı”, “dil yaradıcılığı”, “dil qabiliyyəti”, “yaddaş üzrə yazı” və s. şəklində işlədir.

Azərbaycan dilinin tədrisi metodikası dilçilik elmi ilə sıx əlaqədardır. Qrammatikanın tədrisi posesində tez-tez fonetik, morfoloji, sintaktik formalarla qarşılaşarkən, dilçiliyin müvafiq sahələrinə-fonetika və qrammatikaya müraciət etməli oluruq, lakin elmi qrammatikanı məktəbə eynilə gətirmək olmaz.



Elmi qrammatikanı, müasir Azərbaycan dili üzrə aparılan tədqiqatları oxumadan, onlara istinad etmədən ibtidai siniflərdə qrammatik materialı tədris etmək çətindir. Dilçilik elmi metodikaya material verir, metodika şagirdlərin yaş xüsusiyyətlərini nəzərə almaqla onu hazırlayır, rəngarəng tapşırıq və çalışmalarla zənginləşdirir, mənimsəmənin qiymətləndirilməsini təşkil edir. Hər hansı qrammatik anlayışı kiçikyaşlı şagirdlərə başa düşə biləcəkləri şəkildə, həm də elmi cəhətdən dəqiq aydınlaşdırmaq məqsədilə xüsusi araşdırmalar aparmaq lazımdır. Buna ehtiyac duymayan, yalnız dərslikdə verilənləri oxumaqla kifayətlənən müəllimlər, şübhəsiz, lazımi nəticə əldə edə bilməzlər.

Fonetik qanunları bilməyən müəllim ahəng qanununun, səs düşümü hadisəsinin başa salınmasında, assimilyasiya ilə qrammatik hadisələr arasındakı münasibəti şagirdlərə başa salmaqda çətinlik çəkə bilər. Qrafik, orfoqrafik və punktuasiya qaydaları birlikdə yazı qaydaları adlanır və qrammatikaya istinad edir.

Dilin lüğət tərkibini və onun əsas lüğət fondunu öyrənməklə, sözlərin çoxmənalılığı, sinonimlər, antonimlər, arxaizmlər, neologizmlər və alınma sözlərlə tanış olmaqla, idiomatik ifadələrin olduğunu bilməklə müəllim materialın oxunması üzrə işi düzgün qurur, bədii təhlili, onun dili üzərində işi əsaslı aparır.

Linqvistik məsələlərdən söz açdığımız anda Azərbaycan dilinin tədrisi metodikasının ədəbiyyatşünaslıqla əlaqəsindən yan keçmək mümkün deyil. Azərbaycan dilinin forma və qanunları o vaxt şüurlu, geniş və möhkəm mənimsənilir ki, şagirdlər ədəbi dil materiallarına əsaslanırlar. Oxu metodikası ədəbiyyatşünaslıqla sıx əlaqədardır. İbtidai siniflərdə ayrı-ayrı janrlar, folklor nümunələri, qafiyə və s. haqqında praktik şəkildə bəsit məlumat verilir. Müəllimin bədii əsərlərin təhlili, bədii təsvir vasitələri, ifadəli oxunun sistemi, bədii əsərin dili üzərində işin priyomları haqqında məlumatlara yiyələnməsi oxu dərslərinin məzmunlu və maraqlı keçməsini təmin edir. Proqramda ədəbiyyata dair bəzi məlumatların verilməsi nəzərdə tutulur. Şagirdlər dörd il ərzində şeir, hekayə, nağıl, elmi-kütləvi mətn, oçerk, təmsil, bayatı, atalar sözləri, tapmaca, yanıltmac, digər kiçikölçülü folklor nümunələri haqqında sadə nəzəri məlumata yiyələnməli, onları fərqləndirməyi bacarmalıdırlar. Müəllim həmçinin şagirdlərdə əsərin ideyası, qəhrəmanı, obrazı, qafiyə, bədii təhlil haqqında terminsiz anlayış yaratmalıdır. Bunun üçün o, ədəbiyyat nəzəriyyəsini yaxşı bilməlidir.

Ana dilinin tədrisi metodikasından bəhs edərkən gigiyenanı da nəzərdən qaçırmaq olmaz. Altıyaşlılar (ümumiyyətlə, kiçikyaşlı məktəblilər) üçün oxu prosesi heç də yazı prosesindən az çətinlik törətmir. Yazıda olduğu kimi oxu prosesi də şagirdlərdən böyük görmə qavrayışı gərginliyi tələb edir. Kiçik məktəb yaşı dövründə bu gərginlik xüsusilə ona görə böyükdür ki, görmə analizatoru hələ öz inkişafını başa çatdırmamışdır. Gigiyena mütəxəssislərinin apardıqları tədqiqatlara görə kiçikyaşlı məktəblilərin fasiləsiz oxu prosesinin optimal davamlılığı müəyyənləşdirilməlidir. Onlar bu müddəti I sinif üçün 7-10 dəqiqə, II sinif üçün 10-15 dəqiqə, III-IV siniflər üçün 15-20 dəqiqə nəzərdə tuturlar.

Oxu və yazı prosesində gözlə kitabın, dəftərin səhifəsi arasındakı məsafə məsələsi mühüm əhəmiyyət kəsb edir. Son vaxtlar aparılmış fizioloji tədqiqatlar kiçikyaşlı məktəblilər üçün bu məsafənin 30 sm. olduğunu göstərir.

Oxu və yazı zamanı qamətin düzgün saxlanılması gözlənərsə, şagirdlərin görmə işi o qədər də yorucu olmaz. Oxu (həmçinin yazı) zamanı normal duruş, bədənin döş hissəsinin meyl bucağı 170° yüngül qabağa əyilmək hesab olunur. Məktəb mebelinin yaşa, boya müvafiq olmaması da uşaqların oxu texnikasına yiyələnmələrinə, şübhəsiz, nəticə etibarı ilə sağlamlıqlarına mənfi təsir göstərir. Dərsliklərin poliqrafik icrası, bədii tərtibatı, sətirlərin uzunluğu, şriftlərin iriliyi, onların arasındakı məsafə, kağızın və şəkillərin keyfiyyəti və s. oxu zamanı görmə funksiyalarının keyfiyyətinə güclü təsir göstərir.




Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin