Ürək qlikozidli dərman preparatların saxlanma şəraiti və istifadəsi
Ürək qlikozidli dərman preparatları A siyahısı üzrə, möhkəm bağlı qablarda, işığın və nəmin təsirindən qorunmaqla saxlanılır. Bu cür şəraitdə ürək qlikozidləri hidrolizə uğramır.
Ürək qlikozidlərinin, xüsusilə bitki xammalında sabitliyinə fermentlər əhəmiyyətli təsir göstərir. Buna görə də, xammalların saxlanılması, eləcə də dərman maddələrinin alınması zamanı fermentlərin inaktivləşdirilməsinə ehtiyac vardır. Fermentlərin inaktivləşdirilməsi məqsədilə xammal 40-60o C temperatur şəraitində qurudulur və yaxud etanol, efir, xloroform buxarları ilə işlənilir. Bu yolla ürək qlikozidlərinin stabilliyi artırılır.
Ürək qlikozidləri neytral birləşmələr olduğu üçün, onlar həm turşu, həm də qələvilərin təsirinə həssasdırlar. Turşuların təsirindən 2-dezoksişəkərlərin molekuldan asanlıqla ayrılması baş verir. Qələvi mühitdə kardenolidlər izomerləşir və yaxud lakton həlqəsi ayrılır ki, bu amillər də farmakoloji fəallığın itməsinə səbəb olur.
Ürək qlikozidləri kardiotonik vasitə kimi, üərk-damar çatışmazlığı və yaxud qan dövranının kəskin və xroniki çatışmazlığında istifadə olunur. Ürək qlikozidli dərman preparatları təsir gücünə və müddətinə, eləcə də mərkəzi sinir sisteminə olan təsirlərinə görə bir-birindən fərqlənirlər.
Ürək qlikozidlərinin dərman preparatları vena daxilinə yeridildikdə daha effektiv təsir göstərirlər. Bu preparatların dozadan artıq istifadəsi, dərhal ürək fəaliyyətinin pozğunluqlarına səbəb olur. Buna görə də, bu preparatlar A siyahısı üzrə saxlanılır.
Ürək qlikozidləri kumulyasiya törətmək xüsusiyyətinə malikdirlər. Ən yüksək kumulyativ təsirə üskükotu qlikozidləri, ən zəif kumulyativ təsirə strofant qlikozidləri malikdirlər.
Dostları ilə paylaş: |