Ürək qlikozidlərinin alınması və analiz üsulları
Ürək qlikozidlərinin kimyəvi sintez üsulu ilə alınması həyata keçirilsə də, sənayedə praktik tətbiqi mümkün olmamışdır. Çünki, sintez yolu çoxmərhələli olduğu və yekunda çox az miqdarda ürək qlikozidləri alındığı üçün bu üsul səmərəli olmamışdır. Buna görə də, yüz ildən artıq müddət ərzində ürək qlikozidlərinin sənaye yolu ilə yeganə alınma mənbəyi bitki xammallarıdır. Qeyd olunmalıdır ki, ürək qlikozidlərinin bitki xammalından alınma üsulu da mürəkkəbliyi ilə fərqlənir. Ona görə ki, bitkinin tərkibində olan fermentlər, eləcə də işıq, temperatur və digər amillər təsirindən ürək qlikozidlərinin kimyəvi quruluşu dəyişilir.
Bitki xammalında ürək qlikozidləri ilə yanaşı digər müşayətedici maddələr də vardır. Bitki xammalından ürək qlikozidlərini almaq üçün, xammal əvvəlcədən efir və ya liqroinlə işlənərək lipofil maddələrdən təmizlənir. Ekstraksiya məqsədilə aseton, spirt-su, etilasetat kimi həlledicilərdən istifadə olunur. İlkin işlənildikdən sonra xammal 70%-li etil spirti ilə ekstraksiya olunur. Spirtli çıxarış vakuum altında qovulur, alınan qalıqdan isti su ilə ilkin qlikozidlər çıxarış olunur. Alınmış qlikozidlər məcmusunu efirlə işləyərək qətranları, qurğuşun-asetatla işləyərək saponinləri uzaqlaşdırırlar. Ürək qlikozidləri məcmusunu təmizləmək üçün alüminium-oksidlə adsorbsiyadan da istifadə olunur. Ammonium-sulfatın sulu məhlulu ilə qlikozidlər çökdürülür. Ürək qlikozidləri məcmusunundan xromaqorafiya üsulu ilə fərdi maddələr alınır.
Eyniliyinin təyini
Ürək qlikozidlərinin eyniliyinin təyinində steroid nüvəyə, lakton halqasındakı α-β ikiqat rabitəyə və şəkərlərə aid reaksiyalar aparılır.
I. Steroid nüvəyə aid Liberman - Burhard reaksiyası.
Strofantin K-nın və Korqlikonun inyeksiya məhlulunun 5 ml-ni çini kasada su hamamı üzərində quru qalıq alınana kimi buxarlandırırlar. Qalığı 1ml asetat anhidridində həll edirlər. Məhlulu içərisində 1ml qatı sulfat turşusu olan sınaq şüşəsinə əlavə edirlər; asetat anhidridi təbəqəsi yaşıl rəngə boyanır. Bu reaksiya steroid birləşmələrin asetat anhidridi və qatı sulfat turşusu təsirindən dehidratlaşması ilə əlaqədardır.
Kardenolidlərdə steroid nüvənin aşkarlanması məqsədilə flüorometriya üsulundan da istifadə olunur. Reaktiv kimi sulfat və fosfat turşularının dəmir-3-xlorid ilə qarışığı, dəmir perxloratın sulfat turşusunda olan məhlulu istifadə olunur. Tədqiq edilən ürək qlikozidi dehidroenləşmə nəticəsində mono-və yaxud dianhidrid törəmələr əmələ gətirirsə, göstərilən üsuldan istifadə olunur.
II. Beşüzvlü lakton halqasındakı ikiqat rabitəyə aid reaksiyalar, əsasən nitrobirləşmələrlə qələvi mühitdə rəngli məhsulların əmələ gəlməsinə əsaslanır.
a) Balye reaksiyası. Ürək qlikozidləri məhlulu üzərinə pikrin turşusunun qələvidəki məhlulunu əlavə etdikdə narıncı-qırmızı rəng alınır:
b) Kedde reaksiyası. Ürək qlikozidləri qələvi mühitdə 3,5-dinitrobenzoy turşusunun spirtdə məhlulu ilə al-qırmızı rəng verirlər.
c) Leqal reaksiyası. Ürək qlikozidlərinin 1ml spirtdəki məhlulu üzərinə 1ml natrium-nitroprussid və 1-2 damcı NaOH məhlulları əlavə edirlər; tədricən itən qırmızı rəng alınır (digitoksin, selanid, strofantin K).
d) Raymond reaksiyası. Ürək qlikozidlərinin spirtdə məhlulu üzərinə 1ml m-dinitrobenzolun spirtdə olan 1%-li məhlulunu və 2 damcı NaOH məhlulu əlavə edirlər; tədricən itən qırmızı-bənövşəyi rəng əmələ gəlir (digitoksin).
III. Şəkərli komponentə aid təyinatlar.
a) Keller-Kiliani reaksiyası. Bu reaksiyanı 2-dezoksişəkərlər (digitoksin, selanid və b.) verir.
Ürək qlikozidlərinin buzlu asetat turşusunda olan məhluluna bir damcı 0,05 %-li FeCl3 məhlulu əlavə edib qarışdırırlar. Sonra sınaq şüşəsinin divarı ilə ehtiyatla 2 ml qatı sulfat turşusu əlavə edirlər; iki təbəqə arasında qonur rəng əmələ gəlir. Üst təbəqə tədricən göy-yaşıl və ya göy rəngə boyanır.
b) Dezoksişəkərləri Pezets reaksiyası ilə də aşkar etmək olar. Ürək qlikozidlərini buzlu asetat turşusu və bir neçə damcı sulfat və ya fosfat turşusu iştirakı ilə ksanthidrolla (və ya antronla) qarışdırdıqda qırmızı (antronda yaşıl) boyanma əmələ gəlir. Burada şəkərlər qatı turşu təsirindən furfurol və ya onun törəməsinə çevrilirlər ki, onlar da ksanthidrolla (dibenzo-γ-piranol) və ya antronla rəngli kondensasiya məhsulu əmələ gətirirlər.
c) Göstərilən reaksiyalarla yanaşı, şəkər qalığını təyin etmək üçün ürək qlikozidlərini turşulu hidrolizə uğradıb şəkərlərə məxsus gümüş-güzgü və Felinq mayesinin reduksiya olunma reaksiyalarını aparırlar (qlükozaya bax).
d) Şəkərləri qatı sulfat və fosfat turşuları, vanilinin qatı sulfat turşusundakı məhlulu və b. rəngli reaksiyalarla da aşkar edirlər.
Ürək qlikozidlərinin qatı mineral turşularla rəngli birləşmələr əmələ gətirmə xassəsi haloxromiya adlanır.
Dostları ilə paylaş: |