«Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyəti (AZAL)
Hava nəqliyyatından istifadə olunması üzrə münasibətlərdə fəal iştirak
edən subyektlərdən biri «Azərbaycan Hava Yolları» Dövlət Konserni (AZAL)
hesab olunur. Bu Konsern Azərbaycan Respublikası Prezidentinin 7 aprel 1992-
ci il tarixli Fərmanı ilə keçmiş SSRİ Mülki Aviasiya Nazirliyinin «Azərbaycan
Aviasiyası» Konserninin bazası əsasında yaradılmış və həmin Konsernin hüquqi
varisi hesab edilir. Bu qurum sonradan Azərbaycan Respublikası Prezidentinin
16.04.2008-ci il tarixli 2761 nömrəli Sərəncamı ilə «AZAL» Qapalı Səhmdar
Cəmiyyətə çevrilmişdir.
«AZAL»-ın həyata keçirdiyi fəaliyyətin hüquqi əsasını Nizamnamə təşkil
edir. Həmin Nizamnamə ilkin olaraq Konsernin şurasının 15 aprel 1992-ci il
tarixli 8 nömrəli qərarı ilə qəbul edilmiş, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 28 aprel 1992-ci il tarixli 232 nömrəli qərarı ilə qeydiyyata
alınmışdır.
«AZAL» Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət
orqanıdır. «AZAL» termini «Azərbaycan Hava Yolları» sözlərinin ingilis
dilində qarşılığının – «Azerbaijan Airlines» sözlərinin qısaldılmış formasıdır.
Sözü gedən qurum Azərbaycan Respublikasının hava nəqliyyatına
rəhbərliyi həyata keçirir. O, müstəqil istehsal-kompleksi kimi çıxış edir.
Qurumun əsas fəaliyyət predmeti onun tərkibinə daxil olan müəssisələrlə birlikdə
sərnişin, baqaj və yük daşımalarını həyata keçirməkdən ibarətdir. Bunun üçün
qurum Azərbaycan Respublikasının ona təhkim olunmuş daxili və beynəlxalq
hava xətlərindən istifadə edir, habelə aviadaşımalar zamanı yük, sərnişin və
baqajın salamat və vaxtında təyinat yerinə çatdırılmasına təminat verir.
Sözü gedən qurum hüquqi şəxs statusuna malikdir. O, hüquqi şəxslərin
«kommersiya təşkilatı» (kommersiya hüquqi şəxsləri) kimi olan növünə şamil
edilir. Daha dəqiq desək, qurum dövlət qapalı səhmdar cəmiyyəti formasında
yaradılan kommersiya təşkilatıdır.
Qurumun həyata keçirdiyi fəaliyyətin maddi əsasını onun əmlakı təşkil
edir. Dövlət əmlakı tam təsərrüfatçılıq hüququ əsasında ona təhkim
olunmuşdur. Qurum həmin əmlak üzərində sərəncam vermək və ondan istifadə
etmək hüququna malikdir. Təhkim olunmuş əmlak aşağıdakılardan ibarətdir:
-əsas fondlardan;
-dövriyyə vasitələrindən;
-digər maddi nemətlərdən;
-maliyyə ehtiyatlarından.
AZAL əmlakdan öz fəaliyyət məqsədləri üçün və təyinatına uyğun olaraq
istifadə edə bilər. Qurum ona təhkim olunmuş əmlakı tam təsərrüfatçılıq
hüququ əsasında cəmiyyətin törəmə müəssisələrinə verə bilər.
AZAL-ın əmlakı müəyyən mənbələr hesabına formalaşır. Həmin
mənbələrə aşağıdakılar aiddir:
-təhkim olunmuş əsas fondlar və dövriyyə vəsaitləri;
-öz müəssisələrinin verdiyi pul, maddi və valyuta haqları;
-təsərrüfat-istehsal fəaliyyətindən əldə edilən gəlir;
-bankların verdikləri kredit;
-qiymətli kağızların satışından əldə edilən gəlir;
-öz müəssisələrinin əvəzsiz olaraq verdiyi haqlar.
«Quruma təhkim olunmuş əmlak» anlayışı ilə «qurumun əmlakı»
anlayışını qarışdırmaq olmaz. Bunlar bir-birindən fərqlənir.
Quruma təhkim olunmuş əmlak cəmiyyətin (AZAL-ın) əmlakının
əmələgəlmə mənbələrindən biridir. O, qurumun əmlakı anlayışına nisbətən
məhdud anlayışdır.
AZAL öz maddi vəsaitləri hesabına təsərrüfat fəaliyyətini həyata
keçirərkən əmlak əldə edə bilər; bu əmlak onun əmlakı hesab olunur və
«quruma təhkim olunmuş əmlak» anlayışına aid edilmir.
AZAL öz mülki-hüquqi öhdəliklərinə görə əmlakı ilə birlikdə məsuliyyət
daşıyır. Əgər o, bu öhdəlikləri yerinə yetirməzsə, kreditorlar öz tələblərini həmin
əmlaka yönəldirlər. Bu tələblər əmlak hesabına təmin olunur. Bu onu göstərir ki,
cəmiyyətin əmlakı maddi bazadan savayı, həm də təminat funksiyasını yerinə
yetirir.
AZAL qurumu hava xətləri ilə daşıma məsələlərini nizama salmağa xüsusi
diqqət yetirir. O, bundan ötrü müvafiq hüquqi sənəd – «Hava xətlərində sərnişin,
baqaj və yüklərin daşınması» Qaydalarını təsdiq etmişdir. Bu Qaydalar
«AZAL»-ın həyata keçirdiyi istənilən hava daşımalarına – sərnişin, baqaj və
yük daşımalarına tətbiq edilir.
Göstərilən Qaydalar aviasiya müəssisələrinin hüquqi statusunu (hüquq və
vəzifələrini), daşıdıqları mülki-hüquqi məsuliyyəti müəyyənləşdirir. Bundan
əlavə, «AZAL»-ın hava nəqliyyatından istifadə edən müəssisə, təşkilat və
idarələrinin, habelə vətəndaşların hüquq və vəzifələri, onların məsuliyyəti həmin
Qaydalarda nəzərdə tutulur.
Qaydalar hava gəmilərinə malik olan və sərnişin, baqaj və yüklərin
daşınmasını həyata keçirən digər nazirlik, dövlət komitəsi, idarə və
təşkilatların
fəaliyyətinə (hava daşımaları sahəsində) şamil edilmir.
AZAL həmçinin «Mülki aviasiyanın fəaliyyətinin qanunsuz müdaxilə
aktlarından qorunması haqqında» Dövlət Proqramının baş icraçısıdır.1 Bu
Dövlət Proqramı mülki aviasiyanın fəaliyyətinin qanunsuz müdaxilə aktlarından
mühafizə edilməsinə və belə aktların qarşısının alınmasına yönəldilmiş təşkilati
tədbirlər məcmusunu nəzərdə tutur.
«AZAL» daşıyıcı statusu olan qurumdur. O, hava daşımalarını həyata
keçirir və bu daşımalarla əlaqədar olaraq xidmət göstərir.
Tariflər məsələsini həll etmək «AZAL»-ın əsas vəzifələrindən biridir. O,
sərnişin, baqaj və yüklərin hava vasitəsilə daşınması üçün tarifləri
müəyyənləşdirir və təsdiq edir. Bundan əlavə, qurum hava daşınmalarında
güzəştli biletlərin (o cümlədən pulsuz biletlərin) verilmə qaydasını müəyyən edir,
vahid tarif və qiymət siyasətini həyata keçirir.
AZAL-ın tərkibi müəssisələrdən ibarətdir. Bu müəssisələr öz müstəqilliyini
və hüquqi şəxs statusunu saxlayır. Onların qurumun tərkibinə daxil edilməsi
məsələsi cəmiyyətin rəhbər orqanları tərəfindən həll edilir.
Artıq «AZAL»-ın bir sıra müəssisələrinin özəlləşdirilməsinə başlanılmışdır.
Bu tədbirin iqtisadiyyatın daha da sürətlə inkişafı və onun səmərəliliyinin
artırılması üçün vacib əhəmiyyəti vardır. Digər tərəfdən, özəlləşdirmə tədbiri
investisiyaların cəlb edilməsinə səbəb olur.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə «AZAL»-
ın bəzi müəssisələri vaxtilə özəlləşdirmə üçün açıq elan edilmişdi.2 Həmin
müəssisələrə aşağıdakılar aid idi:
-«Azərbaycan Hava Yolları» Milli Aviaşirkəti;
-«Azərbaycan Hava Yolları» Yük Aviaşirkəti;
-Bakı «Azalhelikopter» Aviasiya şirkəti;
-«Azalkarqo» hava şirkəti;
-«Azalaviatonnaj» şirkəti;
-Beynəlxalq Kommersiya İdarəsi;
-«Azərbaycan Hava Yolları» Dövlət Konserninin və onun tabeliyində
olan müəssisələrin nizamnamə kapitalındakı dövlət payları.
Göstərilən müəssisələrin özəlləşdirilməsində, əsasən, yerli investorlar çıxış
edirlər. Bununla yanaşı, özəlləşdirmədə xarici investorların iştirakına da icazə
verilir.
Özəlləşdirmə nəticəsində hava daşımalarını həyata keçirən müəssisələrin
(kommersiya təşkilatlarının) rolu artmışdır. Bu isə Azərbaycan Respublikasının
hava nəqliyyatı sistemində xüsusi mülkiyyətə əsaslanan hava nəqliyyatı
təşkilatlarının üstün yer tutmasına gətirib çıxarır.
Dostları ilə paylaş: |