Mühazirə Fənn: Nəqliyyat hüququ Müəllim Sərvərov Bəxtiyar


Sərnişin daşınması müqaviləsinin anlayışı



Yüklə 200,14 Kb.
səhifə14/46
tarix01.01.2022
ölçüsü200,14 Kb.
#103231
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   46
7. Sərnişin daşınması müqaviləsinin anlayışı

Sərnişin daşınması müqaviləsi daşıma müqavilələri sisteminə daxil olan

müqavilələrdən biridir. Bu konstruksiyanı həm inqilabaqədərki Rusiyanın, həm

də sovet dövrünün qanunvericiliyi tanıyırdı.

İnqilabaqədərki Rusiyada qanunvericilik sərnişinlərin dəmir yolu ilə

daşınması ilə yaranan münasibətlərin tənzimlənməsinə xüsusi diqqət yetirirdi.

Dəmir yolu haqqında Ümumi Nizamnamənin (1885-ci il) ikinci fəsli

sərnişinlərin daşınmasına həsr edilmişdi. Bu fəslə daxil olan 29 maddə həmin

məsələni nizama salırdı. Belə ki, sərnişin daşınması cədvələ uyğun olaraq

həyata keçirilirdi. Hamının tanış olması üçün cədvəl bütün stansiyalarda

asılırdı. Sərnişin bilet almağa borclu idi. O, biletsiz gedərdisə, faktiki getdiyi

yola (məsafəyə) uyğun olaraq yol pulunu ikiqat məbləğdə ödəyirdi. Yaxın

dayanacaqda isə sərnişin bilet alırdı.

Müəyyən hallarda stansiyanın rəisi sərnişini məcburi surətdə qatardan

düşürürdü. Belə ki, əgər sərnişin başqa sərnişinlərin rahatlığını pozan hərəkətlərə

yol verərdisə və ya onları təhqir edərdisə və yaxud ümumi vaqonda gedən

sərnişin başqa sərnişinlərin sağlamlığı üçün təhlükə yaradardısa, o, qatardan

düşürülürdü.

Bu cür hallarda stansiya rəisi jandarmın köməyindən istifadə edirdi.

Sovet dövrünün qanunvericiliyinə də sərnişin daşınması müqaviləsi məlum

idi.SSRİ Mülki Qanunvericiliyinin Əsaslarının (1961-cı il) 72-ci maddəsi bu

müqaviləyə leqal anlayış verirdi. Azərbaycan SSR-in 1964-cü il Mülki

Məcəlləsinin 369-cu maddəsində sərnişin daşınması müqaviləsinin anlayışı

formulə edilmişdi. Sovet dövrünün qanunvericiliyi bu müqaviləni daşıma

müqaviləsinin ayrıca növü kimi nəzərdə tuturdu.
Sərnişin daşınması müqaviləsi müxtəlif əsaslara görə təsnif edilirdi.

Məsələn, dəmir yolu nəqliyyatında hərəkətin sürətindən asılı olaraq sərnişin

daşınmasının iki növü fərqləndirilirdi: sürətli qatarla daşıma; sərnişin qatarı ilə

daşıma.


Sərnişindaşıma rahatlıq və sərnişinə xidmət səviyyəsinə görə dörd yerə

bölünürdü: yataq vaqonunda daşıma, kupe vaqonda daşıma, plaskart vaqonda

daşıma, ümumi vaqonda daşıma.

Qət olunan məsafəyə görə daşıma üç cür olurdu: yerli daşıma, şəhərətrafı

daşıma, uzaq yerlərə daşıma.

Avtomobil nəqliyyatında məsafədən asılı olaraq daşıma dörd növə

bölünürdü: şəhər daşıması, şəhərətrafı daşıma, şəhərlərarası daşıma,

respublikalararası daşıma. Daşıma vasitəsinə görə sərnişin daşınmasının üç

növü fərqləndirilirdi: avtobusla daşıma, taksi ilə daşıma, marşrut taksomotoru

üzrə daşıma.

Daxili su (çay) nəqliyyatında hərəkətin sürətindən asılı olaraq

sərnişindaşıma ekspress daşıması, sərnişin daşıması, ekskursiya - turizm

məqsədilə daşıma və sürətli daşımaya bölünürdü. Qət edilən məsafəyə görə

daşımanın əsasən dörd növü fərqləndirilirdi: tranzit daşıma, yerli daşıma,

şəhərdaxili daşıma, şəhərətrafı daşıma.

Azərbaycan Respublikasının yeni Mülki Məcəlləsi sovet dövrünün

qanunvericilik ənənəsinə uyğun olaraq sərnişin daşınması müqaviləsini müstəqil

müqavilə kimi nəzərdə tutur. MM-in 46-cı fəslinə daxil olan normalar (842–849-

cu maddələr) bu müqavilənin tənzimlənməsinə həsr edilmişdir.

Sərnişin daşınması müqaviləsi konstruksiyası, demək olar ki, bütün xarici

ölkələrin qanunvericiliyinə də məlumdur. Almaniyanın, İtaliyanın,

Hollandiyanın, Fransanın, Rusiya Federasiyasının və digər ölkələrin

qanunvericiliyində bu müqavilə növünə rast gələ bilərik. Məsələn, Almaniya

Ticarət Qanunnaməsinin dördüncü kitabının yeddinci bölməsində təsbit edilən

normalar sərnişin daşıma (o cümlədən yük daşıma) münasibətlərini

tənzimləyir. Hollandiya Mülki Məcəlləsinin səkkizinci kitabı «Nəqliyyat

hüququ» adlanır. Bu kitab özündə həm də sərnişin daşıma münasibətlərini

rəsmiləşdirən normaları birləşdirir.

Sərnişin daşınması müqaviləsi öz ümumi mülki-hüquqi xarakteristikasına

görə konsensual müqavilə kateqoriyasına aid edilir. Bu xüsusiyyət müəlliflər

arasında hər hansı mübahisə doğurmur. Daşıma müqaviləsi barədə yazan

müəlliflərin demək olar ki, hamısı istisnasız olaraq, sərnişin daşıma

müqaviləsinin konsensual xarakterə malik olmasını göstərirlər. Bu, aydın

məsələdir. Belə ki, real əqdlər əşyanın verilməsini nəzərdə tutur. Sərnişin

daşımaları zamanı isə əşyalar deyil, adamlar bir yerdən başqa yerə daşınır, öz

yerlərini dəyişirlər. Ona görə də bu cür daşıma yalnız konsensual müqavilə kimi

rəsmiləşdirilə bilər.

Sərnişin daşınması müqaviləsinin konsensual təbiətə malik olması, əsasən,

iki səbəblə izah edilir. Birinci səbəbə görə, tərəflər saziş əldə etdikləri andan bu

müqavilə bağlanmış hesab edilir, yəni yaranır və həmin saziş yol bileti ilə

rəsmiləşdirilir. Daha doğrusu, müqavilə sərnişin yol bileti əldə etdiyi andan

bağlanmış sayılır. Mülki qanunvericilik birbaşa göstərir: sərnişin daşıma

müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer

tutması nəticəsində bağlanmış sayılır (MM-in 842-ci maddəsinin 2-ci bəndi).

İkinci səbəbə görə, sərnişin daşınması müqaviləsi əşyanın verilməsi ilə

bağlı deyil. Məhz buna görə real müqavilə konstruksiyası, prinsip etibarilə,

həmin müqaviləyə tətbiq edilə bilməz.
Bununla belə, hüquq ədəbiyyatı səhifələrində bəzi müəlliflərin sərnişin

daşıma münasibətlərinin real müqavilə əsasında rəsmiləşdirilməsinə təşəbbüs

göstərməsinə rast gəlinir. Başqa sözlə desək, bəzi hüquqşünaslar sərnişin daşıma

müqaviləsini real əqd kateqoriyasına aid edirlər.1 Onlar göstərirlər ki, sərnişin

daşınması müqaviləsi real müqavilədir və o, sərnişin nəqliyyat vasitəsinə daxil

olduğu və yol pulunu ödədiyi andan bağlanmış hesab edilir; avtobusla gediş

zamanı müqavilənin bağlanması anı, adətən, sərnişin yol bileti əldə etdiyi anla

üst-üstə düşür, özü də belə halda yol biletinin əldə edilməsi üsulu (sürücüdən,

konduktordan, kassa yarımavtomat və ya kassa-pul daxılı vasitəsilə və s.)

əhəmiyyətə malik deyil; yol biletinin əldə edilməsi anı isə, öz növbəsində,

sərnişinin nəqliyyat vasitəsindən istifadə etməsinin başlanğıc anı ilə üst-üstə

düşür və buna görə də bu cür müqavilə üzrə avtonəqliyyat müəssisəsinin üzərinə

sərnişini təyinat yerinə çatdırmaq vəzifəsi düşür.

Lakin bü cür izahat sərnişin daşınması müqaviləsini real əqd

kateqoriyasına şamil etməyə əsas vermir. Ona görə ki, birinci, göstərilən halda

müqavilənin qüvvəyə minməsi anı sərnişinin nəqliyyat vasitəsində özünə yer

tutması anı ilə üst-üstə düşür. Daha doğrusu, müqavilə bağlandığı anda da icra

edilir.


İkinci, sərnişin daşınması müqaviləsi öz mülki-hüquqi xarakteristikasına

görə əvəzli əqd növünə şamil edilir. Hüquq ədəbiyyatı səhifələrində müəlliflər

birmənalı şəkildə bu müqavilənin bütün hallarda, istisnasız olaraq, əvəzli

xarakterə malik olması fikrini irəli sürürlər. Sərnişin daşıma müqaviləsi ona

görə əvəzli müqavilədir ki, daşıyıcı sərnişinə göstərdiyi xidmətin əvəzində, yəni

onu təyinat yerinə çatdırmasının müqabilində gediş haqqı (yol pulu)

formasında qarşılıqlı əvəz alır. Buna daşıma haqqı deyilir.

Sərnişin daşınması müqaviləsinin əvəzsiz olması qeyri-mümkündür. Ona

görə ki, əgər daşıyıcı sərnişindən daşıma haqqı (gediş pulu) almazsa, onda belə

halda söhbət daşıma müqaviləsindən deyil, bağışlama müqaviləsinin

bağlanmasından gedə bilər. Bu müqavilədə daşıyıcı hədiyyə verən (bağışlayan),
sərnişin isə hədiyyə alan şəxs qismində çıxış edəcəkdir. Sərnişinin daşıma haqqını

ödəmək vəzifəsindən azad edilməsi isə bağışlama müqaviləsinin predmeti hesab

olunacaqdır.

Üçüncü, sərnişin daşınması müqaviləsi bütün hallarda ikitərəfli müqavilə

hesab edilir. Ona görə ki, həm daşıyıcı, həm də sərnişin müvafiq hüquqlara

(tələb etmək hüquqlarına) malik olmaqla müəyyən vəzifələr daşıyırlar.

Sərnişin daşınması müqaviləsi öz hüquqi təbiətinə görə üç şərt daxilində

ümumi müqavilə ola bilər.

Birinci şərtə görə, sərnişin daşıma ümumi (ictimai) istifadədə olan

nəqliyyat vasitəsilə həyata keçirilməlidir. Əgər sərnişinlər ümumi istifadədə

olmayan nəqliyyat vasitəsilə daşınarlarsa, onda ümumi müqavilənin

bağlanmasından söhbət gedə bilməz. Şəhərdə sərnişin daşıyan avtobusları,

trolleybusları, tramvayları və s. ümumi istifadədə olan nəqliyyat vasitələrinə

misal göstərmək olar.

İkinci şərtə görə, sərnişin daşımasını həyata keçirən nəqliyyat müəssisəsi

öz hüquqi statusuna görə kommersiya təşkilatı olmalıdır. Belə ki, mənfəət əldə

etmək və bu mənfəəti təsisçilər arasında bölüşdürmək həmin təşkilatın əsas

məqsədini təşkil etməlidir.

Üçüncü şərtə görə, nəqliyyat müəssisəsinin həyata keçirdiyi fəaliyyət, yəni

daşıma xidməti öz xarakterinə görə ümumi olmalıdır. Belə ki, həmin müəssisə

ona müraciət edəcək hər bir sərnişinlə müqavilə bağlamağa borcludur. Bu, onun

hüququ deyil, vəzifəsidir.

Sərnişin daşınması müqaviləsi bağlanma üsuluna görə qoşulma

müqaviləsinə aiddir: onun şərtləri standart formalarda müəyyənləşdirilir. Bu

formaları isə Nəqliyyat Nazirliyinin müvafiq orqanları işləyib hazırlayır.

Göstərilən şərtlər təklif olunmuş müqaviləyə bütövlükdə sərnişinin qoşulması

yolu ilə qəbul edilə bilər.


Yüklə 200,14 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin