Yük daşınması müqaviləsinin elementləri
Yük daşınması müqaviləsinin elementləri elə bir anlayışdır ki, o, həmin
müqavilənin mahiyyətini, məzmununu və əsas cəhətlərini aydınlaşdırmağa,
onun subyekt tərkibini müəyyənləşdirməyə imkan verir. Məhz bu anlayış
əsasında daşıma haqqı, daşıma müddəti, yük daşınması müqaviləsini bağlayan
tərəflərin hüquq və vəzifələri, həmçinin digər şərtlər aydın olur.
Sivilistika doktrinasında ənənəvi olaraq mülki-hüquqi müqavilənin (təbii
ki, həm də yük daşınması müqaviləsinin) elementlərinə müqavilənin subyekt
tərkibi, müqavilənin predmeti, müqavilənin qiyməti, müqavilənin müddəti,
müqavilənin forması, müqavilənin bağlanma qaydası və müqavilənin məzmunu
aid edilir.
Yük daşınması müqaviləsinin subyekt tərkibi deydikdə bu müqaviləni
bağlayan tərəflər başa düşülür. Söhbət daşıyıcıdan və müştəridən gedir.
Müştəri dedikdə isə yükgöndərən başa düşülür. Beləliklə, yük daşınması
müqaviləsinin subyekt tərkibi daşıyıcıdan və yükgöndərəndən ibarətdir.
Daşıyıcı rolunda nəqliyyat hüququnun istənilən hər hansı subyekti çıxış
edə bilməz. Yalnız qanun və ya lisenziya əsasında yük daşımaq hüququna malik
olan şəxslər daşıyıcı funksiyasını yerinə yetirə bilər. Bildiyimiz kimi, avtomobil,
hava, su və digər nəqliyyat növləri ilə yük daşıma lisenziyalaşdırılmış
fəaliyyətdir.
Daşıyıcı funksiyasını həm hüquqi şəxslər, həm də fiziki şəxslər yerinə yetirə
bilər. Söhbət kommersiya təşkilatı statusu və ya fərdi sahibkar statusu olan
şəxslərdən (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan
fiziki şəxslərdən) gedir.
Yük daşıma fəaliyyəti ilə məşğul olmaq niyyətində olan şəxslər lisenziya
(xüsusi razılıq) almaq üçün müvafiq səlahiyyətli dövlət orqanlarına müraciət
edirlər. Lisenziya hər bir nəqliyyat növü üzrə ayrıca verilir.
Əvvəllər avtomobil nəqliyyatı ilə yük daşınması üçün lisenziyanı
«Azəravtonəqliyyat» Dövlət Konserni verirdi. Bunun üçün Nazirlər Kabineti
özünün 1998-ci il 12 yanvar tarixli 6 nömrəli qərarı ilə «Azərbaycan
Respublikasında avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin və
yük daşınmasına, nəqliyyat-ekspeditor xidmətlərinə xüsusi razılıq (lisenziya)
verilməsi Qaydaları»nı təsdiq etmişdi. İndi həmin funksiyanı Azərbaycan
Respublikasının Nəqliyyat Nazirliyi yerinə yetirir.
Əvvəllər hava nəqliyyatı ilə yük daşınması üçün lisenziyanı «AZAL»
Dövlət Konserni verirdi. Bunun üçün Nazirlər Kabineti 1998-ci il 9 mart tarixli
48 nömrəli qərarı ilə «Azərbaycan Respublikasında hava nəqliyyatı ilə
beynəlxalq və şəhərlərarası sərnişin və yük daşınmasına, nəqliyyat-ekspeditor
xidmətlərinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları»nı təsdiq etmişdi. İndi
isə lisenziyanı Nəqliyyat Nazirliyi verir.
Əvvəllər su nəqliyyatı ilə yük daşınması üçün lisenziyanı Azərbaycan
Dövlət Xəzər Dəniz Gəmiçiliyi verirdi. Bunun üçün Nazirlər Kabineti 1998-ci il
9 yanvar tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikasında su nəqliyyatı
ilə beynəlxalq və şəhərlərarası sərnişin və yük daşınmasına, nəqliyyat-
ekspeditor xidmətlərinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları»nı təsdiq
etmişdi.İndi lisenziyanı Nəqliyyat Nazirliyi verir.
Dəmir yolu ilə yük daşıma üçün xüsusi razılıq (lisenziya) verilməsi tələb
olunmur. Ona görə ki, dəmir yolu ilə yük daşıma lisenziyalaşdırılmış fəaliyyət
növünə aid edilmir. Burada daşıyıcı yük daşımalarını həyata keçirmək hüququnu
lisenziya əsasında yox, qanun əsasında əldə edir. Qanun dəmir yolunda daşıma
fəaliyyətinin lisenziyalaşdırılmasının dövlət sistemini nəzərdə tutmur.
Daşıma fəaliyyətinin lisenziyalaşdırılmasında dövlət sisteminin tətbiq
edilməsi bir sıra səbəblərlə şərtlənir. Birinci, bu cür lisenziyalaşdırma nəqliyyat
sferasında dövlətin tənzimləyici funksiyasının saxlanılmasını təmin edir. İkinci,
lisenziyalaşdırma nəqliyyat xidməti istehlakçılarının – müştərilərin mənafeyinin
müdafiə edilməsinə imkan verir. Üçüncü, lisenziyalaşdırma nəqliyyat xidməti
bazarının normal funksiya göstərməsini təmin edir. Dördüncü, lisenziyalaşdırma
nəqliyyat vasitələrinin istismarı zamanı hərəkətin təhlükəsizliyini təmin edir.
Daşıyıcı rolunda, əsasən, nəqliyyat müəssisəsi çıxış edir. Söhbət yük-
göndərmə məntəqəsinin (yerinin) nəqliyyat müəssisəsindən gedir. Daşıyıcı
funksiyasını müxtəlif növ nəqliyyat müəssisələri (hüquqi şəxslər) yerinə yetirə
bilər. Məsələn, dəmir yolu nəqliyyatında – dəmir yolu, su nəqliyyatında –
gəmiçilik, hava nəqliyyatında – aviasiya müəssisəsi və s.
Əgər daşıyıcı tərəfində yalnız bir nəqliyyat təşkilatı çıxış edərsə, bu cür
daşınmaya, adətən, yerli daşınma deyilir. Başqa sözlə desək, yerli daşınma bir
nəqliyyat təşkilatının fəaliyyət göstərdiyi ərazi hüdudlarında həyata keçirdiyi
daşınmadır. Məsələn, yük Biləcəri dəmir yolu tərəfindən Bakıdan Gəncəyə
çatdırılır, daşınır.
Əgər daşıyıcı qismində eyni növ nəqliyyat üzrə bir neçə nəqliyyat təşkilatı
iştirak edərsə, bu cür daşınmaya birbaşa daşınma deyilir. Məsələn, yük
Moskvadan Yekaterinburqa üç dəmir yolunun – Moskva, Nijniy-Novqorod və
Sverdlovsk dəmir yollarının vasitəsi ilə daşınır. Birbaşa daşınma hallarında
daşıyıcı tərəfində bir neçə nəqliyyat müəssisəsinin çıxış etməsinə baxmayaraq,
bir (vahid) yük daşınması müqaviləsi bağlanır və bir nəqliyyat sənədi verilir.
Bununla şəxslər (daşıyıcılar) çoxluğuna əsaslanan öhdəlik hüquq münasibəti
(öhdəlikdə şəxslər çoxluğu) əmələ gəlir.
Əgər daşıyıcı qismində müxtəlif növ nəqliyyat müəssisələri çıxış edərsə,
bu cür daşınma birbaşa qarışıq (kombinasiyalı) daşınma adlanır. Bu cür
daşınma vahid nəqliyyat sənədi ilə həyata keçirilir. Məsələn, yük Peterburqdan
Volqoqrada daşınarkən, əvvəlcə Moskvaya qədər dəmir yolu ilə, Moskvadan isə
Volqoqrada Volqa çayı vasitəsi ilə gəmiçilik idarəsi tərəfindən daşınır. Belə
hallarda da şəxslər çoxluğuna əsaslanan öhdəlik hüquq münasibəti (öhdəlikdə
şəxslər çoxluğu) əmələ gəlir.
Yükgöndərən daşıma müqaviləsində iştirak edən ikinci tərəfdir. Nəqliyyat
hüququnun istənilən subyekti yük göndərmə müqaviləsinin bağlanmasında
iştirak edə bilər. Söhbət, bir qayda olaraq, fiziki və hüquqi şəxslərdən gedir.
Onlar nəqliyyat hüququnun müştəri kimi subyekt kateqoriyasına aid edilir.
Dövlət də yükgöndərən rolunda bu müqavilənin bağlanmasında iştirak edə
bilər. Biz tez-tez dövlət əhəmiyyətli yüklərin daşınmasının şahidi oluruq. Məlum
məsələdir ki, belə hallarda dövlətin özü deyil, onun adından müvafiq səlahiyyətli
orqanlar daşıma münasibətlərində çıxış edir. Özü də daşıma münasibətlərinə
girərkən dövlət hakimiyyət funksiya və səlahiyyətlərindən istifadə etmir. Belə
ki, o, daşıma münasibətlərinə daxil olan zaman qarşı tərəflə – daşıyıcı ilə hüquq
bərabərliyinə malik olur. Bu münasibətləri hakimiyyət-tabeçilik münasibətləri
hesab etmək olmaz. Daha doğrusu, dövlətin subyekt (tərəf) qismində iştirak
etdiyi yük daşıma münasibətləri hakimiyyət xarakterli münasibətlər sayılmır.
Bu isə mülki hüququn subyektlərin (mülki hüquq münasibəti iştirakçılarının) hüquq bərabərliyi kimi əsas və fundamental prinsipinə
uyğundur.
Yükdaşıma münasibətlərində dövlətin qarşı tərəflə hüquq bərabərliyinə
malik olmasından belə bir nəticə çıxarmaq olmaz ki, o, belə hallarda özünün
hakimiyyət funksiyasını və səlahiyyətini itirir. Bu cür nəticə çıxarmaq tamamilə
yanlış və səhv fikir olardı. Belə ki, dövlət yükdaşıma münasibətlərində özünün
hakimiyyət funksiyasından və səlahiyyətlərindən sadəcə olaraq istifadə etmir. O,
bu funksiyadan məhrum olmur.
Qeyd etdik ki, yük daşınması müqaviləsi daşıyıcı ilə yükgöndərən arasında
bağlanır. Özü də yük təyinat yerinə çatanda, yükgöndərənin özünə verilir. Bu o
deməkdir ki, yükalan rolunda yükgöndərən çıxış edir, yəni yükgöndərən
kateqoriyası ilə yükalan kateqoriyası üst-üstə düşür. Məsələn, müəssisə öz
filialına yük göndərir və s.
Beləliklə, yükalanın yük daşıma münasibətlərində iştirakı xüsusi cəhətlə
xarakterizə olunur, yəni onun hüquq subyektliyi və statusu (vəziyyəti) spesifik
xüsusiyyətlə şərtlənir. Məhz bu səbəbdən nəqliyyat hüququ elmində
(doktrinasında) yükalanın hüquqi statusu geniş mübahisə mövzusudur. Belə ki,
yükalan həm yük daşınması müqaviləsinin üçüncü tərəfi, özü də müstəqil tərəf
kimi,3 həm yükgöndərənlə eyni tərəf kimi,4 həm yükgöndərənin əvəzinə
müqaviləni icra edən şəxs kimi, həm də xeyrinə müqavilə bağlanan üçüncü şəxs
kimi qiymətləndirilir.
Həm fiziki şəxslər, həm də hüquqi şəxslər yükalan rolunda çıxış edə
bilərlər. Dövlətin yükalan funksiyasını yerinə yetirməsi istisna edilmir, bu,
mümkün olan haldır. Lakin bu halda dövləti onun səlahiyyətli orqanları təmsil
edir. Məsələn, dövlət ehtiyacları üçün mal göndərmə müqaviləsi üzrə satıcı
(malgöndərən) malı daşıyıcı vasitəsi ilə sifarişçiyə (dövlətə) çatdıra bilər. Belə
halda dövləti təmsil edən orqanlar yükalan rolunda çıxış edirlər.
Beləliklə, yük daşıma münasibətlərində üç kateqoriya subyekt iştirak edir:
-yükgöndərən;
-daşıyıcı;
-yükalan.
Yük daşınması müqaviləsinin predmetinə gəldikdə isə, qeyd etmək
lazımdır ki, bu, onun mühüm və zəruri elementidir. Bu, müqavilənin maddi və
hüquqi predmeti olur.
Yük daşınması müqaviləsinin maddi predmeti dedikdə daşınan yük başa
düşülür. Başqa sözlə desək, müqavilənin maddi predmeti müqavilənin və ya
daşımanın obyekti deməkdir. Həmin anlayışlar bir-biri ilə üst-üstə düşür.
Yük dedikdə maddi dəyəri olan əşya başa düşülür. Dövriyyədən çıxarılma-
mış, yəni mülki dövriyyə qabiliyyəti olan istənilən əşya yük kimi göndərilə bilər.
Yük daşınması müqaviləsinin hüquqi predmeti isə daşıyıcının göstərdiyi
daşıma xidməti və fəaliyyətindən ibarətdir. Nəqliyyatın göstərdiyi xidmət
nəqliyyatın həyata keçirdiyi fəaliyyətin nəticəsidir. Bu xidmətin maddi (əşya)
forması yoxdur. Onun faydalı effekti yükü təyinat yerinə çatdırmaqdan və onu
yükalana verməkdən ibarətdir. Belə ki, nəqliyyat fəaliyyəti yeni əşyaların
yaradılması ilə müşayiət edilmir. Onun qiyməti iqtisadi effektlə şərtlənir. Bu
effekt isə yükün nəzərdə tutulan yerə daşınmasından ibarətdir.
Dostları ilə paylaş: |