2. Valideynlərlə ünsiyyət zamanı müəllimin pedaqoji etikası
Uşağa münasibətdə valideynlərlə müəllimlər arasında müəyyən fikir ayrılıqları olur. Müəllimin bu baxımdan əsas vəzifəsi valideynlərlə əlaqə yaradaraq uşağın tərbiyəsi üçün bu mövqeləri düzgün olan variantda yaxınlaşdırmaq, birləşdirməkdir. Bəzi valideynlər, adətən, uşağın müəyyən hərəkətinə müəllimin pedaqoji etikanı azacıq da olsa gözləməməsinə qarşı kəskin reaksiya verir, müəllimin ailə ilə əlaqəsini zəiflədirlər.
Pedaqoqun valideynlərlə əlaqəsinin özünəməxsus xüsusiyyətləri vardır:
Valideynin uşağına olan məhəbbəti bəzən müəllimin məktəbdə şagirdə verdiyi obyektiv tələbləri belə subyektivcəsinə qiymətləndirməyə səbəb olur. Müəllimin uşağı istər mənfi, istərsə də müsbət qiymətləndirməsi belə valideynlər tərəfindən düzgün qiymətləndirilməyə bilər: “Axı mən bilirəm ki, mənim uşağım belə hərəkət etməz” (və ya “o, bu qədər də ideal deyildir”). Nəticədə müəllimə inam azalır, onun tələbləri rədd edilir. Yaxşı olar ki, müəllim tənbeh və tərifdə “qızıl orta” prinsipini gözləsin.
Məktəbə dəvət olunan valideyn, adətən, uşağının pis hərəkətindən ötrü çağırıldığını güman edir və xoşagəlməz söhbətə hazırlaşır. Yaxşı olar ki, valideyn bir neçə dəfə, heç bir səbəb olmadan, sadəcə gələcək planlardan ötrü məktəbə dəvət olunsun.
Valideyn iclasları standart olmamalı, əsl pedaqoji ünsiyyət vasitəsi kimi təşkil olunmalıdır.
Müəllimin ailə ilə münasibətinə mənfi təsir göstərəcək bir neçə səbəb ola bilər:
müəllim və valideynlərin ünsiyyət üçün əsas şərtlərdən olan etik hazırlığının zəifliyi;
müəllim və valideynlərin ümumi və pedaqoji mədəniyyətində fərqin olması;
uşağın tərbiyəsində əxlaqi baxışların vahid olmaması
Valideynlərlə ünsiyyət zamanı müəllim bunlara yol verməməlidir:
qəti tələblər qoymaq;
öyüd və nəsihətverici tonda danışmaq;
uşağı digər həmyaşıdları ilə müqayisə etmək
uşaq şəxsiyyətinin yalnız mənfi keyfiyyətlərindən danışmaq;
tərbiyədəki bütün çatışmazlıqların səbəbini valideynlərdə görmək.
Dostları ilə paylaş: |