7.6. I sinif şagirdlərinin psixoloji xüsusiyyətləri və onların təliminə verilən pedaqoji tələblər Savad təliminin müvəffəqiyyətlə təşkili və başa çatdırılması üçün altıyaşlıların psixoloji və fərdi xüsusiyyətlərini diqqətlə öyrənmək son dərəcə vacibdir.
Ölkəmizdə elm və texnikanın sürətlə inkişafı, xalqın həyat tərzindəki, məişətindəki yeniliklər uşaqların inkişafını da sürətləndirir. Son illərdə I sinfə gələnlərin fiziki və zehni hazırlığı, dünyagörüşü, ümumi inkişafı yaxın keçmişdəki yaşıdlarından xeyli üstündür. Uşaqların məktəbə hazırlıq səviyyəsini yaxşılaşdırmaq məqsədilə I sinifdə uşaqların fərdi xüsusiyyətlərini diqqətlə öyrənmək, onların hər birini təlim prosesinin fəal iştirakçısı etmək lazımdır. Altıyaşlılar çox mütəhərrik olmaqla yeknəsək iş nəticəsində tez yorulurlar. Bu yaşda uşaqların diqqətinin tərbiyəsi mühüm əhəmiyyət kəsb edir.
Diqqət - idrak prosesinin ümumi cəhəti olmaqla psixi fəaliyyətin müəyyən obyektə yönəlməsi və onun üzərində mərkəzləşməsindən ibarətdir. İnsanın həyat fəaliyyətində diqqətin rolundan bəhs edən K.D.Uşinski yazırdı: “Diqqət ruhumuzun elə bir qapısıdır ki, şüurumuzda olan hər bir şey bu qapıdan gəlib keçir”. Ona görə də uşaqlar bu qapını açıq saxlamağı bacarmalıdırlar. Bunsuz təlim prosesində müvəffəqiyyət qazanmaq olmaz. Altıyaşlıların diqqəti, əsasən, qeyri-ixtiyari, davamsız olur. Onların diqqəti kənar qıcıqlandırıcıların təsiri ilə tez-tez yayınır. Onlar diqqətini uzun müddət müəyyən əşya və hadisə üzərində saxlaya bilmir, müəllimi dinləmək üçün böyük qüvvə sərf etməli olurlar. Buna isə onların iradəsi çatmadığından tez yorulurlar. Altıyaşlıların qeyri-iradi hərəkətləri artır, onlar tez-tez o yan -bu yana çevrilir, yoldaşları ilə söhbət edir, dərsdə baş verən hadisələrə, müəllimin və yoldaşlarının hərəkətlərinə laqeyd olurlar. Belə uşaqlarda müstəqillik və təlimə məsuliyyət aşağı səviyyədə olur. Bəzən uşaqların təlimdə geriləmələrinin başlıca səbəbi onların diqqətsizliyi ilə izah olunur. Ona görə də müəllim təlim prosesində uşaqların iradi diqqətini tərbiyə etməlidir.
Altıyaşlılarda hafizənin xüsusiyyətlərini bilmək də vacibdir. Uşağın bilavasitə qavradığı cisim və hadisələrin, gördüyü işlərin təsiri kəsildikdən sonra uzun müddət beynində onlardan assosiasiyalar qalır. Şagird bu obrazları, əlaqələri beynində hifz edir, yadda saxlayır, sonralar yada salır və tanıyır. Deməli, hafizə yaddasaxlama, hifzetmə, yadasalma və tanıma kimi proseslərə malikdir.
Hafizənin müxtəlif növləri var: əyani-obrazlı (cisim və hadisənin sürətini yadda saxlayıb, sonra yada salmaq), sözlü-məntiqi (fikir və məfhumları yadda saxlayıb, yada salmaq), hərəkəti (hərəkətləri yadda saxlamaq, sonra yada salmaq), nəhayət, hissi (keçmişdəki təəssüratı, keçmiş hissləri yadda saxlayıb, sonra yada salmaq). Hafizənin əsasını təşkil edən yaddasaxlama qeyri-ixtiyari olur. Altıyaşlılar, adətən, qeyri-ixtiyari, mexaniki yaddasaxlama yolu ilə mənimsəyirlər. Şübhəsiz, qarşıda xüsusi niyyət qoyulmayan belə yaddasaxlamanın köməyi ilə bilik və vərdişlər sisteminə yiyələnmək çətindir. Altıyaşlıların ətraf aləm haqqında təsəvvürləri, əsasən, onların təhsil almalarına imkan verirsə də, bir qədər məhdud və qeyri-dəqiqdir. Uşaqlar yaşlılardan eşitdikləri bir çox bitki, heyvan, quş adlarını nitqdə işlətdikləri halda, onların ifadə etdikləri əşyaları ya tanımır, ya da bənzər əşyalarla qarışdırırlar. Belə nöqsanların aradan qaldırılması üçün müəllim uşaqlara hər bir əşya üzərində diqqətlə müşahidə aparmağı, bənzər əşyaları mühüm əlamətlərinə görə müqayisə etməyi öyrətməlidir. Yalnız müqayisə priyomunun köməyi ilə uşaqlarda təhlil qavrayışı və müşahidəçiliyi tərbiyə etmək, düzgün təsəvvür və anlayışlar yaratmaq olar.
I sinif şagirdlərinin təfəkkürü öz konkretliyi, obrazlılığı, qavranan əşyanın müəyyən şəraitlə bağlılığı ilə fərqlənir. Təfəkkür cisim və hadisələrin mahiyyətini, mühüm əlaqə və münasibətlərini əks etdirir. Təfəkkür varlığın insan beynində ümumiləşmiş inikasıdır. O, duyğu, qavrayış və təsəvvürlə, bir sözlə, hissi qavrayışla sıx bağlıdır. Təfəkkür prosesində uşaqlar qavranılmış cisimlər qrupuna aid olan ümumi, həm də mühüm cəhətləri ayırır və onları sözlərlə ifadə edirlər. Uşaqların təfəkkürünün inkişafı onların nitqlərinin inkişafı ilə qarşılıqlı əlaqədardır. Fikir sözlə ifadə olunur. Nitq fikrin varlığıdır. Rabitəli, dəqiq, obrazlı nitqin inkişafı təfəkkür inkişafının çox mühüm mərhələsidir. Savad təlimi dövründə şagirdlərin nitqinin normal inkişafı onların məntiqi təfəkkürünün inkişafında, nəticə etibarilə, oxu və yazı vərdişlərinin yaranmasında mühüm əhəmiyyətə malikdir. Uşaqların nitqindəki bu və ya digər xarakterik nöqsanlar (tıntınlıq, pəltəklik, kəkələmə, yerli şivə xüsusiyyətləri, lüğət ehtiyatının kasıblığı, tavtaloji nöqsanlar və s.) onların savada yiyələnmələrinə bir əngəl olur. Belə uşaqlar nitq səslərini düzgün eşidə və tələffüz edə bilmədiklərindən təhlil-tərkib prosesində fəallıq göstərmir, düzgün oxumaq və yazmaq vərdişinə yiyələnməkdə çətinlik çəkirlər.
Altıyaşlılarda bəzən iradənin zəifliyi müşahidə edilir. Başlanan işi yarımçıq qoymaq, çətinlikdən tez yaxa qurtarmaq, yüngül yol axtarmaq kimi iradə qüsurları uşaqların biliklərinin səthiliyi və təlimdə geriləmələri ilə nəticələnir. Müəllim uşaqların gücləri çatan ən yüksək çətinlik səviyyəsində tapşırıqları yerinə yetirmələrinə nail olmalıdır. Gücləri çatan ən yüksək çətinlik səviyyəsi heç də şagirdlərin yüklənmələri demək deyil. Yaddan çıxarmaq olmaz ki, təlimin ilkin mərhələsində uşaqları təlim yükü ilə həddən artıq yükləmək nə qədər zərərdirsə, onlara çox asan, yüngül, az təlim tapşırıqlarının verilməsi ikiqat zərərlidir. Belə hallarda şagirdlər heç bir mühüm çətinliyi aradan qaldırmadıqlarından hər şeyi bildiklərini zənn edir, onlarda təlimə maraq azalır. Əksinə, fikir o zaman daha fəal işləyir ki, problem şəraiti yaransın, müəyyən çətinliyi aradan qaldırmaq lazım gəlsin. Mümkün həddən yuxarı çətinlik isə uşaqlarda fikrin hərəkətini ləngidə bilər. Bütün bunları nəzərə almadan şagirdlərin inkişafını təmin etmək olmaz.
Sübut olunmuşdur ki, savad təlimi prosesində düşünülmüş, məzmunlu əyani vəsaitdən düzgün istifadə edən müəllimin uşaqları yaxşı oxuyur, sürətlə inkişaf edirlər. Əyanilik altıyaşlı uşaqların qavrayışı və təfəkkürünün obrazlılıq, konkretlik və emosionallıq kimi xüsusiyyətlərinə tamamilə müvafiqdir. Savad təlimi dövründə şagirdlərin fəallığını təmin etmək üçün onlarla fərdi işin təşkili son dərəcə mühüm əhəmiyyətə malikdir. İlk günlərdən hazırlıqsız uşaqların təlimdə geridə qalma hallarının aradan qaldırılması üçün tədbirlər görülməsi, hər bir şagirdin fərdi və frontal işdə gücü çatan səviyyədə müstəqil işləməsi təmin olunmalıdır. K.D.Uşinskinin dediyi kimi: “Yadda saxlamaq lazımdır ki, uşaqlar fəaliyyətdən deyil, işsizlikdən yorulurlar”.