2.3. Azərbaycanda selektiv abortlar ilə bağlı aparılan
sosioloji tədqiqatın nəticələri
Bakı şəhərində və Azərbaycanın 11 bölgəsində apardığımız sosioloji araşdırmaların əsas məqsədlərindən biri Azərbaycanda əhalinin selektiv abortlara münasibətini müəyyənləşdirmək olmuşdur. Lakin, real durumu müəyyənləşdirmək çox çətindir. Respondentlərin bir qismi bu mövzuyla bağlı səmimi cavab vermək istəmirlər. Çünki ictimai şüurda selektiv abortlara münasibət pozitiv deyildir. Biz respondentlərin selektiv abortlarla bağlı düşüncə və fəaliyyətlərini müəyyənləşdirmək üçün bir neçə alternativ suallar hazırladıq.
Əvvəllər də Azərbaycan ərazisində selektiv abortlarla bağlı sosioloji soğru keçirilmişdir. Bu araşdırma, Lənkəran, Abşeron, Quba-Xaçmaz, Gəncə-Qazax və Şəki-Zaqatala bölgələrində aparılmışdır. Bizim araşdırdığımız bölgələr aşağıdakılardır: Şamaxı, Xaçmaz, Bakı, İmişli, Saatlı, İsmayıllı, Qusar, Biləsuvar, Sabirabad, Quba, Lerik, Lənkəran.
Araşdırılan bölgələrin çoxu əvvəllər araşdırılmamışdır. Bu tədqiqatın önəmli xüsusiyyətlərindən biri də budur.
Bölgələrdə selektiv abortlara münasibəti müəyyən etmək üçün “Uşağın cinsini öncədən bilmək istərdinizmi?” – sualına respondentlərin cavabları aşağıdakı kimi olmuşdur (diaqram 2.11).
Diaqram 2.11. Bölgələrə görə cavablar
Rəyi soruşulan respondentlərin cavablarından qismən müəyyən olunur ki, uşaqların cinsini öncədən öyrənmək tendensiyası güclüdür. Düzdür, bunu bilmək istəməyənlərin sayı onlardan orta hesabla üç dəfə çoxdur. Xüsusilə, Bakı və Qubada uşaqların cinsini öncədən bilmək istəyənlər üstünlük təşkil etmişlər.
“Uşağın cinsini öncədən bilmək üçün həkimə getmisinizmi?” – sualına cavab verən respondentlərin əksəriyyəti “yox” cavabını vermişdir. “Hə” deyənlərin sayı isə, çox azdır (diaqram 2.12).
Diaqram 2.12. Bölgələrə görə cavablar
Uşağın cinsini öncədən bilmək üçün həkimə getdiyini etiraf edən respondentlərin bir qismi, doğulacaq uşağın sağlam olub-olmamasını müəyyənləşdirmək üçün həkimə getdiklərini bildirmişlər. Sorğunun nəticələri göstərir ki, uşağın cinsini öncədən bilmək üçün həkimə gedən valideynlərin çoxu Quba və Sabirabad sakinləridir (diaqram 2.12).
Diaqram 2.13. Cinslərə görə cavablar
Uşağın cinsini öncədən bilmək üçün həkimə getmək istədiyini bildirən respondentlərin 16%-i qadınlar, 6%-i kişilərdir. İstəmədiyini bildirən respondentlərin böyük bir qismi qadınlardır (33%). Onların sayı kişilərdən 12% çoxdur (diaqram 2.13).
Uşağın cinsini öncədən bilmək istədiyini bildirən respondentlərin 12%-i ali təhsilli insanlardır. Onlar, orta (8%) və natamam orta (3%) təhsilli insanlardan daha çox ultrasəs müayinəsinə bəraət qazandırırlar. Lakin, ultrasəs müayinəsinə qarşı olanlar arasında da ali təhsillilər (22%) üstünlük təşkil edirlər (diaqram 2.14).
Diaqram 2.14. Təhsil səviyyəsinə görə cavablar
Uşağın cinsini öncədən bilmək üçün həkimə getdiyini bildirən respondentlərin 42 nəfəri orta təhsillilər, 39 nəfəri ali təhsilli insanlardır. Natamam orta təhsilli respondentlər aşağı göstəriciləri onların respondentlər arasında az olması ilə bağlıdır. Yəni, təhsil səviyyəsinə görə araşdırmalar göstərir ki, ultrasəs müayinəsinə meyil, təhsil səviyyəsindən asılı deyildir. Lakin, araşdırmadan məlum olur ki, təhsil səviyyəsindən asılı olmayaraq, ultrasəs müayinəsi üçün həkimə gedənlər getməyənlərdən təqribən 3 dəfə azdır (diaqram 2.15).
Diaqram 2.15. Təhsil səviyyəsinə görə cavablar
Respondentlərin gəlir səviyyəsinə görə cavablarının təhlili göstərir ki, uşağın cinsini öncədən bilmək üçün həkimə getmədiklərini bildirən respondentlərin əksər hissəsi, gəlir səviyyəsi 130-250 manat arasında olan insanlardır. Gəlir səviyyəsi artdıqca, ultrasəs müayinədən keçmək tendensiyası azalır. Lakin, gəlir səviyyəsi ən aşağı olan (80-120) respondentlər arasında ultrasəs müayinədən keçmək tendensiyası digərlərindən yüksəkdir. Bu gəlir qrupunda olanların ultrasəs müayinədən keçmək tendensiyası, ondan imtina edənlərdən 9-4 nəfər fərqi ilə iki dəfə çoxdur. Gəlir səviyyəsinin yüksəlməsi ilə ultrasəs müayinəsinə marağın azalması göstərir ki, selektiv abortlarda gəlir səviyyəsinin mühüm təsiri vardır (diaqram 2.16).
Diaqram 2.16. Gəlir səviyyəsinə görə cavablar
Respondentlərin övlad sayına və cinsinə görə verdiyi cavabların təhlili göstərir ki, bu amil, selektiv abortlara mühüm təsir göstərir. Övladlarının cinsini öncədən bilmək istəyən respondentlərin əksəriyyəti 1 və daha çox oğlu (23 nəfər), 1 oğlu və 1 qızı (21 nəfər) olan valideynlərdir. Onlardan sonra 1 və daha çox qızı (14 nəfər) olan valideynlər gəlirlər. Lakin, bu qruplar arasında övladlarının cinsini öncədən bilmək istəməyən respondentlərin sayı, bilmək istəyənlərdən təqribən iki dəfə çoxdur. Bu nisbət, 1 və daha çox qızı (22-14 nəfər), 1 oğlu və 1 qızı (29-21 nəfər) olan valideyn respondentlər arasında iki dəfədən azdır. Bunlar onu göstərir ki, övladlarının cinsini öncədən bilmək istəyən respondentlərin əksəriyyəti 1 və daha çox oğlu (23 nəfər), 1 və daha çox qızı (14 nəfər), 1 oğlu və 1 qızı (21 nəfər) olan valideynlərdir. 2 oğlu və 1 qızı, 1 oğlu və iki qızı olan respondentlərin əksəriyyəti övladlarının cinsini öncədən bilməyə cəhd etmirlər.
Diaqram 2.17. Övlad sayına və cinsinə görə cavablar
Ultrasəs müayinədən keçmək üçün həkimə müraciət edən respondentlər arasında 1 və daha çox oğlu (11 nəfər) olanlar üstünlük təşkil edirlər. Çox ehtimal ki, bu qrupa aid olan respondentlər qız uşaqlarının olması üçün həkimə müraciət edirlər. Belə çıxır ki, mövcud durumda selektiv abortların qurbanı həmçinin, oğlan uşaqları olur. Çünki araşdırmalar göstərir ki, ailədə qız övladının olmasını istəyən valideynlər, xüsusilə, analar çoxluq təşkil edirlər. Lakin, bu qrupda olanların yarısı ultrasəs müayinəsinə qarşıdır (22 nəfər).
Ailədə 1 oğlu və 1 qızı olan valideyn respondentlərin 26%-i selektiv abortlara gedirlər. Onlar üçüncü övladın dünyaya gəlməsində seçim edirlər. Bu seçim ailədə məsləhətləşmə əsasında baş verir. Çünki respondentlərin əksəriyyəti təkbaşına deyil, həyat yoldaşları ilə razılaşma əsasında qərar verdiklərini bildirirlər. Araşdırmalar göstərir ki, belə durumlarda analar qız övladlarına, kişilər isə, oğlan övladlarına üstünlük verirlər. Lakin, bu qrupda olanların 74%-i ultrasəs müayinəsinə qarşıdırlar (22 nəfər). Çünki onların əksəriyyəti üçüncü övladın olmasını istəmir və yaxud, onun cinsinin onlar üçün əhəmiyyəti yoxdur. Ümumiyyətlə, ailədə 3 övlad arasında hər iki cinsin nümayəndəsi varsa, selektiv abortlara meyil çox aşağı səviyyədə olur (diaqram 2.18). Çünki əhali üçün ailədə 2 və maksimum 3 övlad normaya çevrilibdir. Övladlar yalnız eyni cinsə mənsub olduqda, onların sayı 3, 4 və hətta 5-ə qədər arta bilər. Bu isə, son dövrdə az təsadüf edilən hala çevrilmişdir.
Diaqram 2.18. Övlad sayına və cinsinə görə cavablar
Respondentlərin selektiv abortlara münasibətini müəyyən etmək üçün, onlara alternativ sual verilmişdir: “Siz gələcəkdə oğlan və ya qız övladınızın olmasını istərdiniz?”
Diaqram 2.19. Bölgələrə görə cavablar
Bu suala cavab verən respondentlərin əksəriyyəti “fərqi yoxdur” cavabını vermişdir. “Fərqi yoxdur” deyən respondentlərin sayı “oğlan istəyirəm” deyənlərin sayından orta hesabla 5-6 dəfə çoxdur. Maraqlıdır ki, “qız istəyirəm” deyənlərin sayı, “oğlan istəyirəm” deyənlərin sayından təqribən 2 dəfə çoxdur (diaqram 2.19).
Respondentlərin övladlarının sayına görə təhlili göstərir ki, əhalinin oğlan övladlarına xüsusi bağlılığı yoxdur. Çünki yanlız oğul övladı olanlar qız övladını, yalnız qız övladı olan da oğlan övladını arzu edirlər. Hətta, 1 qız və 1 oğlan övladı olan ailələrdə üçüncü övladın qız olmasına daha çox üstünlük verirlər. 2 oğlu və 1 qızı olanların əksəriyyəti qız övladını istəyir. Bütün bunlar göstərir ki, əhali ailədə həm qız, həm də oğlan övladlarının olmasını istəyirlər. Sadəcə, azərbaycan ailəsi son dövrlərdə 2 və maksimum 3 övladdan artıq istəmədiyi üçün, bu çərçivədə həm qız, həm də oğlan övladının olmasını istəyir. Bu baxımdan, həyata keçirilən selektiv abortlar oğlan övladlara qarşı da yönələ bilər. Çünki araşdırmalar göstərir ki, ailələrdə qız uşaqlarına meyil daha çoxdur (diaqram 2.20).
Diaqram 2.20. Övladların sayına görə cavablar
Araşdırmanın təhlili aşağıdakı nəticələrin əldə olunmasına şərait yaradır:
Azərbaycanda selektiv abortlara meyil edənlər (16% qadınlar, 6% kişilər), ona qarşı olanlardan (33% qadınlar, 21% kişilər) azdır.
Respondentlərin övladlarının sayına görə təhlili göstərir ki, əhalinin oğlan övladlarına xüsusi bağlılığı yoxdur. Azərbaycanda “qız istəyirəm” deyənlərin sayı, “oğlan istəyirəm” deyənlərin sayından təqribən 2 dəfə çoxdur. “Fərqi yoxdur” deyən respondentlərin sayı “oğlan istəyirəm” deyənlərin sayından orta hesabla 5 dəfə çoxdur.
Azərbaycan ailəsi son dövrlərdə 2 və maksimum 3 övladdan artıq istəmədiyi üçün, bu çərçivədə həm qız, həm də oğlan övladının olması normaya çevrilibdir. Respondentlərin övlad sayına və cinsinə görə verdiyi cavabların təhlili göstərir ki, bu amil, selektiv abortlara mühüm təsir göstərir:
1 qız və 1 oğlan övladı olan ailələrdə üçüncü övladın qız olmasına daha çox üstünlük verirlər.
2 oğlu və 1 qızı olanların əksəriyyəti qız övladını istəyir.
Övladlarının cinsini öncədən bilmək istəyən respondentlərin əksəriyyəti 1 və daha çox oğlu (23 nəfər), 1 oğlu və 1 qızı (21 nəfər) olan valideynlərdir. Onlardan sonra 1 və daha çox qızı (14 nəfər) olan valideynlər gəlirlər. Lakin, bu qruplar arasında övladlarının cinsini öncədən bilmək istəməyən respondentlərin sayı, bilmək istəyənlərdən təqribən iki dəfə çoxdur. Bu nisbət, 1 və daha çox qızı (22-14 nəfər), 1 oğlu və 1 qızı (29-21 nəfər) olan valideyn respondentlər arasında iki dəfədən azdır. Bunlar onu göstərir ki, övladlarının cinsini öncədən bilmək istəyən respondentlərin əksəriyyəti 1 və daha çox oğlu (23 nəfər), 1 və daha çox qızı (14 nəfər), 1 oğlu və 1 qızı (21 nəfər) olan valideynlərdir. 2 oğlu və 1 qızı, 1 oğlu və iki qızı olan respondentlərin əksəriyyəti övladlarının cinsini öncədən bilməyə cəhd etmirlər.
Ultrasəs müayinədən keçmək üçün həkimə müraciət edən respondentlər arasında 1 və daha çox oğlu (11 nəfər) olanlar üstünlük təşkil edirlər.
Ailədə 1 oğlu və 1 qızı olan valideyn respondentlərin 26%-i selektiv abortlara gedirlər. Onlar üçüncü övladın dünyaya gəlməsində seçim edirlər. Bu seçim ailədə məsləhətləşmə əsasında baş verir. Çünki respondentlərin əksəriyyəti təkbaşına deyil, həyat yoldaşları ilə razılaşma əsasında qərar verdiklərini bildirirlər. Araşdırmalar göstərir ki, belə durumlarda analar qız övladlarına, kişilər isə, oğlan övladlarına üstünlük verirlər. Lakin, bu qrupda olanların 74%-i ultrasəs müayinəsinə qarşıdırlar (22 nəfər). Çünki onların əksəriyyəti üçüncü övladın olmasını istəmir və yaxud, onun cinsinin onlar üçün əhəmiyyəti yoxdur. Ümumiyyətlə, ailədə 3 övlad arasında hər iki cinsin nümayəndəsi varsa, selektiv abortlara meyil çox aşağı səviyyədə olur.
Uşağın cinsini öncədən bilmək istədiyini bildirən respondentlərin 12%-i ali təhsilli insanlardır. Onlar, ultrasəs müayinəsinə orta (8%) və natamam orta (3%) təhsilli insanlardan daha çox bəraət qazandırırlar. Lakin, ultrasəs müayinəsinə qarşı olanlar arasında da ali təhsillilər (22%) üstünlük təşkil edirlər. Araşdırmadan məlum olur ki, təhsil səviyyəsindən asılı olmayaraq, ultrasəs müayinəsi üçün həkimə gedənlər getməyənlərdən təqribən 3 dəfə azdır. Təhsil səviyyəsi bu məsələdə xüsusi rol oynamır.
Respondentlərin gəlir səviyyəsinə görə cavablarının təhlili göstərir ki, uşağın cinsini öncədən bilmək üçün həkimə getmədiklərini bildirən respondentlərin əksər hissəsi, gəlir səviyyəsi 130-250 manat arasında olan insanlardır. Gəlir səviyyəsi artdıqca, ultrasəs müayinədən keçmək tendensiyası azalır. Lakin, gəlir səviyyəsi ən aşağı olan (80-120) respondentlər arasında ultrasəs müayinədən keçmək tendensiyası digərlərindən yüksəkdir. Bu gəlir qrupunda olanların ultrasəs müayinədən keçmək tendensiyası, ondan imtina edənlərdən 9-4 nəfər fərqi ilə iki dəfə çoxdur. Gəlir səviyyəsinin yüksəlməsi ilə ultrasəs müayinəsinə marağın azalması göstərir ki, selektiv abortlarda gəlir səviyyəsinin mühüm təsiri vardır.
Nəticə
Selektiv abortlara təsir edən əsas amil ailə planlaşdırılmasıdır. Hər bir ailə öz sosial-iqtisadi vəziyyətinə uyğun olaraq belə bir planlama həyata keçirir. Yəni, ailə planlaşdırılması, dünyaya gələcək uşaqların fiziki və psixoloji baxımdan sağlam tərbiyəsini və yaxşı təhsil almasını təmin etmək istəyi üzərində formalaşır. Cinsi diskriminasiya artıq ikinci mərhələdə baş verir. Burada yanlız qızlar deyil, oğlanlar da cinsi diskriminasiya məruz qala bilərlər.
Azərbaycanda selektiv abortların yayılmasına rəvac verən əsas amil, nəsilvermə əmsalının 2 səviyyəsində normativə düşməsidir. Bu tendensiya həm varlı, həm də yoxsul ailələrdə, həm şəhər, həm də bölgə ailələrində müşahidə olunur. Hər bir ailə bu çərçivədə həm oğlan, həm də qız övladlarının olmasını istəyir. Bu istək, selektiv abortlara şərait yaradır. Əhalinin gender bölgüsündə müşahidə olunan disbalansı nəzərə alsaq, selektiv abortların qurbanları arasında qızların daha çox üstünlük təşkil etdiyini ehtimal edə bilərik.
Azalmaqda olan nəsilvermə əmsalı, selektiv abortlara şərait yaradır. Azərbaycanda ümumi nəsilvermə əmsalının 2-yə enməsi, ailə planlaşdırmasında iki uşaqdan birinin oğlan olmasını nəzərdə tutur. İlk övladı oğlan olan ailələr ikinci övladın cinsi ilə maraqlanmırlarsa, ilk övladı qız olan ailələr adətən ikinci övladın cinsini USM ilə müəyyənləşdirir və qız olduğu təqdirdə bəzən selektiv aborta gedirlər. İki oğlu olan ailələr üçüncünün qız olmasını, iki qızı olan ailələr üçüncünün oğlan olmasını planlaşdırırlar. Növbəti hamiləlik gözlənənin əksi olduqda, cinsindən asılı olmayaraq selektiv abortlara gedilir. Lakin, patriarxal düşüncəli bəzi ailələrdə cinsi diskriminasiyaya məruz qalanlar əsasən qızlar olurlar. Hamiləliklərin ardıcıllığında müşahidə olunan fərqlər də bunu təsdiq edir. İlk hamiləliklərdə abortların əmsalı 1 %, ikincidə 17 %, üçüncüdə 55 % və sonrakı hamiləliklərdə 70 % olması buna sübutdur.
Selektiv abortlara meyil, gəlir səviyyəsi aşağı olan ailələrdə daha çox müşahidə olunur. Fəhləliklə və ya hər hansı bir fiziki sənət ilə ailəsini saxlayan kişi, öz işinin davamçısı kimi oğlunun olmasını daha çox istəyir. Çünki onun, övladlarının cəmiyyətdə yaxşı təhsil almasına və sosial status qazanmasına ümidi azdır. O, praqmatik olaraq öz sənətini oğluna ötürməklə nəslinin davamını təmin etməyi düşünür.
Ənənəvi olaraq varlı ailələr də oğlan uşaqlarına üstünlük verirdilər. Çünki biznes strukturuna malik olan valideynlər “biznes səltənətlərinin” gələcəkdə idarə olunması üçün oğlan övladlarının olmasını arzu edirlər. Belə ailələrdə qadınlar da bu mirasa sahib çıxacaq oğlan övladlarının olmasını və mirasçının anası qismində özlərini hiss etmələri xüsusi önəm daşıyır. Lakin, müşahidələr göstərir ki, bu tendensiya tədricən ortadan qalxır. Çünki azərbaycan cəmiyyətində son dövrdə gender bərabərliyinin inkişaf etməsi şərait yaradır ki, qadınlar cəmiyyətin bütün sahələrində fəal olsunlar.
Gender bərabərliyinin inkişafı, orta maliyyə imkanlarına malik olan ailələrdə qızların perspektivlərini artırır. Buna görə də, belə ailələr üçün, övladların cinsi xüsusi əhəmiyyət kəsb etmir.
Təhsil səviyyəsinə görə araşdırmaların nəticələri də maraqlıdır. Selektiv abortlara meyil daha çox ali təhsilli qadınlar arasında müşahidə olunur. Lakin, təhsil səviyyəsi bir çox hallarda arxa plana keçir. Çünki insanlar yaşadıqları sosial mühitin tələblərinə uyğunlaşır və reallıqlara adekvat cavab verməyə çalışırlar. Ənənəvi şüur, ailədə oğlan övladının varlığını zəruri edir. Cəmiyyətin son 100 ildə modernləşməsinə və gender bərabərliyinin inkişaf etməsinə baxmayaraq, bölgələrdə patriarxal düşncələrdən xials ola bilməyən insanlar hələ də vardır.
2.4. Selektiv abortların təhlükələri
Selektiv abortlar hamiləliyin daha gec dövründə baş verdiyi üçün, onun qadınların fiziki və psixoloji sağlamlığına təhlükəsi daha çoxdur. Hətta, selektiv abortlar nəticəsində ölüm və intihar halları da az deyildir. Bununla bağlı yerli mətbuatda kifayət qədər məlumatlar vardır. Onlardan bir neçəsini təqdim edirik.
Selektiv abortların fiziki təhlükələri barədə hadisələr
- “Şamaxıda Kəmalə Bəkirovanın hekayəsi sadəcə ana ölümü ilə bağlı statistikada növbəti rəqəm ola bilərdi, amma olayın istintaqı zamanı bu ölümün sıradan olmadığı üzə çıxdı. Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının məlumatına görə, bu, qadının səkkizinci hamiləliyi olub. Kəmalə iki qız və üç oğlan doğub. Oğlanların üçü də doğuşdan az sonra ölüb. Ölümündən bir qədər əvvəl qadın ən azı üç dəfə abort eləyib, həm də hamiləlik müddəti 12 həftədən çox olduğu halda – hamiləliyin bu dövründə USM cinsiyyəti müəyyən edə bilir. Sonuncu abortdan sonra həkimlər ona hamilə qalmağı qadağan edib, amma nə olursa olsun oğlan doğmaq arzusunda idi. İndi ailə uzun zaman gözlədiyi varisinə qovuşub, amma o, anasız böyüməli olacaq.” (13).
- “Ağır abortdan sonra parapsoriaz (ağır dərəcəli dəri xəstəliyi) xəstəliyinə tutuldum. Bütün bədənim yara ilə örtüldü, yüksək dozalı dərmanlardan istifadəyə başladım. Hormonal təsirli dərmanlardan çəkim artmışdı, bir gün qarnında nə isə hərəkət etdiyini hiss edim, müayində həkimin cavabından huşumu itirdim.” (14).
Selektiv abortların psixoloji təhlükələri barədə hadisələr
- “Hamiləliyimin altıncı ayına girmişdim, ərim hər gün “qızdı ya oğlan” sualını verəndə cavabdan qaçmaq üçün bəhanə axtarırdım. Bətnimdəki yenə qız idi. Birinci qızım doğulanda ərim hirsini cehizimdən çıxdı, hər şeyi qırdı, ikincisində isə bir müddət evdən çıxıb getdi. Bu dəfə isə “o qızı doğsan, başımı götürüb Rusiyaya gedəcəm” dedi. Ərim məni nişanlı ikən qaçırmışdı, ailəmlə küsülü idim. O bizi atıb getsəydi, təkbaşına nə edəcəkdim. Beləcə pulla həkim tapıb o qızımı öz əlimlə “öldürdüm”. “Qafqazinfo” xəbər verir ki, Şərafət Nəbiyeva (43 yaş) ərinin təzyiqi ilə qız övladının ölümünə səbəb olub. Dediyinə görə, özü və həkimi də “şərikli cinayət”dən sonra ağır xəstəliyə tutulublar. Qəhrəmanım deyir ki, bu Allahın cəzası da ola bilər. “Sonuncu abortdan sonra ərimdən yenə də xoş üz görmədim. Həyat yoldaşım bizi atıb Rusiyaya getdi, belə olacağını bilsəydim qızımı “öldürməzdim.” (14).
- “Vüsalə selektiv aborta getdiyindən təəssüflənərək deyir: "Üçüncü dəfə hamilə qalanda iki qızım var idi. USM göstərdi ki, yenə də qızım olacaq. Ərim qətiliklə buna qarşı çıxdı və ona etiraz etməyə cəsarət etmədim. Abort oldum. Amma Bakıda doktor mənə artıq doğa bilməyəcəyimi söylədi. Bir il sonra kiçik qızım xəstələndi və pnevmoniyadan öldü. Yəqin ki, bu, canlını öldürdüyümüz üçün Allahın bizə cəzası idi. İndi yalnız bir uşağımız qaldı. Bir daha uşağımız olmayacaq.” (15).
- “Oğlunun hazırda 19 yaşı olduğunu deyən ana başına gələn son hadisələr zamanı oğlunun evdə deyil, əsgərlikdə olduğunu söyləyib. Məişət zorakılığının qurbanı olan xanımın sözlərinə görə, evli olduğu 20 ildə dəfələrlə həyat yoldaşı onu aborta məcbur edib: "Hamiləliyimin ikisinin cinsinin qız olduğunu öyrənmişdim, ikisini isə heç imkan vermədilər ki, cinsini öyrənim, məni abort etdirməyə məcbur etdilər. Abortlardan sonra sağlamlığımda ciddi problem yarandı, dəfələrlə müalicə olundum, amma müalicələrin təsiri olmadı. Axırıncı dəfə həkimə gedəndə süd vəzimdə şiş olduğunu dedilər. Uşaq baxçasında təmizlikçi işləyirdim, biraz özüm pul düzəltdim, biraz da yoldaşımı məcbur etdim ondan aldım, İrana gedən xanımlara qoşulub ora həkimə getdim. Həkim bildirdi ki, abortlar nəticəsində sağlamlığımda ciddi problemlər yaranıb. Sonra da əlavə etdi ki, yalnız ana olsam sağala bilərəm. İllərdi xəstə idim deyə hamilə qala bilmirdim, İrandan gələndən sonra müalicə olundum və hamilə qaldım. Ana olacağımı biləndə həm evdə, həm də qaynanam və baldızım tərəfindən təzyiqlərə məruz qaldım. Mənə təzyiq edirdilər ki, bu övladımı da abort etdirməlisən, amma razılaşmadım. Yoldaşım dedi ki, bizi evə qoymayacaq, qovacaq hər ikimizi. Amma mən bu dəfə övladımı öldürtdürməməyə söz vermişdim, qız olduğunu biləndə isə ona lap bağlandım." (16).
- "Xəstəxanaya heç kim arxamca gəlmədi, ərim bizi evə qoymadı. Polislə evə girdim. Bir müddət sonra məni qovdu, artıq dözə bilmədim. Hər gün içirdi, məni döyürdü, işığı kəsirdi, uşağa heç nə almırdı, uşağın yemək qablarını sındırırdı. Deyirdi başqası ilə evlənəcəm. İşgəncələrə dözməyə gücüm qalmadığına görə intihar etməyə qərar verdim. Övladıma süd verdim, onunla vidalaşdım, özümü evdə ipdən asdım. Həmin vaxt qaynanam təsadüfən evə gəlib, ipi kəsib məni xilas ediblər. Gözlərimi açanda xəstəxanada olduğumu gördüm. Xəstəxanadan çıxandan sonra o evə qayıtmadım." (16).
- "4 aylıq hamilə olduğum vaxt qayınanam məni aborta məcbur etdi. Səbəbi də o idi ki, xarici görünüşdən uşağın qız olduğunu düşünürdü. Uşağın oğlan olduğunu hiss edirdim. Amma mən kim idim ki, qayınanamın sözünün qabağına söz qoyum. Deyirdi ki, əgər abort etdirməsəm və uşaq qız olsa, məni boşayacaqlar. Çünki artıq bir qızımız var idi. Sonra oğlumuz da oldu. Amma o təfəkkürdə olan insanlarla yaşamaq mümkünsüz hala gəlmişdi, heç bir mövzuda anlaşmaq mümkün olmurdu. Ona görə də daha dözə bilmədim və boşandım. Deməli, boşanmaq üçün oğlan uşağının olmaması səbəb deyil. Öldürülən uşağıma görə çəkdiyim əzablar hələ də yadımdan çıxmır, özümü təqsirli hiss edirəm. Hər dəfə öz özümə deyirəm ki, kaş mübarizəyə vaxtında başlayardım”.
Xatirə Qəmbərovanın ali təhsilli olması yardımına çatıb və boşansa da, işləyib övladlarını saxlaya bilir: "Amma hər qadının belə şansı yoxdur və elə ailələrə dözməyə məcburdurlar, qayınanaları, ərləri nə desə, onu etməlidirlər. Elə adamların əsasən oğlan uşağı arzuladıqlarını isə dəfələrlə müşahidə etmişik” (10).
Selektiv abortların sosial təhlükələri barədə hadisələr
- “… Bu, bizim faciəmizdir. Tarazlığın saxlanılması Allah tərəfindən yəqin edilir, biz isə bu tarazlığı pozuruq, bu məsələyə qarışırıq. Xeyr, biz qarışmırıq, biz faktiki olaraq pozuruq. Qadınların sayının azalması ilə hara gəlib çıxacağıq? Bu gənclər 20-30 ildən sonra kiminlə ailə quracaqlar? Kim ana olacaq? Ev işlərini kim yerinə yetirəcək? Bu, böyük faciədir. Bunun qarşısı alınmalıdır. Mən bundan çox narazıyam.” (Asif, 61 yaş, orta ümumi təhsilli, iki qızı, iki oğlu var, Abşeron regionu) (10).
- “Deyirlər ki, ana bətnində qız uşaqları olduğu halda süni abortların sayı indi daha çoxdur …mən bunu gələcək faciə kimi başa düşürəm, çünki onlar gələcək anaları öldürürlər. Analar yoxdursa oğullar da olmayacaq” (respondent) (10).
- “Təsəvvür edin ki, bu il bizdə dünyaya gələn uşaqlar arasında 3.000 nəfər oğlan uşağı və 1.000 nəfər qız uşağımız olmuşdur. Əgər 20 ildən sonra 1.000 nəfər kişi 1.000 nəfər qadınla evlənərsə digər 2.000 nəfər kişi nə edəcək? Onlar bu barədə fikirləşmirlər. Bizim xalqımız 20 ildən sonra nə baş verəcəyini düşünmür” (Həkim) (10).
- “…Hər il sentyabr ayında biz statistik məlumatlar əldə edirik və görürük ki, sinifdə 20 nəfərdən yalnız 4-ü qız uşağıdır. Bütün qalan uşaqlar oğlanlardır. Biz başa düşürük ki, bu, çox təhlükəlidir. Gələcəkdə Azərbaycanda qızların sayı məhdud olacaq və xalq arasında ailə qurmaq üçün başqa millətlərdən qızların alınması geniş vüsət alacaq. Ölkəmizin adət-ənənələri gələcəkdə yoxa çıxacaq, çünki ailədə uşaqların əsas etibarilə təlim-tərbiyəsi ilə məşğul olan analardır.” (Siyəzən/Quba-Xaçmaz regionunda yaşlı bir nəfər) (10).
KİV-dən əldə edilən bu əhvalatlar cəmiyyətdə selektiv abortlar və gender bərabərsizliyi ilə bağlı durumu müəyyən qədər əks etdirir. Bu və ya digər hadisələrin təhlili göstərir ki, cəmiyyətdə selektiv abortlara şərait yaradan müəyyən mədəni stereotiplər mövcuddur. Adətən, cinsi diskriminasiyanın səbəblərini sosial-mədəni dəyərlərdə axtarırlar. Bəzi insanlar bunun din ilə bağlı olduğunu düşünürlər. Əslində isə, selektiv abort məsələsi İslam dininin dəyərləri ilə daban-dabana ziddir. Bu baxımdan, biz problemin kökünü bilmək üçün islam dininə və kültürəl dəyərlərə diqqət yetirməmiz vacibdir.
Qeyd edilməlidir ki, selektiv abortlar istənilən ölkədə doğulan uşaqların cinsə görə nisbətinin ciddi şəkildə oğlan uşaqlarının xeyrinə pozulmasına gətirib çıxarır. Bu fenomenlə bağlı aparılmış ən son araşdırmalar zamanı əldə edilmiş məlumatlar göstərir ki, bu vəziyyət gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımından çox xoşagəlməz nəticələrə gətirib çıxara bilər. Bu problemin illərlə davam etdiyi Hindistan və Çinin təcrübəsi göstərir ki, kişilərin sayının həddən artıq çoxalması onların ailə qurmaq üçün partnyor tapa bilməməsi ilə nəticələnir və bu da öz növbəsində cinayətkarlıq statistikasının ikiqat artması, zorakı davranış hallarının geniş yayılması, gəlin qaçırma, insan alveri, zorlama və fahişəlik kimi bir sıra mənfi hallarla sıx şəkildə əlaqəlidir.
Hər bir ailədə dünyaya gələcək uşaqların fiziki və psixoloji baxımdan sağlam tərbiyəsini və yaxşı təhsil almasını təmin etmək istəyi üzərində formalaşan ailə planlaşdırılması siyasəti selektiv abortlara şərait yaradan əsas amillərdəndir. Çünki ailə planlaşdırılması ilə bağlı seçim edən ailələr cinsi diskriminasiyaya yol verərək selektiv abortlara gedirlər. Bu seçimdə ən çox diskriminasiyaya məruz qalanlar qız uşaqları olurlar.
Fəsil 3. Selektiv abortlar: dini dəyərlər
və mədəni ənənələr
3.1. İslam dini selektiv abortlara qarşıdır
Müsəlman ölkələrinin əksər hissəsi abortların tam və qismən qadağan olunmasını dəstəkləyirlər. Bu fərqli yanaşmaların İslam dinində də öz əsası vardır. Şəriət qanunlarına görə, müsəlman qadınlar ərlərinin və həkimlərin ümumi razılığı əsasında bətnindəki embrionun 40 gününədək (Maliki məzhəbinə görə) və ya 120 gününədək (Hənəfi məzhəbinə görə) ondan xilas ola bilərlər.
Qurani-Kərimdə buyurulur:
“Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa (ilk yaradılışınızı yada salın). Həqiqətən, Biz sizi (babanız Adəmi) torpaqdan, sonra mənidən (nütfədən), sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş (vaxtında doğulmuş) və düşməmiş (vaxtından əvvəl doğulmuş) bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət (adətən, doqquz ay) saxlayar, sonra sizi (oradan) uşaq olaraq (doğurub) çıxardarıq. Sonra yetkinlik çağına (otuz-qırx yaşlarına) yetişəsiniz deyə (sizi böyüdərik). Kiminiz (bu həddə çatmamış) vəfat edər, kiminiz də ömrün elə bir rəzil (ən ixtiyar) çağına çatdırılar ki, vaxtilə bildiyini (tamamilə unudub körpə uşaq kimi) bilməz olar. (Ey insan!) Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə (cana) gəlib qabarar (yaxud xəmir kimi acıyar) və hər növ gözəl (meyvədən, bitkidən) bar gətirər.” (Həcc 5)
“Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq. (Biz Adəmi torpaqdan, Adəm övladını isə süzülmüş xalis palçıqdan – nütfədən xəlq etdik). Sonra onu (Adəm övladını) nütfə halında möhkəm bir yerdə (ana bətnində) yerləşdirdik. Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa (yeni) bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur!” (Muminun 12-15)
Bunlar öz təsdiqini hədislərdə də tapır:
"Hər biriniz ananızın qarnında qırx gün saxlanılır, sonra orada laxtalanmış qan və parça ət şəklində bir müddət qalır. Sonra mələk göndərilir və ona ruh üfürür." (Müslim, Tale 1)
“Məni üzərindən 40 gün keçəndən sonra Allah ona bir mələk göndərir və o da onun qulağını, gözlərini, dərisini, bədənini, sümüklərini şəkilləndirdikdən sonra soruşur: “Ey Rəbbim! Oğlan, yoxsa qız olacaq?” (Müslim, Tale 3)
Bu ayə və hədislərə əsasən müsəlman alimləri abortların 40 və ya 120 günədək həyata keçirilməsini mümkün hesab edirlər. Lakin, 120 gündən (bəzilərinə görə 40 gündən) sonra həyata keçirilən abortlar insanın qətl edilməsi kimi həm hüquqi, həm də mənəvi məsuliyyəti ortaya qoyur. Şəriət hökmlərinə əsasən 120 gündən sonra abort edən qadınlar gurrə cəriməsinə (120 qr qızıl) cəlb olunurlar.
İslam dinində selektiv abortlar şiddətlə qınanır. İslamdan öncə cahiliyyət dövründə ərəblər qız uşaqları olduqda onları diri-diri basdırırdılar. Lakin, İslam dini buna qarşı çıxdı.
Qurani-Kərimdə buyurulur:
“Yoxsulluqdan qorxub (Cahiliyyət dövründə olduğu kimi) övladlarınızı (qız uşaqlarını) öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır!” (İsra 31)
“(Ey Elçim!) De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın (qətlini) haram buyurduğu cana qıymayın. (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!” (Ənam 151).
“Diri-diri torpağa gömülən körpə qızdan: “Axı o hansı günaha görə öldürüldü?” soruşulacağı zaman” (Təkvir 8-9).
“Ya Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri (qız uşaqlarını diri-diri torpağa gömməyəcəklərini), özgə kişilərdən olan uşaqlarını yalandan ərlərinə isnad etməyəcəkləri və heç bir yaxşı (bəyənilən) işdə sənin əleyhinə çıxmayacaqları barədə sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et və Allahdan onların bağışlanmasını dilə. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!” (Mumtəhənə 8-9).
“Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, qadınların da onlar kişilər üzərində hüquqları vardır.” (Bəqərə 228)
Bununla bağlı bir neçə səhih hədis də vardır:
Xəlifə Ömər dövründə, bir qadın ifadə vermək üçün xəlifənin yanına çağırılır. Hamilə qadın qorxudan yolda uşağını salır. Xəlifə Ömər şuranın üzvlərindən nə edəcəyini soruşur. Əksəriyyət, bunda heç bir qərəz olmadığı üçün, nəsə etməyin lazım olmadığını deyir. Xəlifə Ömər, Hz. Əlidən (əs) fikrini soruşur və o, deyir: "Bu yoldaşlar söylədikləri fikirlərində yanılırlar. Onlar səni müdafiə etmək üçün belə dedilərsə, yaxşı məsləhətçi olmadıqlarını göstərdilər. Anasının bətnindən düşərək ölən uşağa görə diyət verilməlidir.” Xəlifə Ömər bu ictihada uyaraq diyəti ödəmişdir.
Məlum olduğu kimi, şəriətdə diyət ölüm cəzasının qarşılığıdır.
Hz. Məhəmməd (səs) buyurur: “Övladlarınızın ən yaxşısı qızlarınızdır”... “Üç qız övladını layiqincə tərbiyə edib, ər evinə köçürən valideynlər cənnətlikdirlər.”
İmam Sadiq (əs) buyurur: “Qız övladları rəhmət, oğlan övladları isə nemətdir.”
İslam dininin selektiv abortlara qarşı olduğu və bunun cinayət olduğu, həm Qurani-Kərim ayələri, həm də səhih hədislər (şiə və sünni) vasitəsilə təsdiq olunur. Bu baxımdan, dindar müsəlmanların arasında selektiv abortların yayılması mümkün deyildir. Bunu edən müsəlman həm hüquqi, həm də mənəvi məsuliyyət daşıyırlar.
Selektiv abortlarla bağlı apardığımız araşdırmada respondentlərin dinə münasibətini də nəzərə almışıq. Dinə münasibət səviyyəsinə görə verilən cavablara gəldikdə demək olar ki, dindarlar və qismən dindar olanların abortdan və müasir qoruyucu vasitələrdən istifadə səviyyəsi, dinə sadəcə hörmət edənlərlə müqayisədə qismən aşağıdır (diaqram 3.1).
Diaqram 3.1. Dinə münasibətinə görə verilən cavablar
Ümumiyyətlə, dindar insanların abortlara münasibəti mənfidir. Qismən ibadət edənlər və dinə hörmətlə yanaşanların da aborta münasibəti neqativdir. Dinə laqeyd olan insanların abortlara münasibəti neyrtaldır (diaqram 3.2).
Diaqram 3.2. Dinə münasibətinə görə verilən cavablar
“Siz gələcəkdə oğlan və ya qız övladınızın olmasını istərdiniz?” – sualına cavab verənlərin əksəriyyəti “qız” cavabını vermişdir. İbadət edənlər və dini dəyərlərə ehtiram edən insanlar xüsusilə seçilmişlər. Qismən ibadət edənlər arasında seçim az fərqlə oğlanların xeyrinə dəyişmişdir (diaqram 3.3).
Diaqram 3.3. Dinə münasibətə görə verilən cavablar
“Uşağın cinsini öncədən bilmək istərdinizmi?” – sualına cavab verən respondentlərin əksəriyyəti “yox” cavabını vermişlər. Lakin, respondentlərin təqribən yarısı “hə” cavabını vermişdir. Xüsusilə, dindar respondentlərin tam yarısı “hə” demişdir. Yəni, cavabların proporsiyaları arasındakı fərq onu deməyə əsas verir ki, respondentlərin cavabları arasında böyük bir fərq müşahidə olunmur. Halbuki, dindarların cavabları digərlərinin cavablarından fərqlənməli idi. Çünki dini qaydalara əməl edən və onları bilən şəxslər selektiv abortlardan birmənalı şəkildə imtina etməli idilər. Bu belə olmadığı üçün demək olar ki, dini maarifləndirmə səviyyəsi dindarlar arasında da aşağı səviyyədədir (diaqram 3.4).
Diaqram 3.4. Dinə münasibətə görə verilən cavablar
Bizim bu qənaətə gəlməyimizin əsas səbəblərindən biri, dindar və qismən dindar adlandırılan respondentlərin ultrasəs müayinəsi üçün həkimə müraciət etməsi və selektiv abortlara qərar verməsidir. İbadət etməyə və sadəcə, dini dəyərlərə hörmətlə yanaşan respondentlər daha çox selektiv abortlara neqativ münasibət bəsləyirlər (diaqram 3.5).
Diaqram 3.5. Dinə münasibətə görə verilən cavablar
Araşdırmalar göstərir ki, İslam dininin selektiv abortlara qarşı münasibəti birmənalı şəkildə neqativ olmasına baxmayaraq, bəzi dindarlar və qismən dindar olanlar arasında buna əməl olunmur. Əgər bir şəxs dini qaydalara əməl etməyi özü üçün qəbul etmişsə, onun bundan yayınmasının əsas səbəblərindən biri, dini maariflənmənin zəif olmasıdır. Deməli, bu qrup insanlar arasında da İslam dininin selektiv abortlara qarşı olduğunu təbliğ etməyə ehtiyac vardır.
Dostları ilə paylaş: |