Məsələ 541: Müsəlman meyyiti üç parça ilə kəfənləmək vacibdir. Bu hissələr fitə, köynək və sərtasər (başdan başa) adlanır.
Məsələ 542: Fitə meyyitin göbəkdən dizinədək olan hissəni örtməlidir. Yaxşı olar ki, sinədən ayaqların üzərinədək örtsün. Vacib ehtiyata əsasən, köynək çiyinlərdən baldırların yarısınadək (dizdən aşağı) hissəni tamam bürüsün. Vacib ehtiyata əsasən, sərtasərin uzunluğu elə bir həddə olmalıdır ki, meyyit büründükdən sonra hər iki başını bağlamaq mümkün olsun. Sərtasərin eni elə bir həddə olmalıdır ki, bir tərəfini o biri tərəfinin üzərinə aşırmaq mümkün olsun.
Məsələ 543: Kəfəni orta həddi gözləməklə meyyitin malı hesabına hazırlamaq olar. Onun övladları qalmışsa da belədir. Amma övladlarının payından adi həddən artıq miqdarda götürmək olmaz. Amma ölən şəxs vəsiyyət etmiş olarsa, artıq miqdarı üçdə birdən hesablamaq olar.
Məsələ 544: Kəfənin vacib miqdarını, qüsül, hənut və dəfn kimi vacib işlərin xərclərini meyyitin malından götürürlər və vəsiyyətə ehtiyac yoxdur. Əgər meyyitin malı olmasa, o xərclər Beytül-maldan, xümsdən ödənir.
Məsələ 545: Arvadın kəfən xərci ərin öhdəsinədir. Qadının öz malı olsa da belədir. “Ric’i” təlaq verilmiş (boşanmış) qadın iddə müddəti başa çatmamış ölərsə, onun kəfən xərci ərinin öhdəsinədir.
Məsələ 546: Əgər meyyitin bir malı olmasa, hətta sağ ikən onun xərcini ödəyən qohumlarına vacib deyil ki, kəfən xərcini ödəsinlər. Amma başqa bir yol olmasa vacib ehtiyata əsasən, sağ ikən onun xərcini ödəyən kəs kəfən hazırlamalıdır.