Vəhşət namazı
Məsələ 594: Müstəhəbdir ki, Allahın razılığını qazanmaq ümidi ilə ilk qəbir gecəsində meyyit üçün iki rəkət vəhşət namazı qılınsın. Bu namazın birinci rəkətində “Həmd”dən sonra bir dəfə “Ayatəl-kürsi”, oxunur. İkinci rəkətdə “Həmd”dən sonra on dəfə “İnna ənzəlna” surəsi oxunur. Namazın salamından sonra deyilir: “Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd vəb’əs səvabəha ila qəbri fulan.” (“filan”) sözünün əvəzinə meyyitin adı deyilir).
Məsələ 595: Vəhşət namazını ilk qəbir gecəsində istənilən vaxt qılmaq olar. Amma daha münasib olar ki, birinci gecə şam namazından sonra qılınsın.
Məsələ 596: Əgər meyyit müəyyən səbəblərdən gec dəfn olunarsa, vəhşət namazını birinci qəbir gecəsinədək tə’xirə salmaq lazımdır.
Qəbrin açılmasının hökmləri
Məsələ 597: Müsəlmanın qəbrini açmaq haramdır. Uşaq və divanənin də qəbrini açmaq haram sayılır. Qəbrin açılması dedikdə onun elə bir şəklə salınması nəzərdə tutulur ki, meyyitin bədəni görünsün. Bədən görünməsə eybi yoxdur. Bir şərtlə ki, bu iş hörmətsizlik sayılmasın.
Məsələ 598: Əgər əmin olsa ki, bədən tam torpağa çevrilib, qəbri açmağın eybi yoxdur. Amma imam övladlarının, şəhidlərin, alimlərin və saleh insanların qəbrini illər ötdükdən sonra da açmaq olmaz.
Məsələ 599: Qəbri açmaq bir neçə halda haram sayılmır:
1. Meyyit qəsbi torpaqda dəfn edildikdə və torpaq sahibi razı olmadıqda. Meyyitin kəfəni və ya onunla dəfn olunmuş bir şey qəsbi olduqda. Varisə çatacaq bir şey meyyitlə birlikdə dəfn edildikdə və varis həmin şeyin qəbirdə qalması ilə razılaşmadıqda. (Məsələn, qiymətli üzük və ya başqa bir zinət əşyası). Hətta varis razılaşdıqda həmin şeyin qəbirdə qalması israfdırsa onu çıxarmaq lazımdır. Əgər meyyit vəsiyyət etsə ki, bir dua və ya üzüyü onunla birlikdə dəfn etsinlər, vəsiyyəti mülkünün üçdə birindən artıq olmazsa və israf sayılmazsa, qəbiri açmaq olmaz.
2. Həqiqəti sübuta yetirmək üçün meyyitin bədəninə baxmaq zəruri olduqda.
3. Meyyit ona hörmətsizlik sayılacaq bir yerdə dəfn edildikdə. Məsələn, kafir qəbristanlığında və ya zibillikdə.
4. Qəbirin açılmamasından daha əhəmiyyətli şər’i bir məsələyə görə. Məsələn, hamilə qadının bətnindən körpəni çıxarmaq üçün. (Körpə anası öldükdən sonra bir müddət sağ qala bilər.
5. Meyyitə vəhşi heyvanın toxunmasından və ya düşmənin onun qəbirdən çıxarmasından qorxduqda.
6. Meyyitin bədəninin bir hissəsi onun cəsədi ilə dəfn edilmədikdə. Vacib ehtiyat budur ki, həmin hissə dəfn olunanda meyyitin bədəni görünməsin.
Məsələ 600: Bir şəxs vəsiyyət etsə ki, onu müəyyən bir yerdə dəfn etsinlər və onun vəsiyyətinə əməl edilməsə, qəbri açıb cəsədi vəsiyyətdə göstərilən yerə köçürmək olmaz.
Məsələ 601: Bir şəxs vəsiyyət etsə ki, dəfndən sonra onun qəbrini açıb bədənini müqəddəs bir yerə və hər hansı nöqtəyə aparsınlar, belə bir vəsiyyətə əməl edilməsi iradlıdır.
Məsələ 602: Dəfnin tə’xiri meyyitə hörmətsizlik sayılarsa bu iş görülməməlidir.
Şəhidin hökmləri
Məsələ 603: Qeyd etdiyimiz kimi, müsəlman meyyitə qüsl verib kəfənləmək vacibdir. Amma iki qrupun hökmü fərq edir:
1.Allah yolunda şəhidlər, yə’ni İslami cihad meydanında, Peyğəmbər və mə’sum imamlarla, onların naibləri ilə yanaşı həlak olanlar. İmam Mehdinin (ə) qeyb dövründə də İslam düşmənləri ilə savaşda həlak olanlar şəhid sayılır. Şəhid həm kişi, həm də qadın, həm yaşlı, həm də uşaq ola bilər. Bu halda onlara qüsül, kəfən və hənut vacib deyil. Onları əyinlərindəki libasla, namazdan sonra dəfn etmək lazımdır.
Məsələ 604: Ötən məsələdə haqqında danışılan insanlar savaş meydanında şəhid olanlardır. Yə’ni belələri müsəlmanlar onlara gəlib çatanadək dünyalarını dəyişirlər. Amma ona yetişən vaxt sağ olarsa və ya yaralı vəziyyətdə savaş meydanında çıxarılarsa, xəstəxanada və ya başqa bir yerdə dünyasını dəyişərsə, şəhid savabına malik olsa da, yuxarıdakı Məsələ ona şamil olunmur.
Məsələ 605: Bu gün savaş meydanları genişlənmiş, kilometrlərlə uzanmışdır. Silahlar olduqca uzaq məsafəni hədəfə ala bilir. Əsgərlərin hərəkət etdiyi bütün bu səhnə savaş meydanı sayılır. Amma düşmən cəbhədən kənarda bir məntəqəni bombalayarsa, yuxarıdakı hökm orada həlak olanlara aid deyil.
Məsələ 606: Şəhid müəyyən səbəbdən libassız qalarsa, onu kəfənləmək lazımdır. Amma o qüsülsüz dəfn olunur.
Məsələ 607: 2 (Qüsl və kəfənin vacib olmadığı ikinci qrup) şər’i qisas və ya hökmlə qətli vacib olanlar üçün şər’i hakimin göstərişi ilə sağ olduqları vaxt meyyit qüslü verilirlər. Onlar meyyitə məxsus üç qüslü verir, sonra kəfənin fitə və köynək hissələrinə bölünürlər. Onlar meyyit kimi hənut olunur. Öldürüldükdən sonra kəfənin üçüncü hissəsinə bürünürlər. Onlara namaz qılınır və həmin vəziyyətdə dəfn edilirlər. Onların bədəni və kəfəni qanla və ya qorxudan murdarlansa, təkrar qüsül lazım deyil.
Müstəhəb qüsüllər
Məsələ 608: İslamda müstəhəb qüsüllər çoxdur. O cümlədən:
1.Cümə qüslü; bu qüsül ən mühüm və tə’kid olunmuş müstəhəb qüsüllərdəndir. Yaxşı olar ki, imkan həddində bu qüsül tərk olunmasın. Bu qüslü cümə günü sübh azanından həmin gün günortayadək vermək olar. Əgər günortayadək bu qüsül verilməsə ehtiyat budur ki, “əda və qəza” niyyəti etmədən həmin gün əsrədək, günorta və axşam arasınadək bu qüsül yerinə yetirilsin. Əgər cümə günü qüsül verə bilməsə müstəhəbdir ki, şənbə günü sübdən qürub vaxtınadək bu qüslün qəzasını yerinə yetirsin. Bir şəxs cümə günü su tapmayacağından qorxarsa cümə axşamı öncədən niyyətlə bu qüslü verə bilər.
2. Mübarək Ramazan ayının gecə qüsülləri; Ramazan ayında ayın 1-dən 21-dək hər gecə qüsül vermək müstəhəbdir. Yaxşı olar ki, bu qüsüllər gün batanda yerinə yetirilsin. Ramazan ayının 21-dən sonunadək həmin qüslü şam və xiftən namazlarının arasında vermək lazımdır. Ehtiyat budur ki, Ramazan ayındakı və sonradan adı çəkiləcək başqa qüsüllər Allahın razılığına ümidlə yerinə yetirilsin.
3. Fitir və Qurban bayramları günü qüsül; bu qüsüllərin vaxtı bayram günü sübh azanından qürub vaxtınadəkdir. Yaxşı olar ki, onu bayram namazından öncə yerinə yetirsinlər.
4. Fitir bayramı qüslü; bu qüslün vaxtı qürubdan sübh azanınadəkdir. Yaxşı olar ki, həmin qüsül gecənin əvvəlində verilsin.
5. Zil-hiccənin 8-ci və 10-cu gününün qüsülları; bu günlər “tərviyyə” və “ərəfə” adlanır.
6. Rəcəb ayının 1-ci, orta, 27-ci (məb’əs) və son günlərinin qüslü;
7. Zil-hiccənin 18-ci gününün (Qədir bayramı) qüslü;
8. Şəbanın 15-ci gününün qüslü (İmam Mehdinin (ə) mövlud günü), rəbiül-əvvəlin 17-ci günün qüslü (Həzrət Peyğəmbərin (s) mövludu) və novruz bayramı gününün qüslü.
9. Dünyaya yenicə gəlmiş uşağın qüslü.
10. Ərindən qeyrisi üçün ətirlənmiş qadının qüslü və məst halda yatmış şəxsin qüslü;
11. Dardan asılana baxmaq üçün getmiş və onu görmüş şəxsin qüslü. Amma bir şəxs təsadüfən belə bir şey görərsə və ya şəhadət üçün orada olması lazım gələrsə qüsül verməsi lazım deyil.
12. Tövbə qüslü; bir şəxs günahdan sonra tövbə qılarsa qüsül versin.
Məsələ 609: Müqəddəs məkanlara daxil olarkən savab ümidi ilə qüsül vermək müstəhəbdir. Məkkə və Mədinəyə daxil olarkən qüsül vermək müstəhəb sayılır. Məscidül-Həram və Məscidün-Nəbiyə, eləcə də mə’sum imamların hərəminə daxil olarkən müstəhəb qüsül vermək olar. Əgər həmin müqəddəs yerlərə bir neçə dəfə daxil olarsa bir qüsül verməsi bəs edər. Bir şəxs eyni bir gündə Məkkəyə, həm də Məscidül-Hərama daxil olarsa və ya Mədinəyə, həm də Məscidün-Nəbiyə daxil olarsa, bir qüsül verməsi bəs edər. Peyğəmbər (s) və imamları uzaqdan və yaxından ziyarətdə, ibadətdə sövq və Allahın razılığı üçün səfərə gedərkən müstəhəb qüsül vermək olar.
Məsələ 610: İnsan Allahın razılığını əldə etmək ümidi ilə qüsül verib həmin qüsüllə namaz qıla bilməz. O, ehtiyatən dəstəmaz almalıdır. Amma qəti müstəhəb qüsüllərlə, məsələn cümə qüslü ilə namaz qılmaq olar.
Məsələ 611: Bir şəxs bir neçə müstəhəb qüsül və ya bir neçə müstəhəb və vacib qüsül vermək istəyərsə bütün qüsüllərin niyyəti ilə bir qüsül versə bəs edər.
Dostları ilə paylaş: |