Döyüşlərdə yoğrulmuşuq
Gələcəyə qaranquşuq.
Həyat üçün doğulmuşuq,
Vətən üçün ölməliyik.1
Yeri gəlmişkən, qeyd edək ki, ümumiyyətlə, bir çox gənc ömrünün «odlu-alovlu», böyük ideyalarla aşıb-daşan mərhələsini «başa vuranda» ağır depressiya yaşayır. Hətta bu həyata bir nifrət yaranır. Onlar keşməkeşli həyatdan, bu dünyanın pozulmayan çərxindən, fərq qoymadan hər şeyi üyüdən «dəyirmanından» şikayətçi olur, bir vaxtlar tutuşub alışdıqları ideyaların puçluğunun günahını həyatda axtarırlar. Bayron yazır:
Keçdi ümidlərin, həyəcanların, hökmlərin dəmi
Eşqin odu – hər şey artıq kənardadır.2
Onlar öz zamanında deyilməli olan sözü deyə bilməyəcəklərinin, həyəcanını, hikkəsini həzm edə bilmirlər. Özlərini aldanmış, günahsız yerə incidilmiş hiss edirlər. Hər halda, bu qoca dünyada özünün tək deyil, milyonlardan biri olduğunu, bu həqiqətlərin səndən əvvəl, hətta daha gözəl şəkildə deyildiyini qəbul etmək o qədər də asan deyil. Özünü, öz mahiyyətini, bu həyata gəlişinin səbəbini anlamağa çalışan və bunun üçün «varlıq badəsini gözyaşları ilə isladaraq gözüyumulu içib» yalnız ölüm ayağında gözlərini açan Lermontov böyük bir çaşqınlıqla deyir:
Görürük ki, o qızıl badə
Boşuymuş elə əzəldən.
Onun içindəki mey – arzularıymış,
Sən demə, heç o da bizim deyilmiş.1
Düzdür, özünün adi, sıradan biri olduğunu qəbul edəndən sonra həyat daha sakit, daha rəvan bir axara düşür. Ancaq… hər adam bu axara düşə bilmir, axara düşəndən sonra əvvəlki coşqunun olmamasına alışa bilmir. Yəqin bu səbəbdəndir ki, Ülvinin dalğaları «at kimi minib çapan», dalğaların bağrını yaran qəhrəmanı:
…görür ki, fırtına
Suda o açan izi,
Asanlıqla yox edir,
Asanlıqla gizlədir.
Bundan sonra insanın
Qol-qanadı süst olur –
Açdığı izlər kimi,
Kədərli gözlər kimi,
Fırtınada boğulur.2
Bəli, qəribədir ki, illərnən gəlməli olan bu ruh düşkünlüyünü, «depressiyanı» bizim gənclər enerjili, coşqulu vaxtlarında yaşayırlar. Lakin onların digər gənclərdən üstünlüyü ondadır ki, söykənə biləcəkləri bir arxaları – Allah və həyatlarını mənasızlaşmaya qoymayan bir missiyaları var. Yaradıcılığı gəncin həm qorxu yeri, həm xilasıdır, həm əbədiyyətə, həm də ölümə aparan yoludur. Yaradıcılığı gəncin özüdür – qaçıb qurtarmaq, onu qəbul etmək istəməyən insanlar arasında təsdiqləmək istədiyi mən-i. Puşkin təsadüfən öz yaradıcılığı ilə özünə bir abidə ucaltdığını demir:
Yox, mən ölməyəcəyəm, cismim torpaq olsa da,
Rübabımın səsində ürəyim döyünəcək.
Bircə şair qalsa da qədim, ulu dünyada,
Əbədi şöhrətimlə mənəm yaşayan demək.1
Məşh ruhunun yaradıcılıq eşqidir ki, Ülvini 15 yaşında öz cığırını ulu sələflərinin yollarına qatmağa həvəsləndirir:
Mübarizə aparır,
Milyon-milyon «şairlər»
Bu yola çatmaq üçün.
Öz açdığı cığırı
Bu yola qatmaq üçün.2
Bütün deyilənlərlə yanaşı, gəncin ilham aldığı daha bir mənbə də var, daha doğrusu, onun bütün mənbələrinə, ümumiyyətlə yaradıcılığına parlaq bir nur çiləyən: sevgi, eşq. Bu o qədər nəhəng bir mənbədir ki, başqa mənbələrə ehtiyac qoymur. Bu, o qədər cazibəli bir nöqtədir ki, sonla başlanğıcı birləşdirir. Bu, o qədər zəngin bir dünyadır ki, özünə ayrıca bir başlıq tələb edir.
Eşq və müqəddəslik duyğusu
Gənclik hisslərin aşıb-daşması, sevginin, arzuların pardaxlanıb çiçəklənməsi ilə səciyyələnir. Bizim gənclərin yaradıcılığına baxanda, ilk baxışda hər şeyin başında məhz sevginin durduğunu zənn etmək olar. Bu baxımdan, bəlkə də, gəncliyin fəlsəfəsini məhz sevgi ilə başlamağın daha məntiqli olduğunu düşünmək olardı. Bizim sevgini sona saxlamağımızın öz səbəbi var. Belə ki, bu gənclərin sevgisinin kökü yuxarıda nəzərdən keçirdiyimiz hisslərlə – qorxu, cəngavərlik, tənhalıq və s.-lə – sıx bağlıdır. Yəni içində bu qədər ziddiyyətlər daşıyan, bu qədər mürəkkəb düşüncələr içində vurnuxan bir insanın sevgisini təcrid olunmuş, ayrıca gözəl bir hiss kimi nəzərdən keçirmək düzgün olmaz. Digər tərəfdən, həyat adlanan qısa bir zaman kəsiyində yalnız ilk məhəbbətin aldadıcı parıltısından gözləri qamaşmağa imkan tapan bir gəncdən dərin bir məhəbbət ummaq və onu digər hisslərin başına qoymaq da doğru bir nəticəyə gətirib çıxartmaz. Bununla belə, deyilənlər heç də bu gənclərin gözəl bir məhəbbətə qadir olmadıqları demək deyil. Sadəcə, onların sevgisi bir sıra özünəməxsus keyfiyyətlərə malikdir ki, gəncliyin fəlsəfəsinin tamamlanması üçün mütləq nəzərə alınmalıdır. Elə isə gənclik fəlsəfəsində sevgi, eşq nədir?
Bəli, doğurdan da, bu gənclərin yaradıcılığında ilk nəzərə çarpan sevgidir. Ancaq bu sevgi özünün uşaqlığı, saflığı ilə seçilir. Bu, hələ dünyanın çirkablarına batmamış, ikiüzlülükdən uzaq, maddiyyatın «ləl-cəvahiratına» bürünməmiş bir sevgidir. Məsələn, istər Bayronun, istər Lermontovun, istər Müşfiqin, istərsə də Ülvinin sevgi şeirlərinin ünvanı onlarla gözəllərdir. Lermontov yazır:
Dostları ilə paylaş: |