Qırıq qanad
Bir mələk yarandı nurdan, işıqdan. Bir mələk yarandı ən gözəl hikmətdən. Bir mələk yarandı ən ali bir niyyətdən.
Mələk nur payını ala-ala nurlandı, böyüdü, qanadlanıb pərvazlandı, göyün qatlarını gəzdi dolaşdı, özü kimilərindən başqalarını görmədi. Bir gün Yaradana yaxın bir məqamda bir qapı görüb ora girdi. Nə maraqlı yerdi bura! Bura dolu idi ideyalarla, həqiqətlərlə! İlahi bir qüvvə ilə Vahid həqiqətin bu zərrələri min bir çeşidə salınıb hara isə göndərilirdi. Ara-sıra geri dönən həqiqətlər də olurdu. Vətən həsrətindən alışıb-yanan bu həqiqətlər fərəhdən başqa həqiqətlərlə qucaqlaşır, uçuşurdular.
– Hara gedir bu həqiqətlər?
– Aşağı, maddi dünyaya.
– Maddi dünyada nə var ki?
– İnsan.
– Nə səbəbə onlara göndərilir?
– Sən bilmirsənmi, Uca Yaradan hər şeyi onların xidmətinə verib?
– Bəs bunlar niyə rənglənir, çeşidlənir?
– Bu rənglər, çeşidlər gözlər üçündür. Həqiqətlər hər insana verilsə də, heç də hamısı onları dərk edib tanımır, rənglər aldadır onları. Allah insanlara könül deyilən bir şey də verib, onlar ancaq onunla baxanda bu rənglərin, çeşidlərin altındakını görə bilirlər. Görəndə bura yolları açılır. Bura qalxanda isə öz insanlıqlarının mənasını dərk edirlər.
– Bunlar nəyin həqiqətidir?
– Bilmirəm. Onu ancaq Allah, bir də Onun yerdəki xəlifəsi – İnsan bilir.
Mələk bu uçuşan sonsuz həqiqətləri tanımaq istədi, bu istəkdən qanadları nur saçdı:
– Mən də insan olmaq istəyirəm.
– Olmaz, Allah səni mələk yaradıb.
– Allah üçün imkansız bir şey yoxdur. O, bir şeyə «Ol» desə, olar.
Dua o qədər səmimi edildi ki, Allah eşitdi və «Ol», – dedi. Amma onun mələkliyi də əlindən alınmadı, kiçik şəffaf qanadları, nurdan olan ürəyi yerində qaldı. Allah ona sadəcə …ağıl verdi, bildiyi bütün adları ona da öyrətdi, bütün mələkləri, yaradılmışları ona səcdə etdirdi. Göylərdə heç kim bilmədi ki, bu, lütfdür, yoxsa sınaq.
Yerə enən mələyin gözləri əvvəlcə qamaşdı: burada nə çox rəng vardı, hər şey nə gözəldi, ilahi. Bir anlıq əvvəl gördüklərini, eşitdiklərini – hər şeyi unutdu. Hər şeyi qucaqlamaq istədi, mənimdir deyə qışqırmaq keçdi ürəyindən… Amma bu istək ürəyindəki nura toxunan kimi əriyib yox oldu. Mələk hər şeyi xatırladı. Rənglərin altındakı işığı sezdi, səs-küyün arasından harmoniyanı duydu… Ürəyinin nuru daha da artdı, bu nurun işığında ta göylərdəki həmin qapını gördü… Kimsə onu itələdi:
– Yolumu kəsmə.
Yoldan ötən bir insan idi, işə tələsirdi, bir tikə çörək qazanmağa. Çəkildi, ancaq indi də başqasının rahatlığını pozdu. Ətrafa boylandı. İnsanlar qaynaşırdı. Hamı rənglərlə əlləşirdi, amma onların altındakına fikir verən yox idi. İstədi onlara gördüyü həqiqət aləmindən danışsın.
– Boş-boş dayanmaqdansa, bir işə yara, – deyə əlinə bir bel verdilər.
«Mən güllər əkəcəm, insanlara həqiqətləri xatırladan güllər. Mən ağaclar əkəcəm, malik olduqları hikməti yadlarına salmaq üçün», – deyə sevincək düşündü.
– Burada bir quyu qaz, keçən olmasın, – əmr etdilər.
– Mən, mən…, – deyə kəkələdi. Kimsə ona əhəmiyyət vermədi.
Qaza bilmədi, ürəyindəki nur qoymadı. Quyu qaza bilmədiyini görüb:
– Hə, sən alimsən, – deyib əlinə qələm verdilər.
«Mən gördüklərimi, eşitdiklərimi yazacam, hər kəsin könül gözünü açacam», – deyə sevincək qələmi götürdü.
İlk hərfindəcə onu saxladılar:
– Sənin yazdığın bizə maraqlı deyil, insanlar üçün aktual olan, cəmiyyətə xidmət edən şeylərdən yaz, – deyə əmr etdilər.
– Mən fikirləşdim ki…
– Sən fikirləşmə, bu sənə çörək verməz, sənə nə əmr edirlər, onu yaz.
Yazmaq istəmədi, amma… Mələk ac idi, susamışdı, üşüyürdü… və yazdı. Nə dedilər onu yazdı. Nur dolu ürəyi qana boyandı, şəffaf qanadları narahat-narahat xışıldaşdı. O, hər şeydən yazırdı, amma bu yazdıqlarında əvvəllər görüb-eşitdiklərinin heç izi-tozu da yox idi. Ürəyindəki nur solğunlaşır, qolları daim məşğul olduğundan qanadları sızıldaşırdı.
– Bir az qanadlarımı açmaq üçün uçsam nə olar?
– Sən dəlisən. Bu kimə lazımdır? Qanadların çox incədir, günəş yandırar, – deyib qanadlarına qurğuşun bağladılar.
Əvvəllər qurğuşunun ağırlığını hiss etmirdi. İçində vətəninin həsrəti alışıb-yandıqca qanadları gərilir, ancaq heç cür bu ağır qurğuşundan qurtula bilmirdi. Bir gün son gücünü yığıb qanadlarını qaldırmaq istədi və …qurğuşunun ağırlığından qanadları sındı, iki yanına düşdü.
İllər keçdi, mələk tanınmış bir alim oldu. Hamı onu sevdi, hörmət etdi, onu həqiqi alim, insan adlandırdı. Bircə o bilirdi ki, ora, yuxarı qalxmasa, o qapıdan girməsə insan olmayacaq. Ancaq bilmirdi bu necə olur. Əllərini açıb Allahdan kömək dilədi.
Göydən onun yardımına gəldilər:
– Niyə sındırdın qanadlarını?
– Uçmaq istəyirdim.
– Sən insan olduğunu niyə unutdun? İnsanlar mələklər kimi uçmurlar, uçmaq istəyənlərin sənin kimi qanadlarına qurğuşun bağlayırlar. İnsanlar fərqli uçurlar. Axı Allah sənə bizə vermədiklərini verdi. Onlardan niyə istifadə etmədin?
– Bura fərqli bir yerdir. Orada yuxarıda hər şey gözəldir, ucadır, burada hər şey toza-torpağa bulanıb. Burada MƏN yoxdur, müdir və işçi var. Burada harmoniya yoxdur, əmr və itaət var. Allahın əmri unudulub, insanlar əmr edir, Allaha deyil, insanlara itaət edilir. Hamı kardır, kordur, rənglərlə oynayırlar, həqiqətə baxan yoxdur.
– Gözəl yerdə oturub gözəl qalmaq asandır. Bu toz-torpaqdan o ucalığa yüksəlmək ancaq insanın hünəridir.
Mələyin ürəyi sızıldadı, torpağa bulaşmış sınıq qanadları titrəşdi.
– Mən daha insan olmaq istəmirəm, yenə mələk olmaq istəyirəm.
– Gecdir. Səndə ağıl deyilən ağır bir yük var. Ondan düzgün istifadə etməyəndə sənin kimi qanadları sınır, nə insan olur, nə mələk.
– Bəs mən neyləyim?
- Bilmirəm, bunu ancaq insanlar bilir.
Mələk sınmış qanadlarına, onu ayrı düşdüyü vətəninə geri götürə biləcək yeganə vasitəsinə baxdıqca içindəki ümidlərin telləri bir-bir sınırdı. Ürəyində bir nur zorla közərdi: «Allah heç kəsə daşıya bildiyindən artıq yük vermir».
– Deməli, Allah mənə güc verib, mənim xəbərim yoxdur… hanı, hardadır? – ətrafa boylandı.
– Mən burdayam – içindən zəif bir səs gəldi. Ürəyi idi, ürəyinin içindəki könlünün səsi idi.
– Artıq gec deyilmi?
– Allah üçün zaman yoxdur. Bir şeyə «Ol» dedisə, olar.
– Mən neyniyim?
– Qoy ürəyindəki nur ağlına qarışsın, ağlının dedikləri bu nurla yoğrulsun, ağır yükün sənin zinətinə çevrilsin. Sən insansan, mələk qanadlarına ehtiyacın yoxdur, könlün ağlına elə bir qanad ola bilər ki, ona heç bir qurğuşun bağlanmaz.
Mələk ilk dəfə idi könlünün səsini eşidirdi və bu səsdən yenidən doğulurdu, …yeni qanadlarla, yeni arzularla və …insan kimi.
Dostları ilə paylaş: |