Bir təşnənin divarın üstündən su arxına kərpic atması
Bir arxın kənarında, vardı hündür bir divar,
Divar üstündə bir şəxs eyləyirdi ahü-zar.
O çox susuz-təşnəydi, ah-nalə eyləyirdi,
Məst bir aşiq kimiydi, yanğıdan inləyirdi,
Divar mane olurdu, onun su içməsinə,
Susuz balıq tək yanır, səs verən yox, səsinə.
Divar həmin şəxs üçün suya hicab144 tək oldu,
Fəğanı ərşə çatdı, dərddən saraldı-soldu.
Birdən kərpic qoparıb həmin şəxs suya atdı,
Su səsi xitab kimi, qulağına tez çatdı.
Sanki əziz dostunun, şirin ləzzətli səsi,
Məst edirdi o şəxsi, verdiyi hər müjdəsi.
Su səsi eşitməklə oldu sınaqdan keçən,
Həm kərpic suya atan, həm də kərpici sökən.
Su səsləyirdi ehey, sanki deyirdi belə,
Sənə fayda gəlirmi, kərpici atmaq ilə?!
Təşnə dedi: - Var mənə, iki fayda çəkmə qəm,
Mənim bu sənət ilə, yox olsa da əlaqəm.
Birinci fayda odur, eşidirəm su səsin,
O səs mən tək təşnəyə, verir suyun nəfəsin.
Onun səsi mənimçin,İsrafil suru kimi,
Ölüləri dirildən, bir həyat nuru kimi.
Ya da bahar fəslində, ildırım səsi kimi,
Bağa gözəllik verən, yağış nəfəsi kimi.
Ya dərviş sevindirən, verilən zəkat kimi,
Ya məhbus sevindirən, verilən nicat kimi.
Rəhman nəfəsli olur, xoşbəxtlikdən dəm vurur,
Məhəmmədə çataraq ağızsız zehnə dolur.
Ya da Əhməd Mürsəlin, ətri kimi yayılır,
Sanki günahkarlara şəfaət payı alır.
Gah Yusifin ətri tək, ətirli, lətif olur.
Gah da qoca Yaqubun zəif canına dolur.
Ya dinclik məkanına behişt nəsimi dolur,
Günahkarlar ruhuna minnətsiz şəfi145 olur.
Ya qara misə tərəf, kimyanı ötürür O,
Deyir: - Ey əbləh buyur, xoş xəbər yetirir O!
Ya Leylidən söz deyir, ya da Məcnundan kəlam,
Ya da Vis və Raminə, göndərir alqış, salam.
Başqa faydası isə, hər kərpicdir bir hədəf,
Söküb yaxınlaşıram, axar sulara tərəf.
Hündür olan divardan kərpiclər azalaraq,
Divarlar alçaqlaşır, suya da artır maraq.
Divarın alçalması, yaxınlığı törədir,
Onun davam etməsi qovuşmağa görədir.
Palçıq kərpici sökmək, səcdəyə başa gəlib,
Bunun səbəbkarı da olub «Vəscud vəqtərib»!
Nə qədər ki, bu divar boyumdan çox hündürdür,
Səcdə eyləmək üçün maneçilik törədir.
Səcdəylə ələ gəlməz, müqəddəs abi-həyat.
Nə qədər ki, tapmırsan, torpaq tənindən nicat.
Olsa şiddətli susuz, hər kim divar başında,
Daha tez kərpic sökər, çatar murada sonda.
Hər kim daha çox aşiq olarsa, «su» səsinə,
Torpaq hicabın sökər, daha tez həvəs ilə.
Kim ki, suyun səsindən bezərək təngə gəlsə,
O biganə eşitməz, səsdən başqa, bir nəsə.
Ey, xoşbəxt o insandır, əzəldən qənimətli!
Öz borcunu ödəyir, ömür sürür nemətli.
Həmin o, əyyamda ki, onun qüdrəti varmış,
Səhhəti, gücü, qəlbi, zoru-qüvvəti varmış.
O əyyamda cavanlıq, gül-çiçəkli bağ kimi,
Təəssüflənməyənə, qaymaq kimi, yağ kimi.
Qüvvət ilə şəhvətin axar çeşmələri var,
Pislərin bədənində, yer alıb axır onlar.
Məmur evi, tavanı, əlçatmazdır çox hündür,
Ədalətli böyüklər, qarışıqsız vurğundur.
Göz nuru, bədən gücü, lazımınca yerində,
Möhkəm saray, nurlu ev, şəfa, məncə yerində!
Qənimət hesab eylə, cavanlığı ey oğul,
Başını aşağı sal, sök kərpici, arif ol.
Qocalığın əyyamı, çatmasa da həddinə,
Boynunu bağlayarlar, «Həblun min məsədd» ilə!146
Torpaq şoranlaşarsa xırdalanıb boş olar,
Nabatın şorluğundan, hansı insan xoş olar?
Güc suyu, şəhvət suyu, kəsilmiş mənbəsindən,
Nə özün, nə qeyrisi faydalanmaz səsindən.
Qaşların quşğun147 kimi, əyilmişdir aşağı,
Gözlərin nəmlənərək, qıyılmışdır aşağı.
Qıc olmadan sifətin, kərtənkələ beli tək,
Nitqin yox, acgözlük çox, diş gücsüz, əllə tut çək!
Belin iki qat olub, qəlbin süstləşib tamam,
Tən zəif, əl-ayaq sap, qüvvədən düşüb tamam.
Yol üstüdür, yemək az, at da tənbəl yeriyən,
Qəm güclü, darıxan qəlb, bədən xəstə, əriyən.
Ev viran, sərvət də yox, işlər olmuş nizamsız,
Qəlbi əfqanla dolu, dağarçıqlar, davamsız.
Ömür zay, əməl batil, səylər çox, yollar uzaq,
Nəfsi key, ürək qara, can səbirsiz, var uzaq.
Tüklər başında qar tək, ölüm qorxusu kəsər,
Bütün tən əzaları, yarpaq tək, tir-tir əsər.
Gün keçmiş, leş bədən ləng, yollar uzaqdan düşüb,
Iş məkanı virana, əməl, gücündən düşüb.
Pis xasiyyət kökləri, daha dərinə getmiş,
Kökləri çıxartmağa, qüvvə-gücün əritmiş.
Hakimin bir kişiyə -: «Yolun ortasında əkdiyin tikanlı kolu çıxart!» deməsi hekayəsi
Həmin kişiyə bənzər xoş danışan, sözü bol,
Bir kişi yol üstündə əkmişdi tikanlı kol!
Yoldan ötənlər onu danlayaraq dedilər:
-Kolu çıxart! Çıxartmam dedi, ötüşdü günlər.
Həmin o tikanlı kol, artırırdı budağın,
Toxunub qanadırdı, xalqın əlin, ayağın.
Xalqın libaslarını tikanlar dağıdırdı,
Dərvişlərin ayağın incidir, ağrıdırdı.
Elə ki, hadisədən, xəbərdar oldu hakim,
O xəbisin işindən qəlbi dar oldu hakim.
Onu çağırıb dedi: - Kişi çıxart o kolu!
Dedi: - Sabah çıxarıb təmizləyərəm yolu.
Sabah-sabah söz verib, müddətləri ötürdü,
O tikanlı ağac da yerindəcə oturdu.
Bir gün hakim söylədi: - Sən ey vədəsi yalan,
Gəl ey sözü sürüşkən, yasa gedən, yer altdan.
Dedi: - Sabah ey əmi, o kolu çıxardaram!
Dedi: - Əcəl gözləmir, gün keçir aram-aram.
Sən belə deyəndə ki, «sabah», bunu yaxşı qan!
Hər günün öz işi var, zaman keçir durmadan.
O pis tikanlı ağac cavanlaşdırır özün,
Sən ağac əkən isə, qocalırsan günbəgün.
Tikanlı kol güclənir, böyüyərək dirçəlir,
Kol çıxartmaq istəyən, süstləşərək kiçilir.
Tikanlı kol, hər gündə, hər anda yaşıllaşır,
Kolu çıxardan isə, qocalaraq çallaşır.
O daha cavan olur, sən də qoca, daha da,
Cəld ol, dünyanı dərk et, ömrünü vermə bada.
Hər biri tikanlı kol, sənin pis xasiyyətin,
Dəfələrlə batırar, ayağına xar148 yəqin.
Dəfələrlə pis əməl, səni peşiman edər,
Sonuçda işin sənin peşmançılıqla bitər.
Əgər başqa insanlar yorulub inciyərsə?
Sənin pis əməlindən, xalqa ziyan dəyərsə?
Sən qafilsən, bir an da dəhşətli halına bax!
Qalma biganə işə, dərk et, əhvalına bax!
Ya götür balta ələ, zərbəni vur mərdanə!
Vur Əlitək149 Xeybərin qapısın qır mərdanə!
Yaxud «Faruğ»150 kimi ol, ya da ki, «Siddiq»151 kimi,
Qeyri yol seç, qəbul et, ol dinə sadiq kimi.
Ya gülün qönçəsinə bir tikanı birləşdir,
Ya da atəş nuruyla, bir məkanı birləşdir.
Onun Nuru götürsün,atəşini narını,
Onun vüsalı etsin gül qönçəsi xarını.
Sən bir cəhənnəm kimi, osa bir mömin kimi,
Atəş söndürə bilən, mömin, əhli din kimi.
Nəbi demiş: - Mömini görsə Cəhənnəm əgər,
Mömin şəxsə yalvarar, qorxudan tir-tir əsər.
Deyər: - Uzaqlaş məndən, ey mənim padişahım,
Sənin Nurun aparar odumu, qalxar ahım,
Xülasə od yox olar, möminin nurlarından,
Çünki ziddsiz ziddləri, dəf etmək deyil asan.
Od Nurun ziddi olar axirətin günündə.
O qəhr ilə qarışar, busa ağıl donunda,
Sən odun şərarətin dəf eyləmək istəsən,
Rəhmət suyunu odun köksünə endirəsən.
O rəhmət suyunun da, çeşməsi mömin olmuş,
Həyat suyu təmiz ruh, gözəllik ona qalmış.
Sənin nəfsin qaçardır, bilirsən neçin ondan?
Çunki sən atəşdənsən, osa bulaq suyundan!
Sudan atəş onunçun qaçıban uzaq gedir.
Onun atəş xislətin su dağıdıb yox edir.
Sənin fikrinlə hissin, bil, nardan152 yaranmışdır,
Şeyxin hissiylə fikri, xoş nurdan yaranmışdır.
Onun nurunun suyu, atəşə damsa əgər?
Damcılar oddan çıxıb, sıçrar ətrafa gedər.
Əgər damcılanarsa, sanki ölüm rədd olar,
Sənin cəhənnəm nəfsin, soyuyaraq tam solar.
Əgər o yandırmasa, sənin gülüstanını,
Ədalətin, ehsanın, alçaltmaz ad-sanını.
Əgər bir şərin olsa, minlərlə gülüstanın,
Yox olar, tamam itər, nə ad qalar, nə sanın!
Sonra xoş əməl etsən, işin düz getsə əgər,
Xoş əməl bəhrə verər, açar lalə-süsənlər.
Yenə də doğru yoldan, uzaq keçirik, əbəs,
Qaytar bizi ey Ağam, yolumuz hardadır bəs?!
Demək istəyirik ki, pis əməlli ey «qoçaq»,
Ulağın çox tənbəldir, yolun uzaqdan-uzaq!
Yükün ağırdır sənin, yolunda quyular var,
Əyri getmə, duz yeri, qarşında doğru yol var!
Altmış yaşın yetişdi, tilovunu çəkirlər,
Dəniz yolunu tut sən, taparsan düz fikirlər.
Hər kim ağıllıdırsa, dəniz suyuna çatar,
Tələdən xilas olar, od-alovdan qurtarar,
Çünki zaman gözləmir, fürsətlər ötüb-gedir.
Səhradan sən üz çevir, doğru yol dənizdədir.
Yoxsa «isti qazanda» yanıb, olarsan büryan,
Belə pislik özünə heç kim etməz, bir oyan!
O «üç balıq» halını, həmin o arx məsəlin.153
Bu yerdə demək olar, etibarın bilinsin.
Oyan, ibrət götür sən, kömək istə Tanrıdan!
Səy edib, cəhdin eylə, məqsədinə çatasan!
Il ötdü vaxtsız oldu, əkin zamanı deyil,
Qaraüzlükdən qeyri, bir əməlin yoxdur, bil!
Ağacın gövdəsinə, köklərinə qurd dəymiş,
Onu qazıb çıxartmaq, yandırmaq vaxtı gəlmiş,
Tələs, tələs ey yolçu, vaxt ötüb-keçmək üzrə,
Ömrün günəşi enmiş, quyuya düşmək üzrə!
Bu qısa iki-üç gün, tezcə ötüb-keçəndir,
Comərdliyin yolundan bəs, dönməyin nədəndir?!
Saxladığın toxumun, öyrən sən miqdarını,
Sonuçda görəcəksən, yarpağını, barını.
Nə qədər ki, sönməmiş gövhər dolu çırağın,
Tələs piltə yağı tap, ey oğul, olmaz qayğın!
Elə et, əkin vaxtı tamamilə sönməsin,
Işi sabaha qoyma, sabah, ilə dönməsin!
Dostları ilə paylaş: |