Birisi duyğusunun, fəndlə düyünün açdı,
Onun ardınca hisslər, dəyişib, ondan qaçdı.
Həmin şəxs duyğusunun, hissizliyini gördü,
Gizli hisslər qayıtdı, hissizliyi ötürdü,
Bir qoyun arpa yedi, gileylənib söylədi:
-Necə mən udmuşamsa, elə də çıxmış dedi.
Qoyunlar, hissinizi, dəyişib, pak eyləyin,
Yam-yaşıl otlaq tapıb, oranı əzizləyin.
Sonra həmin məkanda, reyhan, sünbül otlayın,
Həqiqət çəmənində, ətirli gül otlayın376
Sənin hər bir duyğun da Peyğəmbər duyğusu tək,
Hisslərin hamısını, sən cənnətə tərəf çək!
Hisslər sənin hissinlə, bir-birinə sirr açar,
Dilsiz, bəzək-düzəksiz, görüş maraqlı keçər,
Ordakı həqiqətlər, açıq dillərə möhtac!
Sən özün də, bu işdə təxəyyüllərə möhtac!
Açıq-aşkar, əyani olan o həqiqətlər,
Heç təfsirə sıxışmaz, çox dərindir niyyətlər!
Çünki hər duyğu özü, olmuşsa bəndən sənin,
Fələklər barəndəki, pisdən daşınar yəqin.
Çünki «ğeşri»377lər içrə, ardıcıl dava gedir.
Boş dəri olan beyin, özün «ğeşri» hiss edir.
Dava-dalaş edənlər, düşsə sünbül üstünə,
Dənlər, hansı küləşdən, sən ayıra bil yenə!
Xülasə göylər «ğeşri», nur isə ruhun beyni
Bu aşikar, o gizli, olmuş ruh ilə eyni!
Cisim zahirdə olan, ruh isə məxfi gəlmiş.
Cisim bir biləng kimi, can özün bir əl bilmiş,
Yenə də ağıl özü, ruhdan daha məxfidir.
Hiss də o ruha tərəf, tez-tez hərəkət edir.
Bir hərəkət görəndə, düşünürsən canı var,
Bilmirsən ki, ağıldan, gizlənmək imkanı var!
Ölçülmüş hərəkətlər, sanuca çapıb gedər,
Yenidən mis əridib, elmiylə qızıl edər.
O münasib olmadan, əl işiylə qalmadan,
Mənim ağlıma batır, sən də ağıl var, oyan!
Vəhy ruhu nəql etmədən, daha da gizlin olar,
Çünki o qeybi bilən, başında sirr min olar!
Əhmədin heç kimsədən, ağlı gizlədilmədi,
Vəhyi çoxu tərəfdən, yaxşı dərk edilmədi,
Vəhyi qəbul edənin, ruhuna, baxış fərqli,
Bəzilər, həmin vəhyi, dərk etmədi, iş fərqli.
Bəzən cünün bildilər, bəzən heyran qaldılar,
Sonda haqq olduğunu, bilib, iman aldılar.
Ona yaxın şəxslərin, işi getmədi hədər,
Müsanın ağlı verdi, düşmənlərə qəm-kədər.
Ona dost olmayanlar, işin yamsılayırdı,
Musa qarşısındasa, özlərin pis sayırdı.
Qeybi bilmək işində, bənd olsa Musa ağlı,
Onda siçan kimilər, olar gözləri bağlı.
Təqlid elmi yaranmış, sanki satılmaq üçün,
Yaxşı olan müştəri, necə tapılsın onçun.
Elmi tədqiq eyləyən, müştəri, Haqq özüdür,
Onun hər vaxt bazarı, bazarların gözüdür.
Dodaq bağlı məst kimi, alış-veriş bazardır,
Haqq dəvəsidir deyə, hədsiz müştəri vardır.
Adəmə dərs verməkçin, mələklər müştəridir,
Dərs üçün məhrəm olan, nə divdir, nə pəridir.
Haqq Adəmə buyurdu: -Xalqa isimləri de!
Haqq sirrini şərh eylə, gizli cisimləri de!378
O şəxslər ki, həyatda uzaqgörən deyillər,
Onlar səbatsız olar, dəyişər, tökər dillər.
Siçanın adın çəkdim, onun məkanı torpaq,
Siçan üçün yaşayış, olar hər yanı torpaq.
O yolları tanıyar, lakin yerin altında,
Hər vaxt qazar torpağın, təkin yerin altında!
Siçanlıq nəfsi, yalnız, bir loğmadan ibarət,
Bilsə qədrini əgər, ömrü olunmaz qarət.
Çünki əziz Tanrımız, tam ac olmayan kəsə,
Bağışlamaz heç nəyi, möhtac qalmayan kəsə!
Bu dünya aləmində, lazım olmasan, yəqin,
Səni heç yaratmazdı, Uca «Rəbbil Aləmin!»379
Bu torpaq narahatdır, Uca dağa möhtacdır.
O əzəmət, o izzət, bu torpağa möhtacdır.
Ehtiyac olmasaydı, Göylər aləminə də,
Yoxluqdan yaratmazdı, Yeddi göyü yerində.
Bu Günəş, o parlaq Ay, ilğım vuran ulduzlar,
Ehtiyac olmasaydı, necə bəs parlardılar?!
Varlıqların kəməndi, ehtiyacdan yaranar,
Hacətin380 qədrinisə, kişilər alət sanar.
Ehtiyaclar artaraq, comərdliyə calanar,
Haqq Kərəmi dəniz tək, çoşaraq, dalğalanar.
Bu gədalar yoldadır, çətinlikdə batırlar,
Öz ehtiyaclarını, xalq üstünə atırlar.
Korluq, şillik, xəstəlik ağrı-əzabları da,
Ehtiyacdan dirçələr, rəhmət gülzarları da!
«Varlıq» deyər, camaat, duz-çörək, süfrə açın,
Mal Mənim, anbar Mənim, süfrəmdə yeyin-için.
Haqqımız göz verməmiş, kordur əslən siçanlar,
Çünki onlar olmuşlar, yer altını seçənlər!
Siçanlar gözsüzlüyü, yer altın Haqqdan dilər,
Çünki nəmli torpaqda, gözsüz keçinə bilər!
Oğurluqdan savayı, yer altından çıxmazlar,
Sanki Haqqdan utanar, Ona tərəf baxmazlar!
Oğurlar, sonra isə, yer altında gizlənər,
Gözlər, Haqq tərəfindən, nə vaxtsa bağışlanar.
Sonra qanad taparaq, bir quşa dönə bilər!
Sanki mələklər kimi, ərşə tərəf yüksələr!
Haqqa şükr eyləyərək, şadü-xürəm uçarlar,
Bülbül təkin yüz, nəva, sevincdən oxuyarlar!
Ey məni xilas edən, çirkin vəsfi etməkdən?!
Ey Sən cəhənnəmliyi, Behiştliyə çevirən?!
Piydən olan bir yağa, Sən vermisən işıqlıq,
Sümüyə bəxş etmisən, eşitmək tək yaxşılıq!
Həmin o mənaların, cismə nə bağlılığı?!
O dərk etmə, ağılın ismə nə bağlılığı?!
Kəlmə bir «yuva» kimi, məna bir «quşa» bənzər,
Cisim boş bir «arx» kimi, ruh axar, arxı bəzər.
Axarkən suyun üzü, arxa sarı fikirli,
Yaxşı-pisi zikr etmək, həm şərli, həm xeyirli.
O arxıyla düz axır, sanki hər şeyə vaqif.381
O axır tələsərək, sanki hər şeyə akif.382
Etməsəydi özünü, sular sirab torpaqla,
Dolardımı torpağın üstü, çör-çöp, budaqla?!
Sənin çör-çöpün olmuş, fikrinin surətləri,
Növbənöv gəlib çatır, eyibli niyyətləri.
Suyun üzərində də, fikir «arxı» yerişdə,
Çör-çöpsüz deyil yəqin, sevgi olan bu iş də!
Bu suyun üzərində, «qabıqlar» qol açmaqda,
Qeybilərin bağının, meyvəsindən qaçmaqda!
Qabiqların içini, bağın özündə axtar,
Çünki sular bağlardan, axaraq arxa çatar!
Əgər «Həyat suyunun», axmasını görməsən?!
Bu arxa, bitkilərə, bir az diqqət eylə sən!
Sular çox bol gələrsə, mane olma keç ondan,
Qoy Surun383 qabıqları, tezcə keçsin yanından.
Bu arxın suyu hədsiz, keçsə sürətlə əgər?!
Ariflər daxilində, qəmlə qeyb olub, itər?
Arx əgər həddən artıq, tələssə olsa dolu?!
Sığmaz öz daxilinə, sular itirər yolu!
Yad bir şəxsin şeyxin arxasınca tənəli sözlər deməsi və şeyxin müridinin ona cavabı
Bir şəxs bir Şeyx dalınca, tənəli söz danışdı,
Dedi:- Pisdir həmin Şeyx, yolun azan tanışdı!
Şərab içən əyyaşdı, yağlı dilli xəbisdi!
Necə müridlərinə yol göstərər, hərisdi?!
Başqası ona dedi:- Ədəbli ol, ayıbdı!
Şübhəni tərk eylə sən, ağlın səndən qayıbdı?!
Uzaq ol ondan, uzaq, görünmə sən gözünə,
Sənin bu acı sözün, ləkə salar düzünə,
Belə böhtan söyləmə, Haqq yolunda qalana?!
Bu sənin xəyalındır, şər atma Haqq olana!
Belə iş ola bilməz, olsa da belə əgər,
Dənizin murdarlıqdan, nə qorxusu, dəngəsər?!
Namussuz, alçaq, rəzil, ağıl dəryası olmaz!
Əgər «pislik» damla sa, dəniz «pisliklə» dolmaz!
Od- alovİbrahimə, ziyan gətirə bilməz,
Hər kim Nəmrud olar sa, odu yatıra bilməz!
Nəfslər Nəmruda məxsus, ağıllı ruh Xəlilə!
Ruh nəfsə bir göz kimi, köməkdir hər dəlilə!
Bu dəlil, bu sübutdur, cığıra aparan yol,
O yol hər an səhrada, itə bilər, ayıq ol!
Vüsala çatanlara, gözdən, çıraqdan əvvəl,
Dəlildir nurlar saçan, dəlili sev, ağla gəl!
Arzuya çatmaq üçün, sübut gətirdi dilə,
Bəhsə girən dostları, xamuş eylədi, belə!
Baxma ata dünyanı, ağlıyla düzüb, qoşar.
Öz körpə uşağıyla, «uşaq dili» danışar!
Alimin ləyaqəti, üstünlüyü azalmaz,
Əgər desə, dost kasıb, kasıblıq belə qalmaz!
Onu təlim etməkçin, söz açıb deməlisən,
Öz dilindən xaricə, çıxmağı bilməlisən.
O bilən dilə en sən, onun dilində danış.
Səndən öyrənə bilsin, olsun həyatla tanış.
Xülasə, «uşaq kimi», bütün xəlq etdikləri,
Öyrədən lazım gəlir, öyrətsin bilikləri.
Həmən kəc danışana, Şeyxin müridi dindi,
Bir oturub, bir duran, şagirdi tez dilləndi.
Dedi:- Özünü vurma, iti qılınca, «ey dost»!
Şaha cavab qaytarmaq, xətadır məncə, «ey dost»!
Hovuz dənizə yanbız, vurub şən etsə əgər?!
Özünün varlığını, yoxluqla əvəz edər!
Belə dəniz tapılmaz, onun sahili olsun?!
Sizin leşliyinizdən, dənizin gülü solsun?!
Dənizlərin həddi var, sahili, sərhəddi var!
Şeyxin, onun Nurunun, nə sahil, nə həddi var?!
Hüdudsuzluq yanında, məhdudluq ola bilməz,
Heç nə Onun384 hökmündən, kənarda qala bilməz!
O var olan məkanda, küfrə, yamana yer yox!
Çünki, O beyin kimi, başqa gümana yer yox!
Onun olduğu yerdə iman, küfrün yox yeri!
O bir beynin oxşarı, küfr ilə iman dəri!
Bu fənalar Üzünün, pərdəsinə dönmüşlər,
Onun «teştinin» altda, çıraq kimi sönmüşlər.
Xülasə bu bədənin başı, o başa hicab,
O baş yanında, bu baş, kafərə bədən hesab!
Hansı kafər o Şeyxin imanından xəbərsiz?!
Hansı ölü o Şeyxin, tək canından xəbərsiz?!
Can olmaz təcrübədə, xəbərsiz xəbərlərdən,
Kimin xəbəri artıq, ömrü uzaq şərlərdən.
Ömrümüz artıq olmuş, heyvanların ömründən,
Nədən bəzi şeyləri, onlar bilir dərindən?!
Mələyin ömrü artıq, bizdəki ömürlərdən.
Çünki o təmizlənmiş, şübhəli fikirlərdən.
Mələyin canındakı, ürək Haqqdan güc almış,
Haqqa xidmət borcunu, ödəmiş borcsuz qalmış.
Onunçun Adəm olmuş, mələklərə səcdəgah,
Çünki onların canı, Tanrı əmrindən agah!
Yoxsa pis olanları, seçsən səcdəgah kimi,
Sözünə baxan olmaz, olarsan pis şah kimi!
Kim Haqqını tanıyar, bilər ədalətini?!
Görər gülün tikana, baş əymək adətini!
Elə ki, can yaşayıb, intəhaya qoşuldu,
Bütün şeylərin canı, onun mütisi oldu.
Balıq, quş, pəri, cinlər, insan övladlarından,
O böyükdür, onlarsa, kiçik Ustadlarından!
Hökmüylə balıq sudan, iynə gətirən olar,
Saplar da iynələrin, işin bitirən olar!
Dostları ilə paylaş: |