Nitqin yığcamlığı. Nitqin yığcamlığı geniş anlayışdır. Burada yığcamlıq dedikdə müxtəsərlik, fikrin qısa və aydın şəkildə ifadə olunması nəzərdə tutulur. Vaxtilə böyük Nizami demişdir:
Sözün çoxsa əgər çalış az olsun,
Yüz sözün yerində bir kəlmə qalsın.
Sədi Şirazi də nitqin yığcamlığını əsas amil saymışdır:
Düşünüb, sonra de sözü müxtəsər,
O qədər danışma “bəsdir” desinlər.
Yığcamlıq fikrin ən zəruri sözlərlə, söz birləşmələri və cümlələrlə ifadə olunmasıdır. Bu, nitqdə sözçülüyə qarşı qoyulan bir anlayışdır. Sözçülük adətən iki formada özünü göstərir: a) nitqdə artıq sözlərin, ifadələrin işlənməsi, fikrin təkrarı, eyni bir mətləbin ayrı-ayrı cümlələrlə bir neçə dəfə ifadə olunması; b) çox danışmaq, uzunçuluq.
Az savadlı insanların nitqində konkretlik, yığcamlıq, adətən, az olur. Onların fikrində ümumi fikirlər yer tutur, artıq, lüzumsuz təfərrüatlara yol verilir. Prof. Ağaməmməd Abdullayev konkretlikdən məhrum olan nitq haqqında danışarkən göstərir ki, əşya və hadisə barədə, “ümumiyyətlə”, danışmaq, fikir irəli sürmək olmaz. Məşhur səhnə ustası Stanislavski “ümumiyyətlə” sözünü çox qeyri-müəyyən və dəhşətli söz adlandıraraq qeyd edir ki, bu sözdə çox böyük səhmansızlır və qarışıqlıq vardır.
Plutarx nitqin gücündən danışarkən demişdi: “Nitqin gücü az sözlə çox şey söyləmək bacarığıdır”. İngilislər, amerikanlar öz danışıq və yazılarında yığcamlığa ciddi fikir verir, “sözlərə sıxlıq, fikirlərə genişlik prinsipinə ciddi əməl edirlər”. Amerikalıların nitq praktikasından belə görünür ki, onlar yazılı nitqdə əsas məqsədi ifadə edən sözü işlədirlər və uzun yazılmış mətnləri oxumurlar. Amerikalı bir adamı, yaxud təşkilatı müəyyən münasibətlə təbrik etmək istədikdə vərəqin orta hissəsində təkcə “Təbrik edirik” cümləsini yazır və zərfə qoyub göndərirlər. Bizçə, belə yığcamlıq da zəzuri şərt deyil.
Lakin nitqə lazım olan zəruri yığcamlığı gözləmək natiqlik praktikasında xüsusi rol oynayır. Natiq “sözə sıxlıq, fikirlərə genişlik” prinsipini əsas götürərək geniş mətləbləri yığcam şəkildə, həyati faktlar, nümunələr əsasında ən zəruri söz və ifadələr işlətməklə dinləyicilərə çatdırmağı bacarmalıdır.
Nitqin düzgünlüyü. Düzgün nitq o nitq hesab olunur ki, orada dilin fonetik, leksik və qrammatik qayda-qanunları pozulmasın. Nitqin düzgünlüyü nitq mədəniyyətinin birinci şərtidir. Amma çox zaman göstərilir ki, düzgünlük həm yazılı, həm də şifahi nitqdə qrammatik qaydalara əməl etməkdir. Lakin təkcə bunlara əməl etmək kifayət deyil. Qrammatikanı bilən adamlardan elələrinə təsadüf olunur ki, onların nə yazdığını oxumaq, nə də danışığını dinləmək, anlamaq mümkündür. Belələrinin nitqi cansız, təsirsiz və qüsurlu olur. Düzgün nitqə yiyələnmək üçün qrammatikanın qaydalarını bilməkdən əlavə, ədəbi dilin digər normalarına da əməl etmək lazımdır. Bunun üşün cümlələr məntiqi cəhətdən düzgün qurulmalı, ordakı fikirlər aydın olmalı, münasib sözlər seçilməli və onlar düzgün tələffüz edilməlidir. Nitqin düzgünlüyü üçün lazım olan şərtlərdən biri də ifadə olunan fikrin reallıqla bağlılığı, onu düzgün əks etdirməsidir. Reallıqdan uzaq olan nitq hansı mövzuda olursa-olsun maraqsızdır. Nitqdə reallıqdan uzaqlaşma, əsasən, iki səbəbdəb irəli gəlir: birincisi, mühazirəçinin bilərəkdən faktları, hadisələri, onların səbəb və nəticələrini təhrif olunmuş şəkildə şərh etməsidir. Məsələn, məktəb direktorunun mənimsəmə faizini şişirtməsi, layiq olmadan edilən təriflər, noqsanları ört-basdır etmsi və s. nitqin düzgünlüyünə xələl gətirir.
Nitq mədəniyyətilə bağlı ədəbiyyatlardan birində deyilir: “Fikrimizcə, bu gün nitq mədəniyyətinin səviyyəsi hər şeydən qabaq, ifadə olunan fikrin həqiqiliyi, doğru-düzgünlüyündən çox asılıdır. Əlbəttə, nitq mədəniyyəti baxımından ədəbi-tənqidi fikrin ifadə tərzi hər cəhətdən nümunəvi olmalıdır. Lakin zahirən axıcı, rəvan, sığallı nitq yalanı həqiqət adına ifadə edirsə, bu cür nitq mədəniyyəti səviyyədən uzaqdır”(s. 109. Məlumat üçün bax; Azərbaycan nitq mədəniyyəti problemləri, Bakı, 1988).
Təsadüfi deyil ki, görkəmli şair və yazıçılarımız sözün reallığına, düzgünlüyünə həmiçə böyük dəyər vermiş, yalan danışmağı qəbahət saymışlar. Hələ vaxtilə böyük Nizami yalanı pisləyib, döğru danışmağı yüksək dəyərləndirmişdir:
Dostları ilə paylaş: |