5.NİTQİN İFADƏLİLİYİ, İNTONASİYASI, VURĞU
Natiq fikrini düzgün, aydın, məqsədəuyğun ifadə etməklə yanaşı, onu cazibəli, təsirli, emosional bir formada verməyi, dinləyicinin qəlbinə, zehninə nüfuz edə biləcək inandırıcı dil vasitələrindən istifadə etməyi də bacarmalıdır. Parlaq, kəskin, orijinal, ifadəli nitq dinləyicilərin hisslərinə təsir edir, marağını artırır, diqqətini cəlb edir, fikrin məzmununu yaxşı dərk etməyə kömək göstərir. Dinləyicilər natiqin mühazirələrindən ona görə razılıq edirlər ki, onun danışığı aydın, məzmunludur. Bu nitq güclü məntiq, tutarlı söz, ifadə, cümlələrdən ibarətdir, həm də ifadəlidir, təsirlidir, emosionaldır.
Söylənilən yuxarıdakı fikirlərdən görünür ki, mədəni nitqin qarşısında dayanan əsas tələblərdən biri də məruzəçinin danışığında intonasiya və ifadəliliyin gözlənilməsidir. İntonasiya və ifadəlilik əslində nitqdə bir-birinə yardım edən, müəyyən dərəcədə biri-birini tamamlayan vasitələr kimi də anlaşıla bilər.
Nitqin ifadəliliyi dedikdə isə, ən müvafiq, ən uğurlu dil vasitəsini tapıb işlətmək başa düşülür. Onu da bilmək lazımdır ki, nitqin ifədəliliyini, onun dəqiqliyindən fərqləndirmək o qədər də asan deyil. Nitqin ifadəliliyinə bəzən nitqin gözəlliyi də deyilir.
Nitqin düzgünlüyü hamıdan tələb olunur, nitqin dəqiqliyinə də hamı çalışmalıdır, nitqin ifadəliliyi isə, ilk növbədə, söz sənətkarlarına məxsusdur.
Nitqdə ifadəlik, emosiyanallıq müxtəlif vasitələrin köməyi ilə yaranır. Bura daxildir: intonasiya ( ton, vurğu, pauza və s.) leksik vahidlər: sinonim və antonimlər, frazeoloji birləşmələr, atalar sözü, zərb-məsəllər, məcazi mənalı sözlər, birləşmələr, təkrarlar və s. Sözlərin əsas mənasına əlavə rəng, məna verən bu ifadəçilik vasitələrinin köməyi ilə müəllim ən incə mətləbləri dinləyicilərə catdırır.
Natiqlik sənətində məntiqi danışığa daha çox əhəmiyyət verilir. Belə danışıq vasitəsilə natiq fikrini, mətnin məzmunun dəqiq və aydın şəkildə dinləyiciyə çatdırmaqla onun ağlına, düşüncəsinə təsir etmiş olur. Lakin məzmunun çatdırılması mühazirəçinin yeganə məqsədi deyil. Əgər danışan təkcə məntiqi qanunauyğunluğu əsas götürsə, başqa sözlə, danışığa fikrin ancaq ifadə forması kimi baxsa, nitq boyasız rəsm əsəri kimi təsirsiz olar və sönük çıxar. Nitq emosional boya kəsb etdikdə təsirli olur, dinləyicini daha çox özünə cəlb edir. Əksinə intonasiya çalarından məhrum olan nitq, süstlük, həddindən artıq sürətli və yavaş danışıq, diksiyanın pozulması və s. dinləyicini yorur.
Dostları ilə paylaş: |