Fonetik norma. Bir az əhatəli deyilsə, fonetika dil səslərinin dəyişməsini, səs-fonem problemini, heca, vurğu, intonasiya, fonetik qanun və hadisələri araşdırır, nizama salır. Sözün ədəbi dildəki tələffüz qaydası orfoepik norma, yazılış qaydası isə orfoqrafik norma adlanır. Sözün düzgün yazılışı və tələffüzü bu fonetik normalar daxilindədir. Qrammatik normalar da orfoqrafiyanın orfoepiya ilə əlaqəli öyrənilməsində bir vasitədir, sözlərin düzgün yazılışına və deyilişinə bir yardımçıdır. Orfoqrafiya qaydaları hamı üçün vacibdir. Orfoqrafiya yazıda ikiliyin, müxtəlifliyin qarşısımı alır. Orfoqrafiya ilə orfoepiya arasındakı fərqi aradan qaldıran, onları bir-birinə yaxınlaşdıran fonetik prinsipdir.
“Orfoqrafiya” sözü yunan mənşəli söz olub “düzgün yazıram”, “orfoepiya” sözü də yunan mənşəli olub “tələffüz qaydalarını gözləmə” anlamındadır. Yazılı və şifahi nitqdə də orfoepik, yaxud orfoqrafik normaya riayət edilmirsə, deməli, fonetik norma pozulmuş olur.
“Danışdığımız kimi yazmalı”, yoxsa “yazdığımız kimi danışmalı” sualı ədəbi dilin inkişafını düşünən dilcilərimizi, ədəbiyyatşünaslarımızı, yazıçı və ziyalılarımızı daim düşündürmüş, XX əsrin 20-30-cu illərindən bu suala aydınlıq gətirilmişdir. B. Çobanzadə, V. Xuluflu, Ə. Dəmirçizadə, M. Şirəliyev, M. Hüseynzadə, Ə. Əfəndizadə və başqalarının bu sahədə böyük əməyi olmuşdur. Bir fikir qəti şəkildə aydınlaşdırılmışdır ki, danışdığımız kimi yazmaq yazıda hərc-mərclik yaratdığı kimi, yazdığımız kimi danışıq da nitqimizdə bayalılığa (quruluğa) gətirib çıxarır. Bunların heç biri mütləq götürülməməlidir.
Dostları ilə paylaş: |