Eyb və nöqsan sifətlərdən uzaq və pak olan Allah, (itaətə möhtac olduğu və ya itaətsizlikdən qorxduğu üçün deyil) bəndələrini Öz əzabından saxlayıb onları cənnətə göndərmək üçün bəndəlik və itaətə savab və günaha cəza müəyyənləşdirib.
361
İmam Əli əleyhis-salam (fitnəkarların və fitnəkarlıq zamanının məzəmmətində) buyurmuşdur:
İnsanlar üçün elə bir dövran gələcək ki, onda Qur’andan nişanədən (mənaları və həqiqətləri barəsində düşünmədən yazıb oxumaqdan), İslamdan isə addan (onun hökmlərinə əməl etmədən şəhadətləri deməkdən) başqa bir şey qalmayacaq. Həmin zamanda onların məscidləri bina (zinət və gözəlliyi) baxımından abad, hidayət baxımından isə (onlarda pərhizkar və hidayət edən olmadığı üçün) virandır və onların sakin və abadlaşdıranları (məsciddə toplaşanlar) yer üzünün ən pisləridirlər. (Çünki) onlardan fitnə xaric olar və onlarda itaətsizlik və günah yerləşər. Həmin fitnədən kənarlaşan hər bir kəsi ona qaytararlar və ondan arxada qalanı ona tərəf apararlar. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah buyurur: Öz haqqıma and içmişəm ki, həmin insanlar üçün səbrli və ağıllıların onda (ondan qurtulmaqda) sərgərdan qaldığı bir fitnə göndərim. Həqiqətən (O, dediyini) edəndir. Biz Allahdan (fitnəkarlar kimi əbədi cəzaya düçar olmamağımız üçün) qəflət və xəbərsizlik günahından keçməsini istəyirik.
362
Nəql edilib ki, İmam Əli əleyhis-salam çox az vaxtlar istisna olmaqla həmişə minbərə çıxanda xütbədən qabaq (pərhizkarlıq barəsində belə) buyurardı:
Ey insanlar! Allahdan qorxun. Heç kəs boş yerə yaradılmayıb ki, oynasın; özbaşına buraxılmayıb ki, yersiz və bihudə iş görsün. Onun özünü bəzəyərək gözəl göstərən dünyası pis baxışın ona çirkin kimi göstərdiyi axirətin əvəzi və yerini tutan deyil. Həmçinin ən yüksək əzm və çalışqanlıqla dünyadan istədiyini əldə edən aldanmış kəs, axirətdən ən az payını və nəsibini əldə etmiş digəri kimi deyil.1
363
İmam Əli əleyhis-salam (bəyənilən və xoşagələn xislətlər barəsində) buyurmuşdur:
(İnsanı dünya və axirət səadətinə qovuşduran) İslamdan uca heç bir şərəf və böyüklük yoxdur. Pərhizkarlıqdan (Allahdan qorxmaq və Ona itaət etməkdən) üstün izzət, çəkinməkdən (günahdan və haram olması şübhəli şeylərdən özünü saxlamaqdan) gözəl və möhkəm sığınacaq və tövbədən səmərəli və nicatverici şəfaətçi yoxdur.2 Qənaətdən zəngin xəzinə yoxdur və verilmiş ruziyə razı olmaq kimi heç bir sərvət yoxsulluğun qarşısını almır. Ona çatmış şeylə kifayətlənən kəs rahatlığa qovuşub və dinclikdə oturaq salıb. Dünyaya meyl və rəğbət ən ağır çətinliyin açarı və giriftarçılığın miniyidir. Hərislik, təkəbbür və həsəd insanı günahlara düşməyə çağırır. Şər və pislik bütün çirkinlikləri bir yerə toplayır (əhatə edir).
364
İmam Əli əleyhis-salam (Həzrət Peyğəmbərin–səlləllahu əleyhi və alih–səhabələrinin yaxşılarından olmuş) Cabir ibn Abdullah Ənsariyə (din və dünyanın dayağı barəsində) buyurmuşdur:
Ey Cabir! Din və dünyanın möhkəmlik və bərqərarlığı dörd kəsin vasitəsi ilədir: öz elmini işlədən (onun əsasında davranan və onu xalqa öyrədən) alim, öyrənməyi eyb və ar bilməyən nadan, (başqası barəsində) öz yaxşılıq və ehsanında simiclik etməyən varlı, öz axirətini dünyaya satmayan yoxsul. Buna görə də alim öz elmini işlətməyəndə nadan öyrənməyi ar biləcək, varlı öz yaxşılıq və ehsanında xəsislik edəndə yoxsul axirətini dünyasına satacaq (nalayiq işlər görəcək).
Ey Cabir! Allah hər kimin nemətlərini (hər kimə əta etdiyi mal, sərvət, böyüklük və bu kimi lütfləri) artırsa, xalqın ona olan ehtiyacları (istəkləri) da artar. Buna görə də kim Allaha görə həmin nemətlərdə vacib olan şeyi yerinə yetirsə, Allah onları davamlı və həmişəlik edər. Amma kim onlarda vacib olanları Allaha görə yerinə yetirməsə Allah onları məhv və yox edər.
365
İbn Cərir Təbəri özünün tarix kitabında nəql edib ki, (İmam Əli əleyhis-salamın səhabələrinin yaxşılarından və) İbn Əş’əs ilə Həccaca qarşı müharibə etmək üçün üsyana qalxanlardan olmuş Əbdürrəhman ibn Əbi Leyla Fəqih camaatı cihada (Həccac ilə müharibəyə) həvəsləndirərkən belə deyirmiş: Biz (Siffeyn müharibəsində) Şam əhli ilə qarşılaşdığımız gün Əlinin – Allah saleh və xeyirxahlar içində onun dərəcəsini ucaltsın və ona şəhidlər və doğruçuların savabını əta etsin – (əmr be mə'ruf və nəhy əz münkər barəsində) belə buyurduğunu eşitdim ki:
Ey möminlər! Kim zülm və sitəm edilməsini və xalqın xoşagəlməz və nalayiq işlərə dəvət edilməsini görsə və onu qəlbi ilə inkar etsə, (qiyamət gününün sorğu-sualından) qurtulub və (günahdan) uzaq olub. (Bu, insan əl və dili ilə həmin şeyi inkar və rədd edə bilməyəndə və ya qorxu və zərər yetirilməsindən amanda olmayan zaman üçündür. Ümumiyyətlə onun hökmü yerlərinin müxtəlifliyi ilə dəyişir.) Kim onu dili ilə inkar etsə savab qazanıb və onun mükafatı qəlbi ilə inkar edəndən çoxdur. Allahın sözünün (din, tovhid və itaətin) uca, zalımların sözlərinin (şirk, küfr, azğınlıq və günahın) alçaq və xar olması üçün onu qılıncı (vuruşma) ilə inkar edən kəs isə hidayət və nicat yoluna çatıb, (Allahın bəyəndiyi) düz yolda dayanıb və (Allah və Peyğəmbərə) yəqinlik və inam onun qəlbində nurlanıb (aşkar olub).
366
İmam Əli əleyhis-salam özünün bu məzmunda (əmr be mə'ruf və nəhy əz münkər barəsində) olan digər bir kəlamında da buyurmuşdur:
Onlardan (inkar edənlərdən) bəziləri pislikləri öz əl, dil və qəlbi ilə inkar edir. Beləliklə, o, gözəl xislətləri sona çatdırıb, kamala yetirib. Bəziləri əli ilə deyil, dil və qəlbi ilə inkar edir. O, iki gözəl xislətdən yapışıb, birini (əl ilə inkar etməyi isə) zay edib. Bəzisi isə əl və dili ilə deyil qəlbi ilə inkar edib. O, üç xislətin ən şərəfli ikisini zay edib və bir xislətdən (qəlb ilə inkar etməkdən) yapışıb.1 Bəziləri isə nalayiq işləri dil, qəlb və əli ilə inkar etmir. O, dirilərin ölüsüdür.2 Bütün yaxşı əməllər və Allah yolunda cihad etmək, əmr be mə'ruf və nəhy əz munkərin müqabilində geniş dəryaya ağız suyu atmaq kimidir. (Çünki İslamın vücudu əmr be mə'ruf və nəhy əz münkər ilədir.) Əmr be mə'ruf və nəhy əz münkər əcəli yaxınlaşdırmır və ruzini azaltmır3. Əmr be mə'ruf və nəhy əz münkərin ən gözəli, zalım padşahın yanında (onu zülmdən saxlayan, xeyir və yaxşılığa sövq edən) bir haqq və düz sözdür (haqq söz deməkdir).
367
Əbu Cuhəyfədən4 nəql edilib ki: Əmirəl-möminin Əli əleyhis-salamdan (əmr be mə’ruf və nəhy əz münkər barəsində) belə buyurmasını eşitdim:
Məğlub olacağınız (bədbəxtçilik və ilahi rəhmdən uzaqda qalmağınız nəticəsində sizdən alınacaq) ilk şey əllərinizlə cihaddır (vuruşmaqdır ki, kafir və müşriklərlə müharibə etməyəcək, fasiq, zalım və günahkarlar barəsində Allahın müəyyən etdiyi cəza növlərini icra etməyəcək və onları məzəmmət edərək ədəbləndirməyəcəksiniz). Ondan sonra (itirəcəyiniz şey) dillərinizlə olan cihaddır (ki, günah və çirkin əməlləri eşidib görəcəksiniz, amma görməmiş və eşitməmiş sayacaqsınız). Ondan sonra isə qəlblərinizlə olan cihaddır (ki, zalım və pis əməl sahiblərinə xeyir yetirəcək, onlarla dostluq edəcək və onlara ehtiram göstərəcəksiniz).1 Buna görə də qəlbi ilə bəyənilən işi tanımayan və nalayiq əməli inkar etməyən kəs (yaxşı əməl sahiblərini sevməyən və pis əməlliləri düşmən hesab etməyən – bu, əmr be mə’ruf və nəhy əz münkər məsələsində vacib olan işin ən aşağı həddidir –) tərsinə çevriləcək və başı aşağı, ayağı isə yuxarı olacaqdır (dünyada rahatlığı olmayacaq və sərgərdan qalacaq, axirətdə isə səadətini əldən verərək əbədi cəzaya düçar olacaqdır).
368
İmam Əli əleyhis-salam (haqq və batil barəsində) buyurmuşdur:
Haqq (zahirdə) çətin və ağır, amma (batində) şirin, batil isə (zahirdə) yüngül və asan, lakin (batində) vəbagətiricidir (məhvedicidir).
369
İmam Əli əleyhis-salam (insanların aqibəti barəsində) buyurmuşdur:
Bu ümmətin ən yaxşısı üçün belə Allahın əzab və cəzasından arxayın və xatircəm olma. Çünki eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (Ə'raf surəsinin 99-cu ayəsində) buyurub ki: «فَلا يَأْمَنُ مَكْرَ اللّهِ إِلاَّ الْقَوْمُ الْخَاسِرُونَ» «Allahın cəzasından ziyana uğramış tayfadan başqa heç kəs xatircəm olmaz.» Bu ümmətin ən pisi üçün belə Allahın rəhm və mərhəmətindən naümid olma. Çünki eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (Yusuf surəsinin 87-ci ayəsində) buyurub ki: «إِنَّهُ لا يَيْأَسُ مِن رَّوْحِ اللّهِ إِلاَّ الْقَوْمُ الْكَافِرُونَ» «Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər.» (Buna görə də hamının işinin sonunun necə olacağını Allah bildiyi üçün heç kəs zahiri vəziyyətə arxayınlaşıb onun aqibətindən xatircəm və ya naümid olmamalıdır.)
Dostları ilə paylaş: |