Bildirişlər
1. Qafil insan ən mühüm hədələri də unudur.
2. Ümidinizi itirməyin. Çünki Allah xilaf çıxanlarla da fəzl və rəhmətlə rəftar edir.
3. Zərər-ziyandan yalnız Allahın fəzl və rəhməti sayəsində nicat tapmaq olar.
65. ﴿وَلَقَدْ عَلِمْتُمُ الَّذِينَ اعْتَدَواْ مِنكُمْ فِي السَّبْتِ فَقُلْنَا لَهُمْ كُونُواْ قِرَدَةً خَاسِئِينَ﴾
“Şübhəsiz ki, siz özünüzdən olanların şənbə günü itaətsizlik etdiyindən xəbərdarsınız. Biz onlara dedik: “Rədd olunmuş meymunlar şəklinə düşün.”
◘Tövratın hökmlərindən biri şənbə gününün tətil olmasının vacibliyi idi. Tamahkarlıq Bəni-İsraildən bir qrupunu yoldan çıxardı. Sonradan haqqında danışacağımız hiylə ilə şənbə günü işlədilər. Allah isə hiyləgər fərdləri meymun şəklinə saldı ki, başqaları üçün də ibrət olsun. Bu macəra “Əraf” surəsində də qeyd olunmuşdur.1 (Qeyd) Sifətin dəyişməsi ilahi əzabların və Allah qəhrinin gerçəkləşməsinin bir nümunəsidir. Məsihilərin də bir dəstəsi göydən süfrə (“Maidə”) nazil olduqdan sonra küfr etdilər. Onlar da meymun və donuz şəklinə salındılar. 2(Qeyd)
◘“Səbt” sözü işi dayandırmaq mənasındadır. “Nəbə” surəsinin doqquzuncu ayəsində bu söz yuxu ilə bağlı zikr olunmuşdur. Ona görə də yəhudilərin tətil günü sayılan şənbə günü “yəvmus-səbt” adlandırılmışdır.
◘Ayədəki “xasiin” sözü rədd etmək mənasındadır. Bu söz əvvəllər iti qovmaq mənasında işlədilərdi. Amma sonradan ümumi şəkildə istifadə olunmağa başladı. “Xasiin” sözü qrammatik baxımdan aqil kişilərə aiddir. Bu sözün işlədilməsində məqsəd bu ola bilər ki, ilahi əzab səbəbindən meymuna çevrilənlərin insani ağlı və ruhu yerində idi. Çünki, belə bir halda əzab daha da ağır olur. Məraği kimi bəzi təfsirçilər öz təfsirlərində meymuna çevrilməni təşbeh hesab etmişlər. Onların nəzərincə, burada itaətsizlik göstərənlər sadəcə meymuna bənzədilmişdir. Öz nəzərlərinə dəlil olaraq “Uzunqulaq kimi” “dördayaqlılar kimi” Quran təbirlərini misal göstərirlər. Guya həmin insanlar zahirən yox, mənən məsx olunmuş, meymuna çevrilmişlər. Amma “Ətyəbul-bəyan” təfsirində həzrət Peyğəmbərdən (s) belə bir rəvayət nəql olunmuşdur: “Allah küfr etdiklərinə görə tarixdə yeddi yüz ümmətin çöhrəsini dəyişmiş və onları on üç növ heyvana çevirmişdir.”3 (Qeyd)
◘Rəvayətdə bildirildiyi kimi, məsx məsələsi qiyamətdə insanların ruhuna uyğun olaraq daha da genişləndiriləcəkdir. Qiyamətdə insanlar on dəstədə məhşur olarlar:
1. Şayiə düzəldənlər meymun sifətində;
2. Haram yeyənlər donuz sifətində;
3. Sələmçilər başıaşağı vəziyyətdə;
4. Haqsız hakim kor vəziyyətdə;
5. Qürurlu eqoistlər kar və lal vəziyyətdə;
6. Əməlsiz alim dilini çeynəyən halda;
7. Qonşunu incidən kəs əl-ayağı kəsilmiş vəziyyətdə;
8. Xəbərçi oddan şaxələrə asılmış halda;
9. Əyyaşlar leş tək üfunətli halda;
10. Zülmkarlar oddan paltar geymiş vəziyyətdə. (“Məcməül-bəyan”, Nurus-səqəleyn”, “Safi” təfsirləri)
Dostları ilə paylaş: |