◘Ayədə müsəlmanlara göstəriş verilir ki, öz müxaliflərinə belə desinlər: Biz Allaha, haqq olan bütün peyğəmbərlərə və Allah tərəfindən nazil edilənə iman gətirmişik. Özünəgüvənmə və ya irqi təəssüblər hansısa hökmü qəbul, hansısa hökmü inkar etməyimizə bais olmur. Biz istər həzrət İbrahimdən qabaq gəlmiş Adəm, Şeys, Nuh, Hud, Saleh kimi peyğəmbərlərə, istərsə də İbrahimdən sonra gəlmiş Süleyman, Yəhya, Zəkəriyya kimi peyğəmbərlərə iman gətirmişik. Aşkar dəlil və möcüzə ilə gəlmiş bütün peyğəmbərləri ağlımızın hökmü ilə qəbul edirik.
◘“Əsbat” nəvə mənası verən “sibt” kökündəndir. Bu söz Yaqubun on iki övladından vücuda gəlmiş on iki Bəni-İsrail qəbiləsinə işarədir. Onların arasında peyğəmbərlər olmuşdur.
◘“Və ma utiyə Musa və İsa”, yəni sizdə olan hər şeyi yox, həmin iki peyğəmbərdə olan hər şeyi qəbul edirik. Ona görə də “və ma utiytum” təbiri işlədilməmişdir. Əgər çıxış yolunu yalnız məsihilik və ya yəhudilikdə gördüyünüz üçün dəvətinizi qəbul etmiriksə, dəlilimiz budur ki, Allahın dinində xurafatlar yaratmısınız. Əslində isə biz həqiqi Tövrat və İncili qəbul edirik. Bu həmin səmavi kitablardır ki, onlarda İslam peyğəmbərinin zühur və besəti haqqında xəbər verilmişdir.
Dostları ilə paylaş: |