Nöqtələr
●“Təbarək” sözü “bərək” sözündən olub “sabit” mənasını, “bərəkət” sözündən olub “çoxlu xeyir” mənasını ifadə edə bilər. Yəni Quranı nazil edən kəs misilsiz xeyir qaynağıdır. Quranın nazil edilməsi onun xeyir-bərəkət nümunəsidir. Bəli, ilahi qanundan üstün hansı bərəkət ola bilər?! Bu qanunlar tarix boyu milyardlarla insanı zülmətlərdən nura hidayət etmişdir.
●Nazil olma “ənzəlna” qəlibində birdəfəyə göndərişi, “nəzzələ” qəlibində isə tədrici göndərişi bildirir. Quran hər iki şəkildə nazil olmuşdur: Bir dəfə qədr gecəsində bütövlüklə1, digər dəfə 23 il ərzində tədricən.2
Bildirişlər
1. Quran mübarək bir qaynaqdan nazil edilmişdir.
2. Həm təkvini nizam (təbii yaranış), həm də təşrii nizam (Quran və dini hökmlər) tərifəlayiqdir.
3. Quran tədricən nazil olmuşdur.
4. Quran haqqı batildən ayırmaq üçün ən üstün vasitədir.
5. Əgər səmavi kitablar və peyğəmbərlərin risaləti olmasaydı, insanlar qeyri-müəyyən vəziyyətdə qalardı.
6. Allaha bəndəlik vəhy əldə etmək üçün zəmindir.
7. İslam Peyğəmbərinin (s) risaləti ümumbəşəridir.
8. Peyğəmbərlərin vəzifəsi xəbərdarlıq etmək və qorxutmaqdır.
Ayə 2:
﴿الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَلَمْ يَتَّخِذْ وَلَدًا وَلَمْ يَكُن لَّهُ شَرِيكٌ فِي الْمُلْكِ وَخَلَقَ كُلَّ شَيْءٍ فَقَدَّرَهُ تَقْدِيرًا﴾
“Göylərin və yerin hökmünə sahib Allah heç bir övlad götürməmişdir. Mülkündə Ona şərik yoxdur. Hər şeyi yaratmış və lazımınca ölçü götürmüşdür.”
Nöqtələr
●Müşriklər, yəhudilər və məsihilər hərəsi bir şəkildə Allaha övlad aid etmiş, şərik qoşmuşlar. Qurani-Kərim bu xurafi əqidəni dəfələrlə, o cümlədən bu ayədə rədd etmişdir.
Bildirişlər
1. Varlıq aləminin hökmü Allaha məxsusdur. (Varlıq aləminə bir nizam, bir iradə və müdiriyyət hakimdir.)
2. Allah bütün varlıq aləminə eyni dərəcədə hakimdir.
3. Allah ehtiyacsızdır. (Övlad istəyi hansısa ehtiyaclardan yaranır. Varlığın hökmü əlində olanın nə ehtiyacı?!)
4. Bütün yaranmışlar vahid qüdrət çeşməsindən qaynaqlanmışlar.
5. Varlıq aləminin tədbiri onu yaradanın əlindədir.
6. Yaranışın hesab-kitabı var.
7. Varlıq aləmində çox dəqiq tədbir tökülmüşdür.
Ayə 3:
﴿وَاتَّخَذُوا مِن دُونِهِ آلِهَةً لَّا يَخْلُقُونَ شَيْئًا وَهُمْ يُخْلَقُونَ وَلَا يَمْلِكُونَ لِأَنفُسِهِمْ ضَرًّا وَلَا نَفْعًا وَلَا يَمْلِكُونَ مَوْتًا وَلَا حَيَاةً وَلَا نُشُورًا﴾
“(Müşriklər) Onun (Allahın) yerinə heç bir şey yaratmamış və özü yaranmış məbudlar götürdülər. (Bu yalançı məbudlar) özləri üçün heç bir zərər və fayda sahibi deyildirlər, (başqalarına) ölüm, həyat və Qiyamət haqları yoxdur.”
Bildirişlər
1. Allahpərəstlik fitridir. Bir Allahdan üz çevirən insan yalançı tanrıların sorağınca gedir.
2. Müşriklərlə də dəlillər əsasında danışın. Hətta heyvanlar faydalanmaq və şəri dəf etmək imkanına malikdir. Heyvanlarda olan bu qüdrət bütlərdə olmadığından onlar heyvandan da əskikdir.
3. Allahın bütün problemlərin həllinə və düyünlərin açılışına qadir olması insanın bəndəlik dəlilidir. Bütlər isə bu imkanlardan məhrumdur.
4. Özündən zərəri dəf edə bilməyən və faydalanmaq imkanından məhrum olan kəs başqaları üçün iş görmək gücündə deyil.
5. Zərərin dəfi mənfəət əldə olunmasından öndə gəlir.
6. Hər hansı iş ya dünya, ya da axirətə aid məqsədlə həyata keçirilməlidir. Bütlər isə dünya və axirətdə çarəsizdir.
Ayə 4:
﴿وَقَالَ الَّذِينَ كَفَرُوا إِنْ هَذَا إِلَّا إِفْكٌ افْتَرَاهُ وَأَعَانَهُ عَلَيْهِ قَوْمٌ آخَرُونَ فَقَدْ جَاؤُوا ظُلْمًا وَزُورًا﴾
“Kafir olanlar dedilər: “Bu Quran onun (peyğəmbərin) Allaha iftirasından başqa bir şey deyil və bu işdə ona kömək edənlər var.” Həqiqətən, (bu sözlərlə) böyük zülm və yalana yol verdilər.”
Nöqtələr
●“İfk” dedikdə yalan, “zur” dedikdə batil söz mənası anlaşılır.1 Quranda yalnız bu ayədə zülm” və “zor” sözləri yanaşı işlənmişdir. Çünki kafirlər peyğəmbərə böhtan atmaq və səmavi kitabı yalan saymaqla başqalarının hidayətinə (doğru yola gəlişinə) mane olurdular.
Bildirişlər
1. Kafirlər səmavi kitabı yalan saymaqla öz küfrlərinə don geyindirirlər.
2. Səmavi kitab və peyğəmbərlərin təhqiri kafirlərin qaydasıdır.
3. Quranın əzəmətini müxaliflər də qəbul edirlər.
4. Təhqir və böhtanla avamları aldatmaq, insanların tərbiyəsinə mane olmaq ən pis günahlardandır.
Ayə 5:
﴿وَقَالُوا أَسَاطِيرُ الْأَوَّلِينَ اكْتَتَبَهَا فَهِيَ تُمْلَى عَلَيْهِ بُكْرَةً وَأَصِيلًا﴾
“(Kafirlər) dedilər: “(Quran) onun özü üçün bir nüsxə yazdığı və səhər-axşam ona oxunan keçmişə aid əfsanələrdir.”
Ayə 6:
﴿قُلْ أَنزَلَهُ الَّذِي يَعْلَمُ السِّرَّ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ إِنَّهُ كَانَ غَفُورًا رَّحِيمًا﴾
“De ki, (bu Quranı) göylərdəki və yerdəki sirləri bilən kəs göndərdi. Şübhəsiz, O, bağışlayan və mehribandır.”
Nöqtələr
●Kafirlər həm Qurana irad tuturdular ki, onda yenilik yoxdur, keçmişlərin əfsanəsidir, həm dediklərini haradansa köçürməsi ilə bağlı Peyğəmbəri (s) şübhə altına alır, həm də Peyğəmbərə (s) kimlərinsə yardım göstərdiyini uydururdular.
●Əsatirdən danışan kafirlər belə düşünürdülər ki, həzrət üçün bunları kimsə yazır və deyir. Onlar Peyğəmbərin (s) savadlı olduğunu bildirir, kimsədən nəsə öyrənmədiyini rədd edirdilər.
●Ayədə Allahın kafirlərdən xəbərdarlığı bildirilir. Bəli, sirlərdən xəbərdar olan kəs, şübhəsiz ki, aşkardakı həqiqətlərdən də xəbərdardır.
Bildirişlər
1. Müxaliflərin sözlərini çatdırarkən dəqiq olun.
2. Hədyanlara cavab verin.
3. Quran əfsanə yox, sonsuz elm çeşməsindən qaynaqlanan həqiqətdir.
4. Quran bəşər tərəfindən yaradılmayıb, varlığın sirlərindən xəbərdar olan Allah tərəfindən göndərilib.
5. Quranda əsrarəngiz göstərişlər vardır.
6. Allah gizlindən və aşkardan eyni dərəcədə xəbərdardır.
7. Göylərdə bəşəriyyət üçün əlçatmaz sirlər var.
8. Hətta Quranı əfsanə, Peyğəmbəri (s) yalançı sayan kafirlər üçün də tövbə yolu açıqdır.
9. Təkcə bağışlamaq bəs etmir, mərhəmət də göstərmək lazımdır.
Ayə 7:
﴿وَقَالُوا مَالِ هَذَا الرَّسُولِ يَأْكُلُ الطَّعَامَ وَيَمْشِي فِي الْأَسْوَاقِ لَوْلَا أُنزِلَ إِلَيْهِ مَلَكٌ فَيَكُونَ مَعَهُ نَذِيرًا﴾
“(Kafirlər) dedilər: “Bu necə peyğəmbərdir ki, yemək yeyir, bazarlarda gəzir? Onunla birlikdə qorxutsun (və iddiasını təsdiqləsin) deyə, nə üçün mələk nazil olmayıb?”
Dostları ilə paylaş: |