Nöqtələr
●Günahkarların əzabının bir neçə dəfə artırılması ilahi ədalətə zidd deyil. Yalnız böyük və neçə qat əsəri olan günah müqabilində əzab artırılır. Məsələn, zinakar həm günah edir, həm də başqasını günaha sürükləyir. Üstəlik bu günahdan qeyri-qanuni övlad da doğula bilər ki, belə bir övladda mənfiliyə irsən meyl olasıdır. Başqa bir misal: Bir şəxsi qətlə yetirən insan həmin şəxsin yaxınlarının qəlbini parçalayır, ailəni başsız, övladları yetim qoyur, cəmiyyətdə ümidsizlik yaradır. Bu nəticələrin hər birinə görə ayrılıqda cəza vermək olar. Bəzən də fəsadçı bir şəxs cəmiyyətdə pis ənənənin bünövrəsini qoyur və bu ənənə tarix boyu davam edir. İnsanlar nəsil-nəsil bu ənənə səbəbindən günaha batdıqca həmin ənənənin bünövrəsini qoyan üçün də günah yazılır.
●Bütün alim və təfsirçilərin yekdil nəzərlərinə əsasən, zina ayrıca götürüldükdə əbədi Cəhənnəm əzabına səbəb olmur. Əbədi Cəhənnəm əzabı zinakar müşriklərə aiddir. Bəli, haqq və batil əqidə, küfr və şirk dünyagörüşü cəzaların ağırlığına təsir göstərir.
●İmam Rza (ə) buyurur: “Peyğəmbərə (s) dedilər ki, filankəs xeyli günaha batdığı üçün bədbəxtdir. Həzrət buyurdu: “Heç də sizin dediyiniz kimi deyil. Əksinə o nicat tapıb, xoş aqibətə çatıb, günahları aradan götürülərək xeyir əmələ çevrilib. Çünki bir gün o, yoldan keçərkən yol kənarında yatmış və ayıb yeri açıq qalmış bir mömin gördü. Dediyiniz şəxs möminin ayıb yerini örtdü və xəcalət çəkməsin deyə ona bu barədə heç nə demədi. Sonradan hadisəni görmüş üçüncü bir şəxs əhvalatı möminə nəql etdi. Mömin onun ayıbını örtmüş şəxs üçün dua etdi ki, Allah sənə böyük ətalar etsin, axirətini xeyirli qərar versin, səninlə yüngül hesab çəksin. Allah möminin duasını qəbul etdi və öncə günahkar kimi tanınmış şəxsin aqibəti xeyir oldu.
Həzrət Peyğəmbərin (s) bu müjdəsini eşidən günahkar bütün günahlarına tövbə qıldı və ibadət əhli oldu. Bir həftə sonra İslam düşmənləri Mədinəyə hücum etdiyi vaxt Peyğəmbər (s) müdafiə göstərişi verdi. Həmin şəxs müsəlmanlarla birlikdə müdafiəyə qalxdı və düşmənlə döyüşdə şəhadətə yetişdi. Onun ölümü xeyir və səadətlə başa çatdı.1
●Cəzanı bir neçə qat artıran amillər vardır. Həmin amillərdən bəzilərini nəzərdən keçirək:
1. Bəzən ictimai şəxsiyyətə malik olması günahların cəzasını ikiqat artırır. Allah-təala Peyğəmbərin (s) zövcələrinə buyurur: “Siz peyğəmbər zövcələrindən hansı biriniz pis iş görsə, ikiqat cəzası var.”2
2. Bəzən zaman günahı ikiqat artırır. Məsələn, cümə günü baş verən günah. Rəvayətlərdə bildirilir ki, cümə gününün xeyir və ya şəri ikiqat ölçülür.3
3. Bəzən günah başqa günahlara səbəb olur. Yəni günaha yol verən şəxs başqalarını da azdırır.4
Bildirişlər
1. Qiyamət cəzalarının kəmiyyət və keyfiyyət ölçüsü var.
2. İslamda çıxılmaz vəziyyət yoxdur. Günahlar üçün də qayıdış yolu var.
3. İman günah zamanı əldən çıxır, tövbə ilə geri qayıdır.
4. Tövbə təkcə dilə aid deyil, əhatəli bir inqilabdır. Saleh əməl həqiqi tövbə nişanəsidir.
5. Həqiqi tövbə və iman insanın işlərinə təsir göstərir, xoşagəlməz rəftarları aradan qaldırır.
6. Allah varlıq aləminin yaranışında torpaqdan çiçək yaratdığı kimi, insanın pis işlərini də yaxşı işlərə çevirə bilir.
Ayə 71:
﴿وَمَن تَابَ وَعَمِلَ صَالِحًا فَإِنَّهُ يَتُوبُ إِلَى اللَّهِ مَتَابًا﴾
“Tövbə edib saleh iş görən kəs həqiqətən Allaha doğru bəyənilmiş bir qayıdışdadır. (Və öz mükafatını alır.)”
Bildirişlər
1. Gerçək tövbə saleh əməllə müşayiət olunur.
2. Tövbə edən şəxs Allahın qonağıdır.
Ayə 72:
﴿وَالَّذِينَ لَا يَشْهَدُونَ الزُّورَ وَإِذَا مَرُّوا بِاللَّغْوِ مَرُّوا كِرَامًا﴾
“(Allahın bəndələri) o kəslərdir ki, batil işə durub baxmaz, boş işlərlə rastlaşdıqda böyüklüklə ötüb keçərlər.”
Nöqtələr
●“Şəhidə” sözünün iki mənası var: iştirak etmək və şahid olmaq. Bu ayədə hər iki mənadan istifadə edilə bilər. Yəni onlar nə pis yığıncaqlarda iştirak edər, nə batilə şahid olarlar. “Zur” dedikdə haqq libası geymiş batil iş nəzərdə tutulur. Təfsirlərdə bu söz batil şəhadət, yalan və ğina (haram musiqi) mənalarında təqdim olunmuşdur.
●İmam Sadiqdən (ə) nəql olunmuş bir rəvayətdə bildirilir ki, “zur” ayədə ğina mənasında qəbul olunmuşdur.1
●“Məcməul-bəyan” təfsirində oxuyuruq: “Kəramət odur ki, insan çirkin bir şeyin adını çəkməyə məcbur olduqda işarə ilə ad çəksin. İmam Baqirdən (ə) nəql olunmuş rəvayətdə oxuyuruq: “Onlar (kəramətli insanlar) ayıb yerin adını çəkmək lazım gəldikdə işarə ilə danışarlar.” Əlbəttə ki, bu, böyüklüklə rəftarın bir nümunəsidir.
●İmam Sadiq (ə) buyurdu: “Allah haram olanı dinləməməyi qulağa vacib etmişdir.” Sonra imam hazırkı ayəni tilavət etdi.2
Bildirişlər
1. Təkcə günaha yol vermək yox, həm də günah məclisində iştirak etmək və günaha şahid olmaq qadağandır.
2. İstənilən bir yığıncaqda istənilən bir məlumatı əldə etmək dəyər deyil. (Bəzən yığıncaqdan kənar olmaq zəruridir.)
3. Günah məclisində iştirak etməmək, günahkarlara etinasızlıq nəhy əz münkərin (pisliyə qadağanın) bir növüdür.
4. Fəsad məclisində iştirak hətta həqiqi bəndələrə də təsir göstərir.
5. Sözdə, işdə və istəkdə istənilən növ batil (“ləğv”) qadağandır. (Həqiqi Allah bəndələri ağıllı və faydalı məqsəd izləyir, öz ömürlərini boş işlərə sərf etmirlər.)
6. Pisliyə qadağa qoyarkən bəzən sərt rəftar lazım gəlir.
7. Pis düşüncələrin ruhumuzda möhkəmlənməsinə yol verməyək.
Ayə 73:
﴿وَالَّذِينَ إِذَا ذُكِّرُوا بِآيَاتِ رَبِّهِمْ لَمْ يَخِرُّوا عَلَيْهَا صُمًّا وَعُمْيَانًا﴾
“Onlara Rəblərinin ayələri xatırladıldıqda kor-koranə onu qəbul etməzlər, (agahlıqla əməl edərlər).”
Ayə 74:
﴿وَالَّذِينَ يَقُولُونَ رَبَّنَا هَبْ لَنَا مِنْ أَزْوَاجِنَا وَذُرِّيَّاتِنَا قُرَّةَ أَعْيُنٍ وَاجْعَلْنَا لِلْمُتَّقِينَ إِمَامًا﴾
“Onlar deyərlər: “Pərvərdigara! Bizə zövcələrimiz və övladlarımız tərəfindən gözümüzü işıqlandıracaq səbəb əta et və bizi təqvalılara imam qərar ver.”
Dostları ilə paylaş: |