Nöqtələr
● Həzrət Musanın (ə) günahı məsələsi ki, “Qəsəs” surəsinin 14-cü ayəsində də buna işarə olunmuşdur, bundan ibarətdir: Musa (ə) peyğəmbərlikdən öncə bir şəhərə daxil oldu və gördü ki, onun tərəfdarlarından biri fironçulardan biri ilə vuruşur. Musanın tərəfdarı ondan kömək istədi. Musa onu himayə edərək fironçuya bir yumruq vurdu. Musanın (ə) zərbəsindən sonra o, yerindəcə keçindi.
Bu məsələ ilə bağlı məntəqədə çaxnaşma yarandı və Musa qaçmağa məcbur oldu. Musa həmin şəxsi öldürmək məqsədi ilə vurmamışdı. O, sadəcə, məzlumu müdafiə etmək istəyirdi. Amma iş elə alındı ki, fironçular Musanı (ə) qatil kimi tanıdılar. Peyğəmbərlik məqamına çatdığı vaxt Musa (ə) Allaha ərz etdi ki, qorxuram fironçu kişinin ölümü mənim işimə mane olsun. “Kəlla” (belə deyil) təbirindən aydın olur ki, Musa (ə) həmin şəxsi qəsdən öldürməmişdi. Əks təqdirdə, Allah bilərəkdən qətlə əl bulaşdıranı Öz himayəsinə götürməzdi.)
Bildirişlər
1. İnsanların, hətta peyğəmbərlərin tutumu məhduddur. (Allahdan savay hər kəs, hər şey məhduddur).
2. Məsuliyyəti qəbul edərkən insan öz zəif nöqtələrini bildirməlidir.
3. Səmimiyyət və sədaqət peyğəmbərlərin bariz sifətlərindəndir.
4. Rəhbərlik, hidayət, təbliğ və tərbiyədə geniş qəlbə ehtiyac var.
5. Təbliğ və mübarizədə bəzən bir neçə nəfər yanaşı hərəkət etməli olur.
6. Zəif nöqtələri aradan qaldırın, amma məsuliyyətdən qaçmayın. Aradan qaldırılası nöqsanları olan şəxsə iş tapşırmaq olar.
7. Sağlam və qərəzsiz fərdlər onlara böyük məsuliyyət təklif olunduqda daha layiqli insanları məsləhət görürlər.
8. Fərdlərin keçmişi onların işdəki müvəffəqiyyətinə təsirlidir.
9. Qisas qanununun uzun keçmişi var. (Şəhadət peyğəmbərlərin arzusudur. Amma müqəddəs hədəflərin həyata keçməməsi onları qorxudur və nigaran qoyur!)
10. Təbliğə rəhbərlik üçün bir neçə nöqtə nəzərə alınmalıdır. O cümlədən: İctimai durumun araşdırılması, gələcəyin nəzərə alınması, təbliğ üçün təsirli zəminlər hazırlamaq.
11. Haqqı bəyan edərkən nə tərəfdarların azlığından, nə də müxaliflərin çoxluğundan qorxun.
12. Faydalı və münasib təklifi Allah da qəbul edir.
13. Nigarançılıq çəkənlərə təsəlli və yardım ilahi işdir.
15. Mühüm tapşırıqların icrasında dəqiq və anbaan agahlıq zərurətdir.
16. Peyğəmbərlərin möcüzələri hidayət vasitəsi və onların ümmətlər üçün azuqəsidir.
17. Allah bizim işlərimizin xırdalıqlarından xəbərdardır. O hər yerdədir və hər şeyi görür.
18. Təşkilatlanmış və pozucu qruplarla mübarizə üçün öncə onların qaynağına üz tutun.
19. Başqalarını haqqa dəvət edərkən səmimi və qətiyyətli olun.
20. Xalq üçün peyğəmbər göndərmək Allahın rübubiyyət şənlərindəndir.
21. Bütün varlıq aləmi bir növ inkişafdadır.
22. Bütün varlıq aləmi Allahın tədbirinə tabedir.
23. Bütün peyğəmbərlərin bir məqsədləri var.
24. Özünü rəbb sayan kəsə aləmlərin Rəbbindən danışmaq lazımdır.
25. Eyni bir dövrdə iki peyğəmbər göndərilsə, onlardan biri rəhbər olur.
26. Xalqı zalımların əsarətindən azad etmək peyğəmbərlərin proqramlarında ilk maddədir.
Ayə 18-19:
﴿قَالَ أَلَمْ نُرَبِّكَ فِينَا وَلِيدًا وَلَبِثْتَ فِينَا مِنْ عُمُرِكَ سِنِينَ وَفَعَلْتَ فَعْلَتَكَ الَّتِي فَعَلْتَ وَأَنتَ مِنَ الْكَافِرِينَ﴾
“(Firon) dedi: “Səni uşaqlıqda biz saxlamadıqmı, ömrünün neçə ilini yanımızda qalmadınmı? Bununla belə öz bildiyini etdin. (Bizimkilərdən birini yumruqla öldürdün.) Sən nankorlardansan.”
Nöqtələr
●Firon iki cümlə ilə Musanın peyğəmbərliyini şübhə altına aldı: “Sən bizim nəzərimizdə qatilsən və qatildən peyğəmbər olmaz”; “Səni biz böyütdük, bizim lütfümüzə nankor oldun. Axı nankordan peyğəmbər olmaz”. Sonrakı ayələrdə Musanın (ə) cavabı bəyan olunur.
Bildirişlər
1. Minnət qoymaq və yaxşılığı üzə vurmaq təkəbbür əhlinin xüsusiyyətlərindəndir.
2. İlahi iradə Musanı (ə) Fironun ağuşunda böyüdür.
3. Böyütdüyümüz, elm öyrətdiyimiz, evləndirdiyimiz, məskən verdiyimiz və bu kimi yardımlar göstərdiyimiz kəsin haqq sözünü yaxşılıqlar bəhanəsi ilə inkar etməyək.
4. Allahın övliyaları yediyi çörəyə görə haqqı inkar etmir. Mühit, cəmiyyət onları dəyişə bilmir. (Musa (ə) demədi ki, uzun müddət Fironun süfrəsində oturduğumuza və bütün cəmiyyət ona təslim olduğuna görə bir kənara çəkilib susaq.)
5. Duz-çörək o demək deyil ki, süfrə sahibinin yanlış hərəkətlərini qəbul edək. (Musa (ə) Fironun duz-çörəyini yemişdi, amma onu özbaşına buraxmadı.)
6. Zalım rəhbərlərin yersiz istəklərinə etina göstərməyək. Təkəbbürlü başçılara qarşı nankorluq pis deyil.
Ayə 20, 21:
﴿قَالَ فَعَلْتُهَا إِذًا وَأَنَا مِنَ الضَّالِّينَ فَفَرَرْتُ مِنكُمْ لَمَّا خِفْتُكُمْ فَوَهَبَ لِي رَبِّي حُكْمًا وَجَعَلَنِي مِنَ الْمُرْسَلِينَ﴾
“(Musa) dedi: Mən onu (qətli) törədəndə xəbərsizlərdən idim. Sizdən qorxduğum üçün yanınızdan qaçdım. Sonra Rəbbim mənə hikmət bəxş etdi, məni peyğəmbərlərdən qərar verdi.”
Nöqtələr
●Ayədə “hukm” sözü ya Bəni-İsrailə hakimiyyət və himayədarlıq, ya da hikmət və bilik mənasını bildirir.
●Bu iki ayədə həzrət Musa (ə) Fironun iradlarına cavab verir.
İrəlidə deyildiyi kimi, həzrət Musa (ə) öz tərəfdarlarından birini himayə etmək üçün onun vuruşduğu müxalifə bir yumruq vurdu. Müxalif şəxs həmin zərbədən öldü. Bu qətl bilərəkdən və qətl aləti ilə yerinə yetirilməmişdi. Həmin hadisəni bilməyərəkdən baş vermiş yanlışlıq saymaq olardı. Hadisə Musanın (ə) peyğəmbərliyindən əvvəl və bir məzluma tərəfdarlıq məqsədi ilə baş vermişdi.
Ayədəki “zall”, yəni zəlalət, xəbərsizlik sözü məqsədsiz bir çaşqınlığı göstərir və Musanın (ə) ismətinə nöqsan gətirmir. Bu söz “Zuha” surəsinin 7-ci ayəsindəki kimi heyrət mənasında da başa düşülə bilər.
●Həzrət Əmirəl-möminin Əlidən (ə) soruşdular: “Nə üçün həzrət Peyğəmbərdən (s) sonra öz canişinlik haqqını qılıncla almadın? Nə üçün Təlhə, Zübeyr, Müaviyə ilə döyüşdüyün kimi xəlifələrlə döyüşdün? Həzrət buyurdu: “Bəzən sükut lazım gəlir. İbrahim buyurmadımı ki, mən sizdən kənara çəkilirəm?1 Harun buyurmadımı ki, xalq az qala məni öldürəcəkdi?2 Yusif buyurmadımı ki, mənim üçün zindan onların istəyini qəbul etməkdən üstündür? Peyğəmbər mağaraya getmədimi və mən də onun yerində yatdım? Musa buyurmadımı ki, qorxduğumdan qaçdım? Həzrət Lut günahkarların istəyinə belə cavab vermədimi ki, kaş qüdrətim olaydı, ya əmin-aman bir yerə sığınaydım?”3 Bəli, Allahın digər övliyaları da bəzən sükut etməyə məcbur olmuşlar.
Dostları ilə paylaş: |