Bildirişlər
1. İnsan üçün ən böyük iftixar Allaha bəndəlikdir. Çünki insanı ucaldan sonsuzluğa bağlılıqdır.
2. Hər bir şəxsin rəftarı onun kimliyini göstərir. (Allahın həqiqi bəndələri təvazö nümunələridir.)
3. İslam əhatəli bir dindir, hətta yolu necə yeriməklə bağlı göstəriş verir.
4. İnsanın iman və etiqadı onun rəftarına təsirlidir.
5. Təvazökarlıq bəndəliyin səmərəsi və onun ilk nişanəsidir.
6. Allah bəndələrinin müdara və mülayimliyinin qaynağı qorxu və zəiflik yox, imandır.
7. Vüqar və mülayimlik möminlərin ən bariz sifətlərindəndir.
8. Bütün insanlara - qadınlara və kişilərə, kiçiklərə və böyüklərə, nadanlara və alimlərə - münasibətdə təvazökar olmaq lazımdır.
9. Cahillərlə cahil kimi rəftar etməyin.
10. Müdara, həlimlik və hövsələ möminlərin bariz sifətlərindəndir.
11. Həm əməldə, həm sözdə, həm də ibadətdə təvazökarlıq lazımdır.
12. Nadan və dəyərsiz insanlarla höcətləşməyin. (Onlar öz səviyyələrinə uyğun danışdıqları vaxt siz elm və kəramətlə cavab verin.)
13. İbadət üçün ən üstün vaxt gecədir. Gecə, namaz və münacat arasında güclü rabitə var. (Aram fəza, riyadan uzaqlıq və bir yerə toplanmış fikir gecənin bərəkətlərindəndir.)
14. Gecəni oyaq qalmaq, ibadətin davamı Allahın həqiqi bəndələrinin nişanəsidir.
15. İbadəti dəyərli edən ixlasdır.
Ayə 65:
﴿وَالَّذِينَ يَقُولُونَ رَبَّنَا اصْرِفْ عَنَّا عَذَابَ جَهَنَّمَ إِنَّ عَذَابَهَا كَانَ غَرَامًا﴾
“Onlar deyərlər: “Pərvərdigara! Cəhənnəm əzabını bizdən uzaqlaşdır. Onun əzabı üzücüdür.”
Ayə 66:
﴿إِنَّهَا سَاءتْ مُسْتَقَرًّا وَمُقَامًا﴾
“Həqiqətən Cəhənnəm pis yer, pis mənzildir.”
Nöqtələr
●“Ğəram” sözü insana qurtuluş yolu qoymayan müsibət mənasını bildirir. Bu müsibət bir növ insanın çiyninə yük qoyur.1
●İnsan həm ibadət, həm də digər xeyir əməllər vasitəsi ilə oddan qurtuluş yolu axtarmalıdır. Həzrət Əli (ə) öz malından Allah yolunda vəqf edərkən vəqfnamədə belə yazdı: “Bu malı vəqf etdim ki, onun vasitəsi ilə Cəhənnəm odundan amanda qalım və bu od məndən uzaq olsun.”2
Bildirişlər
1. İbadət üçün gecəni oyaq qalsanız da qürrələnməyin.
2. Məadı, ölümdən sonrakı həyatı yada salmaq Allahın həqiqi bəndələrinin xüsusiyyətlərindəndir.
3. Allahın xüsusi, həqiqi bəndələri Behişt barədə düşünməzdən öncə, Cəhənnəm odundan qorxurlar.
Ayə 67:
﴿وَالَّذِينَ إِذَا أَنفَقُوا لَمْ يُسْرِفُوا وَلَمْ يَقْتُرُوا وَكَانَ بَيْنَ ذَلِكَ قَوَامًا﴾
“Onlar infaq edəndə nə israfa yol verər, nə də xəsislik göstərərlər. Bu iki hədd arasında orta həddi gözləyərlər.”
Nöqtələr
●“Qəvam” sözü orta hədd, “qivam” sözü qiyam vasitəsi mənasını bildirir.
●İmam Rza (ə) infaq üçün orta həddi “Bəqərə” surəsinin 236-cı ayəsində göstərildiyi kimi müəyyənləşdirir. Yəni varlı öz şəninə uyğun, yoxsul öz gücü hədində - ürfə uyğun - infaq etməlidir.3
●İmam Sadiq (ə) buyurur: “Batil yolda az da olsa bəxşiş israfdır. Haqq yolda qıymamazlıq isə xəsislikdir.”4
●Quranın digər bir ayəsində oxuyuruq: “Nə əlini boynunda zəncirləyib xəsis ol, nə də əlini tam açıb israf et.”2
●İmam Sadiq (ə) yerdən bir miqdar çınqıl götürüb əlində sıxdı və buyurdu: “Bu, iqtardır (xəsislikdir).” Sonra o biri əlin çınqılla doldurub elə açdı ki, bütün çınqıllar yerə töküldü. Sonra həzrət buyurdu: “Bu, israfdır.” Üçüncü dəfə ovcunu doldurub azca açdı. Belə ki, çınqıldan bir qədər yerə töküldü, bir qədəri həzrətin əlində qaldı. Sonra həzrət buyurdu: “Bu, qəvam, orta həddir.”3
Bildirişlər
1. Rəhman Allahın bəndəsi üçün infaq etmək zəruri bir vəzifədir.
2. Gecə namazı, Cəhənnəm qorxusu və Allah xofu cəmiyyətdəki imkansızlara əl tutmaqla müşayiət olunmalıdır.
3. İnsanın mülkiyyət hüququ var, amma xərclərlə bağlı məhdudiyyət qoyulmuşdur.
4. İsrafa icazə yoxdur, hətta infaqda belə israfa yol verilməməlidir.
5. Allahın həqiqi bəndələri xəsislikdən uzaqdırlar.
6. Orta ümmət orta həddə əsaslanan proqramlara malik olmalıdır.
7. İbadət və infaqda orta həddi gözləmək dəyərdir.
Ayə 68:
﴿وَالَّذِينَ لَا يَدْعُونَ مَعَ اللَّهِ إِلَهًا آخَرَ وَلَا يَقْتُلُونَ النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلَّا بِالْحَقِّ وَلَا يَزْنُونَ وَمَن يَفْعَلْ ذَلِكَ يَلْقَ أَثَامًا﴾
“(Allahın əsil bəndələri) o kəslərdir ki, Allahı qoyub başqa bir məbudu çağırmazlar, Allah tərəfindən (qanı) haram edilmiş insanı haqsız yerə öldürməzlər və zina etməzlər. Kim belə etsə, öz günahının cəzasını görəcəkdir.”
Nöqtələr
●“İsm” (“اثم”) sözü “günah”, “əsam” sözü “günahın cəzası” mənasını bildirir.
●Bu ayələrdə Allahın xüsusi bəndələrinin müsbət işləri ilə yanaşı, onların daim uzaq qaldıqları mənfi işlər də zikr olunmuşdur.
●Bu ayədə rəvayətlərdə ən böyük günahlardan sayılan şirk, qətl və zinadan danışılır.4
●İnsanı öldürmək böyük günahlardandır. Amma “illa bil-həqq” təbirindən aydın olur ki, zəruri hallarda qətl haqdır. O cümlədən: 1-qatildən qisas, 2-məhrəmlərlə zina, 3-müsəlman qadınla kafirin zinası, 4-qadını məcbur edən zinakar, 5-zövcəsi olan kəsin zinası, 6-peyğəmbərlik iddiasında olmaq, 7-Peyğəmbər (s) və məsum imamların (ə) təhqiri, 8-sehrlə məşğul olan müsəlman, 9-fəsadçı və hücum çəkən, 10-mürtəd (dindən çıxan), 11-dövrün ədalətli imamına qarşı qiyam qaldıran, 12-hücum çəkən müşrik.1
Bildirişlər
1. İnsanı günaha vadar edən ən təhlükəli daxili qüvvə qəzəb və şəhvətdir. Mömin insan öz hislərinə hakim olmalıdır.
2. Allah-təala bəzi hallarda insanın qətlə yetirilməsini nəzərdə tutur. Amma O heç adla, heç bir şəraitdə razılıq vermir ki, insan şirk və zinaya aludə olsun.
3. Quranın şirk, zina və qətldən uzaqlıqla bağlı göstərişləri təkcə moizə yox, bir qanundur və bu qanunun pozulması müqabilində şiddətli cəza nəzərdə tutulur.
4. Qanunu pozan şəxs cəzalandırılır və ilahi cəzalarda istisnaya yer yoxdur.
Ayə 69:
﴿يُضَاعَفْ لَهُ الْعَذَابُ يَوْمَ الْقِيَامَةِ وَيَخْلُدْ فِيهِ مُهَانًا﴾
“Qiyamət günü onun əzabı ikiqat olar və həmişə orada zəlalətdə qalar.”
Ayə 70:
﴿إِلَّا مَن تَابَ وَآمَنَ وَعَمِلَ عَمَلًا صَالِحًا فَأُوْلَئِكَ يُبَدِّلُ اللَّهُ سَيِّئَاتِهِمْ حَسَنَاتٍ وَكَانَ اللَّهُ غَفُورًا رَّحِيمًا﴾
“Yalnız tövbə edib iman gətirən və saleh işlər görən kəslər istisnadır. Onlar pislikləri Allah tərəfindən yaxşılıqla əvəz olunanlardır. Allah bağışlayan və mehribandır.”
Dostları ilə paylaş: |