● Ayə 93:
﴿إِن كُلُّ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ إِلَّا آتِي الرَّحْمَنِ عَبْدًا﴾
“Göylərdə və yerdə elə bir mövcud yoxdur ki, Rəhman Allahın hüzuruna qul olaraq gəlməsin.”
Nöqtələr
“Hədd” sözü süqut mənasını bildirir.
Həqiqətlər qarşısında təbiətin reaksiyası Quranda dəfələrlə bəyan olunmuş bir məsələdir: Bir ayədə buyurulur: “Bəzi daşlar Allah xofundan dağlardan uçulub tökülür.”1 Digər bir yerdə buyurulur: “Əgər Quran dağlara nazil olsaydı, mütləq Allah qorxusundan tikə-tikə parçalanardı”2
Bildirişlər
1. Günah varlıq aləmindəki nizamın pozulmasına səbəb ola bilər.
2. Allah varlıq aləmini insan üçün yaratmışdır. Bəşəriyyət yolunu azdığı vaxt varlıq aləminin süqutu yersiz olmur.
3. Varlıq aləmində ən böyük fəsad puç əqidədir.
4. Allah o zaman övlad götürərdi ki, nəsil davamına ehtiyac duyar, tənhalıqdan əziyyət çəkərdi. Halbuki Allah bütün bu sifətlərdən pak-pakizədir.
5. Bütün varlıq aləmi Allahın hökmü altındadır və Ona doğru qayıdır.
6. Varlıq aləmi və ondakı mövcudlar bütünlüklə Allahın hökmü altındadır və Onun bəndəsidir. Nə üçün Allahın bəndəsini Ona övlad sayırsınız?!
● Ayə 94:
﴿لَقَدْ أَحْصَاهُمْ وَعَدَّهُمْ عَدًّا﴾
“Şübhəsiz, Allah onların hamısını hesaba çəkmiş, diqqətlə saymışdır.”
● Ayə 95:
﴿وَكُلُّهُمْ آتِيهِ يَوْمَ الْقِيَامَةِ فَرْدًا﴾
“Qiyamət günü hamı Onun hüzuruna gələcək.”
Bildirişlər
1. Varlıq aləmində nə varsa, hər birinin dəqiq hesabı Allahın əlindədir. Allah təkcə külliyyat yox, həm də cüziyyatı əhatə edir.
Düşünmə bir zərrə qaça hesabdan,
Hesab var, kitab var qurulu divan.
2. Varlıq aləmindəki mövcudlar məhduddur.
3. Qiyamət hamıya aiddir.
4. Qiyamət mühakiməsi hamıya aid olsa da, hər kəs öz hayındadır. Sanki insan tək-tənhadır.3
5. Qiyamət günü bütün qohumluq əlaqələri, iqtisadi və ictimai rabitələr, partiya bağlılıqları qırılar.
6. Qiyamətdə var-dövlətin, ailə-övladın, dost-tanışın faydası yoxdur.
● Ayə 96:
﴿إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَيَجْعَلُ لَهُمُ الرَّحْمَنُ وُدًّا﴾
“Həqiqətən, Rəhman Allah iman gətirib saleh işlər görənlər üçün tezliklə (qəlblərdə) məhəbbət qərar verər.”
Nöqtələr
İmanlı və saleh insanlar dünyadan köçərkən hətta günahkar fərdlərin qəmləndiyini çox görmüşük. Onlar özlərindən ixtiyarsız olaraq kədərlənir, göz yaşı axıdır, dünyadan köçən saleh insanın xatirəsini əziz tutur, qəbrini ziyarət edir və başqalarına onunla bağlı xatirələr danışırlar. Bütün bunlar pak və insanpərvər fitrətdən qaynaqlanır.
Bəli, yalnız Allaha könül verən kəsə xalqın qəlbində yer verilir. Allah Onu yada salanları yad edir.1
İmam Sadiq (ə) buyurur: “Əmirəlmöminin (ə) vilayəti Allahın möminlərə saleh əməl müqabilində verdiyi mükafatdır.2 İman əhlinin Həzrət Əliyə (ə) məhəbbəti ilə bağlı həzrət Peyğəmbərdən (s) də oxşar rəvayətlər nəql olunmuşdur.3
Bildirişlər
1. Əməlsiz iman, imansız əməl yetərsizdir.
2. İman və saleh əməl xalq sevgisinin açarıdır. Az sevildiyimizi gördükdə öz əqidə və əməllərimizi nəzərdən keçirək. Çünki Allahın vədi dəyişməzdir.
3. Sevimlilik də, qəlblər də Allahın əlindədir.
4. Sevimlilik möminlərə və ilahilərə nəsib olmuş ilahi rəhmətdir.
5. Bu gün sizin saleh əməliniz dəyərləndirilməsə də, bilin ki, ardıcıl səbir və təlaşınız gələcəkdə səmərə verəcək.
6. Sevimlilik dünyada nəsib olan ilahi lütf və mükafatlardandır. (Möminlər və salehlər axirət mükafatından əlavə dünyada da mükafatlandırılırlar.
● Ayə 97:
﴿فَإِنَّمَا يَسَّرْنَاهُ بِلِسَانِكَ لِتُبَشِّرَ بِهِ الْمُتَّقِينَ وَتُنذِرَ بِهِ قَوْمًا لُّدًّا﴾
“Həqiqətən, Quranı sənin dilin üçün asan etdik ki, onun vasitəsi ilə pəhrizkarlara müjdə verəsən və inadkar xalqı qorxudasan.”
Nöqtələr
“Ludd” sözü dərin düşmənçilik mənasını bildirir.
Bildirişlər
1. Asan bəyan tərbiyə prosesində Quran üslubudur. Əlbəttə ki, asan bəyan dedikdə süst danışıq nəzərdə tutulmur. Söz möhkəm, amma rəvan olmalıdır.1
2. Rəvan bəyan ilahi lütflərdəndir.
3. Hər bir zümrə ilə xüsusi tərzdə danışmaq lazımdır. (Təqvalılarla müjdə, düşmənlərlə xəbərdarlıq dilində danışılmalıdır.)
● Ayə 98:
﴿وَكَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّن قَرْنٍ هَلْ تُحِسُّ مِنْهُم مِّنْ أَحَدٍ أَوْ تَسْمَعُ لَهُمْ رِكْزًا﴾
“Onlardan öncə bir çox nəsilləri həlak etdik. Onlardan kimsəni tapır və ya azca da olsa səslərini eşidirsənmi?!”
Nöqtələr
Bu şərif ayə Peyğəmbər (s) üçün bir təsəllidir. Dolayısı ilə ona müjdə verilir ki, sənin inadkar düşmənlərin tezliklə məhv olacaq. Necə ki, bir çox inadkarlar keçmişdə məhv oldular.
“Rikz” dedikdə ahəstə, məxfi səs mənası anlaşılır.
İmam Sadiq (ə) Cabirin bu ayə ilə bağlı sualına belə cavab verir: “Həlak olmuş qövm Bəni-Üməyyədir. Onlardan bircəsini də ümidli və ya qorxudan kənar görməzsən.” Cabir deyir: “Ərz etdim ki, belə bir şey mümkündürmü?” Həzrət buyurdu: ”Tezliklə baş verəcək.”2
Bildirişlər
1. İnadkar qövmlərin məhvi Quran xəbərdarlıqlarının ciddiliyindən danışır.
2. Haqq düşmənlərinin məhvi ilahi sünnələrdən biridir.
3. Tarix ibrət güzgüsüdür.
Dostları ilə paylaş: |