Nöqtələr
“Əzz” sözündən şiddətli təhrik etmə və yerindən qoparma mənaları başa düşülür. “Əzzul-Qidr”, yəni qazan elə qaynadı ki, onun içindəkilər alt-üst oldu.
Şeytanın iman əhli ilə rabitəsi sadədir. Huşyarlıq və tövbə ilə nəticələnir.1 Amma şeytanın kafirlərlə rabitəsi hakim-məhkum rabitəsidir. Əlbəttə, bu ağalıq üçün kafir özü zəmin hazırlamışdır.2
Şeytanların Allah tərəfindən göndərilməsi dedikdə, onların başlı-başına buraxılmaları nəzərdə tutula bilər. Məsələn, itinə mane olmayan adam haqqında “itini buraxdı” deyirlər.
“Təfsire-Qummi” də deyilir: “Şeytanları göndərdi” ayəsi xüms-zəkat ödəməyənlər haqqındadır. Allah belələrinin üzərinə zalım hakim və ya şeytan göndərir ki, xüms-zəkat olaraq ödəmədiklərini qeyri-ilahi yolla xərcləsinlər.
İmam Sadiq (ə) buyurur: “İnsan ömrünün günlərini onun ata-anası da hesablaya bilər. Demək, “onların hesabını apararıq” cümləsi “onların çəkdikləri nəfəsi də hesablayarıq” mənasında anlaşılmalıdır.3
Bildirişlər
1. Allah küfr yolunu seçib şeytanın hakimiyyətini qəbul edənləri fəsada təşviq etmək üçün şeytanları onların sorağınca göndərir. (Kafirlərin cəzalarından biri şeytanın onlara hakimiyyətidir.)
2. Şeytan insanı həvəsləndirsə də, onu məcbur edə bilmir.
3. Şeytanın təhriki çox güclüdür.
4. Heç bir şey, hətta şeytanın vəsvəsələri Allahın iradəsindən xaric deyil.
5. Küfr şeytan təhriklərinin qəbulu səbəbidir.
6. Peyğəmbərlərin hadisələrdən xəbərdarlığı məhduddur.
7. Müxaliflərin küfr və düşmənçilikdəki inadkarlıqları geniş qəlbə malik Peyğəmbəri (s) əzab istəməyə vadar etdi.
8. İnsanlara möhlət vermək ilahi sünnə, qanundur. İlahi proqramlar nizamlı və tədricidir. Buna görə də kafirlərin məhvinə tələsməyək.
9. Öz əmr və qadağalarınızı, göstərişlərinizi əsaslı şəkildə bəyan edin.
● Ayə 85:
﴿يَوْمَ نَحْشُرُ الْمُتَّقِينَ إِلَى الرَّحْمَنِ وَفْدًا﴾
“Həmin gün Biz pəhrizkarları toplum halda Rəhmana doğru cəm edərik.”
● Ayə 86:
﴿وَنَسُوقُ الْمُجْرِمِينَ إِلَى جَهَنَّمَ وِرْدًا﴾
“Günahkarları təşnə halda cəhənnəmə qovarıq.”
Nöqtələr
Ziyarət və ya dua üçün süvari halda yenicə varid olmuş dəstə “vəfd” adlandırılır. “Vird” sözü isə susuzluq, təşnəlik mənasını bildirir.
Bildirişlər
1. Qiyamət səhnələri xatırlanası səhnələrdir. Qiyamət təqvalılar və günahkarlar arasında fərqlərin zahir olduğu gündür.
2. Behişt və cəhənnəm əhlinin hərəkət forması çox mühümdür.
3. Pəhrizkarlar Allahın qonağıdırsa, günahkarlar zillət içində hərəkət edir. Birinci zümrə xüsusi dəbdəbə və mələklərin istiqbalı ilə behiştə daxil olur.1
4. İlahi rəhmət behiştdən daha mühümdür. Behişt yalnız onun bir cilvəsidir.
5. Behiştin açarı ilahi təqvadır.
● Ayə 87:
﴿لَا يَمْلِكُونَ الشَّفَاعَةَ إِلَّا مَنِ اتَّخَذَ عِندَ الرَّحْمَنِ عَهْدًا﴾
“Rəhmanla əhd bağlayanlardan başqa kimsə şəfaət sahibi deyil.”
Nöqtələr
Quran şəfaət üçün müəyyən şərtlər irəli sürür. Hər şəxs istədiyi bir şeyi şəfaətçi seçə bilməz. Qiyamət günü kafirlər hansı qapını döyər, kimdən sığınacaq istəyərlərsə, mənfi cavab alarlar.
Ola bilsin ki, “əhd” dedikdə Allaha bəndəlik əhdi və şeytandan uzaqlıq nəzərdə tutulmuşdur. Quran buyurur: “Ey insanlar! Sizdən əhd almadıqmı ki, şeytana itaət etməyəsiniz?! O sizə aşkar bir düşməndir. Yalnız Mənə pərəstiş edin, doğru yol budur.”1 Digər bir ayədə oxuyuruq: “Həmin gün Allahın icazə verib sözündən razı qaldığı kəsdən savay kimsənin şəfaətində fayda yoxdur.2
“Əhd” sözü rəvayətlərdə bir neçə cür təfsir olunmuşdur:
a) Əmirəlmöminin Əli ibn Əbu-Talib (ə) və ondan sonrakı imamların vilayəti ilə bağlı öhdəçilik.3
b) Ölüm zamanı vəsiyyət; insan xalqı ətrafına toplayıb deyir: «Mən “la ilahə illəllah, Muhəmmədən rəsulullah” sözlərinə, behişt və cəhənnəmin gerçəkliyinə şəhadət verirəm.»4
v) Gündəlik namazların yerinə yetirilməsi ilə bağlı öhdəçilik.5
Bildirişlər
1. Şəfaətin öz qanunauyğunluqları var və Allahın nəzarəti altındadır.
2. Allahın istəyi olmasa kimsədə şəfaət gücü və haqqı yoxdur.
3. Şəfaət geniş ilahi rəhmətin bir cilvəsidir.
4. Xalis və Allahla əhdi olan fərdlərin şəfaət haqqı var.
● Ayə 88:
﴿وَقَالُوا اتَّخَذَ الرَّحْمَنُ وَلَدًا﴾
“(Kafirlər) dedilər: «Rəhman (Allah) övlad götürmüşdür.»”
● Ayə 89:
﴿لَقَدْ جِئْتُمْ شَيْئًا إِدًّا﴾
“Doğrusu, çirkin söz dediniz.”
Nöqtələr
“İdd” sözü böyük və çox çirkin günah mənasını bildirir.
Bu ayə bir çox zümrələrə aid edilə bilər:
a) Mələkləri Allahın qızları sayan müşriklər.1
b) Üzeyri Allahın oğlu sayan yəhudilər.2
v) İsanı Allahın oğlu sayan məsihilər.3
Bildirişlər
1. Allahın övlad götürməsinə inam əsassız və çox çirkin işdir.
2. Allahın övladı olması Onun üçün kamillik yox, əskiklik səbəbidir.
● Ayə 90:
﴿تَكَادُ السَّمَاوَاتُ يَتَفَطَّرْنَ مِنْهُ وَتَنشَقُّ الْأَرْضُ وَتَخِرُّ الْجِبَالُ هَدًّا﴾
“Bu sözdən az qalır səmalar parçalansın, yer yarılsın və dağlar şiddətlə yerə uçulsun.”
● Ayə 91-92:
﴿أَن دَعَوْا لِلرَّحْمَنِ وَلَدًا وَمَا يَنبَغِي لِلرَّحْمَنِ أَن يَتَّخِذَ وَلَدًا﴾
“Çünki Rəhman Allaha övlad aid etdilər. Halbuki övlad götürməsi Rəhmana layiq olmayan işdir.”
Dostları ilə paylaş: |