● Ayə 50:
﴿قَالَ رَبُّنَا الَّذِي أَعْطَى كُلَّ شَيْءٍ خَلْقَهُ ثُمَّ هَدَى﴾
“(Musa) dedi: «“Bizin Rəbbimiz hər şeyə xüsusi yaranış əta edən, onu doğru yola yönəldən kəsdir.»”
● Ayə 51:
﴿قَالَ فَمَا بَالُ الْقُرُونِ الْأُولَى﴾
“(Firon) dedi: «Bəs ötən nəsillərin halı necədir?»”
Nöqtələr
“Bal” fikir mənasını bildirsə də, hal mənasında da işlədilir.
Firon üçün xaliqlik yox, Rəbblik mühüm görünürdü. O, xaliqlik iddiasında deyildi və özünün də məbudu vardı.1 Kafirlər də Allahı xaliq olaraq qəbul edirlər.2 Fironun iddiası Rəbblik, başqa sözlə rəhbərlik, mütləq hakimiyyət idi. Bu səbəbdən də Musa ona cavab olaraq buyurdu: ”Varlıq aləminin xaliqi, Rəbbi və hakimi birdir.
Bütün peyğəmbərlər insanları tövhidə çağırmış, yalnız ilahi yolu kamillik yolu saymışlar. Həzrət İbrahim buyurur: “Məni yaradan Allah məni hidayət etdi.”3 Həzrət Musa buyurdu: “O, hər şeyə yaranış verdi və hidayət etdi.”4 Həzrət Məhəmməd (s) isə belə buyurmuşdur: “Xəlq edib nizama salan, müəyyən edib yol göstərən Allah.”5
Hərəkət və qiyama rəhbərlik Musaya aid idi. Musa Fironun hüzuruna Harunla getsə də, rəhbər olduğundan Firon “ya Musa” deyə müraciət edir.
Bildirişlər
1. Mübahisə doğuran məsələ Allahın xaliqliyi yox, Rəbbliyi, rübubiyyəti, idarəçiliyidir.
2. Zalım güclərin ruhiyyəsi onların danışıq və sorğu-sualından da hiss olunur.
3. Allahın bizə verəcəyi yoxdur, nə verirsə hədiyyədir.
4. Bir olan Allah həm yaradır, həm də təkvini (təbii) hidayətlə idarə edir. (Bəli, O yaratdıqdan sonra həyat və kamilləşmə üçün yol qoyur.)
5. Allah hər bir mövcuda kamil yaranış, münasib xüsusiyyətlər əta etmişdir.
6. Allahın doğru yola yönəltməsi Onun Rəbblik, rübubiyyət şərtidir.
7. Rəbblik, idarəçilik yalnız Yaradanın haqqıdır.
8. Bütün mövcudlar ilahi hidayətdən bəhrələnir. Varlıq aləminə hakim olan bütün qanunlar və insandakı meyllər ilahi hidayətdəndir.
9. Məntiqlə üzbəüz dayandıqda ata-babaların yoluna üz tutmaq olmaz.
Musa məntiqlə danışırdı, amma Firon söhbəti tarixi məcraya yönəldirdi. O bu yolla xalqın hisslərini oyatmaq istəyirdi.
● Ayə 52:
﴿قَالَ عِلْمُهَا عِندَ رَبِّي فِي كِتَابٍ لَّا يَضِلُّ رَبِّي وَلَا يَنسَى﴾
“(Musa) dedi: «Onun (ötən nəsillərin halının) elmi Rəbbimin yanında bir kitabdadır. Rəbbim nə itirər, nə də unudar.»”
Nöqtələr
Firon ötən qövmlərin və ölülərin halı haqqında soruşduqda Musa ətraflı cavab verə biləcəyi halda xalqın ata-babalara həssaslığını nəzərə alaraq, uyğun cavabla kifayətləndi və bildirdi ki, uyğun biliklər Allaha aiddir. Belə bir cavabla həm mülayim danışıq qaydasına əməl etdi, həm də bəhanə və irad üçün onların əlinə əsas vermədi.
Bildirişlər
1. Peyğəmbərlər nəyi bilmirdilərsə və ya açıqlamaq istəmirdilərsə, həmin biliyi Allaha aid edirdilər.
2. Tərbiyəçi danışıqda siyasətçi olmalı, bəzən ətraflı cavab verib, bəzən susmaqla düşmənin əlinə bəhanə verməməlidir.
3. İlahi nizamda hər bir şeyin hesab-kitabı var.
4. İlahi kitab çox əzəmətli və böyükdür.
5. İlahi elmdə xətaya yol yoxdur. (Xəta həqiqəti bilməyənlərə aiddir. Hər şeyin batini və zahirindən olduğu kimi xəbərdar olan Allah tərəfindən hansısa xəta ehtimalı mövcud deyil.)
6. İnsanın biliyinin iki bəlası var: ya öncədən yanlışlığa yol verib həqiqəti düzgün müəyyənləşdirmir, ya da öyrəndikdən sonra unudur. Allahın elmi isə bu iki bəladan amandadır.
7. Yanlışlıq və unutqanlıqdan uzaq olan bir varlığın rübubiyyət haqqı var.
● Ayə 53:
﴿الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ مَهْدًا وَسَلَكَ لَكُمْ فِيهَا سُبُلًا وَأَنزَلَ مِنَ السَّمَاء مَاء فَأَخْرَجْنَا بِهِ أَزْوَاجًا مِّن نَّبَاتٍ شَتَّى﴾
“Elə bir Allah ki, yer üzünü sizin üçün asayiş məkanı qərar vermiş, onda sizin üçün yollar müəyyənləşdirmiş, səmadan su endirmişdir. Onun (suyun) vasitəsi ilə bitkilərdən müxtəlif zövclər cücərtmişdir.”
Nöqtələr
“Sizin üçün yollar müəyyənləşdirmişdir” cümləsi iki cür mənalandırıla bilər: İnsanların gediş-gəlişi üçün salınmış yollar; qazanc yolları.1
Həzrət Musa öz Allahını Firona belə tanıtdırdı: “Bizim rəbbimiz hər şeyi yaradıb hidayət etmiş şəxsdir...” Bu ayələrdə Allahın təbiətdəki hidayət nümunələrinə işarə olunur: İnsanların asayiş beşiyi olan yer, məntəqələri bir-biri ilə əlaqələndirən yollar, yağış, zövciyyət (cütlük) qanununa tabe olan müxtəlif bitkilər.
İlahi nemətləri daha yaxşı qiymətləndirmək üçün onların əks vəziyyətini təsəvvür edək. Məsələn, əgər yer aram dayanmasaydı, iti hərəkət etsəydi, yağış yağmasaydı, yer cəzb etməsəydi, yer üzündə bitkilər və su hövzələri olmasaydı nə olardı?! Yer üzünü “aramlıq beşiyi” saymaq olardımı?!
Bildirişlər
1. Körpə beşikdə növbəti həyat mərhələsi üçün inkişaf etdiyi kimi, insan da yer beşiyində axirət həyatı üçün inkişaf edir.1
2. Yer üzü insan üçün asayiş mənzilidir. Burada onun bütün ehtiyacları ödənir, ölü və diri insanlar yerləşdirilir, Allahın əmri ilə yer insana ram olur.
3. Yaranış və yer üzündəki şərait məqsədlidir və insan üçün nəzərdə tutulmuşdur.
4. Yaranış nizamı səbəbiyyət, səbəb-nəticə prinsipləri üzərində qurulmuşdur.
5. Bitkilər arasında zövciyyət qanununun açıqlanması Quranın elmi möcüzələrindəndir.2
Dostları ilə paylaş: |