Bildirişlər
1. Azğınlığı aradan götürmək üçün öncə onun köklərini araşdırmaq lazımdır.
2. İdeoloji düşmənlərlə mübarizə aparmaq lazımdır.
3. İnqilab zamanı xalq bütünlüklə dəyişmir, Samiri kimiləri öz çirkin niyyətlərini həyata keçirmək üçün fürsət gözləyirlər.
4. Bəzən azğın adamlar etiqadlı adamların bilmədiyini öyrənirlər.
5. Azğınlığa yol açanlar xalqın cəhalətindən istifadə edirlər.
6. Batil başçıları xalqı azdırmaq üçün hətta müqəddəsliklərdən sui-istifadə edirlər.
7. Azğın nəfs istəklərinə əsaslanan sənətkarlıq ən böyük təhlükələrdəndir.
8. Öncə öz nəfsinə aldanmayan insan başqalarını aldada bilməz.
● Ayə 97:
﴿قَالَ فَاذْهَبْ فَإِنَّ لَكَ فِي الْحَيَاةِ أَن تَقُولَ لَا مِسَاسَ وَإِنَّ لَكَ مَوْعِدًا لَّنْ تُخْلَفَهُ وَانظُرْ إِلَى إِلَهِكَ الَّذِي ظَلْتَ عَلَيْهِ عَاكِفًا لَّنُحَرِّقَنَّهُ ثُمَّ لَنَنسِفَنَّهُ فِي الْيَمِّ نَسْفًا﴾
“(Musa Samiriyə) dedi: «Çıx get. Həqiqətən sənin bu dünyada qazancın “mənə toxunmayın” deməyin olacaq. (Axirətdə) heç vaxt qurtula bilməyəcəyin bir yer var. (İndi) həmişə pərəstiş etdiyin məbuduna bax. Biz hökmən onu oda çəkərik. Sonra onun külünü dənizə səpərik.»”
● Ayə 98:
﴿إِنَّمَا إِلَهُكُمُ اللَّهُ الَّذِي لَا إِلَهَ إِلَّا هُوَ وَسِعَ كُلَّ شَيْءٍ عِلْمًا﴾
“(Ey mənim qövmüm,) həqiqətən, sizin məbudunuz Allahdır, Ondan başqa məbud yoxdur. Onun elmi hər şeyi əhatə edir.”
Nöqtələr
“Təfsiri-Məcməül-bəyan” və “Təfsiri-Safi”də nəql olunmuş bir hədisdə deyilir: Həzrət Musa Samirini öldürmək istəyirdi. Amma Allah ona buyurdu ki, Samiri səxavətli olduğu üçün bu işdən vaz keç. Ona görə də Musa onu Bəni-İsrail arasından qovdu.
“La misasə” təbiri kimsə ilə təmasa yol verməyən xəstəliyə tutulmaq mənasını bildirir. Sonda Samiri ruhi xəstəliyə düçar olub xalqdan uzaqlaşdı.
Kim ona yaxınlaşırdısa, Samiri “məndən uzaq ol” deyə fəryad edirdi.1
Həzrət Musa Samiri üçün bir neçə cəza təyin etdi: qovulma, nifrin, axirət əzabı ilə hədələmə, buzovun yandırılması.
Bildirişlər
1. Günah sübuta yetdikdən sonra günahkar cəzalandırılmalıdır.
2. Nəhy əz münkərin (pisliyə qadağanın) mərhələlərindən biri günahkarların və kafirlərin qovulmasıdır.
3. Azğın əqidə sahibləri cəmiyyətdən çıxarılmalıdır. Düşüncə azadlığı dedikdə xalqı doğru yoldan çəkindirən azğınları azad buraxmaq nəzərdə tutulmur.
4. Peyğəmbərlər qeyb elmi əsasında fərdlərin gələcəyindən xəbər verirlər.
5. Bəzi xəstəliklər ilahi qəzəbdir.
6. Dünyəvi cəza adətən axirət cəzasını yüngülləşdirsə də, puç əqidə yayanlara münasibətdə belə olmur.
7. Dünyəvi cəzalardan qaçmaq mümkün olsa belə, axirət əzabı və ilahi qəzəbdən qurtuluş yolu yoxdur.
8. Ən pis günah günahın israrıdır. (Samiri özü də buzova pərəstiş edirdi.)
9. Günah vasitələri, azğın əsərlər məhv edilməlidir. (İslam Peyğəmbəri (s) fitnəkarlıq məqsədi ilə tikilmiş Zirar məscidinin uçurulmasına göstəriş verdi.)
10. Küfr və şirkə aparan əsərlər xalqın gözü qarşısında məhv edilməlidir.
11. Xalqın əqidəsini qorumaq qızıl-gümüşü qorumaqdan mühümdür. Bəzən pisliklə mübarizə yolunda qiymətli əşyanı fəda vermək lazım gəlir.
12. Dini qeyrət və azğınlıq qarşısında qətiyyət rəhbər üçün zəruri səciyyələrdir. (Qızıl buzovu yandırıb külünü dəryaya səpmək Musanın qəti qərarı idi.)
13. Sübut etmək lazımdır ki, müvəqqəti ömürlü şeylər pərəstişə layiq deyil.
14. Batili məhv etdikdən sonra haqqı bəyan edin.
15. Yalnız hər şeyə elmi əhatəsi olan Allah ibadətə layiqdir.
● Ayə 99:
﴿كَذَلِكَ نَقُصُّ عَلَيْكَ مِنْ أَنبَاء مَا قَدْ سَبَقَ وَقَدْ آتَيْنَاكَ مِن لَّدُنَّا ذِكْرًا﴾
“(Ey peyğəmbər,) Biz bu sayaq keçmişin xəbərlərini sənə nəql edirik. Həqiqətən, Biz sənə Öz tərəfimizdən zikr (Quran) vermişik.”
Nöqtələr
Peyğəmbərlərin tarixinin nəqlində bir çox bərəkətlər var. O cümlədən: Elm və agahlığın çox olması, bəsirət əldə olunması və səadət yolunun tapılması, xalqın tənbih və xəbərdar edilməsi, möminlər üçün müjdə və təsəlli.
Bildirişlər
1. Tarixin nəqli Quranın tərbiyə üsullarından biridir.
2. Quran dastanları ən üstün və ən düzgün dastanlardır. Çünki bu dastanları Allah nəql edir, dinləyici peyğəmbərdir və nə deyilirsə həqiqətdir.
3. Tarixi nəql edərkən həyati əhəmiyyəti olmayan xırdalıqların bəyanından çəkinin.
4. Hər tarixi xəbər yox, yalnız mühüm xəbərlər nəql olunmalıdır.
5. Tarix əyləncə yox, ibrət vasitəsidir.
5. Quran mühüm yaddaş və yada salandır.
7. Tarix və Quran dastanlarının qaynağı oradan-buradan eşidilənlər yox, ilahi vəhydir.
● Ayə 100:
﴿مَنْ أَعْرَضَ عَنْهُ فَإِنَّهُ يَحْمِلُ يَوْمَ الْقِيَامَةِ وِزْرًا﴾
“Kim ondan (zikrdən) üz döndərsə, hökmən, qiyamət günü üzərinə ağır bir yük götürəcək. ”
● Ayə 101:
﴿خَالِدِينَ فِيهِ وَسَاء لَهُمْ يَوْمَ الْقِيَامَةِ حِمْلًا﴾
“(Onlar) həmin vəziyyətdə həmişəlik qalacaqlar. Bu, qiyamət günü onlar üçün necə də pis yükdür.”
Dostları ilə paylaş: |