● Ayə 91:
﴿قَالُوا لَن نَّبْرَحَ عَلَيْهِ عَاكِفِينَ حَتَّى يَرْجِعَ إِلَيْنَا مُوسَى﴾
“(Dindən çıxmış qövm Haruna) dedilər: «Musa yanımıza qayıdanadək bu yoldayıq. (Buzovpərəstlikdən əl çəkməyəcəyik).»”
Bildirişlər
1. Bəziləri o qədər süquta uğrayıb ki, nə ağılın, nə də peyğəmbərin göstərişlərinə məhəl qoymur.
2. Bəni-İsrail agah şəkildə doğru yoldan çıxıb dinə arxa çevirirdi.
3. Rəhbər və onun ardıcıllarının vəzifəsi bidəti ifşa edib höccəti tamamlamaq, bəhanəyə yer qoymamaqdır.
4. Peyğəmbərlər xalqa canıyanandırlar.
5. İnsanların sınağa çəkilməsi qəti ilahi sünnə, qanundur. Lakin sınaq vasitələri müxtəlif ola bilər.
6. Allahın lütf və mərhəmətinin yada salınması insanların düzəliş və tövbəsi üçün zəmin yarada bilər.
7. Peyğəmbərin canişini və nümayəndəsinə itaət vacibdir.
8. İlahi rəhbərlərə itaət insanları fitnə-fəsaddan qoruyan səbəbdir.
9. Peyğəmbərlərin fəryadı inadkar insanlara təsir göstərmir.
10. Bəni-İsrail düşünmək əvəzinə, şəxsiyyətə uyurdu.
● Ayə 92:
﴿قَالَ يَا هَارُونُ مَا مَنَعَكَ إِذْ رَأَيْتَهُمْ ضَلُّوا﴾
“(Musa qardaşının saç-saqqalından yapışıb) dedi: “Ey Harun! Onların yolunu azdığını gördüyün vaxt səni nə dayandırdı?”
● Ayə 93:
﴿أَلَّا تَتَّبِعَنِ أَفَعَصَيْتَ أَمْرِي﴾
“Yoxsa mənə itaət etmirsən? (Nə üçün xalqı xilas etmək üçün ardımca gəlmədin?) Yoxsa göstərişimə tabe olmadın?”
● Ayə 94:
﴿قَالَ يَا ابْنَ أُمَّ لَا تَأْخُذْ بِلِحْيَتِي وَلَا بِرَأْسِي إِنِّي خَشِيتُ أَن تَقُولَ فَرَّقْتَ بَيْنَ بَنِي إِسْرَائِيلَ وَلَمْ تَرْقُبْ قَوْلِي﴾
“(Harun) dedi: «(Ey qardaş,) ey anamın oğlu! Saç-saqqalımdan və başımdan tutma. Həqiqətən, qorxdum deyəsən ki, Bəni-İsrail arasına təfriqə saldın, mənim sözlərimi nəzərə almadın!”
Nöqtələr
Həzrət Musa Tur dağından qayıtdıqdan sonra qövmünün doğru yoldan çıxdığını gördü. Onun qınağı üç istiqamətdə yönəldi: xalq, Harun, Samiri.
“Ətyəbul-bəyan” təfsirində bildirilir ki, Harun peyğəmbər və məsum olduğundan öz vəzifəsinə əməl etmişdi. Musanın ona ünvanlanmış məzəmmətləri “qızım sənə deyirəm, gəlin sən eşit” prinsipi ilə izah oluna bilər. Musa xalqın anlaması üçün Harunu qınayırdı.
“Təfsiri-Safi” mənbəsində nəql olunur ki, İmam Sadiq (ə) bu mövzu ilə bağlı buyurmuşdur: “Musa Harunu qınayırdı ki, nə üçün vəziyyəti dərhal ona xəbər verməyib. Ümumi düşüncəni hərəkətə gətirmək, cəmiyyətin ölülərini silkələmək üçün təbliğ gedişində yeni üsullara əl atmaq lazım gəlir. Məhz bu məqsədlə Musa öz məsum canişini ilə belə rəftar etdi. Həzrət Əli (ə) xütbə oxuduğu vaxt özünə möhkəm bir sillə vurdu.
Bildirişlər
1. Rəhbərlər xalqın büdrəmələrinə cavabdehdirlər.
2. Məsulların sükut və biganəliyi məzəmmətə layiqdir.
3. Pis sonluq dindarlıq üçün bəladır.
4. Bir peyğəmbər o biri peyğəmbərə tabe ola bilər.
5. Cəmiyyətə vahid müdiriyyət hakim olmalıdır.
6. Başqalarının qəzəbini soyutmaq üçün xoş sözlərdən istifadə edək.
7. Dindarlıq qohumcanlılıqdan mühümdür.
8. Dini qeyrət və təəssüb peyğəmbərlik şərtidir.
9. Müttəhimə müdafiə imkanı verək.
10. Kişinin saçı uzun ola bilər.
11. Ümmət arasındakı təfriqə təhlükəsi Harun peyğəmbəri də qorxutdu.
12. Vəhdəti qorumaq kiçik bir qrupu xilas etməkdən mühümdür.
13. Hər hansı qərar çıxararkən “əhəmiyyətli və daha əhəmiyyətli” (əhəmm və mühümm) prinsipini nəzərə almaq lazımdır.
14. İnqilabi hərəkatda maneələri nəzərə almaq, birtərəfli baxışdan çəkinmək lazımdır.
15. Təfriqə təhlükəsi azğınlıq önündə sükut təhlükəsindən daha böyükdür.
● Ayə 95:
﴿قَالَ فَمَا خَطْبُكَ يَا سَامِرِيُّ﴾
“(Sonra Musa Samiriyə) dedi: «Ey Samiri! Gördüyün bu böyük iş nə üçündür?»”
● Ayə 96:
﴿قَالَ بَصُرْتُ بِمَا لَمْ يَبْصُرُوا بِهِ فَقَبَضْتُ قَبْضَةً مِّنْ أَثَرِ الرَّسُولِ فَنَبَذْتُهَا وَكَذَلِكَ سَوَّلَتْ لِي نَفْسِي﴾
“(Samiri) dedi: «Mən başqalarının anlamadığı bir şey anladım. Rəsulun izlərindən bir ovuc götürdüm, onu (buzova) atdım. Nəfsim bu sayaq həmin işi mənə gözəl göstərdi. (Məni aldatdı.)»”
Nöqtələr
“Bəsurtu” dedikdə adətən cəm forması “əbsar” olan göz mənası yox, cəm forması “bəsair” olan anlamaq mənası başa düşülür.1
“Ehticaci-Təbərsi” kitabında bildirilir ki, Həzrət Əli (ə) Bəsrə şəhərini fəth etdiyi vaxt xalq onu dinləmək üçün bir yerə toplandı. Həmin vaxt deyilənləri qeyd edən Həsən Bəsri imamın diqqətini cəlb etdi.
İmam ona uca səslə müraciət edib buyurdu: “Nə edirsən?” Həsən Bəsri dedi: “Sizin dediklərinizi yazıram ki, başqalarına söyləyəm.” İmam buyurdu: ”Bilin ki, hər bir qövmün və cəmiyyətin öz Samirisi var. Ey Həsən, bu ümmətin Samirisi sənsən. Sən məndən peyğəmbərin əsərlərini (izlərini) götürün, öz istəyincə təfsir edib nəfsinin istəkləri əsasında yeni bir məktəb düzəldirsən.”1
“Əl-mizan”, “Furqan”, “Nümunə” təfsirlərində bildirilir ki, Samiri “rəsulun, izləri” dedikdə Musadan götürdüklərini nəzərdə tuturdu. O deyirdi ki, mən Musanın əsərlərindən bir miqdar götürüb mömin oldum, sonra onu boşlayıb buzov düzəltdim. Yəni bu işi görmək üçün başqalarının xəbərsiz olduqlarını anladım. Belə bir məna yuxarıdakı hədislə daha çox uyğundur.
Dostları ilə paylaş: |