● Ayə 74:
﴿إِنَّهُ مَن يَأْتِ رَبَّهُ مُجْرِمًا فَإِنَّ لَهُ جَهَنَّمَ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيى﴾
“Həqiqətən, Rəbbinin yanına günahkar kimi gələn hər kəs üçün cəhənnəm var. Orada nə ölər, nə də yaşayar.”
● Ayə 75:
﴿وَمَنْ يَأْتِهِ مُؤْمِنًا قَدْ عَمِلَ الصَّالِحَاتِ فَأُوْلَئِكَ لَهُمُ الدَّرَجَاتُ الْعُلَى﴾
“İman gətirib saleh işlər görən halda gəlmiş kəslər üçün ali və üstün dərəcələr var.”
● Ayə 76:
﴿جَنَّاتُ عَدْنٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَذَلِكَ جَزَاء مَن تَزَكَّى﴾
“Altından çaylar axan əbədi bağlar! Onlar həmişə orada qalacaqlar. Bu, özünü paklayanların mükafatıdır.”
Nöqtələr
Sehrbazlar iman gətirdikdən sonra Firona dedilər: “Sənin işgəncələrin, qətl hökmün bu bir neçə günlük dünyaya aiddir. Allahın qəhr-qəzəbi və ya lütfü isə daimidir. Cəhənnəmə düşən hər bir kəs orada əbədi qalasıdır. Behişt əhli də behiştdə əbədidir.
Möminin yeri behiştdir. Behiştdəki dərəcə isə insanın nə həddə paklanmasından asılıdır. İnsan çalışmalı, bütün yönümlərdə özünü çirkinliklərdən təmizləməlidir. Ruhu azğın əqidələrdən, əxlaqı çirkin adətlərdən, cismi bulaşıqlıqlardan, əməl və rəftarları çirkin işlərdən paklamaq mühümdür.
Bildirişlər
1. Tövbə etməyən şəxs qiyamət səhnəsinə günahkar kimi gətirilər. (Sehrbazlar dedilər: “Biz iman gətirdik ki, Allah bizim tövbələrimizi qəbul edib bağışlasın.” Sonra əlavə etdilər ki, Allahın hüzuruna günahkar gələn kəs cəhənnəmə düşəsidir.)
2. Günahdan da pisi günahkar halda ölməkdir.
3. İnsan öz imanını ömrünün son anınadək qorumalıdır.
4. İnsan əqidə seçimində azad buraxılıb.
5. İman saleh əməldən ayrı deyil.
6. Həqiqi mömin hər bir saleh iş üçün amildir.
7. Behiştin silsilə mərhələləri var.
8. Paklanma behiştin açarıdır.
9. Mömin özünütərbiyə və paklanma əhlidir.
● Ayə 77:
﴿وَلَقَدْ أَوْحَيْنَا إِلَى مُوسَى أَنْ أَسْرِ بِعِبَادِي فَاضْرِبْ لَهُمْ طَرِيقًا فِي الْبَحْرِ يَبَسًا لَّا تَخَافُ دَرَكًا وَلَا تَخْشَى﴾
“Həqiqətən, Biz Musaya vəhy etdik ki, bəndələrimizi gecə (Misirdən) yola çıxar. Onlar üçün dərya arasından quru bir yol aç ki, nə təqibdən qorxasan, nə (qərq olmaqdan) çəkinəsən.”
● Ayə 78:
﴿فَأَتْبَعَهُمْ فِرْعَوْنُ بِجُنُودِهِ فَغَشِيَهُم مِّنَ الْيَمِّ مَا غَشِيَهُمْ﴾
“Firon öz qoşunu ilə onların ardınca getdi. Dərya onları bürüdü və bütünlüklə qərq etdi.”
● Ayə 79:
﴿وَأَضَلَّ فِرْعَوْنُ قَوْمَهُ وَمَا هَدَى﴾
“Firon öz qövmünü azdırdı və doğru yola aparmadı.”
Nöqtələr
Sehrbazlar və Misir camaatı Musaya iman gətirdiyi vaxt Fironun hədələrindən çəkinmədi. Beləcə, ilahi yardım yolu açıldı. Musaya xitab olundu ki, camaatı gecə vaxtı Misirdən yola çıxarsın, onlar üçün dəryadan yol açılıb və Fironun şərindən qorunublar.1
“İsra” sözü gecə vaxtı hərəkət mənasını bildirir. Öncə suyu olmuş, sonradan qurumuş yer “yəbəs” adlanır. “Dərək” dedikdə insanı yaxalamış zərər, “ibadi” dedikdə Bəni-İsrail nəzərdə tutulur.
Bildirişlər
1. Peyğəmbərlərin hərəkəti və mübarizə üsulu ilahi vəhyə əsaslanır.
2. Qürbətdə izzət vətəndə zillətdən üstündür.
3. Əgər çirkin mühiti dəyişə bilmiriksə, heç olmasa həmin mühitdən uzaqlaşaq.
4. Peyğəmbərlərin göndərilməsində məqsədlərdən biri insanları zalım hakimlərin şərindən qurtarmaqdır.
5. Zalıma qarşı ilk addım onun ətrafını boşaltmaqdır.
6. Allah məhrumların yardımçısıdır.
7. Xalqın hidayət və idarəçiliyi ilahi rəhbərlərin vəzifəsidir.
8. Musanın möcüzəsi cəmiyyəti elə silkələdi ki, Firon özü onları təqib etməyə məcbur oldu.
9. Dərya da təbiətin bir hissəsi olaraq Allahın qəhrinə və ya mehrinə tabedir.
10. Cəmiyyət rəhbərlərinin və hakimlərin xalqın hansı yolu tutmasında mühüm rolu var.
11. Azğın şüarları cavabsız qoymayaq. Firon öz əməl və rəftarlarına görə lazımınca cavab aldı. O nəinki xalqı doğru yola çəkmədi, əksinə azğınlığa sürüklədi.
● Ayə 80:
﴿يَا بَنِي إِسْرَائِيلَ قَدْ أَنجَيْنَاكُم مِّنْ عَدُوِّكُمْ وَوَاعَدْنَاكُمْ جَانِبَ الطُّورِ الْأَيْمَنَ وَنَزَّلْنَا عَلَيْكُمُ الْمَنَّ وَالسَّلْوَى﴾
“Ey Bəni-İsrail! Həqiqətən, Biz sizi düşmənlərdən qurtardıq. Sizinlə Tur dağının sağında vədələşdik. Sizin üçün «mənn» və «səlva» (kimi qidalar) nazil etdik.”
Nöqtələr
Bəni-İsrailin Fironun sitəmindən xilas edilməsi və onlara “mənn” və “səlva” kimi qidalar verilməsi Quranda dəfələrlə yada salınmış mövzulardandır.
Zahirən “mənn” bal, “səlva” əti halal və dadlı quş növüdür.
Turun sağ tərəfində vədələşmə dedikdə, həzrət Musanın Bəni-İsraildən olan bir qrupla Tura getməsi və orada Tövrat lövhələrinin Musaya nazil olması nəzərdə tutulur.
Bildirişlər
1. İlahi nemətlərin yada salınması peyğəmbərlik vəzifələrindən biri, insanın inkişaf və təşəkkülü üçün zəmindir.
2. Azadlıq və əmin-amanlıq Allahın böyük nemətlərindəndir və digər nemətlərdən istifadə üçün zəmindir.
3. Zalım rejimin süqutundan və yeni hökumət təşkil olunduqdan sonra ilkin ehtiyac qanundur. (Allah Tövrat və ilahi qanun əta edəcəyini vəd vermişdir.)
4. Bütün lütflər Allah tərəfindəndir.
5. Mənəvi nemət maddi nemətdən öndə gəlir. Öncə Tövrat, sonra qidalar yada salınır.
Dostları ilə paylaş: |