● Ayə 121:
﴿فَأَكَلَا مِنْهَا فَبَدَتْ لَهُمَا سَوْآتُهُمَا وَطَفِقَا يَخْصِفَانِ عَلَيْهِمَا مِن وَرَقِ الْجَنَّةِ وَعَصَى آدَمُ رَبَّهُ فَغَوَى﴾
“(Adəm və zövcəsi aldanıb,) hər ikisi ondan yedi. Belə ki, (libasları töküldü,) ayıb yerlərini gördülər. Hər ikisi özlərini behişt yarpaqlarına bürüməyə başladılar. Adəm Rəbbinə itaətsizlik göstərdi və yoldan çıxdı.”
Nöqtələr
Şeytan İblisin digər bir adıdır.
Adəm peyğəmbərlik məqamına çatmamış şeytanın vəsvəsəsinə düçar oldu.1
Seyyid ibn Tavus lətif bir bəyanla buyurur: “Şeytan öncə yol göstərmək adı altda Adəmə yaxınlaşdı, sonra ona vəsvəsə etdi.2 Vay olsun bizlərin halına ki, şeytan öncədən azdırmaq məqsədi ilə sorağımıza gəlir.”3
“Ğəyy” sözündən olan “ğəva” sözü inkişafın əksini bildirir. Yəni “ğəva” insanı məqsəddən uzaqlaşdıran yoldur. Allah Adəm və əziz Peyğəmbərimiz (s) haqqında fərqli təbirlər işlədir.4
Şeytanın vəsvəsələri insanın ixtiyarını əlindən almır. Bu səbəbdən də vəsvəsəyə uyan insan özünü və başqalarını qınayır. Halbuki ixtiyarı əlindən alınmış insan məzəmmət olunmur.
Həzrət Adəmin günahı
“Əsa Adəmu Rəbbəhu fəğəva” cümləsi ilə bağlı müxtəlif ehtimallar var:
a) Adəm günaha yol vermədi, sadəcə “tərki-ovla” etdi. Başqa sözlə, yaxşı bir işdən uzaq düşdü. “Ğəva” “azdı” yox, “inkişaf etmədi” mənasını bildirir.
b) Ağaca yaxınlaşmamaq əmri tərbiyəvi xarakter daşıyırdı.5
v) “Üsyan” dedikdə həm vacib, həm də müstəhəb işin tərk olunması nəzərdə tutulur.6
Amma bu ehtimalların heç biri qəbul olunası deyil. Əvvəla, bu və başqa oxşar ayələrdə Adəmin üsyanı aşkar şəkildə bəyan olunur. İkincisi, uyğun qadağanın tərbiyəvi xarakter daşıması ilə bağlı dəlil yoxdur. Üçüncüsü, həmin vaxt kimsə üçün vacib vəzifə olmaması fikri düzgün deyil. Məsələyə uyğun baxışla yanaşsaq şeytanı da günahkar saymamalıyıq. Dördüncüsü, məgər tərbiyəvi xarakterli qadağanı pozarkən tövbəyə ehtiyac qalırmı?! Beşincisi, üsyan sözü Quranda yalnız günah mənasında işlədilmişdir.
Yaxşı olar ki, bu məsələ ilə bağlı məsum imama müraciət edək. Xəlifə Məmun İmam Rzadan (ə) soruşdu: “Əgər peyğəmbərlər məsumdurlarsa, nə üçün ayədə “Adəm Rəbbinə itaətsizlik etdi və yoldan çıxdı” deyilir?” İmam buyurdu: ”Adəmin itaətsizliyi onun peyğəmbərliyə seçilməsindən əvvələ təsadüf edir. Onun gördüyü iş peyğəmbərlik məqamına uyğun deyildi.”1
Bildirişlər
1. İnsanda mövcud olan meyllər şeytanın nüfuz yoludur. (Şeytan Adəmin ehtiyac və istəklərindən xəbərdar olduğu üçün onun əbədiliyi meylindən istifadə etdi. Bəli, uzun-uzadı arzular insanı günaha sürükləyir)
2. Şeytanlar gözəl adlardan və ünvanlardan insanları azdırmaq və öz çirkin məqsədləri üçün istifadə edirlər.
3. Yalan insanların şeytan tərəfindən aldanış vasitəsidir.
4. İlahi övliyalar büdrədikdə dərhal tənbeh olunur.
5. Çirkinliklərin zahir olması və çılpaqlıq Adəmin üsyanının ilkin əsəri idi.
6. İnsan üçün geyim kəramət və gözəllik, çılpaqlıq alçaqlıq və çirkinlik sayılır.
7. Rəva olmayan bir tikə həyanın getməsinə və çirkinliyin zahirə çıxmasına səbəb olur.
8. Bütün insanların fitrətində çirkinliyi örtmək istəyi var.
9. Allahın əmri ilə müxalifət insanın öz inkişaf və tərbiyəsi ilə müxalifətdir.
10. Günah insanın məhrumiyyətinə səbəb olur.
● Ayə 122:
﴿ثُمَّ اجْتَبَاهُ رَبُّهُ فَتَابَ عَلَيْهِ وَهَدَى﴾
“Sonra Rəbbi onu seçdi, (lütfünü) ona qaytardı və onu hidayət etdi.”
● Ayə 123:
﴿قَالَ اهْبِطَا مِنْهَا جَمِيعًا بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ فَإِمَّا يَأْتِيَنَّكُم مِّنِّي هُدًى فَمَنِ اتَّبَعَ هُدَايَ فَلَا يَضِلُّ وَلَا يَشْقَى﴾
“(Allah Adəm və Həvvaya) buyurdu: «Oradan (behiştdən, uca məqamdan) enin. Sizin bəziniz bəzinizə düşmən olacaq. Mənim tərəfimdən sizin üçün göstəriş gəldiyi vaxt hər kəs bu göstərişə itaət etsə, nə yolunu azar, nə bədbəxt olar.»”
Nöqtələr
“Cəbayət” sözündən olan “ictiba” sözü toplamaq, seçmək mənasını bildirir.
“Tab” sözü “ila” şəkilçisi ilə işləndikdə insana aid tövbəni bildirir. “Əla” şəkilçisi ilə işləndikdə isə Allah tərəfindən tövbə nəzərdə tutulur. Yuxarıdakı ayədə də belədir: “Allah Öz lütfünü bəndəsinə qaytardı.”
“Aşağı enin” əmri ya Adəmlə Həvvaya, ya insanla şeytana, ya da Adəmlə onun övladlarına ünvanlanmışdır.
Peyğəmbərdən (s) nəql olunmuş bir hədisdə deyilir: “Həzrət Adəm qədər ağlayan peyğəmbər olmamışdır.”1 O, itaətsizlikdən sonra tövbə qıldı.
Bildirişlər
1. İnsanları fərqləndirərkən onların pak fitrətinə diqqət yetirin. Təsadüfi xətalara görə insanların üstündən xətt çəkməyin.
2. Adəm peyğəmbərlik məqamına seçilməmişdən öncə günaha yol verdi.
3. Zamanın seçimə təsiri var.
4. Tövbənin qəbulu Allahın rübubiyyət şənindəndir.
5. Xətaya yol verənləri rədd etmək əvəzinə onları bağışlayıb doğru yola çağıraq.
6. Tövbə hidayət zəminidir.
7. Tövbənin qəbulu günahın təbii sonluğuna mane olmur.
8. Bir günah bütöv bir nəsli sıxıntıya düçar edə bilər.
9. Bəşərin yerə enişi onlar arasında düşmənçiliyə səbəb oldu.
10. Adəmə verilən ilk müjdə ilahi göstərişin gəlişidir. Bu göstərişlərə itaət etməklə səadət və behiştə qayıdış üçün yol açılır.
11. Peyğəmbərlərin gəlişi və ilahi hidayət (haqqa çağırış) qətidir.
12. Müdiriyyət və tərbiyə zamanı ixrac göstərişi versək də, qarşı tərəfi inkişaf və tərbiyə imkanlarından məhrum etməyək.
13. İnsanın Allahdan başqa rəhbər və bələdçisi yoxdur.
14. Maddiyyat aləmində ziddiyyətlərin mövcudluğu qaçılmazdır. Əsas məsələ budur ki, insan müxtəlif yollar arasından ilahi yolu seçsin.
15. İnsan yol seçimində azad buraxılıb.
16. İnsanın xoşbəxtlik və qurtuluşu ilahi əmrlərə itaətindən asılıdır.
Dostları ilə paylaş: |