1. Bərçəm oğulları.
Yıvalara aid ən qədim məlumat 553-cü ildən (1158) başlayır. Yıvalar bu tarixdə Həmədanın qərbində yaşayırdılar. Hakimiyyətləri altında olan yer İranda Kürdüstan deyilən bölgəni əhatə edirdi. Yıvalar bu bölgədə çox qələbəlik halda yaşayırdılar. Hətta Mosul atabəyi İmadəddin Zəngi onların bir bölüyünü Suriyaya gətirərək, Hələb bölgəsinə yerləşdirmişdi.
Yavların Sır-Dərya boylarından İrana əfşar və salğurlarla birlikdə 1130-cu illərdə gəldikləri əsaslı bir ehtimalla deyilə bilər. 553-cü ildə (1158) İva Bərçəmə mənsub türkmənlərin Cəbəl (Kürdüstan bölgəsi) bölgəsində çapqınçılıq fəaliyyətlərini artırdıqlarına görə Bağdad xələfə höküməti Məngü-Barsın komandanlığı altında onların üzərinə böyük bir qüvvə göndərmişdi. Məngü-Bars türkmənlərə ağır bir zərbə vurmuş, darmadağın olan türkmənlərin kəsilmiş başları və aldığı əsirlərlə Bağdada qayıtmışdır2. 568-ci ildə (1172) Bərçəm tabeliyindəki türkmənlər ilə Həmədan bölgəsinə axın edərək, Dinəvəri yağmalamışdı. Bunu Naxçıvanda eşidən Eldəniz süvari qoşunla sürətlə Bərçəmin üzərinə yürüş edərək onu Bağdad yaxınlığına qədər qovmuşdu. Hətta Eldənizin Bağdad yaxınlığına qədər gəlməsi onun Bağdada girəcəyi ehtimalını oyandırdığından xəlifə bir yandan əsgər toplamağa, digər yandan da qala divarlarını möhkəmlətməyə başladı. Lakin Eldəniz xəlifədən üzr istədi, məqsədinin yalnız Bərçəmi öz ölkəsində yağmalarda bulunmaqdan vaz keçirmək olduğunu söylədi3. Belə görünür ki, Bərçəm xəlifəni öz süzereni hesab edirdi. Oğullarının da bunu sədaqətlə davam etdirdiklərini görürük. Hətta Bərçəmin bu hərəkətə xəlifənin gizli əmri ilə başlaması fərziyyəsi də vardır.
583-cü ildə (1187) son səlcuqlu sultanı Toğrul ilə xəlifənin vəziri Cəlaləddin ibn Yunis arasında Həmədan yaxınlığında başlanan döyüşdə yıvalar da xəlifə ordusu səflərində yer tutmuşdu. Ravəndiyə görə4 döyüş zamanı səlcuqlu ordusunun sol cinahını təşkil edən Ay-Aba komandanlığındakı atabəy əsgərləri (yəni Pəhləvanın məmlükləri) məğlubiyyətə uğrayaraq qaçmışdılar, yıvalar onları təqib edib qovmağa başlamışdı. Ancaq atabəyin əsgərləri sursatları atmaqla türkmənlərin təqibnndən yaxa qurtarmışlar. Türkmənlərin əsil məqsədləri də elə qənimət (doyumluq) əldə etmək idi. Qaçanların sursatlarını əllərinə keçirən kimi türkmənlər döyüş meydanına qayıtmadan öz ölkələrinə yollandılar. Halbuki döyüş Sultan Toğrulun qələbəsi ilə başa çatmışdı. Bu döyuşdə yıvaların başında Bərçəmin oğlu Mahmud dururdu1.
İraq səlcuqlu sultanlığına son qoyan Xarəzmşah Təkiş İraqi-Əcəmdəki bəzi yörələri səlcuqlu əmirlərinə vermişdi. Bunlar xəlifənin təhriki ilə çox keçmədən xarəzmşaha qarşı üsyan etsələr də, xarəzmşahın oğlu Rey valisi Yunus xan tərəfindən darmadağın edildilər. Bu məğlubiyyətdən qaçıb qurtulan əmirlər yıva bəyinə sığındılar2. Bu münasibətlə Ravəndi3 yıva bəyini məlik (kral) kəlməsi ilə vəsf edir. Bu hadisədən sonra xəlifənin qoşunu ilə Xarəzmşah Təkişin Həmədan valisi Mayacığın ordusu arasında baş verən və Bağdad qüvvələrinin məğlubiyyəti ilə qurtaran döyüşdə yıvaların da xəlifə ordusu səflərində olduqlarını bilirik4.
Bərçəm oğlu Mahmuddan sonra yıvaların başına Fəxrəddin İbrahimin keçdiyi məlum olur. 593-cü ildə (1196) atabəy Özbəyin adından Həmədanda valilik edən Nurəddin Göyçə yıva bəyliyini ortadan qaldırmağı düşünərək bu bəyliyin torpaqlarına talançı hücumlar təşkil etməyə başlamışdı. Fəqət Göyçə yıva bəyinin mübarizəyə hazır olduğunu bildiyindən Həmədana dönməyə məcbur oldu5.
Fəxrəddin İbrahimdən sonra Şəhabəddin Süleyman şah yıva bəyi olmuşdur. O, yıvaların ən məşhur əmiridir. Süleyman şah 610-cu ildən (1213) əvvəl aydın olmayan bir səbəbə görə xəlifə ən-Nasir li-dinillah tərəfindən hakimiyyətdən uzaqlaşdırıldı, yerinə qardaşı keçirildi6. Lakin bunun həqiqətən yerinə yetirilib yetirilmədiyi aydın deyil.
Cəlaləddin Xarəzmşah 621-ci ildə (1224) xəlifənin ölkəsinə səfərdən qayıdan baş Həmədan yaxınlığındakı Bahar qalasında olan Süleyman şahın yanına getmiş və orada onun bacısı ilə evlənmişdi7. Süleyman şah Bağdad xəlifəsini öz ağası tanıdığı kimi, Cəlaləddinin hakimiyyətinə də tabe olacağını bildirmişdi8. «Tarixi-güzidə»dəki Luristan məliklərinə aid fəsildə Süleyman şaha dair bəzi məlumatlar da müşahidə edilir. Bunlara görə, kiçik lur əmiri Şərafəddin Əbu Bəkr Süleyman şahın Məlikə xatun adlı bacısı ilə evlənmişdi1. Bu lur əmirinin ölümündən sonra yerinə keçən qardaşı İzzəddin Məlikə xatun ilə evlənmiş və ondan iki oğlu olmuşdur. Lakin İzzəddin öz əmisi oğlu Hüsaməddin Xəlil tərəfindən öldürüldüyünə görə İzzəddinin kiçik yaşlı oğulları dayılarının yanına qaçdılar2. Bundan sonra Süleyman şah ilə yeni lur əmiri arasında fasiləsiz mübarizə başlandı. Baş verən bir çox çarpışmalardan sonra Şapur ovasındakı bir vuruşmada lur ordusu məğlub oldu və Hüsaməddin Xəlil də öldürüldü (1246).
Süleyman şah düşməni olan Hüsaməddin Xəlilin ölümünə kədərlənmiş və onun haqqında o vaxt bir rübai demişdir3.
Süleyman şah xəlifə hökumətinə səmimi bir şəkildə bağlı idi. Qonşu lur əmirləri, Farsdakı səlcuqlular, Mosul hökmdarı Hülaküyə tabe olduqları zaman da, Süleyman şah xəlifədən ayrılmadı. Hətta 1258-ci ildə monqollar Bağdadı mühasirəyə alanda şəhəri müdafiə edənlərdən biri də Süleyman şah idi. Bağdadın süqutundan sonra Süleyman şah da xəlifə və digər türk komandanları ilə birlikdə şəhid edildi4. Bu vaxt o xeyli yaşlı idi. Həmdullah Müstövfiyə görə5, Hülakünün Bağdad səfərinə qoşulan lur əmiri Bədrəddin Məsud Süleyman şahın öldürülməməsini Hülaküdən rica etsə də, xahişi qəbul olunmamışdır. Bununla bərabər Süleyman şahın ailəsini və məiyyətini himayə etməyə müvəffəq olan lur əmiri onları Luristana götürmüşdür. Onların bir qismi ara sakitləşəndən sonra Bağdada qayıtmışdılar.
Süleyman şahın olduqca mədəni bir insan olduğu məlum olur. Yuxarıda onun bir rübaisindən bəhs edilmişdi. Həmdullah Müstövfi6 Süleyman şahın məddahı olan bir şairdən də bəhs edir. Rəşidəddin isə yıva bəyinin nücum elminə vaqif olduğunu bildirir7.
Yenə Həmdullah Müstövfiyə görə8, Süleyman şah zamanında 15 idarə yörəsinə ayrılan Kürdüstanın gəliri 200 tümənə yaxın idi. Halbuki müəllifin zamanında həmin bölgədən ancaq 20 tümən 1500 dinar əldə edilirdi. Bu müqayisə Süleyman şah zamanında Kürdüstan vilayətinin necə varlı olduğunu açıq bir şəkildə göstərir.
Süleyman şaha tabe olan yıvaların aqibəti haqqında məlumatımız yoxdur. Minorski1 qaraqoyunlu ulusuna mənsub baharlı oymağının öz adını Süleyman şahın yaşadığı Bahar qalasından aldığını qəbul edərək qaraqoyunluları yıvaların nəsli hesab edir.
Dostları ilə paylaş: |