10. Xəzərarxası türkmənləri.
Salurlar Xəzərarxası türkmənlərinin meydana gəlməsində birinci dərəcəli rol oynayan çavuldur, iğdır, eymür, karkın kimi boylardan biridir. Hətta əlimizdəki məlumatlara görə birincisidir. Salurlar qədimdən bəri Manqışlaqda yaşayırdılar. Onların buraya eymür, döyər, çavuldur, karkın boylarına mənsub böyük qollarla Şah Məlikin öldürülməsindən sonra oğuz eli arasında başlayan qardaş qırğını nəticəsində gəldikləri nəql edilir. Biz X əsrdən bəri Manqışlaq yarımadasında türkmənlərin yaşadıqlarını bilirik.
XVI əsrdə salurların Manqışlaqda qələbəlik bir halda yaşadıqları müşahidə edilir. Bunlar orada içki (iç) salur və taşqı (dış) salur olmaq üzrə iki qola ayrılmışdılar. Salurlar həmin əsrin sonlarına doğru manqıtlar (noqaylar) tərəfindən oradan tamamilə çıxarıldılar. Bunun nəticəsində salurların bir qismi Ətrək və Gürgan çayları bölgəsində, əsas kütləsi isə Xorasanda yurd saldı. İki çay arasına gələn salurlar ohlu (oxlu) və eymürlərlə birlikdə yaşayırdılar. Bu kütləyə sayın xanlı, yaxud yaxa türkmənləri deyilir.
1007-ci ildə (1598/1599) Şah Abbasın Astarabad bölgəsinə yürüşü nəticəsində digər sayın xanlı türkmənləri kimi salurlar da səfəvi hökmdarına öz itaətlərini bildirmişlər2.
Əbülqazinin nəql etdiyi rəvayətlərə görə3 ərsarı adlı türkmən icması salurlardan (içki salur), yomut, təkə, sarıq adlı türkmən icmaları da yenə bu boydan (taşqı salur) çıxmışlar. Rəvayətlər doğrudursa, bu günkü Xəzərarxası türkmənlərinin bəlkə də yarısından çoxunun salurlardan olduğunu qəbul etmək lazımdır. XIX əsrin ortalarında doğrudan-doğruya salur adını daşıyan türkmən icması Mərv ilə Herat arasında, Mürqab boyunda yaşayırdı. Rəvayətlərdə onlardan çıxdıqları söylənən sarıqlar da salurların ən yaxın qonşuları idi. Vamberi (1863) salurların 8.000 çadır olduqlarını və aşağıdakı obalardan meydana gəldiklərini yazır1:
1. Yalavac (yaz, tizi, sakar, ordu xoca obalarına ayrılırdı).
2. Qaraman (alam, görcikli, bəy böləyi).
3. Ana böləyi (yadçı, Buxara, bəkəşli törə (?), Teymur).
18. EYMÜR (EYMİR)
XVI əsrdə Anadoluda bu boya aid 71 yer adına təsadüf edilir2. Bu rəqəmlə eymürlər siyahıda dördüncü sıranı tuturlar. Eymür yer adlarından bir çoxu Sivas-Tokat bölgəsindədir. Yenə həmin əsrdə Anadolunun müxtəlif yerlərində eymür adlı oymaqlar müşahidə olunur. Bu boyun adı Anadoluda daha ziyadə eymir (hətta bəzən bəlkə də imir), İran və Xarəzm türkmənləri arasında isə eymür şəklində tələffüz edilir.
Dostları ilə paylaş: |