276- Folklor Faruq Sumer Oghuzlar Tarixleri Boy Teshkilati Dastanlari Ramiz Asker Urmu Turuz 2014
a) Boz-ox. Boz-oxdakı Şam bayatı bu bölgənin Gədük yörəsində yaşayırdı. Bu yörə Kayserinin şimal-şərqində, Gəmərək ilə Mancılıq arasındakı torpaqları əhatə edirdi. Burada yaşayan Şam bayatları əsasən xızırlı, həsəncili, kəsməzli, şeyxli, şərqili, qızıl donlu və qaraca-qoyunlu kimi oymaqlara ayrılmışdı. Bu obalar tarlalarında əkinçilik edir, qışda Suriyaya gedirdilər. Ancaq XVI əsrin ikinci yarısında Şam bayatları qışda Suriyaya getməkdən vaz keçmişlər.
b) Yeni-el. Bu eldə yaşayan Şam bayatı qolu ancaq 5-6 obadan ibarət idi. Tatar-əlili müstəsna olmaqla digərləri Boz-ox yörəsindəki şam bayatı obalarının qollarıdır.
c) Ulu-yörük. Ulu-yörük icmasına bağlı təşəkküllərdən biri də inallu oymağıdır ki, o, Şimali Suriyadakı inalluların bir qoludur. Amasya ətrafında yaşayan inallu təşəkkülünün arasında şam bayatı adlı bir neçə oba vardı1. Əvvəlcə də dediyimiz kimi, bu hal bayatlarla ilallular arasında qəbiləvi bir qohumluqla əlaqədar ola bilər.
ç) Ankara. Şam bayatına mənsub iki kiçik oymağın da 929-cu ildən əvvəl (1522) Ankaranın Kalecik qəzasında yurd saldığı bilinir. Onlardan biri Çuna, digəri isə Tavşancıq kəndlərində yerləşmişdi2.
d) Maraş. Şam bayatına mənsub bir oymaq Behisniyə tabe Qorucu kəndində, vergi mükəlləfiyyətli 40 nəfər əhalisi olan başqa biri isə Antakyanın Hacılu kəndində qışlayırdı3.
Boz-oxda yaşayan Şam bayatının İrandakılar kimi şiə, yəni qızılbaş olduğu, hətta İranla əlaqə saxladığı bilinir. 986-cı ildə (1578) Boz-oxdakı Şam bayatına mənsub bir şəxs özünün 984-cü ildə (1576) öldürülən səfəvi hökmdarı II Şah İsmayıl olduğunu elan edərək başına xeyli adam toplayıb Qırşəhirdəki Hacı Bəktaş Vəli təkkəsində tərəfdarları önündə qurban da kəsmişdi. Ancaq onun hərəkatı qısa bir müddət sonra yatırıldı.4 Şam bayatının həm Boz-ulus, həm də Yeni-eldəki obaları bu icmaya məxsus digər oymaqlar kimi 1022-ci ildə (1613) Orta Anadoluya gəlmişlər. Onlara da 1100-cü ildə (1688/1089) Orta Anadoluda qələbəlik dəstəsi ilə quldurluq edən Gədikin cəzalandırılması tapşırılmış, ertəsi il digər türkmən təşəkkülləri kimi Avstriya səfərinə çağrılmışlar5.
Orta Anadoluya gələn və deyildiyi kimi, Yeni-elə və Boz-ulusa mənsub olan Şam bayatı oymaqlarının harada yerləşdikləri haqqında dolğun məlumatımız yoxdur. Onlardan bir və ya bir neçə obanın Çuxurovaya endikləri və Qaraisalı qəzasında bu gün öz adları ilə adlanan kəndlərdə yerləşdikləri anlaşılır1. Onlardan başqa bir obanın Qaraman qəsəbəsində yerləşdiyi məlumdur. Orada ayrı bir məhəllə təşkil edən oba camaatı bu gün də öz qəbiləvi mənşəyini unutmamışdır.
5. Kütahya XVI əsrdə bayat adını daşıyan bir oymağa da Kütahya yörükləri arasında təsadüf edilmişdir. Kütahyanın Geyiklər yörəsində yaşayan bayat adlı bu oymağın II Bəyazid dövründə vergi mükəlləfiyyətli 53 nəfər əhalisi vardı. Digər tərəfdən həmin əsrdə Uşaq yörəsində yaşayan boz quş adlı böyük bir oymağın obaları arasında da vergi mükələfiyyətli 25 nəfər əhalisi olan qara-bayat adlı bir oba olmuşdur2. Həmin əsrdə bayat adlı digər bir oymağa isə Antalya (Təkə) sancağında rast gəlirik3. Anadolu bayatları haqqında əldə edilən məlumat bunlardan ibarətdir.