Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,61 Mb.
səhifə9/42
tarix03.06.2018
ölçüsü5,61 Mb.
#52596
1   ...   5   6   7   8   9   10   11   12   ...   42

Dinarın Kirmana gəlməsinin bir dəvət ilə əlaqədar olması ehtimal edilir. Yəqin onu oradakı oğuzlar dəvət etmişlər. Bun­dan başqa, Kobnan valisi Mü­cahiddinin də bir neçə dəfə Gür­gə­nə gedərək Dinarı Kirmana dəvət et­diyi söylənir. Üstəlik, Di­narın Kirmana 80 atlı ilə gəlməsi belə bir ehtimalı qüvvət­lən­dirir. Dinar birbaşa oğuzların olduğu Nərmaşirə getdi. Orada oğuz­larla görüşən Dinar Bam valisini itaət altına aldıqdan son­ra şimal-şərqə yönələrək Zərəndi zəbt etdi. Vəziyyət belə ol­duqda Kirman hökmdarı Mə­həm­məd şah kömək istəmək üçün İraqa getdi və bir daha geri qayıtmadı. Dinar ertəsi il Bərdəsiri də fəth edib orada oturdu. Beləliklə, məlik Dinar heç bir çətin­lik çəkmədən Kirman hökmdarı oldu.

Dinar Kirmanı uzun müddətdən bəri məhrum olduğu əmin-amanlığa və sakitliyə qovuşdurdu, oranı ədalətlə idarə etdi, öz qövmünə qarşı da mehri­ban­lıq göstərdi. Onlar yenə əvvəlki ki­mi Nərmaşir, Nəsa və Reyhanda ya­şa­yırdılar. Buralar Kirmanın ən yaxşı taxıl yetişən bölgəsi idi. Dinar öz ha­ki­miyyətini dənizə qədər genişləndirmiş, qədimdən bəri Hindistan, Afrika və Ərə­­bistanla ticarət sayəsində çoxlu gəlirə sahib olan Qeys adasının hökm­da­rını da vergiyə bağlamışdı. Bundan əlavə Mərkan da ta­beliyində idi. Türk­ləri, ələlxüsus da oğuzları heç sevməyən sal­naməçi Əfzal Kirmani (Dinarın divanında yüksək mövqe tu­tur­du) Dinarın tərifini göylərə çıxarır. İmadəddin Dinar 8 illik hökm­ranlıqdan sonra 591-ci il zülqədə ayının 9-da (15 oktyabr 1195) vəfat etdi və yerinə oğlu Fərrux şah keçdi. O, qabiliy­yət­siz, eyni za­manda içkiyə mübtəla, əyləncəyə düşkün bir gənc idi. Salnaməçi Ə.Kirma­ni­nin Fərrux şahda bəyəndiyi yeganə cə­hət onun oğuzlara nifrət etməsidir. Halbuki məlik Dinar ni­­zam və asayişi oğuzların hesabına bərpa etmişdi. Kir­mani bir əsərində1 bu oğuzlara «qara ğuzz» (qara oğuz) deyir ki, bu «qa­­­ra» sifətinin onlara Xorasanda siyasi əhəmiyyətlərini iti­rərək qovul­maları nə­ticəsində verilmiş olduğu anlaşılır.

Fərrux şah taxta çıxdıqdan sonra ondan gözü su içməyən oğuz bəyləri Sey­fəddin Alparslan və Məndək paytaxtdan çı­xa­raq Gərmsirdəki eldaşları­nın yanına getdilər. Fərrux şah məm­lük və ya məmlük oğlu zabitlərin təsiri al­tına düşdü. Oğuzlara gəlincə, onlar da Fərrux şahın nifrətinə qarşı nifrətlə cavab ver­məkdə gecikmədilər. Eldaşları ilə bacara bilməyəcəyini görən Fər­rux şah xarəzmşah Təkişə tabe olduğunu bildirərək kömək istədi. Təkiş nə­və­si Arslan xanın komandanlığında bir ordu gön­dərdi. Arslan Kirman sər­hədinə çatanda Fərrux şahın öldü­yü­nü eşitdi və oğuzları öz qarşısında gördü. Bu səbəbdən geri qa­yıtdı.

Əlaəddin Fərrux şah 592-ci ildə (1195-1196) öldü. Oğuzlar Bərdəsir yö­rə­lərini heç nə qalmayacaq şəkildə yağmaladıqdan sonra obalarının yer­ləş­di­yi Cərmsir bölgəsinə döndülər. Fərrux şahın qardaşı Əcəm şah kiçikyaşlı ol­duğu üçün Xarəzmə, Təki­şin sarayına aparılmışdı. Əcəm şah orada Təkişin vəfatına qə­dər qaldı. Oğuzlara gəlincə, hökmdarsız olduqları üçün gur öl­kəsindən Zirək Bəlcək adlı birini gətirib özlərinə hökmdar elə­dilər. Ancaq Zirəklə nüfuzlu bəylərdən biri olan Alparslan yola getmədilər. Alparslan für­sət tapıb onu öldürdü, özü padşah se­çilsə də müvəffəqiyyət qazana bil­mədi. Əcəm şah Təkişin ölü­mündən sonra Kirmana gəldi və oğuzların baş­çı­sı oldu. Ancaq oğuzların əvvəlki qüdrəti qalmamışdı. Buna görə də Kir­man salğurların hakimiyyəti altına keçdi. Əcəm şah oğuzların bir qis­­mi ilə Sis­tana getdi (609-cu ilin sonu - 1213). Əcəm şahın aqi­bəti haqda heç bir qeyd qalmamışdır1. Monqol dövründə Kirmanda türkmənlərin yaşadığı gö­rü­nür2. Bu türkmənlərin heç olmasa bir qismi, şübhəsiz, bu oğuzların nəvə­ləridir.

6. FARS VƏ XUZİSTAN

Səlcuqlu hökmdarları ana yurddan köçüb gələn türkmən elat­larının hü­dudlara getmələrini təşviq etdikləri kimi dövlət ha­kimiyyətinin zəif bərqərar olduğu, kürd, lur kimi döyüşkən ün­­sürlərin yaşadığı dağlıq, qapalı, sərhəd böl­gələrdə yurd sal­ma­­larını da xoşnudluqla, bəlkə də məmnunluqla qarşı­la­yırdılar.

XII əsrdə türkmənlər, ümumiyyətlə, ya uclarda (hüdud), ya da bu kimi yerlərdə görünürlər. 1135-ci illərdə salğurlar Fars ölkəsində, əfşarlar isə Xu­zistanda məskun idilər. Onların bura­ya yaxınlarda Sır-Dərya sahillərindən qopan bir türkmən dal­ğa­sı içində gəldikləri məlumdur3. Yenə həmin dövrdə yıva bo­yundan mühüm bir qismin də Şəhrizor tərəflərində yaşa­dı­ğı­nı bilirik ki, bunların da həmin kütləyə mənsub olmaları eh­ti­malı var. Farsdakı sal­ğurlar göstərilən tarixdən bir neçə il sonra bir atabəy dövləti qurdular4.

Əfşarlara gəlincə, onlar da Arslan oğlu Yaqub ilə Şumla lə­qəbilə tanın­mış Güc-Toğan oğlu Aydoğdu və onun oğullarının başçılığı altında bir müd­dət Xuzistana hakim oldular5.

7. KÜRDÜSTAN

Əsasən Şəhrizor, Hulvan, Kirmanşah, Dinəvər yörələrindən ibarət olan bu bölgədə qədimdən bəri qələbəlik türkmən cama­a­tı yaşayırdı. Hulvan və ətrafı Məlikşah dövründə məşhur türk­mən sərkərdəsi Artuq bəyin iqtası idi. 495-ci ildə (1101) burada sal(ğ)urlardan Qara-Beli adlı bir bəyin kürd Ən­nazoğulları sü­laləsindən Söhrab bin Bədr bin Müxəlhili məğlub etməsi nəti­cə­sində Şəhrizor və Dakuk (Tauk) istisna olmaq üzrə türk­mən­lər bölgənin hər tərəfini öz əllərinə keçirmişdilər. Qara-Be­li haq­­­qında başqa bir məluma­tımız yoxdur. Yalnız Bağdaddan Ma­­rağaya gedən ana yolda Dinəvər ilə Ma­rağa arasındakı bir keçid monqol dövrünə qədər onun adını daşımışdır. Şəh­rizor şə­­­həri də bir müddət sonra türkmənlərin hakimiyyəti altına keç­di. Bu şəhər və Şəhrizor bölgəsi 525-ci ildə (1130) türkmən bəy­­­­­lərindən Arslan-Taş oğlu Əmir Qıfçağın (Qıpçaq) əlində idi. Əmir Qıfçağın yaxında-uzaqda yaşayan bütün türkmənlərin üstündə böyük nüfuzu vardı, hər yandan axışıb gələn türk­mən­lər onun ətrafında toplaşırdılar. 525-ci ildə İraq səlcuqlu­ları­nın sul­tanı Mahmudun ölümündən sonra 526-cı ildə (1131) qardaşı Məsud səltənəti ələ keçirmək məqsədilə əsgər toplamaq üçün Əmir Qıfçağın yanına gəlmişdi. Burada 10 min atlı yığan Mə­sud Bağdad üzərinə hücuma keçdi1. Daha əvvəllər - 516-cı ilin sonlarında (1123) Abbasi xəlifəsi əl-Müstərşid Hil­lənin ərəb əmiri Dübeys bin Sədəqənin təcavüzlərinin qarşısını al­maq üçün ətrafdakı əmirlərdən kömək istəmiş, buna görə Bitlis əmiri Toğan-Ars­lan, saltuqoğulları, buğaoğulları, Qıfçaq və qar­­­daşları Bağ­dada gəlmişdilər. Mosul hakimi Ağ Sunqur oğlu İmadəddin Zəngi qonşu əmirləri itaət altına almadan səlibçilərə qarşı müvəf­fəqiyyətlə mübarizə apara bilməyəcəyini ba­şa düş­müş­dü. Bu səbəblə 534-cü ildə (1139/1140) Zəngi Şəhrizoru Qıfçağın əlindən almış və onu özünə tabe etmişdi2. Bununla bərabər Şəhrizor ölkə­sin­də mühüm bir yörə Qıfçağın əlində qal­mış və uzun müddət onun adı ilə (vi­layət ül-Qıfçaqiyyə) ad­lanmışdı.

Qıfçağın iki oğlunun adı məlumdur: Məsud və Ya­qub. Mə­sudun Ziyaəd­din, Yaqubun isə İzzəddin Həsən adlı oğul­ları var­dı. Mosulun şimalındakı Malatya qəsəbəsinin hakimi olan Zi­yaəddin 569-cu ildə (1173) Suriya hökmdarı Nurəddin Mah­mudun xidmətinə girmişdi. Səlahəddin Əyyubi 585-ci ildə (1189) böyük əmirlərindən Farisəddin Küş-Toğdını (Güc-Doğ­du) Şəhrizor bölgəsinə vali təyin etdi. Küş-Toğdı Qıfçağın nə­və­si İzzəddin Həsənin bacısı ilə evli idi. Sultan Küş-Toğdını məhz bu qohumluq dolayısı ilə Şəhrizor valiliyinə göndər­miş­di3. Axırıncı səlcuqlu sultanı Toğrulun ata­bəy Qızıl Arslanla arası dəymişdi və onunla mübarizə edə bilmək üçün İz­zəddin Hə­sə­nin yanına gəlmişdi. İzzəddin Həsən çox gənc olan Sultan Toğ­rula əlindən gələn köməyi elədi. Toğrul onun bacısı ilə ev­lən­mişdi. İkisi bir­likdə Azərbaycana gedib oradakı türkmən­lər­dən mühüm bir qüvvə topla­sa­lar da, Qızıl Arslanla mübarizədə uğur qazanmadılar1.

İbn ül-Əsirin bir qeydindən2 türkmən qıfçaqoğullarının XIII əsrin ilk illərinədək Şəhrizor bölgəsində öz varlıqlarını da­vam etdirdikləri anlaşılır. Kürdüstan bölgəsində qələbəlik bir yı­va kütləsi də yaşayırdı. İmadəddin Zəngi bu yıvaların bir qis­mini Yaruq adlı bəylərilə bərabər Şimali Suriyaya gətirib səlib­çi­lərin qonşuluğunda yerləşdirmişdi. Kürdüstan bölgəsində qa­lan yı­va­lar isə Bərcəm və onun oğullarının idarəsi altında siyasi bir qüvvə kimi öz varlıqlarını monqol dövrünə qədər qorumuş­lar3.

8. AZƏRBAYCAN VƏ ARAN

Səlcuqlu fəthindən etibarən bu bölgədə çox qələbəlik sayda oğuz (türk­mən) kütlələri yaşayırdı. Anadolunu fəth edən və oradakı türklüyü uzun bir zaman bəsləyənlər xüsusilə buradakı oğuz kütlələri olmuşdur. Alparslan döv­ründə bu oğuzlar ara­sın­da navəkiyyə adlı mühüm bir kütlə vardı. Bu sö­zün mənşəyi bu günədək aydınlaşdırılmamışdır. Navəkiyyələr də oradakı oğuz­lar kimi tez-tez Bizans torpaqlarına hücum edirdilər. Alparsla­nın qo­hum­­larından olan (eyni zamanda kürəkəni) Ər-Bars­ğanın onunla arası dəydi və navəkiyyələrdən bir bölüyü ilə Bi­zansın hi­mayəsinə keçdi (1069). Bu na­vəkiyyələr sonralar Ər-Bars­ğandan ayrılaraq Suriyaya endilər və orada öz­başlarına fü­tuhata girişdilər4. Onların Azərbaycanda qalanları əv­vəl­ki kimi Bizan­sa hücumları davam etdirirdilər. Hətta Qılınc Arslan İran­dan Anado­luya gedərkən məiyyətində navəkiyyə əsgərləri vardı. Qılınc Ars­lanın atası və Türkiyə səlcuqluları dövlətinin banisi Sü­leyman şahın da navəkiyyələrə mənsubluğu barədə rəvayət bu kütlənin adının əslinə olan marağımızı artırır. Ancaq təəssüf ki, onlar barədə bundan artıq heç nə bilmirik. Bu kütlə haq­qın­da verilə biləcək son hökm onun Suriyada olduğu kimi Ana­dolunun fət­hində də çox mühüm rol oynamasıdır. Azərbaycana və Arana ilk dövrlərdə məlik ünvanı ilə səlcuqlu şahzadələri gön­dərilirdi. Azərbaycan Məlikləri Toğrul bəydən sonra Alp­ars­lanın qardaşı Yaquti, sonra onun oğlu İsmayıl və nəvəsi Qüt­bəddin Mövdud idi. Qütbəddin Möv­dudun ölümündən son­ra Azər­baycana baş­qa səlcuqlu şahzadələri göndərilsə də, bu­ra­nın həqiqi sahib­ləri səlcuqlu valiləri olmuşlar.

Sərhəd rayonu Arana gəlincə, mərkəzi Gəncə olan bu böl­gədə ilk za­manlar Məhəmməd Tapar, sonra isə oğulları Toğrul və Məsud məliklik et­miş­lər. Onlardan sonra bura da məmlük va­­lilər tərəfindən idarə olunmuşdur. Bu valilər eyni zamanda Azərbaycanın bir qismini də idarələri altına almış­dı­lar. Onlar ge­niş və zəngin bölgə sahibi, sərhəd valisi olduqları üçün bö­yük ordulara sahib idilər. Bu səbəbdən İraq səlcuqlu dövlətinin ən qüdrətli vali­ləri onlar idilər və sultanlara hər zaman sözlərini qəbul etdirmiş, hətta onlara hökm etmişdilər. Qara Sunqur (ölü­mü: 535-1140/1141), Çavlı Candar (ölü­mü: 541-1146) və El­də­niz (571-1175) bu valilərin ən məşhurları idi. Eldəniz və oğul­ları atabəy sifətilə səlcuqlu dövlətinə hakim olmuşdular.

Azərbaycanda və İrandakı türkmən bəylərinin çoxu iqta sa­hibi idi. Bun­lar oraların valilərinə tabe idilər. Gürcülərlə apa­rılan müharibələrdə həmişə iş­tirak edirdilər. Azərbay­can­da­kı türk­mənlər ələlxüsus Ərdəbil, Xoy, Urmi­ya və Naxçıvan tərəf­lərdə yaşayırdılar. Sonuncu böyük İraq səlcuqlu hökm­darı Mə­sud (1134-1152) Azərbaycanda rast gəldiyi Bəy Arslan adlı çox ya­raşıqlı bir gənci öz xidmətinə götürərək qısa bir zamanda yük­səltmiş və ona xas bəy ünvanı vermişdi. Xas bəy Azərbay­can­da Sərab və Ərdəbil tərəflə­rində olan oğuz bəylərindən və ya əyan­larından birinin oğlu idi. Məmlük əmirlər hökmdarın xas bəyə göstərdiyi bu rəğbəti həzm edə bilməmiş, onu sultanın ya­nından uzaqlaşdırmaq üçün hər şeyə əl atmışlarsa da, buna mü­vəf­fəq olmamışlar. Xas bəy bütün əmirlərin başçısı, yəni ha­cib oldu. Sultan Məsud 547-ci ildə (1152) öldüyü zaman xas bəy yenə də haciblik mövqeyini mühafizə edirdi. Sevimli hökm­­da­rının ölümündən sonra xas bəy Sultan Mə­sudun qardaşı oğlu Məlikşahı taxta çıxardı. Ancaq o, hökmdarlıq edəcək xa­rak­ter­də adam deyildi. Buna görə taxta çıxarmaq üzrə Məhəm­mədi də­vət et­di. Lakin dəvət üçün göndərdiyi adamlar Məhəm­mədi xas bəyin öldürülməsi xüsusunda dilə tutdular. Xas bəy yaxın dostu Əmir Zəngi Candar ilə birlikdə öldürüldü. Yaxın dost­la­rından olan Əmir Şumla isə qaçıb canını qurtardı1. Əli­mizdəki bir mənbəyə görə, xas bəylə birlikdə öldürülən yaxın dostu əmir Zəngi Candar da türkməndir2.

Zəngi Candar bəzi əmirlərlə birləşərək Sultan Məsuda tabe olmayan To­ğa-Yürək oğlu Əbdürrəhmanın3 ortadan qaldı­rıl­ma­sında mühüm rol oyna­mışdı. Əmir Şumlaya gəlincə, o, əfşardır, ondan ayrıca bəhs ediləcəkdir. Be­ləliklə, xas bəyin iki yaxın yoldaşının özü kimi türkmən olması hər halda bir təsadüf nə­ticəsi deyil. Bu hal onun məmlük əmirlərə qarşı mübarizə üçün öz qövmdaşları olan bəyləri ətrafına yığmaq siyasəti güd­dü­yü­nü göstərir. Hətta xas bəyin məlik Məhəmmədi Xuzis­tandan gə­tirmək üçün göndərdiyi əmir Cəmaləddin Kafşut da başqa bir mənbənin verdiyi məlumata görə türkmən idi1. Xas bəyin öl­dürülməsində başlıca rol oynayan Kafşut Sultan Mə­həm­mədin hacibi (bəylərbəyi) olmuş və özündən sonra oğ­lan­ları bir müd­dət Zən­canı idarə etmişlər.

Sultan Məsudun ölümü və bir il sonra Sultan Səncərin öz qövmü olan oğuzlara əsir düşməsi səlcuqlu xanədanının qüdrət və şövkətinin dağılma­sı­na səbəb olmuşdur. Son Səlcuqlu sulta­nı Toğrul 586-cı ildə (1190) Qızıl Ars­lan tərəfindən yaxalana­raq Azərbaycanın Beyləqan yaxınlığındakı Keh­ran adlı bir qa­lada həbs edilmişdi. İki il sonra Qızıl Arslanın öldürül­mə­sin­dən son­ra Azərbaycandakı türkmən bəylərindən Anasıoğlu bin Mah­mud əmirlərdən Bədrəddin Dizmari ilə birləşərək Toğrulu azad etdi. Bədrəddin ordu komandanı Anasıoğlu isə əmirbar oldu. Bu iki əmir üç min nəfərlik bir ordu hazırlayıb İraqa yü­rüş et­di­lər. Qəzvin ətrafında Qızıl Arslanın qardaşı oğlu Qutluğ İnanç ilə vuruşdular. Qutluğ İnancın 12 minlik ordusu tar-mar oldu, özü isə qaçdı (588-1192). Bu zəfərdən sonra Sultan Toğ­rul Hə­mədana gəldi və təkrarən səlcuqlu taxtına əyləşdi. Salna­məçi Ra­vəndi Toğrulun o zaman bu rübaini söylədiyini yazır:


Sanma ki, kimsə mənə kömək etdi,

Qılınc zəfər qazandı, tale oyanmışdı.

Qullarımdan vəfanı ancaq

Anasıoğlu Mahmud və Dizmari göstərdi2.

Əmir Anasıoğlu bin Mahmud haqqında başqa bir məlumat yoxdur. Onun İraqın oğuz bəylərindən Anasıoğlunun soyuna mənsub olmasına dair dəlilimiz də yoxdur.

Cəlaləddin Xarəzmşah Azərbaycana gələrkən (1225-ci il) Arandakı türk­mənlərin sayı hədsiz-hesabsız idi. Belə ki, onların çox olduqlarını göstərmək üçün «qarışqa sürüsü» və «çəyirtkə buludu» sözləri işlədilirdi3. Bu dövrdə Arandakı türkmənlərin mühüm bir qisminin başçısı əmir Hüsaməddin Qılınc Arslan idi4. Lakin bir qədər sonra gələn monqollar Muğan və Arandakı türk­mənləri buradan çıxardılar1. Türkmənlər Anadoluya getdi­lər. Monqolların gəlişindən cəlayirilər dövrünədək olan müd­dət­də Azərbaycan və Aranda türkmənlərin yaşadığına dair heç bir məlumatın qeydə alın­maması buralar­dakı türkmənlərin ək­səriyyətinin Türkiyəyə köçmüş olduğunu göstərir.

9. İRAQ VƏ CƏZİRƏ

Bu ölkədə türkmənlər əsasən Mosul bölgəsində yaşayır­dı­lar. Sultan Mə­həmməd Tapar və onun oğlu Sultan Mahmud döv­ründə Bəsrədə böyük əmir Ak-Sunqur əl-Buxarinin kö­mək­çisi olan Sunqur əl-Bayati adlı bir əmir vardı. Yüksək mən­səbli adamlardan fərqli olaraq bu əmirin etnik mənsu­biy­yəti na­mə­lum olduğu üçün əl-Bayati nisbəsinin bizim bayat boyu ilə bağlılığı xü­susunda şübhəmiz var. Ancaq bu kəlmənin başqa bir şəkildə izahı da müm­kün deyil.

Bağdadın cənub-şərqində Badaraya vilayətinə daxil olan Ba­yat qəsə­bə­si­nin adı ancaq XIII əsrdən etibarən çəkilir. Əmir Sunqur əl-Bayati zamanında Bəsrədə ismailiyyə türkləri və bul­duqiyyə türkləri kimi əsgəri zümrələr var idi. İsmailiyyə türk­lə­rinin başçısı Qızoğlu, bulduqiyyə türklərinin başçısı isə Sun­qur-Alp adlı bir əmir idi. Bu dövrə aid mənbələrdə Qızoğlu adı­na tez-tez təsadüf olunur. Məsələn, Məhəmməd Taparın bö­yük əmirlərindən birinin adı Qızoğlu idi. O həm də Taparın oğ­lu Mah­­mudun atabəyi idi. Buraya Sul­tan Məsud dövrünün əmir­­lərindən başqa bir Qızoğlunu da əlavə edə bilərik. Bu kəl­mənin Ğuzz oğlu, yəni Oğuz oğlu kimi izah edilməsi bir qədər şüb­həli görünür. Həmin dövrdə Bağdadda bəkçiyyə əmir­­ləri vardı. Bö­yük ehti­mala görə bunlar şəhərdəki sultanlara və böyük əmir­­lərə aid sarayların, qəsr­lərin, kazarmaların mühafizəsinə təyin edilən əsgərlərin (bəkçilərin – keşik­çilərin) əmirləridir.

Mosul bölgəsində iqtası olan Kür-Yavı adlı türkmən bəylə­rindən biri haqda məlumatımız var. Onun Xorasan adlı bir əmi­rin oğlu olduğunu da bi­li­rik. Sultan Məhəmməd Tapar və onun oğlu Sultan Mahmud dövründə Kür-Yavı aşağı Zab sahilindəki Bəvazic qalasının və qalanın ətrafının sahibi idi. Sultan Məsu­dun hakimiyyəti dövründə həmin yer Kür-Yavının oğlunun əlin­­­də idi, ancaq oğlunun adı bilinmir.

Zəngilər dövlətinin türkmən əmirlərindən biri də Zeynəddin Əli Küçük (Kiçik-tərcüməçi) idi. Zeynəddin Əli uzun illər Mo­sul atabəyləri dövlətinin işlərini enerji ilə idarə etdikdən sonra 1167/1168-si ildə Ərbilə çəkilmişdi. Onun atası Bəg-Təgin2, ba­bası isə Məhəmməd adlı bir adam idi. Zeynəddin Əlinin bö­yük oğlu və ikinci xələfi məşhur Müzəffərəddin Gök-Börü (Boz­qurd) idi. Səlahəddin Əyyubinin kürəkəni olan Gök-Börü o dövrdəki səlib vuruşmalarının ən igid əmirlərindən biri idi. Tikdirdiyi ictimai əsərlərlə və xalqa göstərdiyi şəfqət və yar­dım­larla onun adı-sanı hər tərəfə yayılmışdı1.

Nəvakiyyə türkmənləri 463-cü ildə (1070-1071) Suriyaya gəldilər. Bun­la­rın Ər-Barsğan ilə Anadoluya gedən nəvakiy­yə­lər olduğu məlumdur. On­ların başbuğu Qızlı (?) idi. Qızlıdan son­ra Uvak oğlu Atsız və Şöklü adlı bəyləri gəlirdi. Qızlı fa­timilərin Əkka valisi Bədrəddin Camalın xahişi ilə Su­riyada yağ­maçılıq edən ərəbləri qovdu. Bu nəvakiyyələr öz davra­nış­ları ilə Səncəri məğlub edib əsir alan oğuzlardan olduqca fərqli görünürlər. On­lar yerli əhalidən əkinçilər tutaraq ərəblərin gü­nahı üzündən xarab olan Ru­melidəki torpaqları becərtdirmişlər. Satılan zeytun məhsulundan 300 min di­nar əldə edən əkinçilər miri haqqı olaraq nəvakiyyələrə 30 min dinar verdi­lər. Digər tə­rəfdən nəvakiyyələr şəhərləri yağma etməkdən daha çox ha­ki­miyyətləri altına almaq üçün tuturdular. Beləliklə, Qızlıdan sonra nəva­kiy­yələrin hakimi olan Atsız Qüdsü, Dəməşqi (Şa­mı) və digər yerləri fəth etdi. XII əsrin əvvəllərindən etibarən nəva­kiyyələrdən daha bəhs edilmir.


10. SURİYA

Səlcuqlu hökmdarı Məlikşah 470-ci ildə (1077) qardaşı Tu­tu­şu Suriya mə­likliyinə təyin edərkən onun məiyyətinə Bəkçi oğ­lu Afşin, Sandaq, Dim­laç oğlu Məhəmməd, Tutu oğlu və Bə­rik oğlu kimi qüvvətli bəyləri daxil et­mişdi. Bunlar eyni za­manda Anadolunun fəthində mühüm rol oynamış bəy­lər idi. Böyük əmir Afşinin aqibəti haqda heç bir qeydə təsadüf edil­mir.

XII əsrdə İmadəddin Zəngi Hələb əmiri olduqdan sonra Şəhrizor-Ərbil bölgəsindəki yıvaların mühüm bir qismini Hə­ləb bölgəsinə gətirmiş və on­lara səlibçilərə yaxın yerdə iqta ver­­­mişdi. Bu Suriya yıvaları öz başçıları Ya­ruğa görə yaruqiy­yə (yaruqlu) adını almışlar. Əmir Bahəddin Yaruq 564-cü ildə (1168) ölmüş, oğlu Bədrəddin Doldurum onun xələfi olmuşdur. Tell-Başir və Tell-Xalid əmiri olan Bədrəddin Doldurum Nu­rəd­din Mahmudun və Səlahəddinin dövründəki ən qüvvətli əmir­­lərdən biri idi. O, 611-ci ildə (1218) ölmüş, Hələbdə ona yas mərasimi düzəldilmişdi. Ondan sonra isə oğ­lu Fəthüddin Tell-Başir əmiri olmuşdur. 615-ci ildə (1218) Tell-Başir səl­cuq­­lu sultanı İzzəddin Keykavusun ordusu tərəfindən zəbt edil­mişdir. Ancaq avanqard hissəsinin məğlub olması səbəbilə səl­cuqlu or­du­su geri dönərkən bura Məlikül-əşrəf tərəfindən alın­mış, lakin yaruqlara deyil, Hələb hökm­da­rı əl-Əzizin adamla­rına verilmiş­dir. Bundan sonra yaruqlar siyasi əhəmiy­yət­­lərini itirmiş, Hə­ləb­də yaşayaraq onlar üçün ayrılmış iqtalarla keçin­miş­lər.

XIII əsrin birinci yarısında Hələb bölgəsində yaşayan türk­mənlərə Dudu oğlu və Konqur (Kanqar) adlı bəylər rəhbərlik edirdilər. Monqollar Anado­lunu öz hakimiyyətləri altına aldıq­dan sonra Suriyaya qələbəlik bir türkmən elatı köçdü ki, aşağı­da bu elat haqqında məlumat veriləcəkdir.

11. ANADOLU

Malazgirt vuruşmasından keçən 10 il ərzində türklər Adalar dənizi və Mər­mərəyə qədər olan yerləri fəth etdilər. Ancaq əs­rin sonlarında başlayan sə­lib yürüşləri səbəbilə başda Qərbi Ana­dolu və Mərmərə bölgələri olmaq üz­rə fəth etdikləri yerlə­rin mühüm bir qismini itirərək Orta Anadoluya çə­kil­mək məc­bu­riyyətində qaldılar. Səlib yürüşləri dolayısı ilə qüvvətlənən Bi­­zans türkləri Orta Anadoludan da qovmaq ümidinə qapıl­mışdı. Ancaq II Qılınc Arslan (1155-1192) 1176-cı ildə bizans­lıları ağır bir məğlubiyyətə uğ­­ra­daraq bu ümidi puç etdi.

Türklər bu zəfərdən sonra yavaş-yavaş öz torpaqlarını Bi­zans hesabına ge­nişləndirməyə başladılar. 1243-cü il Kosa-Dağ məğlubiyyətindən əvvəl türk­lər şimalda və cənubda dənizə çat­mış, qərbdə isə Dənizli və Kütahyaya qə­­dər getmişdilər. Cə­nub­­da Çuxurovdakı erməni krallığı vergi və əsgər ver­məyə məc­­­bur edilsə də, bu krallıq səlibçilərin köməyi ilə yenə Tar­sus­­dan Ga­vur dağlarına qədər uzanan bölgəni əlində tuta bil­miş­­­dir.

Səlcuqlu ailəsinin atası Arslan, yuxarıda gördüyümüz kimi, oğuzların kralı idi. Onun oğlu Qutalmış da oğuzlara arxalana­raq səltənət uğrunda mü­ba­rizəyə girişmiş, Qutalmışın oğulları Anadoluda fəthlərini onların sayə­sin­də həyata keçirmişlər. Bu­nunla bərabər, xanədanın bu qolu da digərləri kimi məmlük sis­temini qəbul etdi. Çünki o dövrlərdə hər bir xanədan üçün bu sis­temi qəbul etmək sanki bir zərurət idi. Xanədanın yaşaması və qüdrəti ona bağlı idi. Hər yerdə önünə çıxanı məhv edən monqol qasırğası bu sistemi tam olaraq tətbiq edən bir dövlət qar­­şısında dayanmaq məcburiyyətində qal­dı. Bununla bərabər, Türkiyə səlcuqlularında yenə də dövlətin ar­­xalandığı əsil hərbi qüvvə xanədanın öz qövmü, yəni türk­mən­lər idi. Türkmənlər bu öl­kədə köçərilikdən əl çəkərək otu­raq yaşayışa keçməyə başladılar. Onlar daha çox kəndlər sala­raq və ya tərk edilmiş kəndlərdə sakin olmaq surətilə yerləşir­dilər.

Səlcuqlu ordusuna enerjili sipahi əsgərlərini də məhz onlar ve­rirdilər. Oturaq həyata keçən türkmənlərə bir müddət sonra artıq türkmən deyil, türk deməyə başladılar. Köçərilərin sayının həmişə çox olmasına gəlincə, bunun ən mühüm səbəbi Azər­bay­can, Aran və Orta Asiyadan buraya arası kəsil­mədən davam edən köçlərdir. Bu hal, yəni fasiləsiz köçlər səlib səfərlərinin baş­lanmasından sonra səlcuqlu dövlətinin Anadoluda öz varlı­ğı­nı davam et­dirməsində, sonra isə Yaxın Şərqin ən qüvvətli dövləti səviyyəsinə yüksəl­məsində çox mühüm amil olmuşdur.

Köçəri türk ünsürü, yəni türkmənlər bir qayda olaraq hü­dud­larda bulu­nurdu. Bizans hüdudunda yaşayan uc türkmən­lə­rinin şöhrəti Xorasana qədər yayılmış və onlar yunanlara qarşı uğurlu döyüşlərilə müsəlman və qeyri-mü­səlman müəlliflərin əsərlərində bəhs mövzusu olmuşlar. Hətta uc (sərhəd, hü­dud) sözünün mənasını bilməyən müəlliflər bunu onların adı hesab etmiş­lər. Monqol istilası səbəbilə axışıb gələn çoxsaylı yeni ün­sürlər hesabına güclənən uc türkmənləri səlcuqlu dövlətinin ikin­ci dəfə fəth edə bilmədiyi Qərbi Anadolu və Mərmərə bölgə­lə­rini təkbaşına alaraq burada yerləşmişlər.

Şərqi və Cənub-Şərqi Anadolunun hər bir bölgəsi və ya yö­­rəsi bir türk xa­nə­danının əlində idi. Onların bir-birinə qarşı münasibəti ümumiyyətlə dost­casına olmuş, bir-birinin haqq və hüququna hörmət etmişlər. Bu xanə­danları özlərindən biri de­yil, səlcuqlular və əyyubilər kimi qonşu dövlətlər ortadan qaldır­mış­lar. Bu xanədanlara xas olan ikinci bir xüsusiyyət odur ki, on­­lar öz fəaliyyətlərinin mühüm bir qismini məmləkətlərinin abadlığına sərf etmişlər. Onların vücuda gətirdikləri ictimai əsər­­lər zəmanəmizə gəlib çat­mışdır. Səlcuqlular dövründə Şər­qi və Cənub-Şərqi Anadoludakı türk xanə­danlarının hakim ol­duq­ları bölgənin türkləşdirilməsində nə dərəcədə rol oy­na­dıq­ları yaxşı bilinmir.

Həmin xanədanların başlıcası bunlardır: Ərzurum bölgəsində saltuqlar, Ər­zincan bölgəsində məngücüklər, Axlatda ərmənşah­lar, Mardin, Xısn-Key­fa, Məyyafariqində (indiki Silvan) ar­tuqlar, Amiddə (Diyarbəkir) İnal (Yınal) oğulları, Bitlis-Ər­zən­də Toğan Arslan oğulları, Xarputda və Muşda Çubuq və oğ­lu. Bunlardan Artuq oğulları, Toğan Arslan oğulları, İnal oğul­ları və Çubuğun qəti olaraq türkmən olduqlarını bildiyimiz ki­mi, saltuqların və məngücüklərin də eyni qövmə mənsub ol­duq­­­ları şübhəsizdir.


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin