SƏNCƏRİ ƏSİR ALAN OĞUZLAR
Bu oğuzlar Xorasana gəlməzdən əvvəl Mavəraünnəhrdə yaşayırdılar və karluqlar kimi qaraxani hökmdarı Məhəmməd Arslan xana (1101-1132) xidmət edirdilər. Onların Sır-Dərya boyunda Mavəraünnəhrə enmələri yəqin ki, qanlı-qıpçaqların təzyiqi ilə bağlıdır. Bu oğuzlar boz-ox və üç-ox adı ilə iki qola ayrılırdılar. Üç-oxların başında Dad bəy ünvanlı İshaq oğlu Tuti (Dudu), boz-oxlarınkında isə Əbdülhəmid oğlu Qorqud bəy dururdu. Oğuzlar xidmətində olduqları Qaraxani hökmdarları ilə yaxşı münasibətdə idilər. Ancaq karluqlar sonralar da olduğu kimi üsyan edirdilər.
1122-ci ildə Çindən qovulan xıtaylar Monqolustana getmək əvəzinə ürəklərinə yatan türk ölkəsinə gəlib qısa bir müddətdə Balasağun mərkəz olmaq üzrə qüdrətli bir dövlət qurmuşdular. İslam salnamələrində onlara qara-xıtaylar deyilir ki, buradakı «qara» sifəti Çindən qovulduqları və etibarlarını itirdikləri səbəbilə verilmiş olmalıdır. Karluqlar bu qara-xıtayların şəxsində özlərinə qüvvətli bir hami tapdılar. 1141-ci ildə Səmərqənd yaxınlığındakı Katvan çölündə qara-xıtay hökmdarı ilə Sultan Səncər arasında vuruşma baş verdi. Sultan Səncərin ordusunun ağır şəkildə məğlubiyyətə uğramasında qara-xıtay ordusunda vuruşan karluqlar mühüm rol oynadılar. Bu vuruşma nəticəsində Mavəraünnəhrdəki qaraxani xanədanı qara-xıtayların hakimiyyəti altına girdi, karluqlar isə qara-xıtayların köməyi ilə oğuzları buradan qovdular. Oğuzlar Bəlx və Xüttəlan bölgəsinə gəlib burada yurd saldılar. Onların sayının 40 min çadıra yaxın olduğu söylənsə də2, zənnimizcə, bu, olduqca mübaliğəli bir rəqəmdir. Oğuzlar səlcuqlu sultanı Səncər tərəfindən dövlət xidmətinə qəbul olunmayaraq rəiyyət (qara camaat) hesab edildilər, vergiləri qoyun idi. Bu rəqəm də oğuzların 40 min çadır olmadığını göstərir.
Yuxarıda dediyimiz kimi, oğuzlar üç-ox və boz-ox adlı iki qola ayrılırdılar. Üç-oxların başında Tuti (Dudu), boz-oxların başında isə Qorqud bəy dururdu. Tuti bəyin atası İshaqın Dad bəy ünvanını daşıması onun olduqca nüfuzlu və məşhur bir şəxsiyyət olduğunu göstərir. Bu qol bəylərindən sonra Dinar, Bəxtiyar, Arslan, Çakır və Mahmud kimi bəylər gəlirdi. Bunlardan başqa, Qorqudun qardaşı Məhəmməd, Səncər, Böyük Davud və Səlmənçi kimi bəylərin olduğunu da bilirik. Qaynaqlarda göstərildiyinə görə bəylər varlı adamlardı.
Səncərin Bəlxdəki valisi Kımaç öz hakimiyyəti altındakı bölgədən oğuzların çıxıb getməsini tələb etdi. Oğuzlar onun tələbinə məhəl qoymadılar. Kımaçın ani bir hücumu qarşısında qəfil ovlanmamaq üçün bir yerə yığışdılar, başqa yerlərdə yaşayanlar da onlara qoşuldular. Türk-Aslan Buğa da oğuzlara qoşulmuş adamlardan biri idi. Kımaç, şübhəsiz ki, Səncərin razılığını alaraq bu tələbi irəli sürmüşdü. Bunun səbəbi isə Kımaçın oğuzlardan gördüyü və vəfasızlıq kimi qiymətləndiyi bir hərəkət idi. Həqiqətən, 547-ci ildə (1152) gur dövlətinin banisi Əlaəddin Hüseyn Cahansuz Bəlxi mühasirəyə almış, Kımaç isə yanında oğuzlardan bir bölük olduğu halda ona qarşı çıxmışdı. Ancaq oğuzlar gurların tərəfinə keçmişdilər. Buna görə şəhər təslim olmuşdu. Xoşbəxtlikdən, Səncər vaxtında çataraq Əlaəddin Cahansuzu məğlub edib əsir almış, vəziyyəti düzəltmişdi. Cüzcaninin1 məlumatına görə, gur xanədanının məğlubiyyətində isə ordusunun sağ cinahındakı oğuz, türk və xalaçların vuruşma zamanı Səncərin tərəfinə keçmələri mühüm səbəb olmuşdur.
Oğuzların bu yaşayış bölgəsindən köçüb getməyi rədd etdikləri üçün Kımaç hər halda Səncərdən icazə alaraq 10 min atlı ilə onların üzərinə yürüdü. Bunu eşidən oğuz bəyləri onun yanına gedərək burada qalmalarına icazə versə, ev başına 200 dirhəm ödəyəcəklərini söyləsələr də, Kımaç buna razı olmadı, üstəlik, bəylərlə pis rəftar elədi. Hirslə geri qayıdan bəylər atlandılar və Kımaçın qabağına çıxdılar. Baş verən döyüşdə oğuzlar parlaq bir zəfər qazandılar. Kımaç və oğlu əsir alınaraq öldürüldülər2. Bu hadisədən sonra oğuzlar Bəlx ətrafını yağmaladılar.
Kımacın məğlubiyyət xəbəri Bəlxə çatanda3 Sultan Səncər qələbəlik bir ordu toplayaraq (deyilənə görə, 100 minlik) oğuzların üstünə yürüdü. Oğuzlar bu dəfə daha böyük təlaşa qapıldılar və Səncərin yanına göndərdikləri elçilər ona bu sözləri çatdırdılar: «Biz həmişə sultanın sadiq qulu olmuşuq. Kımaç ocağımıza qəsd elədi, arvad-uşağımız naminə onunla vuruşmaq məcburiyyətində qaldıq. 100 min dinar və 100 türk yeniyetməsi4 verək, qoy sultan bizi bağışlasın»5. Səncər bəzi əmirlərin təsiri altına düşərək oğuzların xahişini rədd etdi. Hətta onlara yaxınlaşdığı zaman oğuzlar arvad-uşaqlarını qabaqlarına qatıb əfv olunmalarını xahiş etdilər və əvvəlki təkliflərinə əlavə olaraq ev başına yeddi batman gümüş verməyi öhdələrinə götürdülər1. Ancaq əmirlərin israrı ilə Səncər bu təklifi də rədd etdi. Səncər nə etmək istəyirdi? Öz qövmünü yer üzündən silmək, onların sərvətlərini, qızlarını-oğlanlarını ələ keçirmək? Halbuki bir il əvvəl torpağına təcavüz edərək yağmalayan və Kımaçı məğlub edən gur hökmdarı Əlaəddin Cahansuzu dustaq alarkən ona xələt geydirib öz ölkəsinə geri göndərmişdi.
Arvad-uşaqları ilə yalvarmağın Sultan Səncərin mərhəmət duyğularına təsir etmədiyini görən oğuzların çox zaman olduğu kimi ruhlarındakı qorxunun yerini qəzəb tutdu. Bu səbəbdən ancaq yüz atlının keçə biləcəyi bir keçiddə əzmlə döyüşə hazırlaşdılar, keçiddəki yol üstündə tarğan düzəltdilər2. Oğuzlar burada Səncərin ordusunu bir həmlədə dağıtdılar (məhərrəm, 548-mart-aprel, 1153). Səncər bir dəstə əsgəri ilə pərişan halda Bəlxə tərəf qaçdı. Oğuzlar arxadan gəlib çatdılar, bir də vuruşma oldu. Səncər yenə məğlub olaraq səfər ayında (aprel-may) Mərvə getdi. Oğuzlar Mərvə hücum elədilər. Onların yaxınlaşdığını eşidən Səncər və əsgərləri döyüşməyə cəsarət etmədən oradan uzaqlaşdılar. Oğuzlar Mərvə girib şəhəri görünməmiş şəkildə yağmaladılar (cümadül-əvvəl). Bir müddət sonra Sultan Səncəri ələ keçirən oğuzlar hökmdarı taxta oturdaraq ona təzim etdilər və itaət edəcəklərini söylədilər3. Əslində isə Səncər dustaqdan başqa bir şey deyildi.
Oğuzlar mövcud vəziyyəti qorumaq və xarici müdaxilələrin qabağını almaq üçün Səncəri qorumağı və onu hökmdar kimi göstərməyi öz siyasətlərinə uyğun hesab edirdilər. Oğuzlar Səncəri də yanlarına alıb rəcəb ayında Mərvə qayıtdılar və şəhəri əvvəlkindən də daha qorxunc bir şəkildə yağmaladılar. Bu yağmaya xalqın onları təhrik etmiş olması mümkündür. Deyildiyinə görə, birinci və ya ikinci dəfə şəhər üst-üstə üç gün yağmalanmışdı. Oğuzlar bu yağma zamanı birinci gün qızıl, gümüş və ipək əşyaları, ikinci gün düyü, mis, tunc və dəmir əşyaları, üçüncü gün isə yataq-yastıq içini, küp, çömçə, qapı və çərçivələri alıb aparmışdılar. Bu, əslində yağmalı toy adətinin geniş miqyasda tətbiqindən başqa bir şey deyildi. Oğuzlar bozqırlarda həmişə mövcud olan bu adətin oturaq əhali yaşayan yerdə də həyata keçirilməsini təbii sayırdılar. Bu əsnada Nişapura qaçmış Sultan Səncərin əyan-əşrəf və əmirləri orada Səncərin qardaşı oğlu Sultan Məhəmməd Tapar oğlu Süleyman şahı hökmdar elan etdilər. Süleyman şah Mərv üzərinə yürüş eləsə də, onun əsgərləri oğuzlardan o qədər qorxmuşdular ki, onları görər-görməz arxalarına baxmadan qaçdılar. Onları təqib edən oğuzlar yolları üstündəki Tusu yağmaladıqdan sonra Nişapura gəldilər (şəvval, 548-dekabr - yanvar, 1153/1154).
Bu şəhər də Mərv kimi qorxunc şəklində yağmalandı. Yağmalar zamanı xeyli adam da qırılırdı. İsfərayin və Cüveynə qədər hər yanı yağmalayan oğuzlar Nişapuru təkrarən yağmalayaraq oradan uzaqlaşdılar. Bütün bu yürüşlər zamanı Səncər də yanlarında idi. Qaçmaması üçün onu dəmir bir qəfəsin içində saxlayırdılar. O dövrdə islam aləmində belə vəziyyətlərdə adətən bu cür hərəkət edirdilər.
Səncərin ora-bura dağılmış əmirləri Nişapurda yığışaraq qaraxani Məhəmməd xanın oğlu, Səncərin qardaşı oğlu Mahmudu hökmdar elan etdilər. Sultan Mahmud həmin günlərdə Heratı mühasirəyə alan oğuzların üzərinə səfər etdi. Tərəflər arasında dəfələrlə vuruşma oldu, əksəriyyəti də oğuzların qələbəsilə başa çatdı. 550-ci ilin cümadiyül - əvvəl ayında (iyul-avqust, 1155) oğuzlar Mərvə qayıdaraq oradan Mahmuda elçi göndərib sülh bağladılar. Mahmud da öz sələfi Süleyman şah kimi zəif şəxsiyyət idi, bütün qüvvə əmir Müəyyəd Ay-Abanın əlində cəmləşmişdi. Ay-Aba Nişapurdan əlavə Tus, Nəsa və Abivərdi də ələ keçirmişdi. Səncərin digər əmiri Aytak da Rey bölgəsinə hakim olmuş, başına 10 min atlı yığmışdı1.
Oğuzların əlindəki yerlər Bəlx, Mərv və Səraxs bölgələri idi. Belə görünür ki, bu ərazi onlara kifayət edirdi. Oğuzların obaları isə əvvəlki kimi Bəlx ətrafında yerləşirdi. Mahmud xanla sülh bağlandıqdan sonra Səncərin əmirləri Mərvə gedib onunla görüşə bilirdilər. Ancaq görüşdə oğuz bəylərindən Tuti bəy, Qorqud, yaxud Səlmənəçi və Böyük Davud hökmən iştirak edirdilər. 551-ci ildə (ramazan-oktyabr-noyabr, 1156) Müəyyəd Ay-Aba keşik çəkən oğuzları aldadaraq Səncəri Bəlxdən Termezə qaçırtdı. Bir müddət orada qaldıqdan sonra Səncər Mərvə gəldi. Bəlx bölgəsindəki oğuzlar Səncərin nə edəcəyini maraq və təşvişlə gözlədilər. 72 yaşlı ruhən düşkün, xəzinəsi boş, ölkəsi xarabazar, əsgəri dağılmiş bir insan nə edə bilərdi? Gerçəkdən, Səncər heç bir təşəbbüsdə bulunmadan xilas olduqdan 7 ay sonra kədər içində Mərvdə öldü (14 rəbiüləvvəl 551-7 may 1156) və göy kaşısının birgünlük məsafədən göründüyü söylənən möhtəşəm türbəsində dəfn edildi. Beləliklə, qüdrət və həşəməti şair və mühərrirlər tərəfindən göylərə çıxarılan Sultan Səncərin aqibəti bu cür gözlənilməyən şəkildə sona çatdı. Heç şübhə yox idi, bu, öz doğma qövmünə qarşı ətrafındakı iranlılardan fərqlənməyən davranışın qaçınılmaz nəticəsi idi. Səncərin yaşlılığı ona haqq qazandırmır. Oğuzların bütün yalvarışlarını və əlverişli təkliflərini rədd etməsi onun öz eldaşlarını məhv eləmək düşüncəsində olduğuna zərrəcə şübhə yeri buraxmır. Halbuki hətta Sultan Mahmud Qəznəvi belə Səncərin bu oğuzlardan heç də daha az yağmaçı və daha az təhlükəli olmayan babaları haqqında bu qədər rəhmsiz davranışda bulunmamışdı.
Səlcuqluların öz eldaşlarına qarşı biganə və diqqətsiz qalmaları, onları dövlət xəzinəsindən məhrum etmələri, özlərinə isə təxminən yad bir qövm nəzəri ilə baxmaları türkmənlərə o qədər təsir eləmişdi ki, bunun acı xatirələri XVII əsrdə Xarəzm türkmənləri arasında hələ də yaşayırdı. Nəticə etibarilə bu biganəlik və yanlış hərəkət, yəni səlcuqluların həm İranda, həm də Anadoluda öz qövmlərinə qarşı bu davranişları öz dövlətlərinin süqutunda mühüm bir amil olmuşdur.
Sultan Səncərin ölümündən sonra oğuzlar rahat nəfəs aldılar. İndi onlar Bəlx ətrafında yurd salmış, hətta yağmaçılıqdan vaz keçərək Sultan Mahmuda itaət etmək qərarına gəlmişdilər. Oğuzlar 553-cü ilin şaban ayında (avqust-sentyabr, 1158) Mərvə gəldilər, Sultan Mahmud və iqtidarı əslində öz əlində saxlayan Ay-Aba Səraxsda idilər. Ay-Aba qoşunla oğuzların üstünə yürüyərək onların bir bölüyu ilə qarşılaşıb qalib gəldi, hətta onları Mərvə qədər qovdu. Bu qalibiyyət cürətini artırmış və ona oğuzları tamamən ortadan qaldıracağı ümidini vermişdi.
Buna görə Sultan Mahmud da yanındakı oğuzlara hücum etdi. Ancaq Ay-Abanın bu ümidi başa çıxdı. Üç gün davam edən döyüşdə oğuzlar üç dəfə geri çəkilsələr də, axırda Ay-Abanı ağır bir məğlubiyyətə uğratdılar (9 şəvval - 3 noyabr). Bu qalibiyyət oğuzların öz qüvvələrini itirmədiklərini göstərdi. Onlar bu dəfə mərvlilərə xoş münasibət göstərsələr də, Səraxs və Tus şəhərlərini yağmalamaqdan vaz keçmədilər. Oğuzlar məğlubiyyətdən sonra Cürcana gəlmiş Sultan Mahmudun yanına ertəsi il (554-1159) elçilər göndərərək hökmdarları olması üçün onu Mərvə dəvət etdilər. Ancaq Mahmud inanmadığı və qorxduğu üçün onlara müsbət cavab vermədi. Belə olduqda oğuzlar ondan oğlunu göndərməyi xahiş etdilər. Mahmud buna razı oldu. Oğuzlar hökmdarlarını Nişapurda qarşıladılar, ona hörmət və təzimdə bulundular. Oğuzların bir hökmdara ehtiyac duymaları və hakimiyyətlərini qanuniləşdirmək zərurətilə əlaqədardır. Digər tərəfdən, bu hökmdar bəylər arasındakı anlaşmazlıqları da aradan qaldıraraq birliyi davam etdirməli idi.
Oğuzlar məşhur Tus şəhərini bir dəfə də yağmaladılar. Çünki tuslular onların hakimiyyətini tanımağı rədd etmişdilər. Oğuzlar Tusdan Nəsa və Abivərd tərəflərə getdilər, burada Sultan Mahmudla görüşüb onun hökmdarlığı qəbul etməsi haqqında razılığa gəldilər, sonra Nişapur və Səraxs yolu ilə birlikdə Mərvə qayıtdılar. Onlara itaət etməyən Ay-Aba Nişapura döndü və həmin bölgəyə hakim oldu.
Nəsa bölgəsində yazır boyu yaşayırdı. 555-ci ildə (1160) onların başçısı Ödək xan oğlu Yağmur xan idi. Yazırlar oğuz kütləsinə mənsub deyildilər, buraya isə Balxan yolu ilə Manqışlaqdan gəlmişdilər. Həmin il Xarəzmşah İl-Arslanın əsgərlərindən bir bölüyü yazırların üzərinə hücuma keçib onları pərən-pərən saldı. Yağmur xan oğuzların yanına gedərək onlardan kömək istədi. Onun fikrincə, Xarəzm əsgərlərinin yazırlara hücumu Səncərin əmirlərindən olan və Rey bölgəsini ələ keçirmiş Aytakın təhriki nəticəsində baş vermişdi. Oğuzlar Yağmur xanın Aytaka qarşı mübarizəsinə kömək edəcəklərini bildirdilər. Bundan xəbər tutan Aytak isə Mazandaran əmirini köməyə çağırdı. Dehistan yaxınlığında baş verən vuruşmada Aytak və Mazandaran əmiri ağır məğlubiyyətə uğradılar. 556-cı ilin əvvəlində (1161) Dehistan və Cürcanı yağmalayan oğuzlar Xorasana qayıtdılar1.
Nişapur və onun ətrafına hakim olan Ay-Aba Sultan Mahmudun hakimiyyətini tanımırdı. Buna görə oğuzlar Sultan Mahmud da yanlarında olmaqla Ay-Abaya hücum etdilər. Ay-Aba Şadiyahda mühasirəyə alındı. Bu əsnada Sultan Mahmud oğuzların yanından qaçaraq Nişapurun qala divarına sığındı. Görünür, o, oğuzların hakimiyyətini qəbul edə bilmirdi. Ancaq onun qısa bir müddət sonra bu hərəkəti üçün möhkəm peşmançılıq duyduğuna şübhə yoxdur. Çünki Ay-Aba onu və oğlunu yaxalayaraq gözlərinə mil çəkdirdi və ata-oğul bir-birinin ardınca dərin iztirablar içində vəfat etdilər (557-1162).
Oğuzlara gəlincə, onlar Sultan Mahmudun qaçmasından sonra Mərvə qayıtmışdılar. Mərv, Bəlx və Səraxs bilavasitə onların hakimiyyəti altında idi. Herat hakimi Ay-Təgin oğuzlarla dostluq münasibəti saxlayırdı. Oğuzlar hakim olduqları yerlərdə Səncərin adına xütbə oxudurdular ki, belə bir adət heç bir yerdə və heç bir zaman görünməmişdi. Xütbədə Səncərdən sonra o yerin hakimi olan bəyin adı oxunurdu. Ay-Aba isə Nişapur bölgəsi ilə Tus, Nəsa və Kumisin hakimi idi, xütbəni də İraq səlcuqlu sultanı Arslan şahın adına oxudurdu. Dehistan və Cürcan isə Aytakın əlində idi. O buralarda xütbəni Xarəzmşah İl-Arslanın adına oxudurdu2.
558-ci ildə (1162) gur hökmdarı Seyfəddin Məhəmməd oğuzlara hücum etdi, lakin məğlub olaraq öldürüldü. 559-cu ildə (1163) oğuzlar bu qələbədən istifadə edərək Qəznəni aldılar və şəhəri uzun müddət əllərində saxladılar. Beləliklə, oğuzların bilavasitə idarələri altındakı bölgələrə (Mərv, Səraxs, Bəlx, Nəsa və Abivərd) məşhur Qəznə şəhəri və bölgəsi də əlavə olunmuşdu1. Hər bölgə bir oğuz bəyi tərəfindən idarə olunurdu. Herat hakimi Ay-Təgin də oğuzlara tabe idi. 559-cu ildə Taliqan və Qarcistanı fəth etmiş Sunqur da (Səncərin əmirlərindən biri) onlara vergi verirdi2.
560-cı ildə (1164/1165) oğuzlar Heratı mühasirəyə aldılar. Çünki buranın hakimi, onların vassalı olan Ay-Təgin bir il əvvəl gurlarla döyüşdə ölmüş və heratlılar şəhərin möhkəm qala divarlarına və getdikcə qüdrətlənən Ay-Abanın köməyinə arxalanaraq oğuzlara itaət etməməyə başlamışdılar. Ancaq oğuzlar Ay-Abanın Səraxs tərəflərə hücumları ilə əlaqədar mühasirədən əl çəkib geri qayıtmaq məcburiyyətində qaldılar.
Oğuzların 560-cı ildən (1164/1165) sonra yavaş-yavaş siyasi əhəmiyyətlərini itirdikləri müşahidə olunur. Bu xüsus, şübhəsiz onların müştərək bir rəhbərliyə malik olmamaları və bu səbəbdən süquta uğramaları ilə əlaqədardır.
568-ci ildə (1172/1173) Mərv və Səraxs keçmiş bəylərdən Dinarın əlində idi. Tuti və Qorqud bəyin bu tarixdən əvvəl öldüyü qənaəti hasil olur. Bu dövrdə Xorasana bitişik iki ölkədə iki dövlət sürətlə yüksəlirdi. Bunlardan biri Heratla Qəznə arasındakı dağlıq ərazidə qurulan gur dövləti, digəri isə Xarəzm ölkəsində xarəzmşahlar dövləti idi. 567-ci ildə (1172) xarəzmşah İl-Arslanın ölümü dolayısı ilə onun yerinə keçən Sultan şah qara-xıtayların köməyi ilə böyük qardaşı Təkiş tərəfindən taxtdan uzaqlaşdırılmışdı. Xorasana gələn Sultan şah, göründüyü kimi, bu bölgənin mühüm bir qisminə hakim olan Müəyyəd Ay-Abanın köməyi ilə Xarəzm taxtını ələ keçirmək istədi, ancaq buna müvəffəq ola bilmədi. Baş verən vuruşmada Ay-Aba məğlub olaraq öldürüldü (569-1174), Sultan şah isə gurlara pənah apardı. Ancaq çox keçmədən Təkiş ilə qara-xıtayların arası dəydi. Vəziyyəti diqqətlə seyr edən Sultan şah münasib fürsətin ələ düşdüyünü görərək qara-xıtayların yanına getdi. Qara-xıtay kraliçəsi öz ərinin komandanlığı altında qüvvətli bir ordunu Sultan şaha köməyə göndərdi. Ancaq xalqın və ordunun Təkişə sədaqəti, habelə görülən tədbirlər sayəsində misilsiz döyüş gücünə malik qara-xıtay ordusu heç nə edə bilmədən geri qayıtdı. Sultan şah bəzi təəhhüdlər götürməklə qara-xıtay ordusundan bir qədər əsgər alıb Səraxsda olan Dinarın üstünə basqın elədi. Bu basqın nəticəsində Dinarın adamlarının əksəriyyəti öldürüldü. Dinara gəlincə, o özünü qalanın xəndəyinə atmışdı. Xoşbəxtlikdən, onu oradan xilas etdilər. Dinar sağ qalan oğuzlarla qalada gizləndi. Sultan şah daha heç nə edə bilməyəcəyini başa düşərək Mərvə qayıtdı və orada yaşamağa başladı.
Sultan şah çox fəal və cəsur insan idi. Mərvdən Səraxs üzərinə arasıkəsilməz hücumlar edirdi. Dinar bu hücumlara cavab verə bilmirdi. Buna görə də buyruğundakı oğuzların çoxu ondan üz çevirərək dağılmağa başladılar. Səraxsı Sultan şahın hücumlarından daha qoruya bilməyəcəyini başa düşən Dinar başda Nişapur olmaqla Xorasanın mühüm bir qisminə hakim olan Ay-Aba oğlu Toğan şaha Səraxsı Bistan ilə dəyişməyi təklif etdi. Toğan şah bu təklifi qəbul etdi. Ancaq Toğan şah da şəhəri müdafiə edə bilmədi. 576-cı ildə baş verən vuruşmada Sultan şah Toğan şahı məğlubiyyətə uğratdı, Səraxsı, sonra isə Tusu tutdu1.
Sultan şahın Mərvi ələ keçirərək Səraxsa hücumlar etməsi və bu şəhərin onun tərəfindən Toğan şaha verilməsi oğuzların tarixində mühüm dönüş nöqtəsidir. Tarixləri dəqiq bilinməyən (569-576-cı illər arası) bu hadisələr nəticəsində oğuzlar demək olar ki, tamamilə dağıldılar. Yenə həmin illərdə Qəznə şəhəri də onların əlindən çıxdı. Oğuzlar Qəznədə tarğan vasitəsilə gurlara qarşı şiddətli müqavimət göstərsələr də, hətta əvvəlcə qalib gəlsələr də, sonra məğlub olmuşlar2. Bəlxin oğuzların əlindən nə vaxt çıxdığı isə bilinmir. Bu xüsusda bilinən şey odur ki, gurlar bu şəhəri 594-cü ildə (1197/1198) Öz-Aba adlı bir türkün əlindən almışlar.
Öz-Aba qara-xıtayları öz süzereni kimi tanıyır və onlara vergi verirdi3. Mərv və Səraxsın təslimindən sonra dağılan və Xorasandakı siyasi tarixləri sona çatan oğuzlardan mühüm bir kütlə Kirmana, qismən daha kiçik bir kütlə Farsa öz eldaşları salğurluların yanına getdi. Onlardan bir çoxunun isə Anadoluya getdiyi ehtimal edilir. Bistamda yaşayan Dinara gəlincə, o, xarəzmşah Təkişin İraqa yürüşü zamanı buranı da tərk edərək Nişapura, Toğan şahın yanına gəldi və onun bacısı ilə evləndi. Dinar Toğanın ölümünə qədər (məhərrəm, 581- aprel, 1185) onun yanında qaldı və həmin il Kirmana gedərək buranı ələ keçirdi. Bu barədə aşağıda bəhs ediləcəkdir.
Xorasanın mühüm bir hissəsinə hakim olan oğuzların sadəcə cəsur döyüşçülər deyil, döyüş üsullarını bilən və onları məharətlə tətbiq edən insanlar olduqları görünür. Ancaq səlcuqlu ailəsi kimi bir enerjili başçıları olmadığı və ya aralarından dövlət adamı xüsusiyyətlərini daşıyan bir şəxs çıxmadığı üçün zəfərlərindən lazımi səviyyədə faydalana bilməmiş və dövlət qura bilməmişdilər. Oğuzların başçılarından biri - əsilzadə Xızır oğlu İshaq oğlu Şəmsəddin əbu Şüca Tuti bəy ən nüfuzlu bəy kimi görünür. Ancaq onun bütün bəylərin başçısı olduğuna dair heç bir dəlil yoxdur. Bu xüsusda bilinən fakt Tutinin qol bəyi olmasıdır.
Oğuzlar hakimiyyətlərini qanuni etmək üçün başlarında sadəcə olaraq formal şəkildə hökmdarlıq edəcək bir adamın durmasını lüzumlu görürdülər. Sultan Mahmud bu iş üçün münasib adam olsa da, onların təhəkkümünə dözə bilməmişdi. Geniş miqyaslı yağmalar üçün bəyləri məzəmmət etməyə haqqımız yoxdur. Çünki buyruqlarındakı oğuzların onlara bağlılığı məhz bu xüsusla əlaqədardır. Bəylərin başçı olduqları adamlar üzərində hakimiyyətləri hüdudsuz deyildi.
Sultan Mahmudun qaçmasından sonra oğuzların zəbt etdikləri yerləri öz aralarında bölərək idarə etdikləri görünür. Anlaşıldığına görə, nüfuzlu bəylərdən hər biri Mərv, Səraxs, Bəlx, Qəznə kimi bölgələrdən birini idarə etmiş, məlik ünvanını almışdır. Dinarın hələ Xorasanda ikən bu ünvanı daşıdığı, boz-oxların başçısı Qorqudun da həmin ünvana sahib olduğu məlumdur. Qorqudun qızı xarəzmşah Təkişin xatunlarından idi, oğuzların bir hissəsi isə keçməyərək kiçik kütlələr halında Xorasanda qalmışdı1.
Monqolların Mavəraünnəhri istila etmələri nəticəsində oradakı türkmənlərin əksəriyyəti başda Mərv olmaq üzrə Xorasana gəldilər. Onların yalnız Mərv və Nəsa bölgəsində yaşayanlarının 70 mindən artıq əsgəri olduğu söylənir2. Monqollar Xorasanı qəti olaraq tutduqda oradakı türkmənlərin çoxu nicatı qərbə qaçmaqda tapdı və Anadoluya gəldi. Osmanlı xanədanının monqol istilası səbəbilə Mərv bölgəsindəki Mahandan türkmənlərlə birlikdə Anadoluya gəlməsi haqqındakı rəvayət bu baxımdan tarixi bir qiymət daşıyır. Türkiyədə Xorasandan gəlməyin xatirəsi əsrlər boyu unudulmayaraq bugünədək çatmışdır. Bu xatirədəki Xorasan sözü, şübhəsiz, sadəcə bu bölgəni deyil, eyni zamanda Türküstan və Xarəzmi də ifadə edir.
5. KİRMAN
Kirman bölgəsində səlcuqlu nəslindən Çağrı bəyin oğlu Kavurd Qara Aslan bəyin övladları hökm sürürdülər. Xanədanın bu qolu da digər qollar kimi başlıca olaraq türk məmlüklərinə istinad edirdi. Oğuzlar gəlməzdən əvvəl bu bölgədə qeyd edilməyə dəyər mühüm bir türkmən kütləsi yox idi. Xarəzmşahlar xanədanından Sultan şahın Səraxsı fəth etməsi nəticəsində dağılan oğuzlardan bir elat 575-ci ildə (1179) Kirman torpaqlarına ayaq basdı. Bu elat 5 min atlıdan ibarət olub yanlarında arvad-uşaqları, davar və arabaları vardı, özləri də olduqca yoxsul və yorğun görünürdülər. Sərhəd şəhərlərindən olan Kobanı iki-üç gün mühasirəyə alan oğuzlar bu şəhərlə Kirman bölgəsinin paytaxtı (məlik burada iqamət edirdi) Bərdəsir arasında yerləşən Zərənd şəhərinə gəldilər. Nə məqsədlə gəldiklərini öyrənmək üçün Kirman məliki Sunqur adlı bir nəfəri onların yanına göndərdi. Sunqur oğuzlardan Qeysər bəy adlı bir elçi ilə geri qayıtdı. Qeysər bəy gələnlərin 10 min ev olduğunu, hökmdarın yanında xidmət etmək üçün gəldiklərini, 5 min nəfərlik digər bir elatın Fars tərəfə getdiyini söylədi. Nəticədə, elatın başında duran Bulak və Samsamın hökmdarın yanına gəlmələri və oğuzlara iqamət verilməsi qərara alındı. Ancaq hər iki tərəf bir-birinə etimad təlqin etməmişdi. Belə bir fikir hasil olur ki, oğuzlar iqamət bəhanəsilə özlərinin dağıdılmaq istənildiyi qənaətinə varmışdılar. Buna görə də onlar paytaxt Bərdəsirin bir qədər cənub-qərbindəki Bagin şəhərinə gəlsələr də, hər hansı bir yağma hərəkətində bulunmadılar. Oğuzların bu hərəkəti itaət etməyəcəkləri kimi təfsir edildi və məmləkətdən uzaqlaşdırılmaları üçün Fars hakimi Salğurlu Tiglədən yardım xahiş edildi. Ancaq oğuzlar Bagində Kirman-Fars qüvvələrini ağır bir məğlubiyyətə uğratdılar (575-1179). Bu mühüm qalibiyyətə baxmayaraq onlar paytaxtın - Bərdəsirin üzərinə getməyərək cənuba endilər və Cirufi şəhərini yağmaladılar. O biri il Kirmanda görünməmiş qıtlıq baş verdi. İnsanlar it və pişikləri yeməyə başladılar. Ancaq itləri yemək üçün mübarizə aparmaq lazım gəlirdi. Bəzən bu çarpışmada itlər qalib gələrək insanları yeyirdi. Həmin il oğuzlar paytaxta yönəldilər. Məqsədləri sülh bağlamaqdı. Onlar Turan şahın onlara padşah olmasını, hətta gəlib oğuzlarla birlikdə yaşamağını istəyirdilər. Bu xahiş qəbul olundu, bəylərə xələt geydirildi, hətta padşah Turan şah şəhər önündəki düzə enərək camaat arasında göründü. Oğuzların Xorasanda olduğu kimi burada da başlarında bir hökmdar görmək arzuları səmimi idi. Buna şübhə yoxdur. Ancaq Turan şah zəif şəxsiyyət idi, buna görə də qövmdaşlarını razı salacaq heç nə edə bilmədi, bu işdə dövlət adamları da ona kömək etmədilər. Onlar bütün arzularını yerinə yetirən kölələrdən istifadə etməyə alışdıqları üçün sərt xarakterli oğuzlardan xoşlanmır, hətta onlara nifrət bəsləyirdilər. Bundan dolayı oğuzlar paytaxtdan narazı, bəlkə də əsəbi halda getdilər. Oğuzlar padşahın özlərinə başçı olmasını, onları idarə etməsini arzulayırdılar. Oğuzlar cənub-şərqdəki Nəsa və Nərimaşir tərəflərinə üz tutdular. Əvvəlcə buralarda yağmaçılığa başladılar. Bu arada Xorasandakı kimi, gizlətdikləri pulların yerini öyrənmək üçün varlı adamların ağzına torpaq doldurmaq şəklində məşhur üsullarını tətbiq edirdilər. Kirmanlılar ağızlara doldurulan torpağa «oğuz qovudu» adını vermişdilər1. Ancaq bu, müvəqqəti bir hal idi. Çünki onlar Kirmanın Cərmsir deyilən bu cənub-şərq bölgəsini abadlaşdırmağa, torpaqları əkdirməyə başladılar, ticarəti canlandırmaq üçün tədbirlər gördülər. 579-cu ildə (1183/1184) Turan şah öz adamlarından Məhəmməd Zafir adlı bir şəxs tərəfindən öldürüldü və yerinə Bəhram şah oğlu Məhəmməd şah keçdi. O, Kirman səlcuqlularının son hökmdarıdır.
Nişapur mərkəz olmaq üzrə Xorasanın bir qisminə hakim olan Ay-Aba oğlu Toğan şah 581-ci ildə (1185) ölmüşdü. Onun yerinə oğlu Səncər şah keçsə də, iqtidar əmirlərdən Mənli Təginin əlində idi. Bu əmirin ağılsız hərəkətləri üzündən əmirlərdən bir çoxu həqiqətən qabiliyyətli bir hökmdar olan Sultan şahın xidmətinə girdilər. Toğan şahın kürəkəni olan Dinara gəlincə, o da Nişapurdan çıxaraq Kirmana ayaq basdı (21 ramazan, 581 - 16 dekabr, 1185). Dinarın adı Sultan Səncəri məğlub edən oğuzların başçısı olan bəylərdən biri kimi çəkilir2. Bu hesabla həmin dövrdə Dinarın yaşı 50-dən çox olmamalı idi. Dinarın atasının adı Məhəmməddir, bu adda boz-oxların başçısı məlik Qorqudun bir qardaşı olduğu məlumdur3.
Dostları ilə paylaş: |