Şahlar həSƏNOĞLU


*****     *******     ******



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə8/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   ...   4   5   6   7   8   9   10   11   ...   65
2016-2403

*****     *******     ****** 
 
Nərgizin  baldırlarına  palçıq  sıçrayıb  çox  pis  bulamışdı. 
Cəmilə  onunla  arx  üstünə  gəlib  Nərgiz  qıçlarını  yuyub 
təmizlədiyi  yerdə  Şəhla  da  onlara  yanaşıb  dedi  çəkilliyin  o 
tərəfindəki  tarlada  bir  yer  görüb,  heç  deməli  deyil,  əyləş  bir 
yerdə  fartuğunu  doldur  pambıqla.  Körpüdən  keçib  xeyli  yol 
yuxarı  irəliləyərək  Şəhla  onları  həmin  dediyi  sahəyə  gətirdi. 
Amma  buraya  pionerlər  də  gəlmişdi  deyə  xeyli  sahənin 
dərinliklərinə  irəliləyib  onlardan  aralaşaraq  bardanlarını  yerə 
qoyub  başladılar  yığmağa.  Pionerlərdən  bir  dəstəsi  də  gəlib 
onlara  qarışdı,  aralarında  şirin  söhbət  qızışdı,  bir  də  ayılıb 
gördülər  saat  on  ikiyə  işləyib.  Nərgiz  yerə  tökdüyü  pambığı 
fartuğuna basıb: 

Gedək gəlin aq Cəmilə, -dedi, -bir az da yığsaq nə təhər 
aparacağıq? 

Hə  gedəyin!  -deyə  Şəhla  da  yığdığını  fartuğuna  basıb 
hazır oldu.  


 
48 
Cəmilə  isə  hələ  də  yığırdı.  Heç  bu  yerdən  getmək  fikri 
yox idi. Qızlar çox gözləyib təngə gəldilər: 

Gəl ay Cəmilə, biz gedirik. 

Nə  var  gedəndə.  Görmürsünüz  nə  yaxşı  uşaqlardı?  Nə 
sual  verirsən  hamısına  cavab  verirlər.  Bunlarla  yiğmaq 
maraqlıdı. 

Gedək Cəmilə, tərsliyin tutmasın! 

Nə tez dilxor oldun ay qız, yoldaşlarından? 

Qoymurlar alamı  yığmağa, o gəlir bir söz, bu gəlir bir 
söz, yığa bilmir adam! 

Görürəm, onunçun hamıdan az yığırsan! 
- Biz gedirik özün bil! 

Bah, gedin, gözüm uçur elə sizdən ötrü! 
Qızlar  çıxıb  getdilər,  Cəmilə  tək  qaldı  tarlada. 
Pionerlərdən  də  aralaşıb  lap  tək-tənha  yığmağa  başladı.  Heç 
özü  də  bilmədi  niyə  getmədi.  Nərgiz  dediyi  kimi  tərsliyimi 
tutdu, yoxsa burda pambığın çoxluğunu görüb getmədi? Pioner-
lərə  qalsa,  indi  pionerlər  ona  hamıdan  maraqsız  gəlirdi,  get-
dikcə  də  onlardan  aralaşıb  tək  qalmaq  istəyirdi.  Tək  qalmağa 
adət eləmişdi Cəmilə, gündə bir dəfə də olsa gərək tək qalaydı, 
tək  qalıb  özünə  qapılaydı,  öz-özüylə  danışıb,  öz-özüylə 
söhbətləşəydi.  Duyğuların,  düşüncələrin  yelkəninə  minib 
dənizləri, dəryaları dolaşaydı, fırtınalara düşüb, qasırğalara sinə 
gərəydi. Özünə qapılmaqda da bir sirr var, hikmət var. Elə ki, 
yoldaşlar  arasındasan,  demək  göz  önündəsən,  ayarsan,  üzə 
çərməniklisən,qəlbindən  nə  keçirsə  sözlə,  söhbətlə  ara-bərə 
danışıqlarıyla  ortalığa  tökülür,  faş  olur.  Mübhəmliyini,  sirrli-
soraqlılığını itirirsən, kiçilir, cılızlaşır, yoxsullaşırsan, dəyərini, 
qiymətini azaldırsan. Tək qalanda isə! Tək qalanda dolub daşır-
san,  çağlayırsan,  qəlbində  təlatümlərin  qalxır,  qabarma-
çəkilmələrin başlayır, möcüzə bir yaşantı yaşayırsan! Hələ bax 
belə bir tarla içində belə bir yaşıllıq əhatəsində, belə bir meyxoş 
hava  qucağında!  Gözlərin  önündə  ağ-ağ  pəmbələr  sayrışır, 
bəzəkli-bəzəkli kəpənəklər yellənişir, pambıq şaxları nadinclik 


 
49 
edib tumanına ilişir, saçlarından tutuşub çəkir, sərincə bir meh 
də əyləncə edirmiş kimi tellərini oynadıb sinirlərini oxşayır. On 
yeddi  yaşının  bahar  özdəmliyinə,  bahar  xislətinə  təbiətin,  ab-
havanın,  ətraf  mühitin  bir  bahar  oluşluğu,  bahar  görüntüsü 
körük verib alışdırır, oyaladıb qaldırır içinin odunu, alovunu. 
Həzincə  bir  nəğmə  ilə  açılırsan,  qəlbinin  hərarətini,  ürə-
yinin odunu, könlünün sirrini bir tənhalıq içinə buraxırsan, bu 
dilbilməz pambıq kollarına, bu  yellənişən kəpənək gözəlliyinə 
söyləyirsən: 
Evləri köndələn yar, 
Sona bülbüllər! 
Bizə gül göndərən yar, 
Saçı bülbüllər! 
Gülün yarpıza dönsün, 
Sona bülbüllər! 
Bizdən üz döndərən yar
Saçı bülbüllər! 
Səsindən,  avazından  özünün  də  xoşu  gəlib  bir  qədər  də 
hündürdən  qaldırdıqda  ona  elə  gəldi  olduğu  kimi  yamsılaya 
bilir Q
ədiri,  onun  alaşıq-dolaşıq  zəngulələrini,  enib-qaldırma-
larını.  Dərincə  bir  məmnunluq  duydu  bundan.  Hələ  bir  kim-
sənin  Qədiri  yamsılaya  bildiyini,  yamsılamaq  istədiyini  eşit-
məmişdi, görməmişdi, ağlına gətirmirdi bunun mümkünlüyünü. 
O isə yamsılayırdı. Gözəl səsi vardı Cəmilənin, lakin el üçün, 
dinləyici üçün deyildi bu səs, ən yaxın dostları, yoldaşları, ailə 
üzvləri bilməzdi onun belə səsi olduğunu. Bilməyəcəkdilər də 
heç. Özü üçündü bu səs. Bir sirr kimi, bir könül gizlincisi, bir 
qızlıq sandıqçası kimi bir əyləncəlikdi bu səs. 
Muğam  yerinə  çatıb  heç  özü  də  bilmədi  necə  oldu  belə 
məlahətlə,  belə  ustalıqla  oxuya  bildi  bunca  çətin,  dolaşıq,  bir 
səsin,  hər  nəfəsin  keçib  gedə  bilməyəcəyi  səs  labirintini?  Bir 
halda  da  belə  oldu,  lap  nə  olur  olsun,  kim  eşidir  eşitsin,  kim 
gülür  gülsün,  axıraca  davam  etdirəcək  muğamı.  Bu  körpəcə 
pionerlər  deyil  də,  lap  bığlı-saqqallı  kişilər  olsun  dinləyənlər, 


 
50 
axıradək  oxuyacaqdı  muğamı.  Səsi  gəldikcə  güclü,  nəfəsi 
çatdırdıqca  ucadan,  enə  bildikcə  dərindən,  qalxa  bildiyincə 
zild
ən  qaxsıdacaqdı  muğamı.  Bir  nəğmə  çeşməsinə  dönüb 
axacaqdı bu yaşıl tarla boyunca, bu zümrüd göylər peşincə: 
Fariq etdi mehrin özgə məhliqalərdən məni
Hirz imiş eşqin sənin, saxlar bəlalərdən məni. 
Könlüm aldın, göstərib min lütfü minnət canıma, 
Eylədin müstəğni özgə dilrubalardən məni. 
Amma bu 
nədir, pionerlər nə vaxt gəlib toplaşıblar bura? 
Əl çalıb "ura" çəkirlər? 

Nə  gözəl  oxuyursan!  Biz  dedik  indi  radiodu,  Qədirdi 
oxuyan!  
-
Afərin vallah! Afərin xalacan! 
Gülümsünüb  elə  pionerlərin  yanında  davam  etdirdi 
oxumağını.  Coşğunca  bir  nəğmə  bulağı  açılmışdı  sinəsində, 
qurtarmayınca bu mahnı, bitməyincə bu nəğmə təlatümü, yatıb 
sakitləşməyəcəkdi Cəmilə: 
Elə yar, yar deyirlər, 
Heç məni demirlər, Ay Sona bülbüllər! 
"Elə  yar,  yar  deyirlər,  heç  məni  demirlər,ay  sona 
bülbüllər!"  -deyimə  bax,  sözə  bax,  ruha  bir  bax!  Səsinə 
nəfəsinə  qurban  olum.  Qədir,  səni  doğan  anaya,  səni  əkən 
ataya,  səni  yetirən  torpağa,  səni  bitirən  xalqa  qurban  olum 
Qədir!  Sənmisən  deyən  bunları,  qoşan,  oxuyan  bunları?  O 
deyən dilinə, o qoşan ruhuna, o coşqun səsinə, o cavan canına 
canım qurban, ruhum qurbanQədir!" 
Bu  nədi  belə?  Dəlimi  olub,  hündürdən  niyə  deyir 
dediyini? 
Bir  deklamasiyamı  söyləyir  pionerlərə?  Əl  çalıb 
sevinişir  uşaqlar  atılıb  düşürlər,  qışqırışırlar  yerlərində!  Yox, 
yox  nəsə  görüblər  pionerlər,  gördüklərinə  gülüşürlər  belə!  Hə 
bu yekə çilçil kepkalı oğlanamı gülüşürlər, onun diz üstə oturub 
belə  diqqətlə  ona  qulaq  asdığınamı  gülüşürlər?  Bəs  hardan 
çıxdı bu? Yoxsa o pambıq kolları altında yatıb gününü uvadan 
tənbəl-tünbəllərdəndi bu?  Oxşayır  elə!  Hələ  üst  başına  bax, 


 
51 
kepkasına  bax!  Elə  bil  pamidor  tağı  üstündə  yatıbmış.  Yəqin 
ağlı başında deyilmiş uzananda.  
Oğlan  Cəmilənin  onu  gördüyünü  anlayıb  ayağa  durdu,  
durunca  da  uzanıyıb  qızdan  bir  qarış  hündürlükdə  bənd  aldı. 
Üz-
gözü,  təbəssümü  belə  qəribə  təsir  bağışlayırdı.  Üst  başına 
baxanda adamın gülməyi gəlirdi, amma üzünə baxanda  gülüş 
adamın  dodaqlarında  donub  qalırdı,  üzü  gülməli  deyildi,  nəsə 
ciddiydi,  görünüşlüydü,  heylə  qeyri  adi  bir  gözəlliyi  yoxdu, 
amma  nəsə  çox  yatımlı,  gözəgəlimli  oğlandı.  Sarışın  qırmızı 
çöhrəsi vardı, düzgün burnu, şümal üzü, cazibədar baxışı vardı. 
Bu  qırmızıya  çalan  çöhrəsiylə,  bu  məftun  baxışlarıyla  Valter 
Skottun  Dorvardı  deyil  ki,  bu?  Ucalığı  da  onun  kimidi,  qəri-
bəliyi, bir şeyə oxşamayan bu üst-başına rəğmən ilk baxışından 
duyulan iddiası da onun kimidi. Amma yox, Dorvard hara  bu 
yazıq hara, mexanizatordu bu, traktorçudu, lapet sürəndi bəlkə 
də.  Gününü  pambıq  kolları  dibində  yatıb  "paxmellik"dən 
ayılmaqla keçirən ağzı pozuq şoferlərdəndi. Ağzı pozuq, nitqi 
pozuq, düşüncəsi kasıb, könül pintisi! 

Nə gözəl səsin varmış qız, nə gözəl oxuyurmuşsan! 
"Atmacasına bax" cildə giribdi bu, cildini dəyişib yoxsa, 
indicə bilərik danışdırıb" 

Pionerlərə  günorta  konserti  verirəm.  Amma  bilmədim 
kol  dibində  yatan  komsomollar  da  ola  bilərmiş  burda. 
Oğurluqca sınıb dinləyə bilərmiş səsimi! 

Komsomola şər atmayın qızlar, oğurluq eləmədim mən. 
Gözəlliyi  görmək  də,  dinləmək  də  savab  işidir,  oğurluq  niyə 
olur?! 

Bəs kol dibində yatıb gün keçirmək necə, o da savab işdi 
komsomola? 

Bu  bir  baxt  işidi  gözəl  qız,  baxt  adamı  didərgin  salıb 
pamidor atəşi altına da sala bilər, sonra bir kol dibində yatırdıb 
kol dibindən möcüzə bir qız səsiylə ayıltdıra da bilər! 

Guya, təsadüfən düşmüsüz bura eləmi? 


 
52 

Lap  təsadüfən.  Amma  ömrümdə  nə  belə  səs  eşitmə-
mişəm, nə belə könlümə yatan gözəl qız görməmişəm! 
"Bu nə deyir belə ay Allah, bu açıcaq izharı-eşq elan edir 
mənə? nə asanca bəs? Yoxsa öyrəşib beləcə pambıq tarlasında 
avaralanıb  tanıdığı,  tanımadığı  qızlara  söz  atmağa?  Bəs  niyə 
qıp-qırmızı qızardı belə deyəndə, üzünün qanı ağ-appaq ağardı 
sonra? Vallah kimsə bu heç özü də bilmədi necə dedi dediyini. 
Yaxşı bağışladım sənə bu xətanı cavan oğlan, ancaq bəlkə bir 
yoxlayım da başını?" 

Nə  tez  yatdı  könlünə  qız?  Bircə  dəfə  görməklə,  bircə 
dəfə səsini dinləməklə?.. 

Ruhunu da dinlədim axı? Qədiri necə öyüb təriflədiyini 
də dinlədim! Axı artistlik eləmirdi o qız! Bilmirdi bir kimsə var 
burda,  dinləyə  bilər  onu,  xoşu  gələ  bilər  ondan!  Ürəyinin 
dərinliklərindən  gələnləri  deyirdi,  saf  qız  ruhunun  saflığından 
qopub ayrılanları deyirdi. Kiməsə yaranmaq üçün, kiməsə xoş 
gəlib qəlbini ələ almaq üçün demirdi ha! 
"Bu  nə  danışır  belə!  Şairdi  yoxsa  bu,  nədi  belə?  Həssas 
adamdı kimsə, söz sərrafıdı, necə yerli-yerində, necə məntiqlə, 
necə maqamında deyir dediklərini!" 

Axı sən kimliyini demədin heç... 

Adım K-Kamaldı... 
"Dili topuq çaldı adını deyəndə. Yoxsa söyləmək istəmir-
miş adını? Puf, ölürdük elə!.." 
La
kin Kamaldımı oğlan? Bu Orxan deyildimi? Bəs, niyə 
belə  yanlış  dedi?  Heç  özü  də  bilmədi  niyə.  Axı  bu  pambıq 
tarlasında yüzlərlə belə qıza rast gəlib də hamısına düzgün admı 
demək olar? 
-
Bəs sizin adınız nədir? 
S - 
Sürəyya!.. 
Cəmilə  də  kəkələdi.  Lakin  tez  də  düzəldib  özünü, 
dalbadal hüdülədi: 

Elə  bu  kənddənəm.  Sağınçıydım,  indi  olmuşam 
pambıqçı.  


 
53 
A
mma  ürəyində  danladı  özünü:  “Niyə  düzgün  söyləmə-
dim  adımı,  işimi,  yerimi?  Niyə  belə  yalan  fırlatdım?  Özü  də 
şəxsiyyətli  adama  oxşayır  bu  kimsə,  sonra  üz-üzə  gəlib 
utanmarammı?  Gəlmərəm  mən  də!  Uzaqdan  görərəm  gəlir, 
qaçıb gizlənərəm! Bir də bəlkə axmağın biri çıxdı, deyib adımı 
işə salım özümü? Bəlkə düşüb dalımca gəldi, tələbələrin içində 
biabır oldum? Lap düz eləyib yalan söyləyirəm. Hələ bir görək 
bu özü nəçidi, bu papaqla mütləq mexanizatordu bu!” 

Bəs sən nə sənətin sahibisən? 
-  Mexanizatoram. Mexanizasiya texnikumunda qiyabi 
oxuyuram. 
Gülmək  tutdu  Cəmiləni.  Düz  təyin  etdiyinə  tutdu 
gülməyi.  Amma  gülüşünü  tez  boğdu,  birdən  anlayıb  xətrinə 
dəyər oğlanın. 

Bəs mexanizatorun bu tarlada nə işi? 

Kömək edirik pambıqçılara, bəyəm olmaz? 

Anladım. Yatıb yuxunda kömək edirsən. 

Niyə, istəyirsiniz axşamaca sizə də kömək edim. 
- Yox, bu iki fartuq dolunca... 
Bu nə iş idi tutdu? Indi Nərgiz gil birdən gəlib eləsələr nə 
cavab  verəcək  onlara,  deməyəcəklərmi  bu  kimdi  sənə  kömək 
edən?  Eh...  qoy  desinlər.  Onsuz  da  yalançılıqla  başlayıb  bu 
günkü  gününü.  Yenə  yalandan  deyərki xalam oğludu, pambıq 
yığırlar  burda,  məni  görüb  gəldi  halımı  soruşsun.  Sonra  da 
qızları  çəkib  aparar  o  yana,  başlarını  elə  qatar  xaloğlu  da 
yaddarından çıxar əmoğlu da. 

Bəlkə fartuğunuzun birini verəsiniz mənə? 

Alıyın. Ancaq istismarçı deyiləm, öz xoşunla işləyirsən. 

Sizin kimi bir gözələ nə qədər işləsəm xoşdu! 

Yəqin bütün rastına çıxan qızlara belə deyirsən! 
-
Ömrümdə ilk dəfədi belə dediyim! 
“Qızarmasına,  kəkələməsinə  bax,  səsindəki  titrəyişinə, 
baxışındakı  səmimiyyətinə  bax.  Vallah  lap  düz  deyir  bu,  heç 
yalan deyil dedikləri”. 


 
54 
İndi  pionerlər  də  uzaqlarda  qalmışdı,  ucu-bucağı  görün-
məyən bu geniş tarlada ikicəciyi qalmışdı. Gözə görükənlər hər 
yanda bir-
iki  kilometr  qədər  aralılarda  idilər.  Tarlanın  aşağı 
tərəfləri göz işlədikcə uzaqlara uzanıyırdı. Amma bir kilometr 
qərarı aşağıdan şosse yolu iki yerə kəsib ayırırdı tarlanı. Şosse 
yolundan tez-
tez maşınlar, traktorlar keçib gedirdi. 
Qız sıxılan kimi oldu əvvəlcə, qorxub üşənən kimi oldu: 
b
irdən əliuzunluq eləyər göydəndüşmə kimi qəfil peyda olmuş 
bu  cavan?  Sonra  fikirləşdi  neyləyəcək,  adamyeyən-zad deyil 
ha.  Bir  az  artıq-uzun  danışar  pionerlər  budu  burda.  Hər  halda 
onu  özündən  aralaşdıracaq  fikri  yoxdu  başında.  Mexanizator 
adam deyil? – 
düşündü.  İndi  elə  bu  saat  gedib  kəbinimizi 
kəsdirmədik  ha.  İnsandı  da  söhbət  eləyirik.  Qəbahətdi  söhbət 
eləmək?  Bir  halda  söhbəti  xoşdu  mənə  qoy  nə  qədər  danışır 
danışsın!” 

Bilirsən  Sürəyya,  qızınkı  qoşa  hörükdü,  qoşa  hörüyü 
olmadı tulla getsin! Vallah... 

Hə... Mənim qoşa hörüyüm var axı! 

Sənə görə demədim... 

Demək  mənim  höüklərim  o  sən  deyənlərdən  deyil, 
eləmi? 

Niyə?  Sənin  hörüklərin  bir  möcüzədi!  Bir  vergidi, 
sərvətdi! Nə deyim... Mən hələ heç kəsdə belə gözəl hörüklər 
görməmişəm!  
“Yalan  demirsən,  goplamırsan?”  Cəmilə  gözaltı  oğlana 
baxıb yoxlamaq istədi düz deyib demədiyini. Baxıb da odlu bir 
atəş içinə düşdü: oğlanın üz gözü titrəyir, dili dodağı səyriyirdi: 
əsirdi  oğlan!  “Baxıyanı  üzə  vurma  Cəmilə,  gerçəyidi  bu 
mexanizator  oğlanin.  Yəqin  düşünür  nə  var,  pambıq  dibində 
yatıb  ayılanda  göydən  düşmə  bir  qıza  rast  gəlmişəm,  əl 
çəkməyəcəm  ondan.  Özünü  görmür  yəqin,  üst-başının  bu pis 
abırından xəbəri yoxdu yəqin. 
- Amma bu üst-
başla bir ağlı olan qız sənə yaxın durmaz! 


 
55 

Hə.. Bu səhər yolla gəldiyim yerdə yanımdan üç maşın 
dolusu qız gəlib addadı. Onlar salıb məni bu kökə! 

Paho... sən heç bir şey tapıb vura bilmədin onları? 

Güclə  qaçıb  özümü  narlığa  sala  bildim,  hayandan 
vurdum? 

Niyə bir nar qırıb ata bilmirdin sən də? 

Atdım, amma sonra da peşman oldum atdığıma. Bu üç 
maşın məni bu hala salıb ötəndən sonra dördüncü maşın gəldi. 
-
Sən də yekə bir nar qırıb var gücünlə maşına atdın! 

Hə vallah, bəs siz nə bilirsiniz bunu? 

Ta işdən belə görünür də!.. 

Bir  qız  “vay  ana  öldüm”-  Deyib  qışqırdı.  Hələ  də  səsi 
qulağımdadı. 
-
Ürəyin yandı yoxsa qıza? 

Hə Vallah!.. 

Niyə yandı ürəyin? Bəs onlar səni vuranda yaxşıydı? 

Yox, o qızlardan deyildi bunlar. Əl çalıb oynamırdılar. 
İntəhası  mən  elə  hirslənmişdim,  qəzəbimi  bunlardan  çıxdım. 
Günahsız vurdum mən o qızı! 

İndi o qız qəfil böyürdən çıxıb gəlsə neyləyərsən? 

Üzr istəyərəm ondan, ovudub  könlün alaram. 

Bəlkə ala bilmədin könlün? 

Qız könlünü almağa nə var, təki, istəyəsən. 

Çoxmu könül almısan belə? 

Yox hələ... İstəsəm alaram... İstəmirəm nəsə... 

Bəyənmirsən heç kəsi! 

Bəyənmirəm.  Hərədə  bir  nöqsan  görürəm.  Biri 
yüngüldü, çox danışandı, birinə fərq deyil sən kimsən, bu biri 
kimdi, elə hamıyla bir umacaqla danışır. Elə bil hamı istəklisidi 
onun! 

Dinməz, qaraqabaq qızı da heç bəyənmirsən! 
-  Qa
raqabaqlara  yox,  sakit  qızlara  hörmətim  var.  Bir 
qardaş kimi... 
- Bir sevgili kimi yox, amma! 


 
56 

Yox!  Sevgi  bilmərəm  nə  şeydi!  Başıma  gəlməyib. 
Gözləyirəm. Bax, bayaq sən o mahnında oxuduğun kimi: “Elə 
yar, yar deyirlər, heç məni demirlər”. 

Səni demirlər, sən de, oğlan görək desin! 
- Sevgi 
qarşılıqlıdı, nə oğlan, nə qız! O da bir möcüzədi! 
O da bir vergidi nəsə! Bax, sizin saçlarınız kimi! 

Özüm kimi yox əlbəttə! 

Özünü mən nə tanıyıram? Kolxozçu qızsan. Arzun yəqin 
instituta girməkdi hələ! 

Neylərəm  institutu!  Pambıqçı  olacam  elə  belə.  ərə 
gedəcəyəm sonra da! 

İstədiyin də varmı? 

Olacaq! Nə çoxdur dərdimdən ölən! 

Fantaziyan  yoxdu  demək.  Bəsit  düşünürsən  həyatı, 
gələcəyini:  iki  üstəgəl  iki,  bərabərdi  dörd.  Həyat  da  bərabərdi 
ərə getmək, üstəgəl oğul-uşaq sahibi olmaq! 

Bəs nəyə bərabərdi həyat, nədi həyat? 
-  M
öcüzədi! Bir möcüzədi həyat! Bax, bir gör bizə nələr 
verilib! Görürük, eşidirik, duyuruq, dadırıq, qoxuluyuruq. Hər 
duyğumuz bir dünya ilə tanış edir bizi. Hələ bu duyduqlarımızı 
ağlımızla  yoxlayırıq,  nəticə  çıxarırıq,  qərar  veririk!  Əhatəli 
geniş  bir  dünyayıq  biz,  bir  planetik!  Hər  birimiz  bir  kainatıq 
biz.  Təkrar  olunmaz  bir  kainat.  Bir  nəcib  duyğudan  bizim 
sinəmizin  bir  dalğalanmasını  bir  Sakit  okeanın  dalğalanma-
sından əksik bilmə heç! Bir qaraca qız baxışındakı fırtınanı min 
Sakit okeanlara bərabər bilmə artıq bil, üstün bil!.. 
“Nə danışır bu mexanizator! Kaş bizim ali məktəb tələbə-
lərimizdə bundakı düşüncənin yüzdə biri olaydı elə!” 
-  “Vay ana, öldüm!” – 
deyən bir qız naləsində bəs nələr 
v
ardı, deməzmisən? 

O  da  bir  möcüzəydi!  O  qız  kimsə  o  da  bir  fırtınaydı. 
Onun  naləsində  nifrət  yoxdu,  qəzəb,  kin,  küdurət  yoxdu, 
nazlıca bir şikayət vardı! 
Elə bil başını itirdi Cəmilə, qəfil ağzından çıxardı: 


 
57 
-
O qız mən idim! 
-
Ola bilməz! 
-
Gəl kürəyimə bax!.. 
-
Cəmilə  yaxasının  düymələrini  açıb  jaketinin  boğazını 
arxadan aşağı çəkməyə çalışdı: 

Gəl jaketi çək aşağı, özün etdiyinə özün bax! 
Orxan qorxa-
qorxa gəlib qızın jaketinin boğazından aşağı 
çəkdi.  Amma  əlləri  titrəyirdi,  ürəyi  əsirdi.  Qızın  boynunun 
a
rdında  cizgilənən  narınca  tüklərinin  naxışına,  sıralanmasına, 
bədəninin bəyazlığına gözəlliyinə baxıb özünü itirdi. 
-
Qorxma çək aşağı... 
Nə  qorxma!  əlləri  əsirdi  Orxanın  çəkə  bilmirdimi? 
Ömründə  bir  qız  kürəyinə  bunca  yaxından  baxıb,  bunca 
gözəlliyinə  tamaşa  etmişdimi?  Axırda  da  narın,  qızın  belində 
əmələ  gətirdiqi  qara-göy  ləkəni  gözlərilə  görüb  anladı  ki,  düz 
deyir qız, vurduğu bu qız imiş! Udquna-udquna qaldı Orxan elə 
bu vəziyyətində də qız ona sarı döndü: fırtına qopmuşdu qızın 
qara  gözlərində!  Bulanıq  bir  pərdə  ala-tala  olub  tutmuşdu 
gözlərini. Sayrışıb titrəşirdi pərdə. Sonra süzülüb bir cüt damla 
olub yanaqlarına axdı: və ancaq bunu gördü Orxan. Qız yığdığ 
pambığı  tullayıb,  yarıladığı  bardanını,  fartuqlarını  atıb  gücü 
gəldikcə üzü yuxarı: çox-çox uzaqlarda sayrışan adamlara sarı 
qaçdı.  Qaçıb  qaçıb  bir  kilometr  o  yanda  qəfil  sağa  dönüb 
çəkilliklərə sarı buruldu. 
Ta çəkilliklərə çatıb onların arxasında gözdən itincəyədək 
qızın  arxasınca  baxdı  Orxan. Donub  qalmışdı  yerindəcə.  Kim 
idi  bu  qız?  Niyə  bunca  uzun  söhbət  etdi  onunla,  sonra  da 
yığdığı  pambığını  atıb,  bardanını,  fartuklarını  atıb  qəfil  qaçdı 
belə? Bir nazdımı bu, bir şıltaqlıqmıdı onda? Axı nəyidi Orxan 
onun naz eləsin qız ona? Heç adını da düzgün deməmişdi qıza. 
Kamaldımı  o,  mexanizatordumu?  Tibb  institutunun  tələbəsi 
deyilmi?  Müalicə-profilaktika  fakültəsinin  beşinci  kursunda 
oxumurmu? Nəyə görə də düzgün deməliydi axı? Bir təhsilsiz 
kolxozçu qızla bir macəramı başlayacaqdı tarlada? Ömrü-günü 


 
58 
pambıq  toplamaqla  keçəcək  bir  qızla  ali  savadlı  həkim  durub 
tanışmı olacaqdı necə bir tay-bərabər kimi, tərəf-müqabil kimi? 
Savadsız,  təxəyyülsüz  bir  qıza  özünü  düzgün  tanıtdırıb 
ünvanmı verıəcəkdi? Düzgün ad-familiyamı söyləyəcəkdi? 
Bəs  onda  niyə  heylə  intim  söhbətlər  başlamışdı  qızla, 
fəlsəfə  danışırdı,  möcüzələrdən  bəhs  edirdi?  Qız  da  dinməz-
söyləməzcə qulaq asır, amma ağıllı sorğularıqla söhbəti istədiyi 
səmtə  yönəldirdi?  Həm  də  deyəsən  aydınca  da  başa  düşürdü 
onu, anlayırdı. Bəlkə də gələcəyin ali savadlı həkimləri olacaq 
öz  tələbə  yoldaşlarına  desəydi  ona  dediklərini,  anlamazdılar 
qanıb  başa  düşməzdilər,  başı  xarab  adlandırıb  gülərdilər  ona. 
Lağa  qoyardılar  onu.  Anlamazdılar  fəqət.  O  isə  anladı. 
Gözlərində  gördüyü  o  alaca  pərdə  də  bu  anlamaqdan  doğdu 
gözlərində. Kimsə füsunkar qızdı bu qız, misilsiz qızdı! 
Orxan  qızın  yığdıqlarını  fartuklarına,  sonra  da  yarımçıq 
qoyduğu  bardanına  doldurub  gözələdi.  Oturub  yanında  bir 
müddət gözlədi. Bildi ki, birdəfəlik gedib qız, qayıdıb bir daha 
gəlməyəcək. Bardanı dalına götürüb asfalt yola doğru tərpəndi. 
Tarlanın ortasından gedən cığıra düşüb düz asfalta gəlib çıxdı. 
Orada  təkərləri  arasına  düşən  daşı  çıxarmaqla  məşğul  olan 
şoferlə söhbətləşib öyrəndi ki, bu sahə ayrı bir rayonun qonşu 
kolxozunundu,  amma  burda  da  Məhəmməd  adlı  briqadir  var 
doğrudan  da.  Gəldiyi  sahə  də  Məhəmmədin  sahəsidir.  Şofer 
Yevlaxa  gedəcəyini  deyib  onu  götürmədi.  Hansı  maşına  əl 
qaldırdısa  saxlayan  olmadı.  Artıq  əlini  üzüb  oturmuşkən 
hardansa  Nüşür  gəlib  çıxdı.  Nüşür  uğunub  gedə-gedə  onun 
başına  gələnlərdən  xəbərdar  olub  bardanı  köməkləşib  kuzaya 
a
tdı,  Orxanı  kabinəyə  götürüb  bu  dəfə  gerçəkdən  öz  göygöz 
Məhəmmədlərinin sahəsinə gətirib çıxardı. Indi Orxanın Rafael 
müəllimdən  də  bir  qorxusu  qoxdu.  Yekə  bir  bardanı  dolu 
gətirmişdi və hələ Rafael müəllim axşam tərifləyəcəkdi onu. 
 

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin