Avropa Ali Təhsil Mühiti (European Higher Education Area) - 2010-cu ilədək Avropa
daxilində ali təhsil müəssisələrinin əməkdaşlıq əlaqələrini inkişaf etdirmək məqsədilə irəli sürülmüş
proqram.
Avropa Ali Təhsil Məkanının qurulmasına dair sənədə imza atan 47 ölkədə hazırda ali təhsil
sistemi üzrə strukturların uyğunlaşdırılması istiqamətində tədbirlər davam etdirilir və “Boloniya
prosesi” çərçivəsində nəzərdə tutulan məqsədlər silsiləsi bu ölkələr tərəfindən dəstəklənir.
Avropa Kredit Transferi Sistemi (European Credit Transfer System) – Tələbə mobilliyini
asanlaşdırmaq, tələbələrin xaricdə aldıqları ali təhsil haqqında diplomun həm öz ölkələrində, həm də
bütün Avropa məkanında tanınmasına nail olmaq üçün Avropa Birliyi tərəfindən yaradılmış sistem.
Bu sistemin əsas məramı kredit və qiymətləndirmə məsələlərində Avropa ölkələri miqyasında vahid
standartlar müəyyənləşdirmək, şəffaflığa nail olmaq, beləliklə, Avropa təhsil məkanında
inteqrasıyanı gücləndirməkdən ibarətdir. Bu baxımdan, Avropa Kredit Transferi Sistemi ali təhsil
sahəsində Avropa səviyyəsində “ortaq dil” kimi qiymətləndirilir.
Sokrat/Erasmus proqramı (1989-1996) çərçivəsində yaradılmış bu sistem, Avropa Birliyinə və
Avropa İqtisadi Məkanına daxil olan ölkələr üzrə 145 ali təhsil müəssisəsinin cəlb olunduğu pilot
layihədə 6 il müddətində sınaqdan keçirilmiş, 1997/98-ci illərdə Müəssisə Müqaviləsinin təqdimatı
ilə bütün Avropa universitetlərinə Avropa Kredit Transferi Sistemində iştirak etmək imkanı
vermişdir.
Avropass (Europass) – 2004-cü il 15 dekabr tarixində Avropa Şurası və Milli Europass
Mərkəzləri şəbəkəsi tərəfindən qəbul edilmiş ikidilli sənəd forması.
Şəxslərin bilik, bacarıq, ixtisas və təcrübələrinə dair məlumatların bütün Avropa ölkələrində
asanlıqla, aydın başa düşülməsini təmin etmək məqsədilə tərtib edilmiş Europass beş sənədi özündə
birləşdirir: Tərcümeyi-hal, Dil Pasportu, Mobillik, Attestata
Əlavə, Diploma Əlavə.
Birinci iki sənəd şəxsin özü, digər üç sənəd isə müvafiq səlahiyyətli təşkilatlar tərəfindən
doldurulur. Europass sənədlərində qazanılmış ixtisasların məzmunu, keyfiyyəti, əldə edilmiş
beynəlxalq təcrübə və s. haqqında məlumat verilir. Bu sənədlərin verilməsinə nəzarətin təmin
olunması və tanıdılması, ayrı-ayrı ölkələrdə müvafiq dövlət və özəl qurumların ətraflı
məlumatlandırılması, verilən bütün sənədlərin surətinin arxivləşdirilməsi, Avropa Milli Europass
Mərkəzləri ilə əlaqəli fəaliyyət göstərilməsi Milli Europass Mərkəzlərinin vəzifələrinə daxildir.