Jarqonları bəzən süni dil də adlandırırlar. Jarqon müəyyən peşə sahibləri, ictimai
qurum üzvləri, hər hansı bir təbəqənin məlum sözlərə yeni məna çalarları
qazandıraraq istifadə etdiyi ifadələrdir. Məsələn müəllimlərin jarqonunda “pəncərə”
sözü iki dərs arasındakı boş dərs saatıdır. Yaxud “oblava” bir çox dairələrdə
“yoxlama var” kimi başa düşülür. Jarqonlardan daha
geniş istifadə olunan sahə
kriminal dünyadır. Bu tip sözlərə də mədəni nitqdə yer yoxdur.
Nitq mədəniyyətinin tələbləri təkcə ədəbi dilin normalarını, məntiq qanunlarını
bilməklə və onlara əməl etməklə bitmir. Məharət eyni zamanda bildiklərini istifadə
etmək bacarığından asılıdır. Hamıya elə gəlir ki, o öz doğma dilində yetərincə söz
ehtiyatına malikdir. Lakin müəyyən fikir söyləmək, münasibət bildirmək lazım
olduqda əksəriyyət bəsit cümlələr qurmaqla kifayətlənir, bildiklərini ifadə edəcək
kəlmə və sintaktik vahid tapmaqda çətinlik çəkir. Məhz bu zaman nitqin düzgün,
məntiqli, aydın olması ilə bərabər zəngin olmasının da önəmi üzə çıxır. Nitqin
zəngin olması üçün ən mühüm şərt lüğət ehtiyatının genişliyidir. İnsanın
zəngin
lüğət ehtiyatı olmalıdır ki, onun içindən düzgün sözü seçib onu nitqində tətbiq etsin.
Hər bir funksional üslubda nitqin zənginliyinə nail olmağın xüsusi yolları var. Lakin
ən zəngin nitq təbii ki, bədii üsluba aiddir. İstedadlı yazıçılar dil vahidlərindən
istifadə edərək möcüzələr yaradırlar.
Nitqin
zənginliyi sinonim, frazeoloji birləşmə, bədii təyinlərdən,
sitat və
aforizmlərdən düzgün və məqamına uyğun istifadə etməklə əldə edilir.
Nitqin rabitəliliyi mövzunun müəyyən bir sistemlə, ardıcıl təqdimatıdır. Nitq
zamanı ötürülən informasiya sadədən mürəkkəbə doğru inkişaf etməli, keçidlər
arasında sərt qırılma olmamalıdır. Mövzunun ana xətti daim diqqətdə saxlanılmalı,
məntiqi ardıcıllıq pozulmamalıdır.