Nitqin dəqiqliyi
istənilən ünsiyyət üçün ən vacib tələbdir. İnsan nitqinin dəqiq
olması üçün sözlər mənalarına uyğun işlədilməli, yanlış faktlardan istifadə
olunmamalıdır. Nitqin dəqiqliyini pozan əsas amil mövzunu dərindən bilməməkdir.
Bilmədiyiniz mövzu haqqında danışarkən daha çox səhvlərə yol verir, dəqiq
olmayan informasiyadan istifadə edirik.
Dəqiqlik kommunikativ keyfiyyətlərdən biri kimi nitqi məzmun baxımından
səciyyələndirir. O, nitqin reallıqla, təfəkkürlə əlaqəsi əsasında formalaşır və dil
vahidlərinin ifadə olunmuş informasiya ilə əlaqələndirilməsi yolu ilə həyata
keçirilir. Nitqin dəqiqliyi 2 istiqamətdə pozulur: ya faktlar təhrif edilir, ya da sözlər
dəqiq mənada işlənmir.
Faktların təhrif edilməsi nitqin məzmununun real məzmuna, nitqin predmetinə
uyğun olmadığını əks etdirir. Məsələn, “C.Məmmədquluzadənin “”Poçt qutusu”
romanında təsvir edilən hadisələr XVIII əsr cənubi Azərbaycanın ucqar dağ
kəndlərindən birində baş verir” cümləsində bir neçə faktiki səhvlər mövcuddur.
Bəzən isə nitqdə sözlər yerinə uyğun seçilmir. Müşahidələr göstərir ki, bu əsasən
aşağıdakı hallarda baş verir:
a) sözlər dəqiq leksik mənada işlənmir: “İmperativ ünsiyyət dialoji xarakterdədir”.
“İnsanın çəkisi Yerdə və Ayda eynidir”. Bu cümlələrdə terminlərin işlənməsində
qeyri-dəqiqliyə yol verilmişdir. Birinci cümlədə “dialoji” deyil, “monoloji”, ikincidə
isə “çəki” yox, “kütləsi” olmalıdır.
b) sinonimlər düzgün seçilmir: “Bu kitabın həcmi çox yekədir”. “Məni hərbi
kommissarlığa dəvət etdilər”.
c) çoxmənalı sözlərdən səhv istifadə edilir: “Şəhərin başında yarmarka təşkil
edilmişdi”, “Dağın üzü lalələrlə dolu idi”.
Natiq üçün nitqin aydınlığı
öz fikirlərini, assosiasiyalarını sözlərlə ən dolğun
şəkildə ifadə etmək və adekvat başa düşülmək qabiliyyətidir. Nitqin aydınlığı
deyərkən başa düşülmək, əlçatanlıq, birmənalılıq nəzərdə tutulur ki, bu nitq-
təfəkkür-əlaqəsini əks etdirir. Şifahi nitq zamanı fikirləri daha sadə cümlələrlə qəliz
ifadə və terminlərdən az istifadə edərək sətiraltı mənalara yol vermədən ifadə etmək
lazımdır. Dinləyici və oxucunun təqdim edilən nitqi qavraması üçün bu şərtlər
olduqca vacibdir. Nitqin aydınlığına nail olmaq digər kommunikativ şərtlərlə bir
arada mümkündür:
-nitqin düzgünlüyü: yalnız normativ nitq aydın ola bilər;
-nitqin məntiqiliyi: məntiqi ardıcıllıq pozularsa, nitq qavranılmaz;
-nitqin dəqiqliyi: sözlərin dəqiq mənada işlənməsi ifadənin aydınlığını təmin edir;
|