10.4.2. Multikulturalizmin Avstraliya modeli
Müasir dövrdə uğurlu multikulturalizm siyasəti aparan ölkələrdən
biri də Avstraliyadır. 2017-ci ildə Avstraliya Statistikası Bürosu tərəfindən
dərc edilən “2016-cı ilin siyahıyaalmanın nəticələrinə” əsasən, sözügedən
ölkədə etnik-mədəni müxtəliflik orada yaşayan insanların və valideynlərinin
doğulduğu ölkə, aborigen olub-olmaması, danışılan dillər, dini etiqadları
vasitəsilə müəyyənləşir. Avstraliyada yaşayan miqrantlar, əsasən, Britaniya,
Yeni Zelandiya, Çin və Hindistandan köç etmişdir. Aparılan siyahıyaalınma
zamanı Avstraliyada yaşayan miqrantların əcdadları ilə bağlı məlumatlar da yer
MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNDƏ
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİK VƏ ONUN TƏNZİMLƏNMƏSİ
367
alıb. Ölkədə yaşayan insanların 36,1 faizinin əcdadının ingilis, 33,5 faizinin
avstraliyalı, 11 faizinin irland, 9,3 faizinin şotland, 5,6 faizinin isə çinli olduğu
müəyyənləşib. Bundan əlavə, dil müxtəlifliyi də ölkənin multikultural mühitini
zənginləşdirən mədəni elementlərdən biridir. Hazırda Avstraliyada 300-dən
çox müxtəlif dildə danışılır. Əhalinin təxminən 21 faizi ikidillidir (İngilis dili
ilə yanaşı digər dildə də danışırlar). Nisbət etibarilə götürüldükdə isə əhalinin
72,2 faizi ingilis, 2,5 faizi Çinin mandarin və kanton ləhcəsində, 1,4 faizi ərəb,
1,2 faizi isə Vyetnam dilində danışır. 2016-cı ilin statistikasına görə, aborigen
əhali 2,8 faiz təşkil edir. Qeyd edilməlidir ki, Avstraliyanın əhalisi 24,6 milyon
nəfərdir. Əhalinin 52,1 faizi xristian, 8,2 faizi isə digər dinlərə (İslam, Buddizm,
Hinduizm, Siqhizm, İudaizm və b.) sitayiş etdiyi halda, 30,1 faizi isə heç bir
dinə inanmır.
Etnik-mədəni müxtəlifliyi formalaşdıran amillərə nəzər saldıqda görürük
ki, onlar arasında həmrəyliyi, dinc birgəyaşayışı və harmoniyanı təmin etmək
ciddi siyasi iradə və mexanizm tələb edir. Bu məqsədlə Avstraliyada həyata
keçirilən multikulturalizm siyasəti mövcud etnik, irqi və dil baxımından
etnik-mədəni müxtəlifliyin tələblərinə cavab verməli idi. Avstraliya hökuməti
cəmiyyətdə mövcud olan müxtəlif qrupların ehtiyaclarının ödənilməsi, onlara
bərabər imkanın verilməsi kimi istiqamətləri həm dövlət siyasətinin, həm də
institusional bazanın tərkib hissəsi kimi formalaşdıra bildi.
Qeyd edilməlidir ki, Avstraliya 1970-ci illərin əvvəllərinə qədər Ağ
Avstraliya siyasəti (White Australian policy) yürüdürdü. Yəni, ölkə qapılarını
təkcə ağdərili, xristian və ingilis miqrantlara açmışdı. 1973-cü ildən etibarən
ölkədə miqrantlarla bağlı siyasətdə radikal dəyişikliklər başladı. Belə ki,
II Dünya Müharibəsindən sonra artan miqrant axınının tələblərinə cavab
vermək, işçi miqrantların yerli cəmiyyətdə yaratdığı etno-mədəni müxtəlifliyi
qorumaq, onlar arasında həmrəyliyi gücləndirmək üçün 1978-ci ildə F.Malkolm
(Avstraliyanın Baş naziri idi) administrasiyası tərəfindən multikulturalizm
siyasətinin prinsipləri elan edildi.
Multikulturalizm siyasəti konsepsiyasının prinsiplərində aşağıdakı
müddəalar qeyd olunmuşdur:
1. Sosial xidmətlərdən istifadə üçün bərabər imkanların yaradılması;
2. Qrupun, yaxud fərdin öz mədəniyyətini qoruması və digərinin
mədəniyyətinə hörmət etməsi;
MULTİKULTURALİZMƏ GİRİŞ
368
3. Müxtəlif mədəniyyətlərin qorunması və dil ehtiyaclarının ödənilməsi
üçün xüsusi xidmət növlərinin yaradılması;
4. Miqrantların yerləşdirilməsi və yaşayış yeri ilə təmin edilməsi məqsədilə
könüllü xidmətlərin təsis edilməsi.
Bütün bunlar dövlətin mədəni müxtəlifliyə siyasi reaksiyası idi. Lakin
2000-ci illərin əvvəllərinə qədər sözügedən siyasəti həyata keçirən icra strukturu,
yəni institusional bazası formalaşmamışdır.
Mədəniyyətlərarası münasibətlərin, qarşılıqlı anlaşmanın və dinc
birgəyaşayışın gücləndirilməsi məqsədilə bir sıra dövlət proqramları qəbul
olunmuşdur. Birinci proqram 1998-ci ildə qəbul edilmişdir. “Harmoniyada
Yaşamaq” adlı bu proqramın əsas məqsədi Avstraliya dəyərlərini, vətəndaşlıq
mövqeyini və inklüzivliyi gücləndirmək, miqrant və qaçqınları bərabər
cəmiyyətdə iştirakçılığa həvəsləndirmək idi. Bu məsələdə vətəndaş
cəmiyyətlərinin və icma təşkilatlarının rolunu artırmaq əsas məsələlərdən biri
idi. Proqramın uğurlu icrası nəticəsində hər il 21 mart Avstraliyada “Harmoniya
Günü” kimi qeyd olunmağa başladı, eləcə də vətəndaş cəmiyyətlərinin və icma
təşkilatlarının bu işdə fəallığının artırılması məqsədilə müxtəlif qrantlar verildi.
2006-cı ildə İmmiqrasiya və Multikuturalizm Məsələləri üzrə Departament
yaradıldı. Daha sonra həmin departament İmmiqrasiya və Sərhəd Mühafizə
adlandırıldı. Bu departamentin əsas səlahiyyətlərinə yeni gələn miqrantlar üçün
ingilis dili proqramlarının hazırlanması, həmin proqramların maliyyələşdirilməsi,
etnik təşkilatlarla məsləhətləşmələrin aparılması, biznes mühitində mədəni
müxtəlifliyin təşviq edilməsi istiqamətində proqramların hazırlanması və s. kimi
işlərin yerinə yetirilməsi daxil edildi.
Departament yaradılandan sonra, daha dəqiq desək, 2016-cı ildə “Sosial
Birlik, Harmoniya və Təhlükəsizlik üzrə Milli Fəaliyyət Planı” hazırlandı.
Həmin planın hazırlanmasını şərtləndirən əsas faktorlardan biri ABŞ, London
və Balidə baş verən terror hadisələrindən sonra yaranan dini fundamentalizmlə
bağlı narahatlıq idi. Planın əsas məqsədi artan qlobal dini və siyasi terror
təhlükəsinin, ekstremizmin, zorakılığın və dözümsüzlüyün ölkəyə sirayət
etməməsi üçün həmrəyliyi gücləndirmək, milli təhlükəsizliklə bağlı görülən
tədbirləri dəstəkləmək idi. Burada yerli icmaların iştirakını təmin etmək,
problemlərin həllində onların dəstəyindən maksimum istifadə etmək önəmli
idi. Plan çərçivəsində icma iştirakçılığı milli dəyərlərin təbliği ilə bağlı təhsil,
MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNDƏ
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİK VƏ ONUN TƏNZİMLƏNMƏSİ
369
dini müxtəliflik, tolerantlıq və dindarların maarifləndirilməsi vasitəsilə təmin
olundu. Sözügedən Milli planın məntiqi davamı olaraq 2010-cu ildə “Müxtəliflik
və Sosial Birlik Proqramı” qəbul olundu. Bu proqramın əsas məqsədi ölkədə
inklüziv cəmiyyəti gücləndirmək, mövcud həmrəyliyi qoruyub saxlamaq, sosial-
iqtisadi həyatda miqrantların iştiraklarını təmin etmək idi.
Beləliklə, Avstraliyanın etnik-mədəni müxtəlifliklə bağlı milli siyasətini
dəyərləndirəndə məlum olur ki, multikulturalizm cəmiyyət üçün kimlik
seçimidir. Çünki Avstraliya multikulturalizminin əsasında mədəniyyətlərin
qovuşması, təntənəsi və harmoniyası dayanır. Uğurlu multikulturalizm
siyasətinin aparılmasında həm dövlət, həm də xalq əsas rol oynayır.
Dostları ilə paylaş: |