Fakultativ məşğələlərin funksiyaları: fənlərin tədrisi səviyyəsini yüksəltmək, motivləşdirici funksiya, ümumi təhsil funksiyası, peşəyönümü funksiyası
Mövzu 6
Dərs. Müasir dərsə verilən tələblər
Plan:
Dərs və onun əlamətləri
Dərsin tipləri və quruluşu
Dərsə verilən tələblər
Müəllimin dərsə hazırlanması
ƏDƏBİYYAT:
1.Əliyev İ.İ. Pedaqogika (Mühazirələr kursu), Ali məktəblər üçün dərs vəsaiti. Naxçıvan, “Əcəmi” Nəşriyyat- Poliqrafiya Birliyi. 2017, 280 səh. s.114- 123
2. Sadıqov F. Pedaqogika. Dərs vəsaiti. Bakı, Adiloğlu, 2012
3. Kazımov N.M. Məktəb pedaqogikası. Bakı, Çaşıoğlu, 2002
1. Təlim praktikası təsdiq etmişdir ki, ümumtəhsil məktəblərində təlimin əsas təşkili forması dərsdir. N.İ.Maxmutovun fikrincə, dərs təliminin elə hərəkət formasıdır ki, burada təlimin məzmunu, prinsip və metodları təmin olunur, müəllim tərəfindən müəyyən vaxt çərçivəsində planlaşdırılır və tənzim edilir, müəllim- şagird münasibətlərinin məcmusu kimi meydana çıxır.
Dərs tipindən asılı olmayaraq, didaktik əsaslara malikdir, yaxud başqa sözlə desək, hər bir dərs müəyyən didaktik tələblərə cavab verməlidir. Dərsə verilən didaktik tələblər, əslində, məşğələnin təşkilindən, keçirilməsindən onun məzmunun müəyyənləşdirilməsindən sonra aparıcı rol oynayır. Məhz didaktik əsasların gözlənilməsi, ona ciddi əməl edilməsi dərsin daha effektli, daha canlı qurulmasına səbəb olur, onun qarşısında qoyulan vəzifələrin, bütövlükdə isə təlimin bütün funsksiyalarının müvəffəqiyyətli həllini təmin edir.
Didaktik əsaslar dərsin müxtəlif məsələlərini, müxtəlif sahələrini əhatə edir. Təlim prosesinin yüksək metodik səviyyədə qurulması üçün bir sıra amillər reallaşmalıdır. Bu amillər sırasına metod və priyomların, təlimin forma və tiplərinin seçilməsi, sinifdə bütün şagirdlərin zehni və əməli fəallıq göstərməsinə diqqətlə yanaşılması, təlimin texniki və müxtəlif əyani vasitələrinin seçilməsi və onlardan düzgün istifadə olunması, didaktik prinsiplərə riayət edilməsi və s. daxildir.
Dərs - müəllimin rəhbərliyi ilə, möhkəm şagird heyətinə malik siniflə, sabit cədvəl üzrə keçirilən kollektiv məşğələyə deyilir. Dərsin əlamətləri bunlardır:
- dərs müəllimin rəhbərliyi altında keçirilir;
- dərs sinif şəraitində keçirilir;
- dərsdə, məcburi məşğələ kimi, bütün sinif şagirdləri iştirak edir;
- dərs sabit məşğələ cədvəli üzrə keçirilir.
Dostları ilə paylaş: |