5. Qavrayışın seçiciliyi-cisim və hadisələrin əsas, lazımi, insan üçün dəyərli olan xüsusiyyətlərinin seçilib beyində inikas etdirilməsidir.Qavrayışın seçiciliyi şəxsiyyətin xüsusiyyətlərindən asılı olaraq müəyyən obyektləri başqalarından ayıraraq daha aydın, aşkar surətdə əks etdirməklə bağlıdır. Bu halda aydın dərk edilən cisim qavrayışın obyekti, yerdə qalanlar isə fon olur. İnsanın məqsədindən, qavranılan cisimlərin xüsusiyyətlərindən asılı olaraq obyektlə fon mütəmadi olaraq yerini dəyişdirə bilər. Obyektlə fonun yerinin dəyişdirilməsi və ya aydın seçilməsindən praktik məqsədlər üçün istifadə olunur. Adətən yolda işləyənlər çəhrayı paltar geyirlər ki, boz fonda tez seçilsinlər.Yaxud obyektin ayırd edilməsini çətinləşdirmək üçün onu fona uyğun şəkildə gizlədirlər.
3.Qavrayışın növləri. Qavrayışın üç əsas növü var: məkan, zaman və hərəkət qavrayışları
1.Məkan qavrayışı cisim və hadisələrin müəyyən məkanda tutduğu yerin beyində əks olunmasıdır. Məkan qavrayışı insanın ətraf mühitə bələdləşməsinin gərəkli şərtidir. Məkan qavrayışında obyektlərin forması, həcmi, onlar arasında məsafə, onların relyefi, yerin uzaqlığı və istiqaməti əks olunur. Məkan qavrayışında görmə, eşitmə, hərəkət və lamisə duyğuları iştirak edir. Məsələn, cisimin forma və həcminin qavranılmasında onun gözün torlu qişasında alınan təsviri mühüm əhəmiyyətə malikdir. Belə ki, böyük cisimlərdən böyük, kiçik cisimlərdən kiçik təsvir alınır. Gözün quruluşu elədir ki, uzaqda olan cismin surəti kiçik, yaxınlıqdakı isə böyük olacaqdır. Cismin böyüklüyünün və formasının qavranılması yalnız görmə analizatorunun fəaliyyətindən deyil, həm də təcrübədən asılıdır. Bu faktı anadan kor doğulmuş və sonradan cərrahiyyə əməliyyatı sayəsində görməyə başlayanların, eləcə də kiçik uşaqların görməsinin xüsusiyyətləri sübut edir. Belələri çox uzaqda olan predmetə əl uzadırlar (balaca uşağın aya əl uzatması, onu “tutmaq” istəməsi). Yəni məsafəni hələ düzgün müəyyənləşdirə bilmirlər. Yalnız görməni predmetlərə toxunmaq və hərəki reaksiyalarla kompleks halda birləşdirdikdən sonra gözü görməyə başlayan insan məkanda sərbəst surətdə dolana bilər. Cismin böyüklüyü və forması görmə, lamisə və əzələ-hərəkət duyğularının qarşılıqlı əlaqəsi sayəsində düzgün qavranıla bilər. Cisimlər iki amildən dolayı təkrif olunmuş halda əks etdirilə bilər: a) cisimlərin hansı əhatədə olmasından; b) analizatorların sağlamlıq vəziyyətindən (yüksək hərarətdə qarabasmalar) asılıdır.
2.Zaman qavrayışı cisim və hadisələrin sürətinin, müddət və ardıcıllığının əksidir. Bunun əsasında baş beyin yarımkürələri qabığında oyanma ilə ləngimənin bir-birini əvəz etməsi durur. Bu zəmində insanda vaxta şərti refleks yaranır. Bu prosesdə bir sıra analizatorlar: görmə, eşitmə, hərəkət və daxili üzvü duyğular iştirak edir. Bu duyğuların hamısı iştirak edərsə, hadısələr uzun müddətə qavranılır, görmə və eşitmə iştirak edərsə, hadisələr qısa qavranılıb tez unudulur. Zaman qavrayışında insanın halı, əhvalı, hadisələrin maraqlı olması, hadisələrin emosionallığı böyük önəm daşıyır. Məsələn, bizi maraqlandıran, sevindirici, cəlbedici bir hadisə gözlədikdə vaxtın ağır keçdiyini, əksinə, xoşagəlməz, əzabverici bir hadisə gözlədikdə isə vaxtın çox sürətlə yaxınlaşdığını hiss edirik.
3.Hərəkət qavrayışı hərəkətlərin beyində əksidir. Hərəkət qavrayışı həm məkan, həm də zaman amillərindən-cismin uzaqlığından, onların yerdəyişmə surətindən, həm də müşahidəçinin özünün məkanda hərəkətindən asılıdır. Çox yavaş (saatın əqrəbini) və ya çox sürətlə (atılan gülləni) hərəkət edən cisimləri qavraya bilmirik. Burada görmə, eşitmə və hərəkət analizatorları iştirak edir. Orta hərəkətlər dəqiq və düzgün qavranılır. Cisimin əvvəlki yeri ilə sonrakı yerini müqayisə etdikdə, onun yerdəyişməsini və ya hərəkətini əks etdirə bilirik. Hərəkət qavrayışı eşitmə analizatorunun köməyi ilə də mümkündür.
Qarşıda məqsədin olub-olmamasından asılı olaraq qavrayışın iki növü var: 1. Qeyri-ixtiyari qavrayış. 2. İxtiyari qavrayış.
Dostları ilə paylaş: |